Humanitar faciə üzərində siyasi hesablar aparmaq kimə sərf edir?
Keçmiş icra başçısı, siyasi məhbus Saleh Rüstəmli 32 gündür aclıq aksiyası keçirir. O, yaxınlarına bildirib ki, dəhşətli sümük ağrılarından əziyyət çəkir, amma aksiyanı dayandırmaq niyyətində deyil. Həkimlərin rəyinə görə, insan orqanizmi uzun müddət qida qəbul etməyəndə maddələr mübadiləsi kəskin pozulur, kalsium çatışmazlığı dözülməz ağrılara səbəb olur. Bu, orqanizmin həyat fəaliyyətini davam etdirmək iqtidarında olmadığının əlamətdir, qida olmasa, bir neçə gün sonra insan həyatla vidalaşa bilər…
Saleh Rüstəmli azadlıq tələb edir, o həbs olunanda, məhkəmə instansiyalarında da bu tələbi səsləndirmişdi. Vəkilləri ona qarşı irəli sürülmüş ittihamların sifarişli və qurama olduğunu bildiriblər. Rusiya vətəndaşını Azərbaycanda qanunsuz sahibkarlıq maddəsi ilə 7.2 il azadlıqdan məhrum etmək absurddur. O, dövlət qeydiyyatında olan, rəğbət bəslədiyi partiyanın həbsdə olan üzvlərinə bir miqdar pul göndərib, burada cinayət əməli yoxdur…
Saleh Rüstəmlinin dirənişi ölkədəki mənəvi, hüquqi, siyasi böhranı tam çılpaqlığı ilə üzə çıxarıb. Azərbaycanda mövcud siyasi sistemin əksər elementlərinin formallığını, böhran şəraitində tamamilə iflic duruma düşdüklərini sübut edib.
İlk növbədə məhkəmə-hüquq sisteminin nə qədər acınacaqlı vəziyyətdə olduğu ortadadır. S. Rüstəmlini tutan polis, ona ittiham irəli sürən prokurorluq, onu həbsə məhkum edən məhkəmə ortada heç bir cinayət faktı olmadan hərəkət ediblər. Adı sadalanan bu qurumların heç birində vicdana, hüquqa əsaslanan bir prokuror, müstəntiq, hakim tapılmayıb ki, qanunsuz əməldə iştirak etməkdən imtina etsin. Məhkəmə orqanları hökmü təsdiqləyib bir-birinə ötürəndə də bir anlıq, ədalət, hüquq və vicdan haqqında düşünməyiblər. Həm də Saleh Rüstəmli işinin bu günə qədər Avropa Məhkəməsinin Azərbaycana cərimə kəsdiyi yüzlərlə sifarişli hökmlərdən bir olacağının fərqinə varmayıblar. Bir zamanlar qalın-qalın ittiham aktları ilə mühakimə edilən “Nidaçıların işi” də eyni qanunsuzluq, eyni soyuqqanlılıqla düzülüb-qoşulmuşdu. Bu işin əksər icraçıları yenə öz işlərinin başındadır və növbəti sifarişlərin icrası ilə məşğuldurlar. Budur, iki gün əvvəl Saleh Rüstəmlinin vəkilləri onun səhhətindəki ciddi problemləri əsas gətirərək, Nizami rayon Məhkəməsinə müraciət ediblər, amma səs-soraq yoxdur…
Böhranın əlamətlərindən biri də ölkədə insan hüquqlarını müdafiə edəcək bütün təsisatların formallığı və gücsüzlüyüdür. Parlament bu məsələni bir dəfə olsun müzakirə etməyib, qurumun insan Hüquqları Komitəsinin sədri Zahid Orcun ümidverici “Amnistiya Saleh Rüstəmliyə tətbiq oluna bilər” açıqlaması havada qaldı. Ombudsman heç özündə cəsarət tapıb özünü “ölüm, ya azadlıq” seçiminə məhkum edən məhbus haqqında dövlət qurumlarına müraciət edə bilmir.
