Arif Əliyev: “Azərbaycanda medianın perspektivləri barədə danışmaq mümkün deyil”
Rəşad Məcid: “Mətbuatın inkişafı ölkənin inkişafına adekvat olmadı və bunun fəsadlarını hiss edirik”
Milli Məclisin üzvü Aqi Abbas parlamentin sonuncu plenar iclasındakı çıxışı zamanı qəzetlərin vəziyyətinin acınacaqlı olmasından danışıb. Deyib ki, nəşriyyatlar can verir, qəzetlər isə canını verib qurtarıb. O, hökuməti bu sahədə təsirli addımlar atmağa çağırıb.
Deputatın fikirləri ölkə mətbuatının durumu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. “Media haqqında” yeni qanun layihəsinin müasir dövrün tələblərinə cavab verməməsi ilə bağlı iddialar, mətbu siyasəti həyata keçirməyə məsul qurumların fəaliyyəti ilə əlaqədar narazılıqlar, eyni zamanda mətbuatda köhnə idarəçilik sisteminin davam etməsi barədə müzakirələr bu qəbildəndir.
Qeyd edək ki, bir neçə gün öncə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkə mətbuatının durumundan narahatlığını ifadə edən bəyanat yayıb. Bəyanatda müstəqil medianın azad cəmiyyətin sütunu olduğu, jurnalistlərin hüquqlarının qorunmasının vacibliyi öz əksini tapıb.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin və Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev AYNA-ya açıqlamasında bildirib ki, Azərbaycan hökuməti çap mediasına ayırdığı vəsaitləri kəsərsə, qəzetlər dərhal “həlak olar”: “Ölkədə qəzetlərin fəaliyyəti barədə danışmaq səmərəsiz vaxt itkisidir. Çünki Azərbaycanda qəzet deyilən bir şey yoxdur, qəzetlərin imitasiyası mövcuddur. Hökumətin ayırdığı vəsait hesabına çap olunan mətbu orqanlar var. Əgər dövlət öz ayırmalarını kəsərsə, bir günün içərisində hamısı batar”.
“Təəssüf ki, Azərbaycanda qəzetlər süni oksigen yastığına bağlanmış durumda və koma vəziyyətindədir. Bu baxımdan çap mediasının vəziyyəti barədə danışmağa dəyməz. Şübhəsiz ki, deputatın da söylədiyi kimi, dövlət orqanları qəzetlərin çapında istehsal olunan kağızın üzərindən ƏDV-ni götürsə də, onların idxalına yaradılan süni əngəllər aradan qalxmır. Bu barədə dəfələrlə müzakirələr aparılıb, amma heç bir nəticəsi olmayıb”, - deyə həmsöhbətimiz söyləyib.
O ki qaldı bununla bağlı qanunun qəbul olunmasına və işləməməsinə, ekspertin sözlərinə görə, bu, Azərbaycanda geniş yayılmış bir təcrübədir: “Birmənalı şəkildə söyləmək olar ki, qəzet kağızının üzərindən ƏDV-nin götürülməsi belə, çap mediasının vəziyyətinə müsbət təsir göstərməyəcək. Ola bilər ki, bir qism redaktorun maddi durumuna müsbət təsir etsin, bütövlükdə ölkə jurnalistikasının inkişafına heç bir fayda verməyəcək”.
Müsahibimiz Azərbaycanda medianın perspektivləri barədə danışmağı mümkünsüz hesab edir: “Azərbaycanda mətbuatın inkişafı istiqamətində atılan addımlar daha çox imitasiya xarakterlidir. Çox təəssüf ki, media üzərində köhnə idarəçilik sistemi qalmaqdadır. Şəxslər dəyişsə də, yanaşma dəyişməyib və vəziyyət olduğu kimi qalmaqdadır. Media bazarı ilə bağlı müzakirələr formal xarakter daşıyır. Bütün qəbul edilən qərarlar da bunu təsdiq edir. 2018-ci ildən mətbuatın inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilsə də, heç bir nəticəsi olmayıb. Uzun müddət bu sahə ilə məşğul olan əsas fiqurlar dəyişdirildi, yeni dövlət qurumları təsis edildi, qanunvericilik yeniləndi, şəxslər əvəzləndi, vəsaitlər artırıldı, lakin nəticədə heç bir dəyişiklik baş vermədi”.
