Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanın mənəvi zirvələri silsiləsindən - Əvəzsiz Əvəz Cəbiyev




Masallının ilk tibb elmləri doktoru haqqında qürurverici məqamlar




Ərkivan qəsəbəsi ərazi cəhətdən ucalıqda yerləşən bir məkandır. Əbəs yerə deyil ki, Ərkivanı Masallının “dağüstü parkı” adlandırırlar.

Ancaq ərkivanlılar təkcə ulu qalaları, digər ucalıqları ilə öyünmür. Həm də Mənəvi Zirvələri ilə də fəxr edir. Həmin mənəvi zirvələrdən biri də Əvəz Cəbiyev ucalığıdır. Bu yazıda sizi Əvəz müəllimin ömür yolu, əldə etdiyi uğurlar, elm sahəsində göstərdiyi fədakarlıqlarla kifayət qədər tanış edəcəyik. Öncə isə onun həyatından bəzi epizodları diqqətinizə çatdırırıq.

Mübariz Cəbiyev (Yaxın qohumu): - Əvəz əmi ölkə şöhrətli bir alim, professor olsa da, sadəliyi və insanpərvərliyi ilə hamını heyran edirdi. Sirr deyil ki, həkim görən kimi hamının xəstəliyi yadına düşür. İllah ki, tibb professoru ola. Rayona, kəndə gələn kimi qohum-qardaş Əvəz müəllimi həm qonaq, həm də həkim kimi evinə qonaq çağırardı.

Əgər bir xəstəyə baxmağa gedirdisə, az qala evdə, qonum-qonşuda uşaqlı- böyüklü kim varsa, 10-15 adamı müayinə edərdi. Həm də pulsuz, parasız, heç bir təmənna ummadan. Hətta bəzisinin dava-dərmanına da kömək edərdi. Adamları dərmandan çox şirin sözü, dəyərli məsləhəti ilə yaşamağa ruhlandırardı. İnsanlar ona çox inanırdı. Kimə bircə kəlmə desəydi ki, gündə 2 dəfə qatıq içsən, sağalarsan, inanardılar və daha tez sağalardılar da. Axı bunu professor Əvəz deyib.

Əvəz müəllimin təmənnasızlığı, dost-yoldaşa qarşı mərhəməti, köməyi barədə çoxlu xoş sözlər eşitmişəm. Onun sifətində hamıya doğma, nurlu, şirin bir çöhrə olurdu, sanki dünyada heç bir dərdi-qəmi yoxmuş kimi.



 55 yaşında dünyasını dəyişən Əvəz Cəbiyev kim idi?

Əvəz Cəbiyev 1922-ci ilin baharında Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində anadan olub.
O, anasının bətnində olanda qəfil ölüm nəticəsində, atası cavan ikən dünyasını dəyişmişdir. Yeganə ata yadigarı və ata əvəzi kimi onun adını Əvəz qoyurlar.

Əvəzi çox əziz-xələf böyüdürlər. Bütün qohum-əqrəba ondan diqqətini əsirgəmir. Orta təhsil illərində yüksək biliyi ilə yaşıdlarından ciddi şəkildə fərqlənən Əvəz hələ yuxarı siniflərdə oxuyarkən başqa məktəblərdə fizikadan, riyaziyyatdan, kimyadan müəllim kimi dərs deyirmiş. Orta məktəbi əla qiymətlərlə bitirən Əvəz Cəbiyev öncə mühəndis olmaq istəyib. Lakin o vaxt rayona gələn şair-bəstəkar- həkim Mirkazım Aslanlı onu həkim olmağa həvəsləndirib.

Əvəz Cəbiyev ilk təhsilini Ərkivandakı Bədirli məktəbində alsa da orta məktəbi Masallının Digah kəndindəki “Ağ məktəb”də başa vurub.
Onun orta məktəbi bitirməsi 2-ci Dünya Müharibəsi illərinə təsadüf edir. 1943-cü ildə Tibb İnstitutuna daxil olan Əvəz Cəbiyev o vaxt tələbələr üçün ən ali mükafat - Lenin təqaüdünə layiq görülənlərdən olub, ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq işini uğurla müdafiə edib.


Dünya şöhrətli akademik A.L.Myasnikov onun rəsmi opponenti olur. Əvəz Cəbiyev Ərkivanın ilk alimi, Masallının ilk Tibb Elmləri doktorudur. 1977-ci ildə, 55 yaşında dünyasını dəyişmiş və Ərkivanın Cəbili qəbiristanlığında dəfn edilmişdir.

O, uzun müddət, həm də ömrünün sonuna kimi ATİ-nin 2-ci hospital terapiyası kafedrasının müdiri olub. Onun tələbələrindən Nizam Vahabov deyir ki, bəzi dərslərdən qaçıb Əvəz müəllimin mühazirələrinə qulaq asmaq üçün rus bölümünə gedərdik. Bizə dərs deyəndə isə auditoriyanın qabaq oturacaqlarında bizim oturmağımıza imkan olmazdı. Çünki qabaq yerlərdə onun mühazirələrini dinləməyə asissentlər, dissertantlar, dosentlər, digər müəllimlər gələrdi. Çünki Əvəz müəllimin mühazirələri heç kimi yormur, sanki bir yaradıcılıq gecəsinə bənzəyirdi.

