Həmyerlimiz, Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasında elmi nailiyyətlərinə görə “İlin Alimi” diplomuna layiq görülmüşdür.
Diplomu ona Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim etmişdir.
Qeyd edək ki, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü Rahid Uluselin təkcə 2017-ci ildə ölkəmizdə və xaricdə xeyli sayda samballı elmi məqalələri və üç kitabı nəşr olunmuşdur.
Hörmətli, olduqca çalışan professorumuzu ürəkdən təbrik etməklə yanaşı onun “Sayrışlar“ başlığı ilə redaksiyamıza təqdim etdiyi aforizmləri sizə təqdim edirik.
Rahid Ulusel
Sayrışlar
Həqiqət körpə uşaq kimidir – yıxıla-yıxıla böyüyür.
Hansı söz yandırar səni –
O da oyandırar səni.
Adamlar kiçildikcə, aralarındakı divarlar hündürləşir.
Zərrə misalında özünü dərk et –
Tikanlı dünyanın gülünü dər, get...
Alim dünya ilə danışır. Şair isə dünyanı danışdırır.
Torpaqdan ağac boy atır: ondan kamança da düzəltmək olar, dəyənək də.
İş görüldükcə quş olub uçar,
Görülmədikcə daş olub çökər.
Güləndə bədən çimir, çiməndə bədən gülür.
Bu malikanədə hər şey var – İnsandan başqa.
Dünyada məhəbbət azaldıqca – ehtiras çoxalır.
Haram – qudurdur, Halal – doyurur.
Dünya dillərinin ən ilahisi – Torpaqla Toxumun danışdığı dil.
Adamların çoxu qocalmır, köhnəlir.
İnsan yeganə canlıdır ki, əhliləşdirəndə vəhşiləşir.
Gəlmədin ki dünyaya – əl-ayağa dolaşıb künc-bucaqda qalasan.
Gəldin ki dünyaya sən – onun Can-orkestrində Ruh-dirijor olasan.
Mədəniyyətlər öz dilində danışanda, bir-birini daha yaxşı başa düşür.
Atılan, lakin dəyməyən güllələr gələn müharibələrə saxlanılır.
Düz qırmızı xəttə çatanda, arxada da, öndə də uçurum olduğunu görürsən.
Napoleonla Keçəl Həmzənin ittifaqı olmasaydı, siyasət Qırata minə bilməyəcəkdi.
Dəmir məntiq. O hansı temperaturda əriyir?
Qaranlıq – işıq sürətini yalnız beyinləri fəth edəndə alır.
Özünü tapmayanı Tanrı da axtarmır.
Dağlar və okeanlar: biri yerdən, biri göydən yaranıb.
Bəs İnsan? – Varlığın od Qəlbinin çaldığı neydən yaranıb.
Maddi enerjinin mənəvi enerjiyə çevrilmədiyi nə varsa – tükənir.
Bütöv bir can: fəqət edir bir-birini gör necə inkar –
Başının içindəkilərlə dilinin ucundakılar.
Heyvan – canını, İnsan – həyatını itirməkdən qorxur.
Əl yumruğa çevriləndə gözləri tutulur.
Müharibəyə insan şəklində girir, kölgə şəklində çıxırlar.
İnsan! Ey Kainatın Şeyxi, dünyanın paslı qıfıllar açarı!
Keçə bilərsənmi sən özün bağladığın qapılardan içəri?!