Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada 100-ə yaxın ev su içində


“Boğazımızdan kəsib buraya 50 maşın torpaq tökmüşəm. Hər maşına 50 manat pul vermişəm. ... Hətta hamamımız, ayaqyolumuz suyun içindədir, evlərimiz çat verir”

Son günlər intensiv yağan yağışlar Astara şəhərində fəsadlar töhrədib. Şəhərin Nizami adına küçəsində evlər su altındadır. Bu ərazi Xəzər dənizinin kənarında yerləşir, dəniz səviyyəsindən aşağıdır, ən çökək yer hesab olunur. Evi suyun altında qalan Əbülfəz Həsənov  vəziyyətin aydan  aya pisləşdiyini dilə gətirir:

“Neçə gündür ki,yağış yağır. Suyun axıb getməsi üçün yol yoxdur. Bura cökək olduğu üçün şəhərin bütün suları bura axır. Bu istqamətdə yüzə yaxın ev var. Suyun içində boğuluruq. Yoldaşım və mən əlilik. Ayaqyolmuz, hamam həyətədir. Hər dəfə həyətə düşəndə çəkmə geyməli oluruq. Belə iş olar?”

Evin altına su dolub. Həyətin bir hissəsində göl əmələ gəlib. Əbülfəz Əliyevin sözlərinə görə həyəti hündürləşdirmək üçün hər il torpaq gətirib həyətə sərir:

“Boğazımızdan kəsib buraya 50 maşın torpaq tökmüşəm. Hər maşına 50 manat pul vermişəm. Pensionerik, gücüm buna çatır. Amma su çəkilmir. Çünki suyun yolunu kəsiblər. Su dənizə axırdı, indi axa bilmir. İcra hakimiyyəti aparatına getmişdim. Başçı şikayətləri qəbul etmir.”

Yaxınlıqdan İrana asfalt yol şəkilib. Yolun dənizə tərəf hissəsində restoranlar, istirahət yerləri, Astara parkı tikilib. Yolun əks tərəfində hündür mərtəbəli evlər və mehmanxanalar ucalır. Buranı Dubaya da oxşadırlar. Bu tikinitləri apararkən heç kim dənizə axan su və çirkab suların axdığı xətləri fikirləşməyib.  Xətllər bu binaların hesabına dağıdılıb. 

Şəhər sakini Vüqar Əliyev burda ekaloji fəlakətin olduğunu deyir:
“Evin içi sudur. Qurunt suları ilə çirkab suları qarşıb. Üfünət iyi basır ətrafı. Nəmişlikdən xəsətlik tapırıq. Evlərin hamsında çat var. Evdə yata bilmirik. Yorğan nəm olur. Astara şəhərin mərkəzinə  bir addımlıq məsafədədir. Nizami küçəsində yaşayırıq. Şəhərin 3 əsas küçələrindən biridir. Suyun axarı yoxdur. Yağış yağanda su dollur həyətimizə. Bura çökək olduğu üçün suların hamısı bura axır. Sahibsizlikdir. Kimin pulu var,  istədiyini edir. Şəhərin dəniz kənarı hissəsində torpaqların qiyməti xeyli bahadır. Savaş gedir. Biz qalmışıq ortada. Onlar torpağı qaldırıblar, biz qaldıra bilmirik. Kasıb adamlarıq.”

Vüqar Əliyevin anası Tarifə Əliyeva deyir ki, 40-50 il bundan əvvəl belə acınacağlı vəziyyət olmayıb:
“Heç vaxt bu vəziyyətə düşməmişik. Arada belə vəziyyət yaranmışdı, sovet dövründə. Gəldilər, kanal çəkdilər dənizə, oradan da su axırdı. Burdan İranla sərhəddə yerləşən Astaraçaya kanal da gedirdi, onu doldurub park etdilər. Hər tərəfi su tutur, evlərimiz adaya oxşayır. Allahın bizə yazığı gəlir ki, sel gəlmir. Amma bir gün gələcək.”

