Qərbin Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində fəallığını artırmasına Moskvadan gözlənilən reaksiyalar gəlir. Yada salaq ki, ABŞ Dövlət katibi Entoni Blinken son iki həftədə Azərbaycan və Ermənistan liderləri ilə iki dəfə telefonla danışıb. Onun gündəliyində iki əsas məsələ vardi:
Birincisi, regionda sabitliyin təmin olunması, eskalasiyanın baş verməməsi;
İkincisi, Azərbaycan və Ermənistan problemləri ancaq ikitərəfli diplomatik təmaslarla həll etməyə çalışmalıdır.
Blinken ABŞ-ın prosesə dəstəyini artırmaq niyyətində olduğunu bildirib. Onun açıqlamalarında Minsk qrupu formatının, habelə Dağlıq Qarabağın statusu barədə heç bir ifadənin olmaması diqqət çəkib.
Avropa İttifaqı da ABŞ-la eyni mövqeni bölüşür və Brüsseldə təşkil olunan Əliyev-Paşinyan görüşündə əldə olunan razılaşmalar ancaq ikitərəfli formata əsaslanır. Brüssel də Rusiyanın prosesdə ənənəvi rolunun qalmasında maraqlı deyil. Aİ Şurasının prezidenti Şarl Mişelin dediyi kimi, Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri sülh müqaviləsi üzərində çalışmalıdırlar, sərhədlərin delimitasiya və demarkasiyası ilə də ancaq iki ölkənin aprelin sonuna qədər yaradacağı komissiya məşğul olmalıdır. Qərbin mövqeyi Azərbaycanın maraqlarına uyğundur, Brüssel görüşünə cəmiyyətdən verilən reaksiyalarda hakimiyyətin apardığı siyasətə dəstək ifadə olunur.
Ermənistanda isə vəziyyət kifayət qədər mürəkkəbdir. Paşinyan hökuməti həm müxalifətin, həm Qarabağdakı separatçı rejimin, həm də Rusiyanın təzyiqləri ilə üz-üzədir. Keçmiş prezidentlər R.Koçaryan və S.Sarkisyanın rəhbərlik etdiyi müxalifət təşkilatları Brüssel görüşündən bir gün əvvəl – martın 5-də İrəvanın mərkəzində kütləvi aksiya təşkil edərək, Paşinyan hakimiyyətinə ultimativ tələblər irəli sürüb. Meydandakı çıxışlarda hakimiyyətə qarşı bütün mübarizə üsullarından istifadə ediləcəyi deyilirdi.
Görüşdən sonra müxalifətə cəmiyyətin başqa təbəqələrindən də dəstək gəlməyə başlayıb, keçmiş elitaya bağlı ekspertlər, politoloqlar Brüssel görüşünün Ermənistan üçün uğursuz olduğunu bildirirlər.
Politoloq Tiqran Qriqoryan deyib ki, Şarl Mişelin açıqladığı bəyanatda “Dağlıq Qarabağdan” və Qarabağ münaqişəsindən bir kəlmə də deyilmir. O, hesab edir ki, bu məqam ciddi narahatlığa əsas verir. Qriqoryanın fikrincə, Ermənistan hökumətinin, eləcə də Şarl Mişelin bəyanatlarından belə görünür ki, erməni tərəfi əvvəllər bəyan etdiyi iki prinsipial mövqedən geri çəkilib.
“Əvvəla, bu bəyanatın mətnini oxuyanda başa düşürük ki, sərhədin delimitasiya və demarkasiyası üçün komissiya heç bir stabilləşdirici mexanizmlər tətbiq edilmədən yaradılacaq. Bəyanatda deyilir ki, bu komissiya delimitasiya və demarkasiyadan başqa, sərhəddə sabitliyin təmin edilməsi ilə məşğul olacaq. Mənim fikrimcə bu müddəa daha çox Paşinyanın təmizə çıxarılması üçün əlavə olunub. Mahiyyətcə, bu, erməni tərəfinin məğlubiyyətidir”.
