Bu gün görkəmli Azərbaycan yazıçısı Qılman İlkinin doğum günüdür. Bu münasibətlə “Atamın xatirəsi” layihəsindən yazıçı Qılman İlkinin oğlu Ayaz Musayevlə söhbəti təqdim edirik.
- Biz bura gələndə atanızla bağlı xatırladığınız ilk xatirə hansı oldu?
- Mən onu iki dəfə ağlayan görmüşdüm. Əsgərlikdəydim. Səhər tezdən idi, komandir gəlib dedi ki, atan səni gözləyir. Nigaran qaldım, dedim, görən evdə nə baş verib. Atamı uzaqdan gördüm, yaxınlaşıb görüşdük, qucaqlaşdıq. O təlaşla da atamdan soruşdum ki, nəsə olmayıb. Gördüm gülür: “Oğul, səni təbrik edirəm, qızın oldu”. Qız nəvəsi ilk dəfə olurdu. Gördüm ki, gözləri yaşardı. Sevindiyindən gəlib xəbər vermişdi. Bir dəfə də oğlum imtahan verəndə ağlamışdı. Ümumiyyətlə, çox kövrək adam idi.
Xatirələr o qədərdi ki... Yazmışam onun haqqında. Mənim atam çox təvazökar adam olub. Özü haqqında danışılmasından xoşlanmırdı. Tərifdən qaçırdı. Özünün nə təriflənməkdən xoşu gəlirdi, nə başqalarını tərifləməkdən. Çox işgüzar idi. 96 il yaşadı. 90 yaşına qədər çox fəal olmuşdu. Ondan sonra da yazırdı, amma ara-sıra. 90 yaşına qədər demək olar ki, hər ay onun bir hekayəsi çap olunurdu. Yazmaq onu yaşadan bir şey idi. Əməksevər idi, ədəbiyyatı sevirdi və bu, onun ən yaxşı keyfiyyətlərindən idi. Erkəndən yuxudan dururdu, mən gözümü açanda artıq eşidirdim ki, makinanın səsi gəlir. Daha çox makinada yazırdı. Son zamanlar kompüter çıxanda mən ona dedim ki, köməklik edim, diktə elə, yazım, dedi, yox, məndə elə alınmır. Çox məhsuldar idi, 70-ə yaxın kitabı çıxıb. Amma konyuktura xətrinə yazmırdı, içindən gələni yazırdı. Kiməsə xoş gəlmək üçün, kimisə tərifləmək üçün yazan biri deyirdi. Yazdıqları daha çox tarixi əsərlər idi. O vaxtı “Şimal küləyi” əsəri xeyli populyarlıq qazanmışdı.
- Qılman İlkini “Yenilməz batalyon” filmi ilə də xatırlayırıq.
- Hə. “Qalada üsyan” romanı əsasında çəkilmişdi. Ssenarisini özü yazmışdı. Ondan sonra bir ssenari də yazdı - “Kölgələr sürünür”. Bu iki ssenarisi xeyli diqqət çəkmişdi.
- Kinostudiyada işləməyi də təklif etmişdilər, deyəsən...
- Olmuşdu. Amma atam elə bir adam deyildi. Vəzifə dalınca qaçan olmamışdı. Onun üçün ən gözəl vəzifə öz iş kabineti, yazı masasıydı.
- Deyirsiniz, vəzifədən qaçırdı. Amma “Azərnəşr”in direktoru olub...
- Elədi. Düzdü, “Azərbaycan” jurnalının baş redaktoru, "Azərnəşr" nəşriyyatlarının direktoru olub. Amma bundan yuxarıya gözünü dikməmişdi. Ona Kinostudiyadan da təklif gəldi, sonra da Yazıçılar Birliyinin birinci katibi vəzifəsinə gətirmək istədilər, razılaşmadı. Bəzi yazıçılar vəzifə üçün sinov gedirdilər, amma atam heç həvəsində deyildi.
- Mükafatlar da alıb sovet vaxtı...
- Ona mükafat veriblər. O, mükafata görə heç kimin ayağına düşməyib. Heç vaxt da demədi ki, niyə mənə bu adı vermədiniz. Gileylənməyib. Narazılığı olmayıb.
- Qılman İlkin ata kimi necə biri idi? Necə xarakterizə edərdiniz onu?
