Sevgini götürün və bizim dünyamız qəbirə dönəcək.
Bir neçə gün əvvəl maraqlı əhvalat eşitdim. İçimi və bütün varlığımı titrətdi. Uzun illər bir yastığa baş qoymuş, birgə yaşadıqları müddətdə bir-birlərinə sədaqətli olmuş iki can bəlkə də ən xırda məişət problemləri üzündən ömürlərinin ahıl çağında ayrı yaşamağa qərar vermişdilər. Onlar artıq neçə ildir fərqli evlərdə yaşayırlar.
Amma...
Onlar bu dünyada bir yerdə ola bilməsələr də, o biri dünyada birgə olmağa qərar veriblər. Qəbristanlıqda özləri üçün qoşa qəbir yeri götürüblər. Nə zamansa, bu dünyadan köçəndə yan-yana dəfn olunmağı vəsiyyət ediblər. Bunun üçün Bakıda nəinki qəbir yeri satan “makler”lərdən yer alıblar, hətta bununla bağlı öz niyyətlərini, qərarlarını aidiyyatlı qurumlara da bildiriblər. Bu dünyada bir yerdə ola bilməyən cütlük o dünyaya ümid edir. Əslində, bu ümid ümidsizliyin son həddidir. Suda batanan saman çöpündən yapışmağı kimi...
Ailə mürəkkəb quruluşdur. Onun içərisində nə baş verdiyini kənardakı heç kəs olduğu kimi dərk edə bilməz. Hətta tərəflərin hər ikisi bütün məsələləri olduğu kimi açıb danışsa da, bu, kifayət deyil. Aylarla o ailənin içərisində olub müşahidə və monitorinq aparsan da, nə baş verdiyini anlaya bilməzsən. Çünki ailə yalnız iki nəfərin arasında yaşanan hisslər, münasibətlərdir. Burada üçüncü şəxs üçün heç bir şey yoxdur. Hətta tədqiqat üçün də.
Azərbaycan ailələrinin, qadınlarının, kişilərinin böyük əksəriyyəti xoşbəxtlik baxımından qısırdır. Tamlıq yoxdur. Tərəflər bütün güclərini bu tamlığın olmamasına sərf edir. Onlar bir-birini xoşbəxt etməmək üçün əllərindən gələni edir. Sevgi, mərhəmət, empatiya hissini bir kənara qoyaq. Onlar öz aralarında sosial, iqtisadi münasibətlər baxımından da uzlaşa bilmirlər. Nəticə isə o olur ki, il ərzində Azərbaycanda 15 minə yaxın ailə boşanma faktı ilə üz-üzə qalır.
Bütün problemlərin kökündə nə dayanır? Bu niyə baş verir? Mən öz düşündüklərimi yazacağam. Yanlışdır, ya doğrudur, bilmirəm.
Sevgi hissi bütün hisslərdən ən yüksək mərtəbədədir. Bütün yaxşı şeylər, bütün yaxşı nəticələr, bütün uğurlar, zirvəyə gedən yollar, gözəl günlər, mavi səmalar, ulduzlu gecələr, al şəfəqli sabahlar, yaşıl işıqforlar, düz yollar, fontan vuran fəvvarələr, pozitiv enerji, şux qamət və dik çiyinlər... Hamısı sevginin varlığından yaranan görüntülərdir. Və bunların heç birinin olmamağı sevginin yoxluğudur. Həzrəti İsa demişdi ki, siz hansı ölçü ilə versəniz, eyni ölçü ilə verəcəklər. Bütün gözəl şeylər sevgidən yaranır, neqativlər isə sevginin yoxluğunun nəticəsidir.
Girişdə qeyd etdiyim ailəni bir daha xatırlayaq. O ailədə ciddi heç bir problem yoxdur, deyə, düşünürəm. Hər halda kənardan görünən budur. Valideynlərin iki gözəl, çiçək kimi övladı var. Elə övladlar böyüdüblər ki, insan onlar üçün ciyərini vermək istəyir. Amma bu övladlar da onların bir yerdə olması üçün heç bir əhəmiyyət kəsb etmir. Sual insanın içini didir: Vəziyyət bu qədərmi dözülməzdir?! Görünür, elədir. Görünür, Azərbaycanda hər il ən azı 15 min ailədə durum bu qədər dözülməz həddə çatır. İnsanlar sevginin yoxluğu üzündən öz iddialarından bir addım da geri çəkilmir. Onların həyatı təkərdəki dələ kimi bir dairənin içində fırlanıb durur. Və bir də o zaman ayılırlar ki, artıq o təkər fırlanmır, o təkəri fırladan güc yoxdur.
Bunların çoxu da ciddi səbəblər üzündən baş vermir. Bizim cəmiyyət sadəcə xoşbəxt yaşamağı bacarmır. Xoşbəxtlik onlara çox ağır gəlir. Xoşbəxtlik onlara heç bir motivasiya vermir.
Amma kin, nifrət, intriqa yaşam enerjisidir çox halda. Televiziyalardakı məişət mövzusunda olan proqramlara 5-10 dəqiqə baxsanız, nə demək istədiyimi anlayacaqsınız. Ailələrdə tərəflər nifrət püskürür. Amma onlar anlamırlar ki, qəzəbə tabe olmaq kömürü başqasına tullamaq üçün əlinə götürmək kimidir, yanan özü olacaq (Budda).
Bu günkü dünya təəssüf ki, barış dünyası deyil. Bu, ailələrə də sirayət edib. Ailələr də barış deyil, savaş içərisindədir. Unutmayaq ki, həyat qısadır və bu həyata ikinci dəfə gəlmək şansımız yoxdur. Elə qoşa dəfn olunmaq da boş bir təsəllidir. Bu heç bir şey ifadə etmir. Ruhsuz bədənlərin, əti çürümüş sümüklərin yanaşı və ya ayrı-ayrı qitələrdə torpaq altında olması, yaxud sklet kimi muzeylərdə sərgilənməsi heç nəyi ifadə etmir. Cənnət üçün fürsət bu dünyadadır. 50-60 il insan ömründə ya cənnnəti bu dünyada yaşayacaqsan, ya da cəhənnəmə döndərəcəksən. Bütün halda ikinci şansın olmayacaq.
Tomas Edison nə demişdi? Üç şey geri qayıtmır: deyilən söz, zaman və fürsət...
Elnur Məmmədli