Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının bəxtəvər və bədbəxt yazarları


Masallı torpağında dəyərli, yurda şöhrət gətirən insanlar az deyil – din xadimlərimiz, elm fədailərimiz-alimlərimiz, ölkəyə nümunə olacaq təmizliyi ilə seçilən bəzi məmurlarımız... Yazarlarımız da az deyil. 

7-8 il öncə Masallı yazarlarının almanaxı işıq üzü görəndə, bəlli oldu ki, 100-dən artıq şairimiz, nasirimiz var. İçərilərində yaradıcılığı və şəxsiyyəti böyük hörmətə layiq olanları da az deyil. Amma etiraf edək ki, Masallının hələ də dərsliyə düşən bir yazarı, necə deyərlər, klassikə çevrilən (yaxud çevrilə biləcək) qələm sahibi görünmür (Bəlkə də səhv edirəm, var, mən bilmirəm).

Bu qeydləri yazmağa isə məni bir yazı məcbur etdi. Masallı yazarları sırasında “Bəxtəvər”, “xoşbəxt” və buna bənzər ləqəbləri olan müəlliflər az olmayıb. Amma bu günlərdə oxuduğum bir yazı yadıma Masallının bədbəxt yazarlarını saldı. Yadıma düşənləri deyim, siz də bilin.

Rafiq Tağı yadınızdadırmı?

Çox gözəl hekayələri, şeirləri var idi. Ziddiyyətli fikirləri də az deyildi. Namərd bıçağının badına getdi.

Böyükxan Pərviz də çoxlarının yadındadır. 
50 yaşı tamam olmamış ehtiyac və haqsızlıqlar ucbatından dünyasını dəyişdi. Neçə dəfə müraciət etsək də, Talış xalqının bu əvəzsiz şairinin kitabını çap etməyə Talış xalqının bərkgedən övladlarının 800-1000 manatı tapılmadı. Nəhayət, bu günlərdə dəyərli jurnalistimiz Faiq Balabəylinin oxuculara təqdim etdiyi, masallılı (Gəyəçöl kəndi) İlyas Ərnəfəsin ürəkdağlayan həyat hekayəti.

Vaxtilə çoxunun həsəd apardığı, görkəmli qələm sahiblərinin dəyərləndirdiyi İlyas Ərnəfəs Latviyada təhsil aldı, tərcüməçilik sənətinə yiyələndi, lakin həyatını qura bilmədi, elə hala düşdü ki... Nə isə. Elə bilirəm ki, Faiq Balabəylinin ondan aldığı film kimi müsahibə çoxları üçün maraqlı olacaq. Həmin müsahibəni sizə təqdim edirik.




“KQB-yə çağırdılar, getdim, sonrası yadıma gəlmir…”


Masallının bəxtəvər və bədbəxt yazarları


“İnsan taleyi” layihəsində: İlyas Ərnəfəs

Onu harada itirsən “Azərbaycan” nəşriyyatında tapa bilərsən. Ya birinci mərtəbədəki yeməkxanada, ya da nəşriyyatın qarşısında olur. Yayın qızmar, qışın qan donduran vaxtında da heç yerə getməz. Həm də heç gedəsi yeri də yoxdur axı…

Çoxlarının ona rəhmi gəlir, ianə verirlər, ərköyünlüyünə dözürlər.

O, gözütox adamdır. Heç kəsdən pul, yemək istəməz. Acından ölər, kiməsə üz tutub, əl açıb, “mənə nə isə al” deməz. Verilənə isə etiraz etməz, götürər.

Ona pul da verirlər, yemək də alırlar. Siqaret sarıdan da korluq çəkmir, üstəlik də bahalı siqaretlər çəkir. Dəfələrlə olub ki, nəşriyyatın yeməkxanasında “düt” deyənə qədər içib də…

İlyas-ən çox ümid verən şair…

İlyas Ərnəfəsdən bəhs edirəm. O, İlyasdan ki, düz 30 ildir tanıyıram. Sabir adına Mərkəzi şəhər kitabxanasında Musa Ələkbərlinin rəhbəri olduğu “Pərvanə” ədəbi məclisində tanış olmuşduq. Dost olmasaq da, münasibətlərimiz çox səmimi olub. Elə o vaxtlar İlyas ən çox ümid verən şairlərdən biri hesab olunurdu. Özü isə heç də ipə-sapa yatmırdı. Çoxlarının postmodern deyib oxucunun gözünü yağır etdiyi sicilləmələrdən fərqli olaraq, o bu axında qat-qat güclü şeirlər yazırdı.

