Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəddar çekistin məşum aqibəti – İşgəncələrdən dəli olan Deribası güllələyiblər


“NKVD” orqanlarında 1-ci dərəcəli dövlət təhlükəsizliyi komissarı rütbəsi ordu ilə müqayisədə ordu generalı rütbəsinə bərabər olub. Bu rütbə yalnız doqquz nəfərə verilib və doqquzu da fərqli tarixlərdə güllələnib. Onlardan biri də Terenti Deribas olub.

O, hələ 20-ci əsrin əvvəllərindən öz inqilabi fəaliyyəti ilə Stalinin diqqətini çəkib, Stalin hakimiyyəti illərində Deribas “QPU” və “NKVD” orqanlarında vacib simalardan biri sayılıb.

Terenti Deribas 1883-cü ildə Ukraynada anadan olub. 1903-cü ildə Kremençuk real məktəbini bitirib. Həmin il o, bolşeviklər partiyasına üzv olub. Gənclik illərindən inqilabi hərəkatda fəallıq göstərən Deribas 1905-ci ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tobolsk həbsxanasında üç il cəza çəkib. 1907-ci ildə həbsxanadan qaçmağa müvəffəq olan inqilabçı siyasi fəaliyyətini Orenburqda davam etdirib.
1-50.jpg (139 KB)
Oktyabr inqilabından sonra Deribas Orenburqda istintaq komissiyasına sədr təyin edilib. Bununla yanaşı, o, Rusiyanın ayrı-ayrı ərazilərində Stalinin məxfi tapşırıqlarını da həyata keçirib. Onun işi, tapşırıqları vaxtında və lazımi səviyyədə yerinə yetirməsi Stalini qane edib.
Deribası digərlərindən fərqləndirən əsas cəhət onun yuxarılara hədsiz dərəcədə itaətkarlığı, öz işində isə son dərəcə qəddar və amansızlığı olub. Bir çox hallarda o, antisovet fəaliyyətlə məşğul olmayanları da həbs etdirərək Moskvaya daha “böyük” rəqəmlər təqdim edib. Sözsüz ki, bu “təşəbbüskarlıq” diqqətdən yayınmayıb.
1923-cü ildə Deribas Moskvaya dəvət olunub və “QPU”-nun məxfi şöbəsinə rəis təyin edilib. Bu vəzifədə səlahiyyətləri artan şöbə rəisinin qəddarlığı da artıb. Onun kabinetindən atəş səslərinin eşidilməsi adi hala çevrilib. Deribas bəzi hallarda “şübhəli” şəxsləri heç bir hökm və qərar olmadan kabinetində güllələyib. Onun vəzifə səlahiyyətlərindən bu cür sui-istifadə etməsi qalmaqalsız ötüşməyib. 1929-cu ildə Deribas Vyaçeslav Molotovun yaxından tanıdığı və dostluq münasibətində olduğu bir şəxsin qardaşını heç bir günahı olmadan kabinetində güllələyib. Bu haqda Molotov Stalinə məruzə edəndə Deribas haqqında rəhbərlik ciddi qərar çıxarmaq məcburiyyətində qalıb. Çoxları elə düşünüb ki, ən yaxşı halda şöbə rəisi uzunmüddətli sürgünə göndəriləcək. Amma Stalin “dəyərli” kadrını itirmək istəməyib. Nəhayət, belə qərara gəlinib ki, Deribası kommunist rejiminə qarşı çıxanların daha çox olduğu Uzaq Şərqə göndərsinlər. Beləliklə, o, “QPU”-nun Uzaq Şərq idarəsinə rəis göndərilib. 1934-cü ildən isə Deribas “NKVD”-nin yeni yaradılmış Uzaq Şərq idarəsinə rəis təyin edilib.
2-3.jpg (80 KB)
Arxiv sənədlərindən aydın olur ki, 1930-cu illərin repressiya dövründə əhali sayına görə repressiyaya məruz qalanlar Uzaq Şərqdə daha yüksək faiz təşkil edib. “NKVD” başçısı Nikolay Yejovun repressiya planlarını ikiqat yerinə yetirən Deribas bu qurumda xidmət edən rəislərin arasında ən “məhsuldar” rəis sayılıb.
Deribas Stalinin hakimiyyətdə çox qalacağına inanmayıb. O, öz gələcək karyerasını sığortalamaq üçün trotskiçilərlə gizli əlaqələr yaradıb. İkibaşlı oyun ona baha başa gəlib. Stalin Deribasın gizli fəaliyyətindən xəbərdar olub, amma ona bir müddət dəyməyib. Deribasdan lazımi qədər istifadə olunduqdan sonra onu Moskvaya çağırıblar. O, elə düşünüb ki, Moskvaya dəvət olunması yeni vəzifəyə təyinatı ilə bağlıdır. Amma paytaxda onu ağlına gəlməyən sürprizlər gözləyib.
591233c32c0fce5eb81fd51f5d508217.jpg (105 KB)
Moskvaya qayıtdığı gün Deribası Stalinin qəbuluna çağırıblar. Həbsin rahat olması üçün məhz bu variantdan istifadə edilib. Kremldə birincinin kabinetinə çatmamış onu həbs ediblər. Deribas dəhlizlərini qarış-qarış tanıdığı “Lubyanka” təcridxanasında saxlanılıb.
Deribası antisovet fəaliyyətdə ittiham ediblər, haqqında vətən xaini maddəsi ilə cinayət işi qaldırıblar. İstintaq zamanı əməllərini etiraf etməyən Deribasa o qədər işgəncə verilib ki, o, ağlını itirərək dəli olub. Bir müddət psixiatriya xəstəxanasında müalicə alsa da, bu müalicələr heç bir nəticə verməyib və onu yenidən təcridxanaya qaytarıblar.
Deribas haqqında hansı hökmün çıxarılması Stalinin kabinetində müzakirə olunub. Hətta Nikolay Yejov kimi cəllad onun səhhətinin nəzərə alınmasını və sərbəst buraxılmasını təklif edib. Stalin bu təklifi istehzalı təbəssümləə qarşılayıb:
- Yoldaş Yejov, bizim dəli çekistlərə ehtiyacımız yoxdur. Vətənə xəyanət edəni isə heç bir səbəb əfv edə bilməz. Güllələnsin!
800px-Дерибас,_Терентий_Дмитриевич.jpg (115 KB)
Elə həmin gün SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Deribas haqqında güllələnmə qərarı çıxarıb. 29 iyul 1938-ci ildə qərar icra olunub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10