Aprelin 18-də Moskvada keçirilən Rusiya-Ermənistan liderlərinin görüşündə səsləndirilən birgə bəyanatın əsas tezisləri 6 apreldə İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə baş tutmuş görüşündə verilən bəyanatlardan az fərqlənirdi. Vladimir Putin və Nikol Paşinyanın imza atdıqları sənəddə sülh sazişindən bəhs edilmirdi, kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsinin vacibliyi qeyd olunmuşdu.
Moskva görüşündə Kreml rəhbərinin bir neçə dəfə dilinə gətirdiyi və Bakıda qıcıqla qarşılanan “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağı təhlükəsizliyi” kimi ifadələr 6 apreldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin adından yayılan açıqlamada yer almamışdı. Kremldən fərqli olaraq, Brüssel münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir və İrəvana da Qarabağın statusu ilə bağlı gözləntilərini aşağı salmağı tövsiyə edir…
Gözlənildiyi kimi, Rusiya və Qərb arasında müharibəyə çevrilən ziddiyyətlər Qarabağ münaqişəsindəki çoxillik vasitəçilik missiyasını da sıradan çıxardı. Dünənin vasitəçiləri bu gün bütün məsələlərdə, o cümlədən münaqişənin həlli prosesi ilə bağlı biri-birini ittiham etməyə başlayıblar. Qərb sakit şəkildə Minsk Qrupunda Rusiya ilə əməkdaşlığı dayandırıb, Moskva isə hücuma keçib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün yerli medianın suallarını cavablandırarkən Qərbin ünvanına sərt ifadələr səsləndirib. “ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasında yüksək diplomatik fəallığı artırdığı bir vaxtda Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya tərəfinə mexanizmin bərpası üçün müraciət ediblərmi?” sualına cavab olaraq, Zaxarova bildirib ki, Paris və Vaşinqton ATƏT-in Minsk qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini əlindən almaq istəyir.
Rusiya XİN-in nümayəndəsi yüksək diplomatik fəallığın Vaşinqtonla Parisin Minsk qrupunun işini iflic etməsindən sonra yarandığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib. O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də humanitar problemlərin həlli ilə bağlı Minsk Qrupunun ötən il təqdim etdiyi təklifləri, Bakı ilə Yerevan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb.
Zaxarova Rusiyanın 10 noyabr, eləcə də 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş bəyanatlara sadiq olduğunu vurğulayıb: “Biz eyni zamanda tarixi dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri ilə bağlı olduğumuz Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına hər vasitəylə təsir göstərməkdə qətiyyətliyik”. Brüsseldən bu ittihamlara hələlik reaksiya verilməyib.
Beləliklə, Qərb-Rusiya qarşıdurması Azərbaycan və Ermənistan arasında gedən danışıqları növbəti dəfə böhrana salıb. Bu, rəsmi Bakı üçün arzuolunmaz vəziyyətdir, çünki Qərbin vasitəçiliyi ədalətli sülh üçün daha məqbuldur, Brüssel görüşündə ortaya qoyulan mövqe də Azərbaycan rəhbərliyi üçün əlverişlidir. Nikol Paşinyan məhz Şarl Mişellə 5 saatlıq görüşdən sonra Bakının təklif etdiyi 5 maddəlik baza prinsiplərini qəbul etdiyini bildirib. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün qorunmasını münaqişənin ədalətli həllinin və regionda davamlı sülhün bərqərar olunmasının əsas şərti sayır.
Rusiya isə Putin-Paşinyan görüşündə bir daha göstərdi ki, bu mövqedən çox uzaqdır. Moskva, ümumiyyətlə, sülhdən danışmır, özünün moderatorluğu ilə kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi prosesinin başlamasını istəyir. Amma bunun üçün konkret zaman müəyyən edilməyib. Müharibədən sonra qəbul edilmiş razılaşmalarda yer alan tezislər bir daha sadalanır və bununla iş bitir. Yəni, 44 günlük müharibədən sonra yaranmış status-kvo Moskvanın məqbul bildiyi zamana qədər dondurulub saxlanılmalıdır…
Zaxarovanın açıqlaması göstərir ki, Rusiya Qərbin vasitəçilik təşəbbüslərindən çox qəzəblidir. Şübhəsiz ki, münaqişə tərəflərinə ardıcıl təzyiqlər edilir və Nikol Paşinyan 19 apreldə Moskvada bu təzyiqləri dərindən hiss edib.
Ehtimal ki, Zaxarovanın ifadə etdiyi mövqe daha yüksək səviyyədə Azərbaycan rəhbərliyinə çatdırılıb. Əlbəttə, Putin üçün daha yaxşı olardı ki, Paşinyanla bərabər prezident İlham Əliyev də 19 apreldə Moskvada olsun və Qərbi növbəti məyusluğa düçar etsinlər. Belə bir dəvətin göndərildiyini, amma rədd edildiyini də istisna etmək olmaz.
Beləliklə, mürəkkəb vəziyyət yaranıb. Paşinyan Brüsseldə üzərində götürdüyü öhdəliyə uyğun olaraq, aprelin 30-dək Azərbaycanla birgə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiya yaradacaqmı? İrəvan prosesin Qərbin, yoxsa Moskvanın vasitəçiliyi ilə, onun daha əvvəl qurduğu üçtərəfli komissiya çərçivəsində müzakirəsində maraqlı olacaq? Rusiya Brüsselin fəallığını aşağı salmaq üçün Ermənistana və Azərbaycana daha hansı təzyiqlər göstərə bilər? Azərbaycan hansı addımları atacaq?
Yaxın həftələrdə bu suallara qismən aydınlıq gələ bilər. Çünki qarşıdakı bir həftədə Brüsseldə əldə olunmuş razılaşma üzrə ilk addım atılmalıdır. Hələlik nə Bakı, nə də İrəvan sərhəd komissiyasına öz nümayəndələrini təyin etməyiblər. Eyni zamanda, Moskvada qurulmuş üçtərəfli komissiya da iclasların keçiriləcəyini elan etməyib. Gözləyək…
Turqut