Astara şəhərin digər sakini Novruz Paşayev problemin həllini vacib sayır:

“O, binanı görürsüz, bina düz kanalın üstündə tikilib.”
Yaxınlıqda yeni inşa edilmiş 5 mərtəbli binanı göstərir. Sözünə davam edir: ”Tikəndə gedib sahibakara dedim ki, burdan dənizə su gedir. Xətti dağıtsan suyun içində qalarıq. Dedi ki, nəzərə alaram, ancaq əhəmiyyət vermədi. Bu problemi yerli icra orqanlarına, bələdiyyəyə çatdırmışıq. Prezidentdən tutmuş aşağı məmurlara qədər rəsmi müraciət etmişik. Sanki gücsüzdürlər. Pulları var deyə heç kimi saymırlar. Yağış bir az səngiyib, bəzi yerlərdən su çəkilib. 

Astara şəhərində kanalizasiya yoxdur, çirkab suları da bura axır. Fəlakətdir. Heç kim bizi eşitmir. Bu qulağa verib, o qulaqdan çıxardırlar. Həytdə əkin mümkün deyil. İki ildir torpaq əkilmir. 
Bələdiyyə sədri, şəhər icra nümayəndəsi dəfələrlə gəlib baxıblar.”

Novruz Paşayevin qonşusu Gülər Nəhmətova söhbətə qoşulur:

“Həyətdə əkdiyim meyvə ağacları suyun altında qalıb məhv olur. Suyun yolunu tutanları dəfələrlə başa salmışıq ki, problem yaratmayın. Torpaqları satdılar, yolarımızı əlmizdən aldıldılar, səbr etdik. Prokurorluğa, polisə getmişəm. Suyun yolunu tutan adamı polisə çağırıblar. Mehriban Xanıma dəfələrlə yazmışam. Nəticə yoxdur. Bir qalır məhkəmə. Bayramı yola verəndən sonra suyun yolu açılmasa, məhkəməyə müraciət edəcəyik.”

Astara Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Allahverən Mahmudov sözügedən ərazidə problemin olduğunu deyir:

“Arxitektor, şəhər icra nümayəndəsi, mən özüm də həmin ərazidə olmuşuq. Orda 6 ailədir. Fransada yaşayan birinin də orda evi var. Ana kanalı təmizləmək üçün texnika gətirdik. Kanal fərdi həyətlərin arasından keçir. Suyu çəkmək üçün oraya boruları da gətirildi. Sakinlər icazə vermədilər. Qoymadılar həyətlərinə girməyə. Amma Əbüləz Həsənovun həyətindən suyu çəkmək üçün iş görüləcək. Yağış imkan vermədi. Bir sahibkar orda obyekt tikib. Onu bəhanə edirlər. O tikintilərə icazəni Dövlət Şəhərsalma və Arxitektora komitəsi verir. Bütün sənədləşmələr orda gedir. O sənədlər əsasında da başcı sərəncam verir. Onlar sənədləri birbaşa reyestra otuzdururlar. Obyekti tikəndə sənədi bizə verirlər ki,müəyyən edilmiş yerdə obyekt tikiləcək. Sahibkardır, şəxsi həyətidir, icazəsi var, obyekt tikib.”

O, Astara şəhərində kanalizasiyanın çəkilməsi barəsində bunları bildirdi:

“Bizdə içməli su xətti çəkildi. Qalıb kanalizasiya.Layihə hazırdır. Vəsait ayrılan kimi kanalizasiya xəttinin çəkilişinə başlayacaqlar. Rayon icra hakmiyyəti başcısının diqqətindədir. Yenidən müvafiq orqanlara müraciət olunacaq. Çox vacibdir, bu işdə maraqlıyıq. Rayonda çoxmənzilli yaşayış binalrın sayı artır. Bu işlərlə “Azərsu” ASC məşğul olur.”

Astara şəhəri Azərbaycanınn şərqə açlan qapısı hesab olıunur. Bir çox beynəlxalq layihələr bu ərazidə həyata keçirilir. Lakin, Astara şəhərinin 20 minə yaxın olan əhalisi çirkab və yağış suların axması üçün xətlərin olımamasında əziyyət çəkir. Yağış yağanda şəhərin küçələrini, çökəkdə yerləşən məhəllələri su basır. Çoxmərtəbəli yaşayış binaların zirzəmiləri çirkab suları ilə doludur.

Qoca. Astara





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10