Politoloqun fikrincə, Ermənistanın geri çəkildiyi ikinci mövqe Paşinyanın ATƏT-in Minsk qrupunun egidası altında danışıqlardan imtina etməsidir:
“Biz gördük ki, əslində Ermənistanın baş naziri və Azərbaycanın prezidenti öz xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqları hazırlamağı tapşırıblar. Amma bəyanatda danışıqların ATƏT-in Minsk qrupunun egidası altında keçiriləcəyi deyilmir. Ümumilikdə, ATƏT-in Minsk qrupunun heç adı da çəkilmir”.
Nikol Paşinyan aprelin 7-də keçirdiyi hökumət müşavirəsində bildirib ki, “Dağlıq Qarabağ xalqının” təhlükəsizliyinin təminatı, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə “Dağlıq Qarabağın” yekun statusunun dəqiqləşdirilməsi erməni tərəfinin sülh gündəliyinə cavablarına daxil edilib və danışıqların predmeti olmalıdır. Paşinyanın sözlərinə görə, bu prosesdə Minsk qrupunun iştirakı zəruridir və erməni tərəfi bu istiqamətdə işini davam etdirməlidir.
Göründüyü kimi, erməni cəmiyyətinin bir qismi Brüssel razılaşmalarını uğursuz sayır. Cəmi iki gün əvvəl Azərbaycanla ikitərəfli prosesə razılıq verən Paşinyan isə mövqeyindən geri çəkilərək, statusdan və Minsk qrupunun vasitəçiliyindən danışır.
Əlbəttə, bu ziddiyyətli mövqe baş nazirin çətin vəziyyətdə olduğunu, vəziyyətdən çıxmaq üçün müəyyən manevr etmək cəhdlərini göstərir.
Rusiyanın Brüssel danışıqlarından ciddi narazılığına gəlincə, bu gün Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşən Sergey Lavrov bunu açıq şəkildə deyib. Nazir bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır. O, daha sonra vurğulayıb ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq.
Lavrov Paşinyanın və erməni müxalifətinin Minsk qrupu ilə bağlı ümidlərinin üstündən də xəttə çəkib. Bildirib ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıq etməkdən imtina ediblər. Onun sözlərinə görə, belə rusufob yanaşma Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir: “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir. Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Və əgər Fransa və ABŞ qərar veribsə, Allah özü onların hakimi olacaq”.
Beləliklə, Lavrov Ermənistanı, dolayısı ilə Azərbaycanı 44 günlük müharibədən sonra Rusiyanın iştirakı ilə yaradılmış üçtərəfli formatlara qayıtmağa çağırıb. Əlbəttə, Kremlin əlində olan təzyiq mexanizmləri təkcə diplomatik mexanizmlər deyil. Ermənistanın hazırda müxalifətdə olan keçmiş siyasi elitası, onun nəzarətində olan media, habelə Rusiyanın bu ölkə iqtisadiyyatında inhisarçı hökmranlığı Paşinyan üçün kifayət qədər ciddi təhlükə mənbəyidir. Baş naziri Qərbin patronajlığı altında Azərbaycanla sülh arayışlarından uzaqlaşdırmaq üçün artıq düymə basılıb. Aprelin 5-də İrəvanda keçirilən etiraz aksiyası ilk siqnaldır, qarşıdakı həftələrdə Ermənistan paytaxtında müharibədən sonrakı mənzərələrin təkrarlanacağı istisna deyil. Paşinyan hazırda bu situasiyanın qarşısını almaq üçün Brüsseldə ifadə etdiyi pozitiv mövqelərdən geri çəkilmək görüntüsü yaratmağa çalışır. Baş nazirə indi bolluca vaxt lazımdır ki, Ukrayna böhranında “müttəfqinin” mövqeləri daha da zəifləsin və regionda əvvəlki təsir, təzyiq imkanları azalsın. Kreml bu şansı ona tanıyacaqmı, bu, xeyli dərəcədə müəmmalıdır.
Turqut