Onu diaqnozları heç vaxt səhv olmurdu. Xəstənin dərdini zərgər dəqiqliyi ilə bilirdi. Çünki hər xəstəliyin xüsusiyyətini dəfələrlə yoxlayardı.
Tələbələri bildirir ki, o bir dəfə Lənkəranın 2-ci Sarı deyilən ərazisində 1 aya yaxın qalıb, 1000-ə yaxın insanın ürəyini kardioqrama edib, təzyiqini ölçdü.

Yaxın qohumu Rəfael Vahabov isə onun haqqında o qədər minnətdarlıqla və heyranlıqla danışırdı ki, insan görməzə-bilməzə bu dəyərli alimin ömür yoluna heyran olurdu. Rəfael Vahabov bildirirdi ki, Əvəz doktor yaxşı şahmat və nərd oynayardı.



O vaxt Ali Sovetin sədri olan Məmməd İskəndərov, Mərkəzi Komitənin katibi Daniel Quliyev, həkimlər Zülfüqar Cəbiyev, Asəf Əhmədov bu oyunlarda onun tərəf müqabillərindən idi.

Masallının sabiq baş həkimləri Həsən AbdullayevVaqif Əhmədov bildirdilər ki, Əvəz müəllimin alim kimi kəşfləri, insanlığı, mədəniyyəti o qədər yüksək idi ki, onun haqqında kitab yazmaq və film çəkmək də azdır. Onu da bildirdilər ki, Əvəz müəllim çox zarafatcıl idi, Arkadi Raykinin çıxışlarını hədsiz xoşlayar, meyvələrdən isə “Qızıl Əhməd” almasının heyranı idi.

Yaxınları dediyi ki, Əvəz Cəbiyevi sevənlər də çox idi, onu özünə rəqib bilib paxıllığını çəkənlər də
Əvəz müəllimin ürək işemiyası ilə bağlı kəşfləri o dövr üçün möcüzə təsiri bağışlayırdı.

Qocaman jurnalist Cəmil Nemətov deyir ki, Əvəz müəllim atam, uzun müddət rayon qəzetinin redaktoru olmuş Nemət Nemətovla dost idi. Rayona gələndə birinci onun otağına gələrdi. Onu görən kimi onlarla xəstə qapıda növbəyə dayanardı. Əvəz doktor hamını pulsuz müayinə edər, hətta bəzisinin cibinə pul da qoyardı

Əvəz doktor o vaxt Azərbaycan radiosunun ən populyar verilişi olan “Sağlamlıq” proqramının aparıcısı idi. 20 il bu proqramın aparıcısı oldu. O verilişi dinləmək üçün insanlar radionun qabağında növbə tutardı.

Əvəz müəllimin ailəsi

Əvəz Cəbiyevin həyat yoldaşı Məryəm xanım da tibb üzrə alim, elmlər namizədi, eləcə də olduqca kübar və alicənab qadın olub.
Əvəz müəllimin 3 övladı olub. Oğlu Niyazı Cəbiyev də həkimdir. El arasında “Kaspar” adlanın dənizçilik xəstəxanasında çalışır. Niyazi müəllimin 2 övladı – Fidan, babasının adını daşıyan Əvəz ali məktəbə 700 balla giriblər. Prezident təqaüdçüsüdürlər. Hər ikisi həkimdir.

Əvəz müəllimin bir qızı atasının yolunu davam etdirir. Nigar Cəbiyeva (İsmayılova) Musa Nağıyev adına xəstəxanada şöbə müdiridir.
Əvəz doktorun digər övladı- Gülarə xanım isə taleyini musiqi ilə bağlamış, hazırda Musiqi gimnaziyasında musiqişünas kimi fəaliyyət göstərir.

Əvəz Cəbiyev uzun müddət, həm də ömrünün sonuna kimi Musa Nağıyev adına xəstəxanada şöbə müdiri və Tibb İnstitutunun professoru kimi çalışmışdır. Yüzlərlə insana həyat bəxş edən tibb professoru Əvəz müəllim irsi xəstəlik kimi əksər qohumlarını dünyadan cavan aparan böyrək çatışmazlığından xilas ola bilməmişdir. 



Əvəz Cəbiyev ata yurdu Ərkivanın Cəbili məhəlləsinin qəbiristanlığında dəfn edilmişdir.
Masallı Mərkəzi Xəstəxanası Əvəz Cəbiyevin adını daşıyır.


34 ailəlik məhəllə, ya alimlər yurdu?

Cəbili məhəlləsi Masallı rayonunun Ərkivan qəsəbəsinin ən ucqar (qəsəbənin şimalında sonuncu məhəllə) hissəsində yerləşsə də, bu məhəllədə 34 ev, cəmi 200-ə yaxın əhali olsa da, məhəllə, alimlərinin sayına görə rekord qırır - 2 elmlər doktoru, 3 fəlsəfə doktoru, 46 nəfər ali təhsilli. Az qala burada hər 7 evə bir alim, hər evə 1.5 nəfər ali təhsilli düşür.

