Ölümə niyə ingilisləri göndərmişdilər?
1 may 1960-ci il, Moskva, Qırmızı meydanda bayram nümayişi keçirilir. Amma mavzoleyin tribunasında duran sovet lideri Nikita Xruşşovun əhval-ruhiyyəsi heç də bayramlıq deyil. Səhər tezdən onu xarici kəşfiyyat təyyarəsinin sovet hava məkanına daxil olması xəbəri ilə oyadıblar. Bu, son illərdə dəfələrlə baş verən hadisədir. Çox yüksəkdən uçan bu təyyarələri vurmaq, hələ ki, mümkün olmayıb.
***
İkinci dünya müharibəsi zamanı müttəfiq olan ABŞ və SSRİ savaşdan sonra əsas rəqibə çevrildilər. Rəqiblərin isə bir-birləri barədə kəşfiyyat məlumatlarına ehtiyacları olur. SSRİ üçün ABŞ-da kəşfiyyat aparmaq problem deyildi. Açıq ölkə idi, istənilən adamı saxta sənədlərlə göndərmək olardı. Burada yerləşən çoxsaylı beynəlxalq təşkilatlarda diplomatlar əvəzinə kəşfiyyatçılarla təmsil olunmaq mümkün idi. Üstəlik, kommunizmə rəğbət bəsləyən ABŞ vətəndaşlarından yararlanmaq olardı.
ABŞ-ın işi isə çətin idi. SSRİ-yə kimisə qeyri-leqal göndərmək müşkül məsələ idi. Göndərsən belə, hər şeyə göz qoyan, hər şeylə maraqlanan sovet adamları arasında normal fəaliyyət göstərməsi daha müşkül idi. Bundan əlavə, SSRİ-də hərbi əhəmiyyətli ərazilər qapalı olurdular. Nəhayət, əgər əhali arasında ABŞ-a rəğbətlə yanaşan insanlar var idisə də, onları aşkar etmək mümkünsüz idi.
1950-ci illərin birinci yarısında ABŞ-ı narahat edən əsas amil SSRİ-də nə qədər M-4 təyyarələrinin olması idi. Bu strateji bombardmançılar ABŞ ərazisinə nüvə bombası çatdıra biləcək yeganə sovet təyyarələri idilər. Təyyarələrin üzərindəki üçrəqəmli nömrələrə inanılsa, SSRİ-də onların sayı qorxuducu miqdarda və ABŞ-da olan analoqlarından xeyli çox idi.
1955-ci ildə Cenevrədə keçirilən sammitdə ABŞ prezidenti Duayt Ayzenhauer SSRİ-nin baş naziri Nikolay Bulqaninlə görüşü zamanı “Açıq səma” təklifini irəli sürdü. Bu konsepsiya tərəflərə bir-birlərinin ərazisi üzərində yoxlama uçuşları həyata keçirməyə, qarşılıqlı etimadı yüksəltməyə xidmət etməli idi. Amma Nikita Xruşşov bu təklifi rədd etdi.
Belə olduqda, amerikalıların ümidi hava kəşfiyyatına qaldı. “Lockheed U-2” təyyarəsi də bu ehtiyacdan yarandı. Bu təyyarə o zaman üçün görünməmiş hündürlükdə – 21 000 metr – uçmaq qabiliyyətinə malik idi. Amerikalılar təxmin edirdilər ki, bu hündürlük rəqibin həm qırıcı aviasiyası, həm hava hücumundan müdafiə (HHM), həm də radar sistemləri üçün əlçatmaz olacaq. İkinci dünya müharibəsi illərində məhz amerikalılar SSRİ-ni radarlarla təchiz etmişdilər (lend-liz) və onların texniki göstəricilərinə bələd idilər.
Casus təyyarəsinin daha bir özəlliyi güclü fotokameraya malik olması idi. Sınaq uçuşlarının birində Ayzenhauerin rançosunun şəkli çəkilmiş və prezidentə göstərilmişdi. 20 km hündürlükdən çəkilən şəkildə rançoda nə qədər inəyin olmasını saymaq mümkün idi. Təyyarənin 12 saat havada qala bilməsi də ö dövr üçün böyük göstərici sayılırdı.
***
1956-cı ilin iyununda U-2 sosialist blokuna daxil olan Şərqi Avropa ölkələri üzərində uçuş həyata keçirdi. İyulun 4-də isə təyyarə sovet ərazisi üzərindən uçdu. Amerikalıların təsəvvürlərinin əksinə olaraq, İkinci dünya müharibəsindən keçən illər ərzində sovet radarları xeyli təkmilləşmişdilər və onlar təyyarəni dərhal gördülər. Amma qırıcılar və HHM onu vura bilmədilər. Ertəsi gün təyyarə birbaşa Moskvanın üzərindən uçdu.