- Kənardan baxanda hamı deyə bilərdi ki, qaşqabaqlı, zəhmli biridir. Amma ailəyə gələndə... Çox səmimi, saf, ürəyi yumşaq biri idi. Ailəsini çox sevirdi. Uşaqlarını, nəvələrini, nəticələrini əl üstündə tutardı. Qayğıkeş adam idi. Heç vaxt bizə səsini qaldırmazdı. İrad tutanda da elə eləyirdi ki, heç kimin xətrinə dəyməsin. Bəzi yazıçılarımız var, istəyirlər, övladları onun yolunu davam elətdirsin, onun kimi olsun, ona oxşasın. Qılman İlkin də bu, yox idi. Bizə bunu demirdi, biz bunu görürdük. Mən gözümü açandan özümü ədəbiyyat evində görmüşdüm, atamı tanımışdım, yazıçıları tanımışdım. Bizim ev həmişə qonaqlı-qaralı olardı.
- Kimlər gəlirdi evə? Dostları kim idi?
- Dost çox olmur. Ürəyinə yaxın adamlar gəlirdi. Ən yaxın dostu Ənvər Məmmədxanlı idi. Atam onun ölümünə çox sarsılıbmış. Yas yerində göz yaşlarını tuta bilməyibmiş. Elə danışırdılar. Sonra Qulam Məmmədli, İsrafil Nəzərov gəlirdi. Mirzə İbrahimovla o qədər yaxın deyildilər, amma bir yerdə işləmişdilər. Müharibə vaxtı “Hərbi yol” adında qəzet buraxırdılar. Mircəfər Bağırovun göstərişi ilə hərbi qəzet buraxıblar. Düz 5 il. Vətən uğrunda çalışıblar. İqor Peşnev vardı, onun tərcüməçisi. Bir neçə Azərbaycan yazıçısını tərcümə edib. Türkoloq idi.
- Ata kimi dediniz zəhmli biri deyildi. Amma hər atanın evdə nizamı saxlamaq üçün bir sistemi olur. Sizə qadağaları olurdumu? Evə gec gəlmək, filan məsələdə ehtiyatlı olmaq və s.
- Təbii ki, müəyyən vaxt var idi. Evə gəlmək vaxtı. Gec gələndə nigaran qalırdı. Bəzən əsəbiləşirdi. Deyirdi ki, telefon var əlinizin altında, zəng eləyin, xəbər verin. Çox nigaran adam idi. Ancaq qadağa qoyduğu yadıma düşmür.
- Üç övladı var...
- Məndən böyük bacım var idi, rəhmətə getdi. Kiçik qardaşım durur.
- Evdə kimlə daha çox ünsiyyət qururdu?
- Yəqin mənimlə. Bir köynək ona yaxın idim. Nəşriyyatda işləmişəm, yazı-pozu işində olmuşam. Hardasa onun sənətinin davamçısı sayılıram. Axı o həm də naşir idi. Bədii əsər yazmasam da, publisistik yazılar yazmışam. Bir dəfə yadıma düşür, belə bir əhvalat oldu. Onun iki hekayəsi vardı, təcili rus dilinə tərcümə olunmalıydı. Yay vaxtı idi, tərcüməçiləri harasa getmişdilər. Birdən mənə dedi ki, bəlkə sən tərcümə edəsən. Dedim, vallah, mən bilmirəm. Güldü ki, ürəkli ol, bacararsan. Tərcümə elədim və atam bəyəndi.
- Atanızdan çəkindiyiniz məqamlar olurdumu?
- Evlilik məsələmdə... (gülür)
- Necə?
- Çox uzun çəkdi mənim evlənməyim. Çünki atama deyə bilmirdim. Çəkinirdim. Atam hardansa öyrənmişdi. Sən demə, yoldaşımın bibisi də nəşriyyatda işləyirmiş. Onunla söhbətində bilib ki, mən indiki həyat yoldaşımı istəyirəm. Atam gəlib mənə dedi, bəs məndən niyə gizlədirsən, deyərdin də bunu. Bilmədim nə deyim. Dedi, bu məsələni həll etmək lazımdı. Düzü, elə gec evlənməmişəm. 23 yaşımda ailə qurdum.
- Uzun çəkdi dediniz... Nə qədər vaxt atanıza deyə bilmədiniz?
- Düz bir il yarım... (gülür)
- Maraqlıdır, deyirsiniz ki, atanız zəhmli, sərt adam deyildi. Amma həm də çəkinmisiniz...