İndi səfil həyat tərzi keçirir. Elə saytımızın “Səfillər” layihəsində onunla görüşmək istəyi ilə “Azərbaycan” nəşriyyatına” üz tuturam.

O, nə binanın qarşısında, nə də içəridə – daima dayandığı yerdə yoxdur. Gündüz adlı polis serjantına yaxınlaşıram. Çoxdan burda işləyir, hər kəsi tanıyır. Hal-əhval tutduqdan sonra İlyası soruşuram. Gündüz:

– İndi burda idi. Nahar vaxtıdır, yəqin içəridə – kafedə olar, – deyir.

Kafeyə keçirəm, orada da yoxdur. Tanış jurnalistlərdən soruşuram. “Buralarda olar”, deyib kafeyə nəzər yetirirlər. O isə yoxdur.

Eybi yoxdur, bir azdan yenə də gələrəm, – deyib yuxarı mərtəbəyə qalxıram. “Ədəbiyyat qəzeti”nin məsul katibi Atababa İsmayıloğluyla görüşürəm. Bilirəm ki o, İlyası həmişə qayğı ilə dindirib, halına acıyanlardandır.

Yaxın binaların birinin zirzəmisində gecələyir




Atababa müəllim də bu gün onu görməyib.

– Aşağıda olar. Amma gələndə görmədim, – deyir.

Atababa müəllim, o, niyə bu gündədir, bilmirsən gecələr harada qalır?

– Haradasa yaxın binaların birinin zirzəmisində gecələyir. Başıbatmışı kimsəsizlər evinə düzəltmək istədim, əl vermədi.

Bir qədər də onun taleyinə acımasından danışır və:

– Onu mütləq müalicə etmək lazımdır. Dövlət öz vətəndaşına sahib çıxmalıdır. O, istedadlı gənc idi. Əvvəllər, elə çox istedadlı olduğuna görə İlyas Əfəndiyev ona uğurlu yol yazmışdı. Bədbəxtin yazıları dərc olunurdu. Tədbirlərdə iştirak edirdi. Tənqidçilərin diqqətini çəkmişdi. Yadımdadır, bir dəfə avtobusda birlikdə gedirdik. Mənim bir hekayəm haqda danışdı. O qədər savadlı, məntiqli fikir mübadiləsi apardı ki!

İlyas bu nəşriyyatın simasıdır


Bizimlə həmsöhbət olan jurnalistlərdən biri:

– Adama elə gəlir ki, İlyas bu nəşriyyatın simalarından biridir.

Düz deyirdi, bu adam başqa dövlət binalarının, nazirliklərin qarşısında durmurdu. O, şair idi, yazar idi və özünü yenə də o sırada görür. Məhz ona görə də vaxtını, ömrünü bu binanın qarşısında keçirir. Günləri ard-arda düzür, illərin axarında ömrünü sürüyüb aparır.

Bir qədər sonra aşağı düşürəm. İlyas burdadır, həmişəki kimi nəşriyyatın qarşısında oturub. Başında toxunma papaq, sifətində illərin hüznü. Ağarmış saçları papağın altından çiyinlərinə və alnına tökülüb. Gözlərindən yağan kədər nəşriyyatın divarlarına çilənirdi sanki. İllərlə oturduğu, sığındığı binanın qarşısında çox qərib və miskin bir vəziyyətdədi. Mənə elə gəldi ki o, qarşısından keçən insanların ayaqlarına baxır, başını heç yuxarı da qaldırmır.

Yox, deyəsən baxışları uzaqlara dikilib. Heç kəsi görmür. Nəşriyyatın daimi sakinləri olanlardan onun yanından saymazyana keçənləri də var, salam verənləri də. Ayaq saxlayıb ona nə isə deyənlərə sakit və yazıq bir görkəmdə nə isə deyir. Amma sözlər fışıltılı səsə çevrilib həmin adamların qulaqlarına çatmır, ayaqları altına səpələnir. Ürək ağrıdıcıdır. Hərdən öz-özünə də danışır.

Yaxın gəlib, diqqət kəsilirəm. Bir şey başa düşmürəm. Yanında çömələ otururam. Sifətimə baxıb gülümsəyir:

– Faiq…

Hə mənəm. Necəsən?

– …

Cavabını yenə də başa düşmürəm. Bir az da yaxın otururam:

İlyas, sənə soyuq deyil? Daşın üstündə oturma, dur ayağa, söhbət edək.