Artıq bir neçə uçuşdan sonra amerikalılar bilmək istədikləri əsas informasiyanı öyrəndilər: SSRİ-də M-4 təyyarələrinin sayı otuzdan çox deyildi. Bütün bu üçrəqəmli bort nömrələri isə blefdən başqa bir şey deyilmiş.
İyulun 10-da Moskva, hava məkanın pozulmasına etiraz olaraq, Vaşinqtona nota göndərdi. Cavab notasında amerikalılar ittihamı rədd etsələr də Ayzenhauer uçuşları dayandırmaq göstərişi verdi. Növbəti uçuş onun noyabrda ikinci dəfə prezident seçilməsindən sonra baş tutdu. Bundan sonra Ayzenhauer SSRİ və digər kommunist ölkələri üzərində hər uçuşu şəxsən sanksiyalaşdırırdı.
Bu dövrdə amerikalılar U-2-dən təkcə kommunist blokuna qarşı deyil, NATO üzrə müttəfiqləri olan Böyük Britaniya və Fransaya qarşı da istifadə etdilər. 1956-cı ilin Süveyş böhranı zamanı casus təyyarələr İsrail, Kipr, Malta üzərində uçuşlar həyata keçirir, yəhudilərin, ingilislərin və fransızların nə etmək istədiklərini öyrənməyə çalışırdılar.
SSRİ üzərində zaman-zaman bərpa edilən uçuşlar isə amerikalılara bəzi başqa məlumatlar almağa kömək etdi. Məsələn, 1957-ci ilin avqustunda Baykonur kosmodromu aşkar edildi. O vaxta qədər Ağ evdə və Pentaqonda bu barədə məlumat yox idi.
Amerikalılar M-4 bombardmançılarının say azlığından yenicə rahatlanmışdılar ki, 1957-ci il oktyabrın 4-də SSRİ kosmosa ilk süni peyk buraxdı. Hadisə ABŞ-da böyük əndişə doğurdu. İndi Moskvanın Vaşinqtonu vurması üçün təyyarələrə ehtiyacı yox idi, bunu qitələrarası ballistik raketlərlə də etmək olardı.
Nikita Xruşşov da amerikalıları qorxutmaq üçün əlindən gələni edirdi. O, 1958-ci ilin dekabrında bildirdi ki, sovet raketləri 13 min km məsafəyə nüvə başlığını daşımağa qadirdir. 1959-cu ilin sentyabrında ABŞ-a səfəri zamanı isə özünün məşhur “biz raketləri sosiska kimi buraxırıq” ifadəsinin işlətdi.
Əslində hər şey elə də rəvan getmirdi. Elə sosiska istehsalında olduğu kimi, raket hazırlamaqda da ciddi problemlər vardı, amma ABŞ-da bunu bilmirdilər. Bir müddət əvvəl “bombardmançı fərqi”ndən qorxu keçirən amerikalılar indi “raket fərqi” üzündən təlaşa qapıldılar. Bu da Ayzenhaueri daha bir neçə uçuşu sanksiyalaşdırmağa sövq etdi.
1959-cu ilin iyulunda sovet ərazisi üzərində uçuş həyata keçirildi. Buna sonra isə sərhədin yaxınlığından, sovet hava məkanına girmədən çəkilişlər aparıldı. Dekabrda və 1960-cı ilin fevralında yenə sovet ərazisi üzərində keçirilən iki uçuşda Britaniya təyyarəçilərindən istifadə olundu.
Bu dövrdə Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ-nin yer-hava raketlərinin təkmilləşməsi və U-2 üçün artıq təhlükəli ola biləcəyi barədə məlumata malik idi. Buna görə də britaniyalılardan istifadə olundu. Hesab edilirdi ki, əgər təyyarə vurularsa və uçuşu ingilislərin həyata keçirdiyi məlum olarsa, bu, daha az beynəlxalq gərginliyə səbəb olar.
SSRİ isə bütün cəhdlərinə baxmayaraq, dörd ilə yaxın müddətdə hava məkanına soxulan U-2 təyyarələrindən heç birini vurmağı bacarmadı. 1960-cı il mayın 1-də Nikita Xruşşovun əhvalı məhz buna görə təlx idi. O, müdafiə naziri Malinovskiyə və HHM komandanı Biryuzova təyyarəni, nəyin bahasına olursa-olsun, vurmağı tapşıraraq, nümayişə gəlmişdi…
(ardı var)
Yadigar Sadıqlı