Nə etməli, necə etməli, ya da nəyi necə etməməli ki, özümüzü saldığımız zibildən çıxa bilək?
Bakı küçələrində axşam saatlarında, səhərin sübh çağında gəzərkən, bəzən yolun düşən yerlərdə sanırsan ki, qırğın-dava olub, camaat əlində nə var, nə yox küçələrə səpələyib. Adətən belə pinti mənzərənin “olmazsa olmaz”ı siqaret kötükləri, tum qabıqları, çeklər və s. olur.
Adamın gözünü-könlünü bulandıran bu qəbildən tullantıların siyahısını artırmaq da olar. Bu cür hallarda ətrafa göz gəzdirdiyində, adətən ya zibil qabları dolub-daşır, ya da zibil qabının bir küncdə-bucaqda, haradasa “gizləndiyini” insanların isə əlindəki zibili ora-bura ataraq keçib getdiyini müşahidə edirsən.
Əlqərəz, səfil insan evini xatırladan belə küçələrə bircə gün süpürgəçilərin əli dəyməsə, yəqin ki, addım atmağa bir qarış yer tapa bilmərik.
Bütün bunlarla yanaşı, bir də küçədə gəzərkən yerə tüpürməyə adət etmiş varlıqlar gözünə dəyir. İnsan adına, heç bir mədəniyyətə sığmayan bu hərəkəti edənlərə irad tutanda da adam söz deməyə lap peşman olur. “Qanmazı qandırınca adam özü qanmaz olur” deyirlər. Elə bu cür əməl sahibləri də həmin məsəldəki adamı qanmaza döndərən tiplərdir.
Bəs bunları islah etməyin bir yolu yoxdurmu? Necə edək ki, hər kəsi ümumi evimiz olan şəhərimizin təmizliyinə dörd divarı arasına sığındığımız evin təmizliyinə, səliqəsinə fikir verdiyi kimi diqqət etməyə, bu məsələdə daha həssas olmağa həvəsləndirək, yeri gəlsə, lap vadar edək?
AYNA “Problem varsa, həlli yolu da var” prinsipini əsas tutaraq, mütəxəssislərin fikirlərinə müraciət edib.
Sosioloq Əhməd Qəşəmoğlu şəhər cəmiyyətinin şəhərin təmizliyinə münasibətinin arzuolunan səviyyədə olmadığını deyib: “Təəssüf ki, problemlər çoxdur. Bu sahədə çox ciddi iş aparılmalıdır. Sözügedən problem hər zaman məni düşündürür. Allah qismət edib, dünyanın çox ölkələrini gəzmək şansım olub. Müsəlman ölkələrində zibilliyin çox olması məni hər zaman əsəbiləşdirib. Bir tək Türkiyədə vəziyyətin qənaətbəxş olduğunu müşahidə etmişəm. Lakin məsələn Pakistanın, Misirin küçələrində elə həddə pintiliklər görmüşəm ki, mehmanxanaya qayıdanda yemək yeyə bilməmişəm”.
“Küçələrin təmizliyi əhalinin inkişaf səviyyəsi barədə mühüm göstəricidir. Xarici jurnallarda ölkəmiz haqqında nə qədər çox yazsaq da, çıxışlar etsək də, bundan daha təsirli olan ölkəyə gələn turistlərdə yaranmış fikirdir. Ölkədə təmizlik olanda bu, həm xalqın nüfuzunu qaldırır, həm də əhalinin özündə bir rahatlıq yaradır. Təəssüf ki, bu sahədə biz iş aparmırıq. Sosial imkan da bu məsələyə təsir edir. Pandemiya zamanı da sağlamlıqla bağlı işlər yarımçıq aparıldı. “Ehtiyatlı olun” yazıb dayanacaqlara bir-iki kağız yapışdırmaqla iş olmur. İndiki cəmiyyət günü-gündən həssaslaşır, mürəkkəbləşir. İndiki vaxtda 30 il bundan əvvəlin metodu ilə nəsə bir iş həyata keçirsən, heç bir faydası olmayacaq. Maarifləndirmə də elmi əsaslarla olmalıdır”, - deyə sosioloq bildirib.
Həmsöhbətimizin fikrincə, ölkəmizdə bu məsələdə elmi yanaşmaya ehtiyac var: “Mentaliteti dəyişmək asandır. Milli kodu dəyişmək çətindir. Düzdür, mentaliteti də bir günə, beş günə dəyişmək olmur, amma biz bu işə başlamalıyıq ki, dəyişimə də nail olaq. Küçədə bir də görürsən ki, cavan oğlanlar sağa-sola tüpürə-tüpürə gəzirlər. İnsanlar başa düşməlidirlər ki, bu, hədsiz dərəcədə böyük mədəniyyətsizlikdir. İnsanlar küçə ilə yeriyə bilmirlər. Bir də görürsən ki, kimsə maşının pəncərəsindən küçəyə zibil atır. İrad da tutanda deyirlər, “müsəlmançılıqdır, bu, düzəlməz”. Necə yəni düzəlməz?! Bu, müsəlmanlıq üçün böhtandır. İslam insandan həm şəxsi, həm də ictimai həyatında təmizkarlıq tələb edir. Bu sahədə çox böyük boşluq var”.
