Bu günkü Azərbaycan poeziyasında ən çox cəsarətli, eləcə də, təpədən dırnağa qədər səmimiliyi, paklığı ilə seçilən şeirləri ilə “qapısını döydüyü” hər oxucunun ən zərif duyğularını tərpətməyə qadir olan bir şairə var. O, Səadət Cahangirdir. Şeirləri təkcə ölkəmizdə deyil, Tükiyə və Fransada da çap olunub. Bir neçə şeirənə isə mahnı bəstələnib. Bu günlərdə isə xanım şairənin “İçimdə bulud səsi” adlı kitabı çapdan çıxıb.
Cenub.az
Arzulayırıq ki, Səadət xanım ləqəbi kimi şeirimizin də CAHANGİRLƏRİNDƏN olsun. Cenub.az Səadət xanıma yaradıcılıq uğurları diləməklə yanaşı, onun bir neçə şeirini sizlərə təqdim edir.
VURULDUQ, “VƏTƏN” DEDİK...
Yenə qara buludlar
çökdü bu axşam üstə,
bir evsiz çöldə qaldı,
bir göyərçin dam üstə…
İndi bir kəpənək də
çöldən işığa doğru
uçub qanadlarını
yandıracaq şam üstə…
Hələ bu kor düzəndən
haqqa bir vəkil çıxa,
şərləyib bir qələmdə
tutdurarlar qan üstə…
Bir də doğru üzünə
məsum rəsmini assan,
ipini qopararlar,
düşərsən arxan üstə…
Qurduq, quşuq, adamıq,
qovdular, yerimiz yox,
vurulduq, “vətən” dedik,
indi o da can üstə...
KÖHNƏ ADAM
Mən bu yeni dünyanın çox köhnə adamıyam,
nə oynamaq bilirəm, nə səhnə adamıyam,
hələ canlı yadımda nağıl keçən çağlarım,
durur küncdə, bucaqda qırıq oyuncaqlarım.
Hələ bir də düşkünəm taxta qələmqabıma,
Caviddən, Tolstoydan otuz-qırx kitabıma,
yenə “dəyər”- deyirəm -“elm üçün Çinə getmək,
doğru söz cəzasına uzaq sürgünə getmək”.
Vərdişim pəncərədə çiçək saxlamaq hələ,
duyğulu filmlərə səssiz ağlamaq hələ,
ümidim var ən gözəl dualar tuta bilər,
gedənlər bir şeirlə geri qayıda bilər.
İnanıram gecənin ağaran dan yerində,
üşüyən arzuların günəş çıxan yerində -
bir nəğmə oxuyarsan, Tanrı gələr yaxına,
inandırar hər şeyin yaxşı olacağına.
AĞRI
Ayağın tikan-tikan,
vur bu yolu başa di,
bir də yaşaya bilsən,
adam kimi yaşa di...
Xəbər yox, Simurq quşu
min ildi Qafa uçub,
qollarım ayrılığa,
ruhum ərafa uçub...
Məni bir sən duyarsan
hamıdan böyük olan,
nə qədər ağrılar var
ürəyimə yük olan...
Acılar arxamızca
gəzir ləpirçi kimi,
sən hər şeyi bilənsən
ovcunun içi kimi...
O zaman de, nə üçün
bu qan sızan şırımlar,
bu tikanlı qəfəslər,
donuq akvariumlar?..
Gəl, bu dolaşıqları
özün çıxar təmizə,
quşları göyə burax,
balıqları dənizə...
Batmış arzularımı
çıxar suların altdan,
qırıntılarımı topla
dağıntıların altdan...
Yetim tənhalığımı
qov evdən, qapıya qoy,
yanmış ümidlərimi
bir güldanda suya qoy...
Çiynimə qoy əlini,
bu sevgiyə ram olum,
belə yaşamaq olmur,
izin ver adam olum...
YAĞMUR
Bu qəfil başlayan yağmur,
fəsil dəyişmiş hava,
bu qatar pəncərəsindən boylanan
yolçu yalnızlığım
yetər səni xatırlamağa...
bəlkə, bu qatarda hamımız
ümid deyə aldanıb
yolda qalmış adamlarıq,
yaşanmış yaşananlar bir kərə,
indi xatirə dolu çantalarda
yorğunca şəhərə daşınır
yalnızlıqlar,
azadlıqlar hücrələrə...
budu...gecə yağmuruna islaq
vağzala enirik,
qol saatımda pozuq vaxt,
bir taksi tələsik alıb gedir fikirlərimi-
qarşıda yağmurlu gecənin
ev havası –darıxmaq...
gecə fənərləri solğun küçələrdən
keçirik,
taksi yaxın ünvana gedir, fikirlərim uzağa,
indi o evdə bir fincan çay yalnızlığı gözləyir,
bir həzin şeir səni xatırlamağa...
Səadət Cahangir