Bu məhəllənin olduqca maraqlı və qədim tarixi var. İndi 17 min əhalisi olan Ərkivanın tarixi əsasən bu Bədirli-Cəbili məhəlləsindən başlayıb və şaxələnib. Naxçıvanın Ordubad ərazisindən 18-ci əsrin sonlarında Bədirliyə gələn Mahmud adlı gəncin törəmələri olan Cəbili və Bədirli məhəllə sakinləri (Mahmudun Cəbi adlı oğlu məhəllənin indiki ərazisində yurd saldığından ərazi onun adı ilə adlanır) əsasən usta və alimləri ilə məşhurdur.

Elə məhəllədəki 10-a yaxın ali təhsilli inşaatçının ata-babası da usta, diplomsuz mahir inşaatçı olub. Həmin vaxtı Masallıda tikilən Taxta Körpülərin (o cümlədən Viləş çayının üstündəki körpünün) əksəriyyətinin layihəçisi də, memarı da, icraçısı da Cəbili ustalar idi. Hansı ki, Viləşin üstündəki taxta körpünün üstündən tank da keçirdi.

Qısası, Cəbili məhəlləsi bir maraqlı yazı mövzusudur, yəqin ki, yaxın vaxtlarda həmin yazını sizə təqdim edəcəyik. Bədirlili filoloq xanım Möminə Hacıbabaqızının “Mənim yurdum Ərkivandır” kitabında da bu barədə maraqlı məlumatlar var.
Əvəz Cəbiyev həmin Mahmudun Abduləzim adlı oğlunun nəvəsi Abdulhəsənin (Museyibin oğlu) oğlu idi.



Əvəz doğrudan da əvəzolunmaz idi

Bu günlərdə layiq oldu-olmadı “alicənab”, “nurlu insan” “çox dəyərli və ziyalı” deyimləri necə gəldi bəzilərinin adına yamanır.
Biz isə tərəddüd etmədən bu ifadələri Əvəz müəllim kimi insanlara şamil edərdik.

Mübariz Cəbiyev söhbətinə davam edir:

- Əvəz əmi hər il yayda ailəsi ilə kəndə gələrdi. Onların gəlişi məhəllədə əsl-toy bayrama çevrilərdi. Biz onlara az qala özgə dünyalardan gələnlər kimi baxardıq. Əvəz əmi fürsət tapan kimi balıq tutmağa gedər, özünə hədik aşı bişirtdirər, az qala evbəev bütün ağsaqqallarla, ağbirçəklərlə görüşər, imkan daxilində hamıya yardımçı olmağa çalışardı.

Cəbilidə Rafiq adlı bir təəssübkeş gənc də var. İxtisasca iqtisadçıdır. İndi xəstəxanada sürücü işləyir. Əvəz müəllimlə bağlı nə varsa zərrə-zərrə toplayır, qoruyur. Deyir ki, bəlkə nə vaxtsa Əvəz müəllimin xatirəsinə bir ev muzeyi, heç olmasa Mərkəzi Xəstəxanada bir guşə yaradılar, adına mükafat təsis edərlər.

Heyf ki, Mərkəzi Xəstəxanaya onun adı verilsə də, bu həmin təşkilatda möhürdən başqa heç nədə hiss olunmur. Deyirlər, bu yaxınlarda ora xatirə lövhəsi vurulacaq. Moskvadan portretini gətizdirmişdik itə-bata salıb itirdilər.

İcra başçısı rayona təzə təyin olunanda məhəllədəki görüşdə gileyləndim ki, niyə Əvəz Cəbiyevin adı onun adını daşıyan xəstəxananın möhüründə yoxdur. Rafil müəllim sağ olsun ki, elə həmin gün arzumu reallaşdırdı. Sonradan bu təklifi mənim etdiyimi bilən xəstəxana rəhbərliyi az qala məni işdən qovacaqdı.

Qeyd: Alimlərimizin həyat yolu detalları ilə öyrənilməlidir. 45 alimi olan Ərkivan qəsəbəsində həmin alimlərin 25 nəfəri Bədirli-Ramazanlı-Cəbilinin payına düşür. Yaxşı olar ki, məhəllədəki məktəbdə, yaxud qəsəbənin daha görünümlü yerində bir otaq ayırıb, burada “Alimlər muzeyi” təşkil edilsin.

Son əvəzi. Əvəz Cəbiyevlə bağlı gümanımız gələn bir çox ünvana üz tutduq. Bizə yardımçı olan da oldu. Heyf ki, Əvəz müəllimin qayğısı nəticəsində çörəyə çatan bir çoxları, hətta yaxın qohumları sadəcə müsahibə verməyə, xatirələrini söyləməyə vaxt tapmadılar, bizi günlərlə yubatdılar. Adlarını çəkməyə utansaq da,.. NƏ İSƏ.


Zahir ƏMƏNOV





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10