Yadıma gəlir…


Yenə də nə isə deyir və yenə də başa düşmürəm. Bu dəfə küçədən keçən yük maşının səsi mane olur. Deyəsən, dediklərini başa düşmədiyimə görə özü də utanır.

İlyas, yadına gəlir?..

Bu dəfə möhkəmdən cavab verir:

– Gəlir. Sən, Vasif, Hümbət, Məlahət… – deyəsən yaddaşı dolaşır və birdən yadına düşür – Hümbət. Vasifi görürəm. Gəlir bura. Sən isə heç gəlmirsən…

İlyasla dərnəkdə mübahisəmiz də düşürdü. Sonra heç nə olmayıbmış kimi çayxanada oturub çay içirdik. Bir dəfə onu gəmiyə də aparmışdım. Xoşuna gəlmişdi. Səhərə qədər deyib-gülmüşdük. Yeyib-içmişdik. Şair dostlarımla gəmiyə tez-tez gedərdik. Onların macəra dolu cavanlıqlarının bəzi anları mənim işlədiyim gəmidə olub. Həjar Şamiloğlu, Vasif Süleyman, Salam Sarvan, Balaxan Qərib və başqaları. İlyas isə cəmi bir dəfə gəldi. Sonra mən onu bir daha gəmiyə dəvət etmədim. Atasının anasından boşanmasını, nənəsinin himayəsində böyüməsini danışmışdı. Anası haqda xoş danışmadığı dənizçi dostlarımın da nəzərindən yayınmamışdı. Onun bu söhbəti mənim də xoşuma gəlməmişdi. Sonra onun həmkəndlisi olan Balayar adlı dənizçi:

– İlyasa baş qoşma, avaranın biridir, – demişdi.

İlyas isə o vaxtlar həqiqətən də avara deyildi. Şeirlər yazırdı. Yaraşıqlı, hündürboy bir gənc idi. Dərnəyə gələn tələbə qızların ondan xoşu ona görə gəlməzdi ki, o, qızlara heç fikir verməzdi.

Bütün bunlar 30 ilin arxasında qalıb. Görəsən o günlərini necə xatırlayır?

İlyas, havalar soyuyur. Gecələr harada qalırsan?

Yenə də aydın olmayan cavab. Əli ilə qarşı binanı göstərir.

Sənin qış geyimlərin vardı, onları harada saxlayırsan?

– Elə ordadır, – əli qarşı binaya tərəf uzanıqlı qalıb.

Elçin müəllim…

Qarşıdakı binaların hansınınsa zirzəmisi artıq onun yuvası, isti ocağıdır. Yaddaşını təzələmək istəyirəm:

Yadına gəlir, AYB-də işləyirdin. Səni ora işə kim düzəltmişdi?

– Elçin.

Xalq yazıçısı Elçini nəzərdə tutur.

Deyəsən Litvaya oxumağa da getdin.

– Getdim. Litvaya yox, Latviyaya. Elçin müəllim göndərdi. Tərcüməçi olacaqdım.

Oldun?

– Oldum.. – deyir və qısa səslə gülür – Faiq, sən Cəlilabaddansan.

İlyas sanki yaddaşının silinməsi haqda söhbətlərin, hər kəsin onun haqqında “dəlidir”, – deyə fikirləşməsinin yanlış olduğunu isbatlayır. Cibində qəzet görünür.

Cibindəki nə qəzetdir?

– …….. – başa düşülmür. Sözlər ağzından yenə də sürüşür.

 Başa düşmürəm axı, İlyas. Açıq de.

– Dişlərimin hamısı töküldü, ona görə sözləri deyə bilmirəm, – deyir və cibindən qəzeti çıxarır.

İlyas, siqaretin var?

Başını aşağı salıb nəsə deyir. Bu, söz demək deyildi, mızıldanmaq idi. Sonra əlini qoltuq cibinə salıb yarımçıq “Kent” qutusunu çıxarır. Qutuda beş-on gilə siqaret ancaq olar. Mənə tərəf uzadır:

– Çəkirsən?

Varımdır, – deyirəm. – Sənə hörmətsizlik eləmirlər?

– Yox, olmur. Amma mənə pis baxırlar. Təzə gələnlər mənə tərəf boylanır. Köhnələr dostlardır. Lap əvvəlkilər yoxdur. Az qalıblar. Arada ölənlərin şəklini yapışdırırlar ora, – bu dəfə əlini arxaya, nəşriyyatın giriş qapısına tərəf uzadır. – Faiq, mən ölsəm şəklimi ora yapışdıracaqlar?

