Bu xəbəri bəlkə burada da qurtarmaq olardı. Lakin...
Bu günlərdə atamla (Zahir Əmənovla) foto-jurnalist kimi Lənkəranda 14 rayonun qəzet redaktorları və bu sahəyə baxan şöbə müdirləri ilə keçirilən tədbirə getmişdim. Tədbir iştirakçılarının demək olar ki, 90 faizi atamla salamlaşır, zarafatlaşırdı-təkcə təzə şöbə müdiri Ayıq Səmədov nədənsə, başını biz tərəfə döndərmirdi.
Xatırladım ki, Ayıq Səmədov nəinki bizim kəndçimiz, həm də 3-4 ev o tərəfə qonşumuzdur. Kimin kiminlə, yaxud bizimlə salamlaşmağı vacib olmasa da, onun bu hərəkəti mənə çox qəribə gəldi. Axı, qəzetimiz Bakıdan gəlməmiş bizə bir neçə dəfə �qəzet gəlmədi� deyə zəng edən, qəzet gələn kimi 4-5-ni birdən apartdıran bu şəxs nədən bizimlə salamlaşmağa qorxur? Yadıma düşdü ki, biz bir neçə dəfə yolda onun üçün maşın saxlayanda da o minməyib. Necə deyərlər, xəlvətdə dost, aşkarda biganə. Yadıma salanda ki, vaxtilə qəzetimizin əməkdaşı, onun digər qonşusu Mirzəkişi Mirzəyevin üzünə duran 23 nəfərdən, daha dəqiq desək 5 ərkivanlıdan biri də o olub, konturlar bir az da aydınlaşar.
Ayıq müəllim, bizim ki, sizə elə pisliyimiz keçməyib. Elə üzəduranların siyahısını son saylarımızda təkrar çap edəndən sonra sizi şöbə müdiri veriblər, yəqin ki, bu yazıdan sonra lap Nəsir müəllim olarsınız. Axı, biz gəncik, ərkivanlıyıq. Rəhbər işdə çalışan ərkivanlılardan nümunə götürməliyik. Belə acizliklə, qorxaqlıqla bizə nümunə ola bilərsinizmi?
Sizinlə bağlı daha çox şeylər deyə bilərəm. Lakin vaxt azdır. Bir neçə gündən sonra hərbi xidmətə gedirəm - saxtakarlığı, riyakarlığı, mənəviyyatsızlığı, miskinliyi göz deşən bəzi üzdəniraq məmurların vətənini qorumağa. Yəqin hərbi xidmətə yola salanda hərbi komissarlıqda çıxış edib bizə mərdlikdən, kişilikdən nağıllar danışanın biri də siz olacaqsınız. Belə məqamda adamın yadına sizin də, mənim də qonşumuz olmuş rəhmətlik Seyid Sadığın kəlamları düşür: �K-i-ş-i v-a-r?!