Sahib Məmmədov: “Ölkədə işsizliklə bağlı rəsmi statistika real vəziyyəti əks etdirmir”
İşsizlərlə bağlı real mənzərəni əldə etmək üçün nə etmək lazımdır?
“Vəziyyətiniz necədir, necə dolanırsınız” sualına bu gün təxminən eyni cavablar almaq mümkündür: “Bazarda qiymətlər yüksəkdir, kommunal xidmətlər bahadır, limit aşağıdır, əməkhaqqımız dolanmağa bəs etmir” və s. Belə olduqda isə orta gəlirli ailələr birtəhər vəziyyəti idarə etsə də, aztəminatlı ailələrin güzəranı heç də ürəkaçan hesab edilmir.
Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların verilməsindən də şikayətlər var. Xeyli sayda insan bu yardımı almaq haqqı olduğunu, lakin ala bilmədiyini iddia edir. Bu istiqamətdə insanların qarşılaşdığı problemlərin fonunda, işləmək imkanı olan vətəndaşlar üçün əmək bazarında vəziyyətin necə olması da günün aktual mövzusudur.
Cenub.az xəbər verir ki, mövzuya dair AYNA-nın suallarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov cavablandırıb.
- Sahib bəy, ölkədə işsizliklə bağlı statistika reallığı nə dərəcədə əks etdirir?
- Bizdə işsizlik göstəriciləri “Məşğulluq haqqında” qanuna əsasən aparılır. İndi 7.1% işsiz olduğu deyilir. Bu göstərici real vəziyyəti əks etdirmir.
- Səbəb nədir?
- Bunun səbəbi statistik metodologiyanın düzgün olmamasıdır. Məsələn, vaxtilə təxminən 890 min ailəyə pay torpağı verilib. Bir xeyli insan da kənd təsərrüfatı təyinatlı torpaqları başqa yollarla – alqı-satqı, bağışlanma yolu ilə əldə edib. Bu halda da hazırda ən azından 890 min ailənin əmək qabiliyyətli üzvləri avtomatik olaraq məşğul sayılırlar. Amma minlərlə adam var ki, vaxtilə pay torpağını qeyri-rəsmi olaraq satıb. Dövlət reysterində isə pay torpağı hələ də onların adınadır. Yaxud da on minlərlə torpaq sahəsi magistral neft kəmərlərinin mühafizə zonasına düşür və yüklü edilib, həmin torpaqlar istifadə edilmir. Lakin o yüklülük dövlət reyestrində qeydiyyatdan keçməyib və elektron sistemdə avtomatik olaraq istifadə olunan torpaqlar kimi göstərilir.
- Torpağı satdığı halda rəsmiləşdirməyə laqeyd yanaşmanın səbəbi nə olub?
- Rəsmiləşdirmə xərci vaxtilə torpağın qiymətindən daha baha idi. İndi də alqı-satqı məsələlərində sənədləşdirmə xərc tələb edir. Buna görə insanlar torpaq sahəsini kiməsə satanda xərc çıxmasın deyə rəsmiləşdirmir. Bəs dövlət bunu haradan bilsin? Təyinat zamanı elektron sistemə baxılır. Buna görə pandemiya zamanı 190 manat yardımın verilməsi ilə bağlı narazılıqlar yarandı. Amma nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz kimi 190 manatın təyin edilməsində elektron sistemə baxılırdı və insanları bir-bir yoxlamağa zaman da yox idi. İnsanlar bu məsələlərdə daha diqqətli olmalı, sənədləşdirmə etməldirlər.
- Qeyd etdiniz ki, adına yararsız torpaq olanlar var. Bunları müəyyənləşdirmək çoxmu çətindir?
