Bir transferə sözardı
Nəhayət ki, “Legiya” ilə 2 aya yaxın davam edən çəkişmələrdən sonra Mahir Emrelinin karyerasındakı qeyri-müəyyənliyə son qoyuldu. Azərbaycan millisinin 25 yaşlı futbolçusu Zaqreb “Dinamo”su ilə anlaşma imzaladı. Həmyerlimiz Xorvatiyanın ən nüfuzlu klubunda “11” nömrəli forma ilə çıxış edəcək.
Əlbəttə ki, məğlubiyyətləri sıralamağa adət edən, azarkeşlərə əsasən məyusluq yaşadan, sinirlərini korlayan Azərbaycan futbolu üçün belə bir transfer çox əla xəbərdir. Amma bəzən elə hadisələr baş verir ki, adam “axı biz azarkeş olaraq nə istəyirik” sualı qarşısında aciz qalır...
Razılaşaq ki, ötən əsrin 90-cı illərində “Alaniya” ilə Rusiya çempionluğuna qovuşan Nazim Süleymanovdan sonra ölkə futbolunu xarici klublarda düz-əməlli təmsil edən bir oyunçumuz belə, olmayıb. Mahirin karyerası isə hələlik nikbin proqnozlar söyləməyə imkan verir. Baxmayaraq ki, Polşada hər şey yaxşı başlasa da, sonda müəyyən gərginlik və xoşagəlməz hadisələrsiz ötüşmədi.
Dekabrın 13-də “Visla” ilə oyundan sonra fanatlar “Legiya”nın avtobusuna hücum etdilər, bir neçə futbolçu, o cümlədən Mahir də döyüldü. Məhz bu insidentdən sonra Emreli qəti qərar verdi – “Legiya” ilə vidalaşmaq. Və o zaman Azərbaycanda çoxları futbolçumuzu qınadı, onu az qala ulduz xəstəliyinə tutulmaqda ittiham etdilər. Əslində isə belə olmamalıydı.
Amma zənnimizcə, əsas məsələ başqa idi, ulduz xəstəliyi bəhanə idi. Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın nəinki futbolçuları, hətta azarkeşləri də məğlub psixologiyaya malikdirlər. Demək olar ki, istər millimiz, istərsə də klublarımız (“Qarabağ” istisna olmaqla) hələ meydana çıxmamış sanki qapılarından bir top buraxırlar. Bunu düzəltmək üçünsə zaman, ən əsası isə - qalibiyyətlər lazımdır.
Məhz bu psixoloji durum da bir çoxlarına Mahirin qətiyyətini lazımi dərəcədə dəyərləndirməyə imkan vermədi. Onlar dildə bir söz desələr də, qəlblərindəki düşüncələr təqribən belə idi: “Sən nə edirsən? Bu ki “Legiya”dır! Xarici klub! Axı sən Azərbaycan futbolçususan! Səni sadəcə heyətdən atacaqlar bayıra və sən yenidən geri dönməli olacaqsan! Başını sağ aşağı pulunu qazan da, ay bədbəxt...”
Amma Mahir başqa cür düşünürdü. Bu gəncliyə xas çılğınlıqdırmı, özünəinamdırmı, ya qətiyyətdirmi – demək çətindir. Bəlkə də hamısı bir yerdə. Ancaq fakt odur ki, Mahir sona qədər dirəniş göstərdi. Nəticədə də “Legiya”dan qat-qat güclü və adlı-sanlı kluba transfer olundu. Əlbəttə, aydın məsələdir ki, Zaqrebdə əsas heyətə düşmək çox çətin olacaq.
“Dinamo”da kifayət qədər yüksək peşəkarlığa malik oyunçular var. Heç kim Mahirə güzəşt edən deyil. Hansısa səhv, hansısa qeyri-dəqiq zərbə, hansısa qaçırılmış qol epizodu ehtiyat oyunçular skamyasına əyləşməklə nəticələnə bilər. Ancaq əsl peşəkar futbolçu da məhz belə mühitdə, belə rəqabətdə yetişir. Mahirin mövsümün birinci yarısında “Legiya”nın heyətində ən məhsuldar oyunçu olması gələcəyə nikbinliklə baxmağa əsas verir. Qalanını isə zaman göstərəcək.
Bütün bunlardan sonra daha bir təəssüfü də qeyd etmək istərdik. Mahirin “Dinamo”ya keçməsi hətta cüzi uğurlara da həsrət qalan Azərbaycan futbolu üçün böyük hadisədir. Buna ancaq sevinmək gərəkdir. Amma üzücüdür ki, yenə də sapı özümüzdən olan baltalar tapılır, Mahir hələ Xorvatiyada debüt etməmiş bədbin proqnozlar verir, hətta etik normaları aşırlar.
Axı niyə, nə üçün? Məgər hansısa azərbaycanlının Avropanın nüfuzlu çempionatında çıxış etməsi pis olardı? Gəlin uzağa getməyək, elə mənfur qonşularımıza nəzər salaq. Görün ermənilər bir Hamlet Mxitaryanı necə ilahiləşdirirlər, necə onun PR kampaniyasını aparırlar. Uğur qazananda da, məğlub olanda da. Çünki ermənidir! Onlar da ermənidirlər!
Bəs biz nə üçün bu qədər laqeydlik göstəririk? Axı Mahir erməni deyil, azərbaycanlıdır, elə biz də azərbaycanlıyıq. O, bizim birimizdir, bizi təmsil edir, bizim millidə çıxış edir. Bu gəncə dəstək olmaq lazımdır. Hər kəs bacardığı qədər. Əgər heç nə bacarmırıqsa, heç olmasa badalaq atmayaq. Qalanını Mahir özü edəcək. Bunu bacardığını “Legiya”nı “Dinamo”ya dəyişməklə sübut etdi. Uğurlar, həmyerli!
Müəllif: Polad Xudayarlı