“Amma mən sosial proseslərin idarə edilməsi sahəsində bir mütəxəssis kimi bildirirəm ki, bunları aradan qaldırmaq o qədər də çətin iş deyil. Sadəcə diqqətli şəkildə bunlarla məşğul olmaq lazımdır. Necə ki bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı fəaliyyət planı hazırlayırıq, eləcə də sosial sferalarla məşğul olmaq lazımdır. Təəssüf ki, 30 ildir mən səsimi eşitdirməyə çalışsam da, ciddi təşkilatların heç biri buna cavab vermir”, - deyə ekspert vurğulayıb.
O, təmizlik anlayışının körpəlikdən aşılanmalı məsələ olduğunu diqqətə çatdırıb: ““Ömrün uğurlu bünövrəsi” kitabım var. 6 yaşına qədər uşaqların təlim-tətbiyəsinə həsr olunub. Orada qeyd etmişəm ki, təmizlik uşağın bələyindən başlayır. Uşağı ki doğum evindən gətirdik, baxın, oradan təmizkarlığa başlamaq lazımdır. Uşaq öz yerini isladanda tez dəyişmək lazımdır ki, pintiliyə öyrəşməsin. Ana üstündən xörək iyi gələ-gələ uşağa yaxınlaşmamalıdır. Anadan ana iyi gəlməlidir. 6 yaşa qədər görəcəyimiz işlərdən biri budur. Daha sonra isə orta məktəblərdə bu işlə ciddi məşğul olmalıyıq. Təhsil sisteminin uşaqlara öyrədəcəyi ən vacib iş sağlamlıq mədəniyyəti, mənəvi zənginlik və əməyə yaradıcı münasibətdir. Biliklər, təhsil buna xidmət etməlidir”.
Şəhərin təmizliyini qorumaq, səliqə-sahmanı artırmaq sahəsində çıxış yoluna qaldıqda, mütəxəssis hesab edir ki, hər məhəllə üzrə bu işlərə nəzarət etməyə sosial iş xidməti ayrılmalıdır: “Hər məhəllə üzrə üç nəfərdən ibarət sosial iş xidməti olmalıdır. Həmin şəxslər kiminsə qohumu yox, məhz həqiqətən sosial işçi olmalıdırlar. Həm də onlar ərazi üzrə ailələri tanıyarlar, ailələr onları bilər. Beləliklə ailədaxili münaqişələrin şiddətlənməməsində də kömək edərlər. Eyni zamanda, sosial işçilər öz sahələrində təmizlik işləri ilə məşğul olan qurumlara təsir edərlər. İndiki vaxtda əhaliyə “get bunu et” deməklə edən olmaz. Biz bu işdə konkret nəticəyə nail olmaq istəyiriksə, bizə həm uyğun struktur, həm uyğun qanunvericilik, həm də inzibati metodlar lazımdır. Cərimələməklə nəyəsə nail ola bilmərik. Bunun üçün kimin öhdəliyinə nə düşürsə, bunların konkret bəlli olduğu fəaliyyət proqramı qurmaq lazımdır”.
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də əməkdaşımızla söhbətində qeyd edib ki, şəhərin təmiz saxlanması, şəhər infrastrukturunun qorunması nə qədər aidiyyəti dövlət qurumlarından asılıdırsa, bir o qədər də həmin şəhər sakinlərinin davranışı, şəhər mədəniyyətinə münasibəti, uyğunlaşması, mədəni səviyyəsinin artırılması ilə sıx bağlıdır: “Son beş ili görtürsək, əvvəlki illərlə müqayisədə şəhər təsərrüfatının saxlanması və idarə olunması, xüsusilə də şəhər çirkliliyinin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb. Bu sahədə günəmuzd işçi qüvvəsi, məşğulluq idarəsində işsiz kimi qeydiyyatdan keçmiş insanlar şəhər təsərrüfatının təmizliyinin idarə olunmasına cəlb olunurlar. Zibil qablarının da sayı kifayət qədər artırılıb. Düzdür, çeşidlənmə ilə bağlı problemlər var, amma məhəllələrdə zibil qablarının sayı əvvəlki illərlə müqayisədə xeyli artırılıb”.
Müsahibimiz bu məsələdə insanlarımızın davranışından da çox şeyin asılı olduğunu söyləyib: “Zibil qutularındakı zibillərin düzgün utilizasiya edilməsində, düzgün atılmasında insanlarımız öz əməklərini səfərbər etməlidirlər. Əvvəllər nəqliyyat vasitələrindən kağızların, sellofan paketlərin, içki butulkalarının və s. atılması halları ilə daha çox qarşılaşırdıq. İndi bu kimi hallar da azalıb. İnsanlar şəhərin təmizliyinin qorunmasında daha maraqlı görünürlər. Buna baxmayaraq, yenə problemlər var”.
“Hesab edirəm ki, şəhərin təmizliyi məsələsində bələdiyyələri işə cəlb etmək daha effektiv olar. Bu, eyni zamanda maliyyə imkanlarının artırılmasına, işçilərin əmək haqlarının vaxtlı-vaxtında verilməsinə, onların işlərinə olan məsuliyyətin və motivasiyanın artmasına səbəb olacaq. Müxtəlif QHT-lərin, Vətəndaş Cəmiyyəti institutlarının şəhərin təmiz saxlanılması, yaşıllaşdırılması ilə bağlı həyata keçirdiyi layihələrin sayını artırmaq, vətəndaşlarla maarifləndirici tədbirləri sürətləndirmək, dərinləşdirmək metodu ilə şəhərmizin daha təmiz saxlanılmasına xidmət etmiş olarıq”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.
Müəllif: Aləmdə Nəsib