Bədbəxt edilən bir insan həyatının bədəli 3 min manat ödəməklə yekunlaşa bilər
“Əcdadlarımızdan belə görmüşük, biz də bu yolla gedirik” konsepsiyasını rəhbər tutan çoxdur
Bu günlərdə paytaxtın Nərimanov rayonunda yerləşən özəl klinikaların birində 15 yaşlı qız dünyaya uşaq gətirib. Etiraf edək ki, bu xəbər cəmiyyətdə partlamış bomba effekti yaratmadı. Cəmiyyət artıq belə hadisələrə bir növ adət edib. Elə cəmiyyətin ayrılmaz hissəsi olan KİV də: indi bu kimi xəbərlərə “şok!”, “inanılmaz!” əlavələri edilmir. Azyaşlıların ərə verilmələri, dünyaya uşaq gətirmələri olub sıradan bir olay. Baxmayaraq ki, ölkədə uzun illərdir bu bəla ilə sözdə də olsa, mübarizə aparılır, müəyyən təbliğat xarakterli kampaniyalar həyata keçirilir. Ancaq vəziyyət düzəlmir ki, düzəlmir. Özü də, nəzərə almaq lazımdır ki, neçə-neçə erkən nikah səs-küysüz ötüşür – nə mediada məlumat yayılır, nə də müvafiq strukturlar xəbər tutur.
Təbii ki, hadisələrin belə axarı istər-istəməz müəyyən suallar doğurur. Məsələn, doğurdanmı Azərbaycan vətəndaşları qızların yetkinlik yaşına çatmamış ərə verilməsinin ciddi fəsadlara yol açmağa qadir olduğunu anlamırlar? Və ya, uzun illərdir aparılan izahat və təbliğat işinə rəğmən heç bir müsbət dəyişiklik baş vermirsə, bəlkə yanaşma metodikası düzgün deyil?
Zənnimizcə, nəzər saldığımız məsələnin həlli ilk baxışdan elə də asan deyil. Bunun isə bir neçə əsas səbəbi var. Əvvəla qeyd etmək lazımdır ki, erkən nikahların kökü tarixən çox dərindir və dolayısı ilə müəyyən regionlarımızda artıq ənənəyə çevrilib.
“Əcdadlarımızdan belə görmüşük, biz də bu yolla gedirik” konsepsiyasını rəhbər tutan çoxdur. Özlərinə görə arqumentləri də var: əvvəlki əyyamda nikahlar daha davamlı və möhkəm, boşanmaların sayı isə qat-qat az olurdu. Bu, həqiqətən də belədir. Ancaq səbəbi heç də erkən nikahlarda axtarmaq düzgün olmazdı. Sadəcə olaraq zaman o zaman deyil. İndi qadınlar da başqadır, kişilər də, ailə institutuna baxışlar da.
Əvvəllər nadir boşanmalarda təşəbbüskarların mütləq əksəriyyəti kişilər idisə, artıq bu mütənasib ciddi surətdə pozulub. Qadınların tələblər artıb (bəzi hallarda haqlı, bəzi hallarda isə ifrat dərəcədə), kişilərin isə bu tələblərə tam cavab vermək iqtidarında olmadığı üzə çıxır. Birincisi, Azərbaycan nə qədər avropalaşsa da, yenə də minilliklərin qan yaddaşı öz sözünü deyir. İkincisi isə, kişilərin bəzisi bu tələblərin iqtisadi tərəfi qarşısında aciz qalırlar.
İqtisadi demişkən. Erkən nikahların bir səbəbini də burada axtarmaq lazımdır. Bəzən ağır maddi durumda olan ailə ciyər parasının xoşbəxtliyini nisbətən daha imkanlı ailəyə pərvaz etməsində görür. Artıq qızın azyaşlı olması, onun ərə getdiyi şəxsin və ümumən qovuşduğu nəslin mənəvi xüsusiyyətləri keçir arxa plana. Qızın valideynləri sanki övladlarının perspektivdəki hipotetik xoşbəxt həyatının parıltısından kor olurlar və hadisələrə real qiymət vermək iqtidarından məhrum olurlar. Onlar sidq ürəklə düzgün addım atdıqlarına inanırlar. Nəticə tam fərqli alınanda isə, artıq gec olur.
Daha bir səbəb əhalinin müəyyən təbəqəsinin savadsızlığı və dünyagörüşünün məhdudluğudur. Əlbəttə, 21 əsrin üçüncü onilliyində, internetin az qala ən ucqar kəndlərə ayaq açdığı bir dönəmdə bu kimi iddialar kiməsə nonsens təsiri bağışlaya bilər. Amma əbəs yerə. Çünki mobil telefondan “Tik-tok” videolarını izləmək insana nə savad bəxş edir, nə də dünyagörüşünü artırır.
Yəqin ki, belə statistika aparılmayıb və aparılması da mümkün deyil texniki cəhətdən. Lakin zənnimizcə, aparmaq mümkün olsaydı, 30-40 il əvvəlki orta statistik Azərbaycan vətəndaşının indiki ilə müqayisədə daha üstün IQ-yə malik olduğu üzə çıxardı. Təəssüf doğuran, amma real durumdur. Dardüşüncəli insanlara isə yüksək amallardan, mənəvi dəyərlərdən nə qədər danışırsansa danış, faydası çox az olacaq. Əgər ümumiyyətlə olacaqsa...
Sonda isə, bu problemi meydana gətirən bəzi səbəbləri sadaladıqdan sonra, potensial mövcud çıxış yollarından birini qeyd edək. Bu da ki, mövcud qanunvericiliyin müvafiq cinayətə görə nəzərdə tutduğu sanksiyaların sərtləşdirilməsidir. Hazırda qüvvədə olan CM-də deyilir:
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bədbəxt edilən bir insan həyatının bədəli 3 min manat ödəməklə yekunlaşa bilər. Bu da, təbii ki, belə addım atmağa hazırlaşan şəxslərin qarşısını almaq iqtidarında deyil. Halbuki cəzalar daha sərt olsa, bu yola qədəm qoymaq fikrinə düşənlər yüz ölçüb bir biçərlər.
Hələliksə... Qarşıdakı günlərdə yerli saytlarda toxunduğumuz mövzuya aid növbətçi rejimdə yeni-yeni xəbərlərin çıxmasına hazır olaq. Mövcud vəziyyətdə bu xəmir hələ çox su aparacaq. Evlərə gəlinlər gələcək, özü də oyuncaq və gəlincikləri ilə...
Müəllif: Polad Xudayarlı