- Atamın xasiyyətinə görə deyildi bu. Mənim xasiyyətim idi. Çəkingənlik məndən gələn bir şey idi. Mənim utancaqlığım... Birdən gəlib deyə bilməzdim ki, ata, mən evlənirəm. Sonra da düşünürdüm ki, nə vaxta qədər gizləmək olar, axır-əvvəl biləcək. Elə də oldu.
- Nə vaxt evlənmişdi?
- Müharibədən qabaq. 40-cı illərdə...
- Siz tanışlıq tarixçəsini bilirsiniz?
- Mənim anam atamın bacısı ilə rəfiqə olub. Bir-birinin evinə gedib-gəlirmişlər. İkisi də Tibb Universitetini bitirmişdilər. Atam da onu evə gələndə görmüşdü. Tanışlıq o vaxtdan başlayıb. Bacısına məsələni açıb əvvəlcə. Yəqin ki, bacısı da şərait yaradıb, tanış olublar.
- Qılman İlkinin düşüncə tərzi necəydi? Mühafizəkar idimi? Oğlanlarına qarşı ola bilsin ki, sərt deyildi. Bəs evdəki qadınlara qarşı? Ananıza, bacınıza... Onlara münasibəti necəydi? Qadağalar qoymağı var idi?
- Atamda mühafizəkarlıq görməmişəm. Ümumiyyətlə, deyərdim ki, o nəslin, o yaşın adamı kimi mütərəqqi və açıq fikirli bir adam idi. Sadəliyi vardı atamın. O vaxtı bacım ailə quranda heç maraqlanmadı ki, oğlan tərəf kimdi, nəçidi, kimlərdəndi. Onun üçün bircə məsələ bu idi: bir-birilərini sevirlər. Vəssalam, qurtardı getdi. Biz bu ruhda böyümüşük. Evdə səmimi mühit yaratmışdı.
Anama qarşı da bu cür olub. Qısqanclıq-filan ona yad idi. Anam Tibb Universitetini bitirmişdi. Amma işləmədi.
- Niyə?
- Uşaqlar olandan sonra onlara baxmalı oldu. Evdar qadın idi. Bütün günü evdə otururdu. Heç qısqanclığa səbəb də olmurdu.
- Qılman İlkin Mərdəkanda anadan olub...
- Bəli. Onların nəsli Mərdəkandan gəlir, ata-baba yurdu da ordadır. Mən babamın üzünü görməmişəm. Heç atam da görməyib. 6 yaşında olanda atasını itirib.
- Neçə uşaq olublar?
- Altı qardaş, iki bacı. Ailənin yükü atamın üzərinə düşmüşdü.
- İlk övlad idi?
- Yox, ortancıl.
- Bəs niyə ilk uşağın yox, onun üzərinə yük düşdü?
- Atam ailədə seçilən biri idi. Mənim böyük əmim də sürgün olunmuşdu. Ona görə də ata vəzifəsini icra etmək atamın üzərinə düşdü. Çox çətin illər yaşayıb. O vaxtları danışırdı bizə... Çox çətin uşaqlığı olub. Bəlkə də o çətin uşaqlıq dövrü onu yazıçılığa apardı, yazıçı kimi formalaşdırdı.
- Danışdıqlarından nələri xatırlayırsınız?
- Muzdlu fəhlə kimi işləyirdi atam. Murtuza Muxtarovun “podriyatçik”lərindən (daimi olmayan işə verilən ad – red.) idi. Onun yanında işləyirdilər. Maaş əvəzində gündə bir buxanka çörək alırdılar. Pul da vermirdilər yəni. Elə ağır dövrlər olub. Eyni zamanda məktəbdə oxuyurdu. Kiçik qardaşı ilə bir yerdə Suraxanıdan Mərdəkana ayaqla gedib-gələrdilər.
- Uşaqlığı fəhləliklə keçib o zaman...
- Hə, fəhləliklə... Çox ağır uşaqlıq illəri olub. Ədəbiyyata da həvəsi məktəb illərindən var idi. Özü danışırdı ki, bir dəfə dərsdə müəllim Hüseyn Cavidin şeirini oxuyurmuş. Atam qəfil ağlamağa başlayıb. Müəllim deyib, niyə ağlayırsan? Cavab verməyib. Çıxıb çölə.