Bilmirəm. Yəqin ki, mən onu görmərəm, axı mən də xəstəyəm, arada ürəyim sancır.

– İstəmirəm ora şəkillər vurulsun, – deyir İlyas.

Aqil Abbas niyə gəlmir?

Papağını geri verir. Başını qaşıyır. Ayağa qalxıb kürəyini divarın tininə sürtür. Rahatlanır deyəsən və əvvəlki yerində oturur.

Ən çox kim diqqət edir sənə? Yemək alır?

– Yeməyimi verirlər. Məndən heç kafedə pul almırlar. Aqil (Aqil Abbas – F.B) əvvəllər tez-tez bura gələrdi. İndi az-az gəlir. O mənə pul verəndə kişi kimi verir. Atababa var, o da… Hamı. Mənə lazım deyil. Özləri verir. Qızlar, qadınlar. Hamısı yaxşıdır. Siqaret də alırlar.

Onu yaxşı eşitmək üçün qulağımı az qala ağzına dirəyirəm.

– Dişlərim töküldü, getdi…- əlini ağzına çəkir. Dili ilə dırnaqlarını isladır, gözünün qıraqlarını təmizləyir.

Artıq İlyasın dediklərini eşidir, başa düşürəm. Qulaqlarım onun fışıltılı səsinə alışıb.

İlyas, kəndinizin adı nə idi?

– Masallının Göyəçöl kəndidənəm də. Sən bilirdin ki, yadından çıxıb? Deyirdin ki, nənən də Masallıdandır.

Hə, yaddaşı yerindədir. Bu adam ötənləri dəqiqliyi ilə yada salır.

 Eviniz necə ev idi?

– Balaca, ikiotaqlı kənd evi. Nənəmin yanında qalırdım. Sənə demişdim ki, sənin gəmində araq içəndə demişdim.

Daha nələri xatırlayırsan?

– Mən heç nəyi unutmamışam.

İlyas, yadına gəlir, sən birinci Amerika-İraq müharibəsində Səddam Hüseynə kömək üçün ordu toplayırdın. Könüllülər yığırdın.

Səddam yaxşı kişi idi


Diksinir sanki. Üzümə baxır. Dinmirəm. Yazıq, nuru öləziməkdə olan baxışların arxasında yeni bir xəbər eşidibmiş kimi təəccüb qarışıq bir ifadə var. Gözlərini heç qırpmır da. Yavaş səslə:

– Səddam yaxşı kişi idi, -deyir.

Deyirlər səni KQB-yə aparıblar. Oradan çıxandan sonra isə bu küçələrdəsən, yadına gəlir?

– Yadıma gəlmir.

Xeyli fikrə gedir. Siqaret yandırıram. Əlini uzadır. Siqareti ona verirəm. Yenə də uzaqlara baxır:

– Məni harasa apardılar… yox aparmadılar. Məni deyəsən KQB-yə çağırdılar, getdim. Daha heç nə gəlmir yadıma. Mənim yadıma bilirsən nə gəlir? Sənin gəmindən səhər düşüb “Şaumyan” metrosunun yanında “Aygün” kafesində sosiska yedik ha… Orda bir qız vardı ha… Mən baxırdı. O kafe durur?

Yox. Metronun da adı dəyişib.

– Bilirəm, Xətaidir. Qəzetlərdən bilirəm. Sən bilmirsən, Aqil bura niyə gəlmir?

Yəqin o, gələndə sən burda olmursan. Bayaq mən səni çox axtardım, tapmadım. İlyas, mən Aqil müəllimi görsəm ona deyərəm. Siqaretin qurtarır deyəsən, al bu pulu…

Pulu cibinə qoyur, üzünü yana çevirir. Sonra yenə də mənə tərəf dönür:

– Gedirsən? Bilirsən, Ayaz da çıxdı “Ədəbiyyat qəzeti”ndən. Sənin qohumun idi. Elçin də. İndi “zam” vardı ha, odur redaktor, bilirsən? Qəzetlərdə yazılmışdı…

Bilirəm, İlyas, bilirəm.

İlyasla sağollaşmıram. Eləcə ayağa durub gedirəm o da arxamca baxmır. Başını aşağı dikib, səssiz oturub…




Faiq Balabəyli 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10