- Biz torpaqların inventarizasiyasının keçirilməsi ilə bağlı təklif vermişik. Hansı torpaqlardan necə istifadə olunduğu, hansıların yararlı və ya yararsız olduğunu müəyyənləşdirmək gərəklidir. Elə rayonlar var ki, orada əhali sıxdır. Orada pay torpağının sahəsi azdır, amma elə rayon da var ki, bir ailə üçün verilən torpaq sahəsi kiçikdir. Bütün bunlar inventarizasiya olunmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, istifadəyə yararsızdır. Amma həmin torpaq sahələri də kimlərin adınadırsa, həmin şəxslər məşğul sayılırlar. Amma bunu inventarizasiya etsək, görəcəyik ki, ya həmin torpaq sahəsi ilə məşğul deyillər, ya da qismən məşğuldurlar. Hətta nəzərə almalıyıq ki, həmin torpaq sahəsi ilə bütün ailə üzvləri məşğul olsa belə, bu, mövsümi xarakter daşıyır.
- Əmək müqaviləsi olmadan işəgötürmə statistikanın reallıqla uyğunlaşmasına nə qədər təsir edir?
- Ölkədə yuvarlaq desək, beş milyona yaxın insan məşğul sayılır, amma bir milyon yeddi yüz min insanla əmək müqaviləsi bağlanıb. Bir neçə yüz min insanın da müxtəlif formalarda əmək müqaviləsi elektron sistemdə qeydə alınmayıb. Bəs üç milyon haradadır? Onlar tam məşğuldur, yoxsa qismən və sair - məlum deyil. Buna görə də işsizlik səviyyəsi deyildiyindən daha yüksək səviyyədədir. Əhali arasında ya tamamilə məşğul olmayan, ya da qismən məşğul olanlar var. Onların da vəziyyəti ailəni dolandırmağa imkan vermir.
Qeyri-formal məşğulluq geniş inkişaf edib. Məsələn, ölkədə minlərlə təmir-tikinti briqadaları var. Qeyri-rəsmi əmək kollektivləridir. Heç bir yerdə qeydiyyatda deyillər. Həmin şəxslər nə qədər qazanır, nə dərəcədə davamlı fəaliyyət göstərir - bununla bağlı dövlətdə məlumat yoxdur. Ona görə avtomatik hesablama aparılır ki, filan qədər əhali var, onların filan qədəri məşğul, filan qədəri iqtisadi fəal əhalidir və s.
- Qanunvericilikdə kimin məşğul, kimin işsiz hesab edilməsini müəyyən edən kriteriyalar var. Həmin kriteriyalara dəyişikliklər etsələr, bu, mənzərəni daha dəqiq göstərəcək. Bu da qərar qəbul edənlər üçün vacibdir.
- Hazırda əmək bazarında gərginliyin səbəbləri nələrdir?
- 2020-ci ildə əmək bazarına 70 minə yaxın insan daxil olub. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqavilələrinin həmin il üzrə sayı cəmi 52 min artıb. Hətta əmək bazarına daxil olanların sayı qədər də yeni iş yerləri açılmır. Əmək bazarına daxil olanların sayı artır, oradan çıxanların sayı isə daha azdır. Buna görə də əmək bazarında gərginlikdir. Əmək qabiliyyətli əhalinin coğrafi olaraq qeyri-bərabər bölünməsi də problemdir. Məsələn, tibbi personalın 63%-i Bakı və Abşerondadır. Respublikanın rayon və kəndlərində tibbi personal çatışmadığı halda, Bakı və Abşeronda tibbi personal iş tapa bilmir. Digər sahələri də götürdüyümüzdə eyni mənzərənin şahidi oluruq.
- Əhalinin Bakı və ətraf bölgələrə üz tutmasına nələr səbəb oldu?
- Bunun səbəbləri çoxdur. Məsələn, 90-cı illərin əvvəllərində insanlarımız yurd-yuvalarından didərgin salındılar, Bakıya üz tutmaq məcburiyyətində qaldılar. Digər səbəb rayonlarda müəssisələrin dağılması oldu. Aqrar sektora aid zavodlar – şərab emalı zavodları, konserv zavodları, pambıq emalı zavodları və s. bağlandı. İnsanlar da Bakıya, Abşerona üz tutdular ki, burada bəlkə iş tapalar, tapmasalar, günəmuzd çalışar, çörəkpulunu çıxararlar. Nəticədə Bakının ətrafında infrastrukturu olmayan böyük qəsəbələr əmələ gəldi. Yalançı urbansizasiya prosesləri baş verdi. Əhali süni sürətdə artdı və bir tərəfdən iş tapmaq çətinləşdi, digər tərəfdən regionlarda əmək qabiliyyətli insanların sayı azaldı. Səbəblər əslində çoxdur. Elə bu sadaladığımız ümumi mənzərəni görməyə kömək edir.
