Bu gün müasir Azərbaycan ədəbiyyatının ən öndəgedən poeziya mücahidlərindən biri kimi tanınan şair Tofiq Həsənlinin yenicə çapdan çıxmış “Polad qalxanlara qələm çırpıram” şeirlər kitabının təqdimat mərasimi keçirildi.Giriş sözü ilə AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli danışaraq şairin ədəbiyyatımızdakı rolundan, təsirindən danışdı. Şair-publisist Xatirə Xatun Tofiq Həsənlinin yaradıcılığının bədii dəyərindən, dil və üslub xüsusiyyətlərindən danışdı və dedi ki, Tofiq Həsənli M.Ə. Sabir ənənələrinin ən mükəmməl davamçısıdır. Şairin bacısı, “Qabaqcıl təhsil işçisi” və kitaba ön söz yazmış Ceyran xanım Həsənova şairin həyatından maraqlı anları xatırlatdı. Kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş və kitabın redaktoru İdrak Dadaşov şairin poeziyasından və kitabın ərsəyə gəlməsində bütün Tofiqsevənlərin rolundan söhbət açdı.
Tədbirdə Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə Tofiq poeziyasının ədəbiyyatşünaslığımız üçün qiymətli xammal olduğunu xatırladaraq qeyd etdi ki, ədəbiyyat tədqiqatçılarımız bu barədə düşünməlidirlər.

Daha sonra tədbirdə iştirak edən qonaqlardan “Cenub.az” saytının rəhbəri Z.Əmənov, Yardımlıdan şair İ.Nemət, Lerikdən şair Elxan Şovulu, lənkəranlı şair Ziyafət Əkbərovvə başqaları Tofiq Həsənli haqqında xoş sözlərini dedilər və şairə uğurlar arzuladılar.


Cenub.az