“Ortaya haqlı suallar çıxır. Bütün bunların fonunda bir qəzetin tirajı 500 nüxsə artdımı? KİV-lərin durumu beşcə faiz yaxşılığa doğru dəyişdimi? Ancaq o KİV-lər ayaqdadır ki, onlara hökumət tərəfindən çox böyük miqdarda maliyyə ayrılır. Nəticə isə olduğu kimi qalır və bunun da əsas səbəbi köklü problemlərin olmasındadır. Müstəqil mətbuatı formalaşdıra bilməsək, media kapitalını bütün siyasi buxovlardan azad etməsək, jurnalistika təhsili sahəsində islahatlar aparmasaq, media mənsubları üçün stimul yaratmasaq, heç bir uğura nail olmayacağıq. Mövcud şəraitdə mətbuata yönəldilən vəsaitlər də boşuna xərclənir”, - deyə Əliyev vurğulayıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə AYNA-ya deyib ki, artıq məsələ öz həllini tapıb: “Həm qəzetlərin, həm də kitabların çapı zaman istehsal olunan kağızın üzərindən ƏDV-nin götürülməsi ilə bağlı müəyyən narahatlıqlar mövcud idi. Baxmayaraq ki, yanvar ayının 1-dən bu qərar qüvvəyə minməli idi, bu məsələ yubanırdı. Aqil Abbasın Millli Məclisin plenar iclasındakı çıxışı zamanı söylədiyi fikirlər də bundan qaynaqlanırdı. Artıq bu məsələ öz həllini tapıb. Misal üçün, rəhbəri olduğum qəzet ayda yüzlərlə manat vəsaiti ƏDV-nin ödənilməsinə yönəldirdi”.
“Təəssüf ki, internet media resurslarının və sosial medianın aktuallıq qazandığı bir şəraitdə çap mətbuatı əhəmiyyətini itirir. Bu səbəbdən qəzetlər məcburdur ki, dövlət vəsaiti hesabına fəaliyyət göstərsin. Təbii ki, bu məsələyə vaxtında aydınlıq gətirilə və öz həllini tapa bilərdi. Azad reklam bazarı və digər vasitələrlə çap mediasını ayaqda saxlamaq olardı. Görünən odur ki, Azərbaycan mətbuatının inkişafı ölkənin inkişafına adekvat olmadı və bunun fəsadlarını hiss edirik”, - deyə baş redaktor bildirib.
Onun fikrincə, Azərbaycan mətbuatını inkişaf etdirmək üçün maliyyə mənbələri tapılmalıdır: “Düzdür, mediada müəyyən islahatlar həyata keçirilib, yeni kadrlar bu sahənin rəhbərliyinə gətirilib. Müəyyən mütərəqqi addımlar atılır, təkliflər səsləndirilir. Lakin bir məsələ də var ki, heç kim aşağı gəlirli sahədə çalışmaq istəməz. Açıq şəkildə söyləmək olar ki, mətbuatda maliyyə mənbələri tapılmasa, jurnalistlər bu sahədən uzaqlaşacaqlar”.
“Bəzi jurnalistlər ümid edirdi ki, dövlətin ayırdığı sosial dəstəkdən yararlana bilərlər. Jurnalistlər üçün inşa olunan mənzillərə ümid edib, bu sahədə duruş gətirənlər var idi. Bu gün də fədakar jurnalistlər mövcuddur və onlar mətbuatın inciləridir. Artıq jurnalistlər binasına ümid edib mətbuatda qalanlar da bu sahəni tərk edirlər. Bu, çox pis bir tendensiyadır. Hesab edirəm ki, əsas diqqət də məhz bu problemin aradan qaldırılmasına yönəldilməlidir. İmkan vermək olmaz ki, mətbuat bir təsisat olaraq cəmiyyətdə öz cəlbediciliyini itirsin”, - deyə R.Məcid fikrini yekunlaşdırıb.
Müəllif: Azər Niftiyev