- İnsanlar “Bölgələrdə iş yerləri açılsa, gedərik” deyirlər. Bəs niyə açılmır?
- Əslində “yerlərdə zavod-fabrik açılsın” deməklə məsələ həll oluna bilmir. Zavod, fabrik açılan yerlər var, amma onlar işləmir. Çünki zavod, fabrik açanda iqtisadi göstəricilər nəzərə alınmalıdır. Əvvəla, fabik-zavodları xammal və enerji mənbələrinin yaxınlığında, kadr potensialı, nəqliyyat-kommunikasiya olan yerlərdə açmaq lazımdır. Fabrik-zavod açmaq o qədər də çətin deyil, çətin olan bazar tapmaqdır. Vaxtilə Bakı Kondisioner Zavodu dünyanın onlarla ölkəsinə kondisioner ixrac edirdi. Avstraliya İttifaqı kimi nəhəng bir dövlətin kondisioner satışının 40%-ni Bakı kondisionerləri təşkil edirdi. İndi Bakı kondisioner istehsal etsə, bazar tapa biləcəkmi? İstehsalı ancaq daxili tələbat üçün nəzərdə tutanda xaricdən gələn mallarla rəqabət apara bilmir. Xaricdə böyük istehsal var, daha ucuz başa gəlir. Bizdə gömrük siyasəti bərbad vəziyyətdədir, etibarlı deyil. Yerli istehsalçı rəqabətə davam gətirə bilmirlər.
- 2000-ci illərin əvvəlindən bu yana nə dəyişib?
- 2004-cü ildən başlayaraq “Regionların inkişafı” proqramları həyata keçirilir. İndi bunun nəticəsində Bakıya, ətraf ərazilərə axın azalıb. Əksinə geri dönüş başlayıb. Vəziyyətin 2000-ci illərdən bu yana dəyişmədiyini demək ədalətsizlik olar. 10-15 il əvvəlki vəziyyət deyil. Sadəcə son 15 ildə əmək bazarına iki milyon insan daxil olub. Əhali artımı daha çoxdur. 2015-2020-ci il aralığında əmək qabiliyyətli insanların sayı iki milyon nəfər artıb. Əhali artımı daha çoxdur və bu, bir müddət də davam edəcək. Əhalinin 64%-i əmək qabiliyyətlidir. Amma tələb olunan iş yerləri tapmaq çətinləşir. Əmək bazarına daxil olanların sayı daha çoxdur, nəinki açılan iş yerlərinin sayı. Eyni zamanda, rəsmi statistikaya görə, ölkədə 160 min 300 nəfər əmək qabiliyyəti yaşından yuxarı insan işləyir. Onlar da əmək bazarını bir qədər gərginləşdirirlər. Onları da qınamaq olmur, çünki pensiya məbləği aşağıdır, işləməyə məcburdurlar.
- Qalxan qiymətlər fonunda artan maaşlar da gözə görünmür...
- Qlobal inflyasiya prosesləri gedir. Bunun nəticəsində qiymət artımları var. Qiymət artımını tənzimləmək üçün bizdə əlavə tədbirlər görülməsinə başlanılıb. Amma fakt odur ki, Azərbaycanda əsas istehlak olunan ərzaq məhsullarıdır və onların da qiymətləri durmadan artır və artmaqda da davam edəcək. Buna görə də idxal məhsullarının qiymətləri artdıqca burada sahibkara demək olmur ki, maya dəyərindən aşağı sat. Bu ildən ölkə Prezidenti əmək haqları, sosial müavinətlər, o cümlədən 10 növ uşaq müavinətlərini artırdı. Yenə də aztəminatlı ailələr hesab edir ki, artan qiymətlər fonunda bunlar itib gedir, gözə dəymir.
Müəllif: Aləmdə Nəsibj