- Maraqlıdır, Hüseyn Cavidin hansı şeiri idi?
- “Öksüz Ənvər”... Çox təsirlənib. O vaxt hiss edibmiş ki, içəridə bir yazmaq həvəsi var.
- Siz atanızını yazıçı kimi nə vaxt kəşf etdiniz?
- Kəşf etməyə gərək yox idi, o, bizim gözümüzün qabağındaydı. Bəzən ilk oxucuları da biz olurduq; ailəsi... Ağlımız kəsən vaxtları oxuyurdu, münasibətimizi öyrənirdi. Bəzən böyük qardaşına da oxuyurdu yazdıqlarından, fikirlərini öyrənirdi.
- Yazıçılar Birliyindəki ədəbi tədbirləri evə daşıyıb ki...
- Demək olar, hə... (gülür).
- Tənqid edə bilirdiniz?
- Qəhrəmanların adları yaxşı səslənməyəndə, bir də sonu çox faciəli olanda. Deyirdik, bəlkə bir az düzəltsin. Amma biz kim idik ki, ona o vaxt nəsə deyək? Özü hər şeyi yaxşı bilirdi. Tənqid ola bilməzdi.
- İçki, siqaret? Bu cür alışqanlıqları var idi?
- Yox. Onun siqaret çəkdiyini görməmişdim. İçki isə... məclislərdə az-maz içirdi, bəzən də görürdün heç içmədi. Ümumiyyətlə, bu cür şeylərdən qaçırdı, bizi də uzaq tuturdu.
- Yəqin buna görə uzun yaşadı...
- Düzdü. Sağlam həyat tərzi sürürdü. Bağa gedib dincəlirdi, yazılar yazırdı. Səhər tezdən dururdu. Qəribədir ki, istini sevirdi. Camaat istidən qaçırdı, amma o, deyirdi, mən Bakının istisini xoşlayıram. Atam ən çox harda kədərləndi? Ədəbi nəslinin yarpaq tökümü başlayanda. Dostları bir-bir bu dünyadan gedəndə narahatlıq keçirirdi, pis olurdu. Qəribə hissdir bu. Tanıdığın adamlar birdən-birə yoxa çıxır və sən bu boyda şəhərdə tək qalırsan. Bilmirsən, kimə dərdini danışasan, kimə zəng vurasan, kiminlə görüşəsən.
- Yazıçılar arasında, deyəsən ən uzun ömürlü Qılman İlkin oldu...
- Mən 96 yaşa çatmış yazıçı xatırlamıram. Atamdan başqa.
- Son günlərini necə xatırlayırsınız?
- Xəstəliyi olmamışdı. Amma daxilən əziyyət çəkirdi. Çıxıb gəzirdi arada. Bir dəfə yıxılmışdı. Ayaqları tutmayıb. Yolda görənlər tutub gətiriblər evə. Son illər ona çox çətin oldu. Əsas nəyə görə pis olurdu? Ayaqlarına görə yox, gözlərinə görə. Gözləri zəifləmişdi. Heç bir eynək də gözünə düşmürdü. Yazmadığına görə özünü yaxşı hiss etmirdi. Deyirdik ki, sən denən, biz yazaq. Deyirdi, yox, mən belə öyrəşməmişəm, gərək özüm yazam, özüm yazanda nə yazdığımı hiss edirəm. Atam əzab çəkirdi yazmadığına görə. “Bu, mənim üçün ölümə bərabərdir” - deyirdi. Gözünün əməliyyatına da razı olmadı. Bu yaşda əməliyyatı da məsləhət görmürdülər. Yazıçı funksiyasını davam etdirə bilmədiyi üçün mənəvi əzab çəkirdi. Hiss edirdi ki, yazıçı kimi artıq sonu gəlib. Özünün içində var idi təbii, sadəcə məsələnin texniki tərəfi sona çatmışdı. Son günlər bircə dərd elədiyi bu idi. Hafizəsi yerindəydi, xatırlayırdı hər şeyi, adamları tanıyırdı, danışırdı bizlə. Ömrünə bir həftə qala ağlı başında deyildi, yerindəcə uzanırdı. Həkimlər gəlib-gedirdi, ona təsəlli verirdilər, amma atam özü buna inanmırdı, artıq öləcəyini dəqiqləşdirmişdi. Bilirdi ki, bu sondur./kulis.az