Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ruzveltin xanımıyla rəfiqə olan ukraynalı snayper – Pavliçenko 309 faşisti məhv edib


Onun Çikaqodakı çıxışı uzun illər amerikalıların yaddaşından silinməyib. Lyudmila Pavliçenko çoxsaylı jurnalistlərin də iştirak etdiyi görüşdəki nitqini aşağıdakı cümlələrlə yekunlaşdırıb: “Bu gün mənim 25 yaşım var və mən bu günə qədər 309 işğalçı faşist zabitini məhv etmişəm. Cənablar, çoxdan mənim arxamda gizləndiyinizi düşünmürsünüzmü?”

Pavliçenko bu ifadələrlə ikinci cəbhənin açılmasının zəruri olduğuna işarə edib. Təsirli sonluq ABŞ rəsmilərinin diqqətindən də yayınmayıb.

Lyudmila Pavliçenko 1916-cı ildə Ukraynada, Kiyev vilayətinin Belaya Serkov şəhərində anadan olub. 14 yaşı olanda ailə Kiyevə köçüb. Pavliçenko orta təhsilini başa vurduqdan sonra Şevçenko adına Kiyev Dövlət Unirversitetinə qəbul olunub. 1941-ci ildə sovet-alman müharibəsi başlananda o, Odessada diplom işi ilə bağlı tərcübə keçib. Müharibənin başlanması ilə Pavliçenko diplom işini yarımçıq qoyaraq könüllü orduya yazılıb. Üç aylıq snayper kurslarını keçdikdən sonra hərbi xidmətə başlayan tələbə-snayper müharibənin ilk dövründən döyüş bölgələrində fəaliyyətə başlayıb.
e4851c8a7f289840184ca86458a0c29a.jpg (95 KB)
Odessada, Sevastopolda, Moldaviyada ən ağır və mürəkkəb hərbi əməliyyatlarda iştirak edən Pavliçenko 1942-ci ilin iyun ayına qədər 309 düşmən döyüşçüsünü məhv edib. Həmin ilin iyul ayında isə o, Sevastopol istiqamətində döyüşlərdə ağır yaralanıb.
Pavliçenko ön xəttdən uzaqlaşdırılaraq hospitala müalicəyə göndərilib. Bir aylıq müalicədən sonra onu Moskvaya çağırıblar. 1942-ci ilin avqust ayında Vaşinqtonda keçirilən beynəlxalq antifaşist tələbə təşkilatının birinci toplantısında iştirak etmək üçün Pavliçenko Moskva şəhər komsomol komitəsinin katibi Nikolay Krasavçenko və Sovet İttifaqı Qəhrəmanı Vladimir Pçelintsevlə ABŞ-a səfərə göndərilib.
08s23 USA kопіювати.jpg (85 KB)
Sovet gənclərini ABŞ prezidenti Franklin Ruzvelt Vaşinqtonda, Ağ Evdə qəbul edib. ABŞ-ın birinci ledisi Eleonora Ruzveltin təşəbbüsü ilə Pavliçenko bir neçə gün Ağ Evdə qonaq qalıb. Sonralar da onların arasında münasibətlər davam edib. ABŞ prezidenti sovet gənclərinə xüsusi ehtiram göstərib, Ruzvelt xatirə hədiyyəsi olaraq Pavliçenkoya üstündə şəxsi imzası olan “Kolt” markalı tapança bağışlaıb.
Amerika mətbuatında Pavliçenko haqqında çoxsaylı məqalələr dərc olunub. Onun qəhrəmanlığından bəhs edən yazılarda snayper “ölüm ledisi” kimi təqdim edilib. Bu qeyri-rəsmi titul sovet mətbuatında işıqlandırılmayıb. Belə ki, Suslov bunun sovet ideologiyasına uyğun olmadığını bildirib.
PcWMLXbFSBM.jpg (63 KB)
1943-cü ildə Lyudmila Pavliçenko Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Yalnız müharibədən sonra diplomunu ala bilən Pavliçenko Kiyev Dövlət Universitetində elmi iş müdafiə edib. O, 1956-cı ilə qədər SSRİ hərbi dəniz donanmasının baş idarəsində mayor rütbəsində xidmət edib.
Sonrakı fəaliyyətini SSRİ Müharibə Veteranları Komitəsində davam etdirən Pavliçenko ölkənin ictimai həyatında fəal iştirak edib, mötəbər tədbirlərdə ona fəxri kürsülərdə yer göstərilib.
1957-ci ildə Eleonora Ruzvelt SSRİ-yə səfər edəndə sovet rəsmilərindən etdiyi ilk xahiş onu Pavliçenko ilə görüşdürmək olub. Sabiq birinci ledi üç həftəlik səfərinin çox hissəsini qəhərəman snayperlə keçirib.
07_H6Gp5rr.jpg (95 KB)
Onu da qeyd edək ki, xanım Ruzvelt Amerikaya qayıtdıqdqan sonra SSRİ haqqında ilk təəssüratını belə bölüşüb: “SSRİ-də Stalin diktaturası Xruşov diktaturası ilə əvəzlənib. Bu ölkədə insanlar hakimiyyətin təzyiqli nəzarəti altında yaşayırlar. Üç həftə ərzində mən küçələrdə gülüş səsi eşitmədim. Özümü dünyadan təcrid olunmuş bir yerdə hiss edirdim. Mən belə bir ölkədə yaşamaq məcburiyyətində olsaydım, ölərdim...”
Bu fikirləri ilə yanaşı o, Pavliçenko ilə səmimi və mehriban dostluqları haqqında da unudulmayan təəssüratlarını bölüşüb.
6-27.jpg (89 KB)
Müharibədə aldığı yara Pavliçenkonun səhhətində ciddi fəsadlar qoyub. Uzun illər müalicələr almasına baxmayaraq, o, sağlıq durumunu bərpa edə bilməyib. Qəhrəman snayper 1974-cü ildə, 58 yaşında vəfat edib. Pavliçenko hərbi şərəflə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.
Pavliçenko haqqında iki film çəkilib: “Hədəfi görürəm” və “Sevastopol uğrunda döyüş”.
Qəhrəman snayperin adı bir çox şəhərlərdə küçə və məktəblərə verilərək əbədiləşdirilib.
Bu gün bu qəhrəman qadının doğulduğu, böyüdüyü şəhərlər, bir zamanlar qoruduğu ölkənin qırıcı təyyarələri tərəfindən bombardman edilir.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10