Hüquq müdafiəçiləri, media təmsilçiləri bir neçə dəfə ölkə rəhbərliyindən S. Rüstəmlinin azadlığa buraxılmasını xahiş ediblər. Amma heç bir nəticə yoxdur, bu nəticəsizlik ölkəni dərin sükuta qərq edib. Bu sükutu dekabrın 1-də Bakıda “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən aksiya pozdu, amma problem nəinki həll olundu, iştirakçılara qarşı zor tətbiq edildi, onlardan biri, Qarabağ qazisi Tofiq Yaqublunun üzündə ağır işgəncə izləri ilə cəmiyyətin qarşısına çıxarılması öləziyən ümidlərin üstünə su səpdi. T. Yaqublun döyülməsi ilə bağlı 1 həftədir cinayət işi açılmayıb, amma ötən ilin martında onu qondarma avtoqəza ilə həbs edəndə qısa zamanda cinayət işi açıb, həbsə göndərmişdilər.
Saleh Rüstəmli böhranı necə həll olunacaq? Artıq bir çox şanslar itirilib, başlıca prinsip olan “humanzim dəyərlərini əsas tutmaq” limiti tükənmək üzrədir. 32 gündür aclıq edən insanı son ana qədər iradəsi ilə sınağa çəkib, səhhətinə sağalmaz zərbələr dəydikdən sonra azad etmək humanizm arqumentini zədələyir. Amma o hansısa formada azad olunmalıdır, onun faciəli şəkildə həyatını itirməsi heç kimə lazım deyil. İlk növbədə hakimiyyətə!
Saleh Rüstəmli qazidir, torpaqların müdafiəsində misilsiz fədakarlıq göstərib, Başkəndin azad edilməsi əməliyyatını həyata keçirib. Bu gün 44 günlük müharibədə qalib gəlməyin qürurunu yaşayan və reytinqini kifayət qədər yüksəldə bilmiş siyasi hakimiyyətin bir Qarabağ qazisini ölümə məhkum etməsi nə dərəcə məntiqlidir, bundan nə qazanacaq?
Ümumiyyətlə, bu, humanitar faciədir, onun üzərində siyasi hesablamalar aparmaq kökündən yanlışdır. Əlbəttə, bəzi dairələrdə belə hesablar var ki, S. Rüstəmlinin keçmiş siyasi məhbuslar Mehman Hüseynov, Tofiq Yaqublu kimi aclıq aksiyası keçirərək azadlığa qovuşması pis presedentdir, hakimiyyətin əlindəki cəza mexanizmlərini zəiflədir və gələcəkdə yeni nümunələr yaratmaqla iqtidarı çətin vəziyyətdə qoya bilər. Səhv yanaşmadır, çünki bu mübarizə hər şeydən əvvəl güclü iradənin ortaya qoyduğu “ölüm ya olum” seçimidir. İkincisi, cəmiyyətin bu mübarizəni dəstəkləməsi önəmli şərtdir, xüsusən Azərbaycan kimi apolitik xalqı olan ölkədə dəfələrlə aksiyalar keçirilib, amma bir nəticə olmadan dayandırılıb. Bu arqumentlər Saleh Rüstəmlinin azadlığını tələb edən müxalifət üçün də keçərlidir. Onun mübarizəsi, dirənişi dəstəklənməldir, amma onun ətrafında siyasi uğur hekayələri düzəltmək yolverilməzdir.
Bir başqa hesab da Saleh Rüstəmlinin şəxsiyyəti ətrafında yaradılmış siyasi manipuliyasiyadır. O siyasətçi deyil, azad edilsə, siyasətlə məşğul olmayacaq, işləyib yaşadığı Rusiyaya dönəcək. Yəni Azərbaycanda hakimiyyətə qarşı mübarizənin aparıcı simalarından biri olmayacaq.
Nəhayət, bu böhranda cəmiyyətə verilən “müxalifəti maliyyələşdirənlərin aqibəti belə olacaq” mesajı da anlamsızdır. Zatən Azərbaycanda müxalifəti maliyyələşdirəcək biznes qurumları, iş sahibləri mövcud deyil, müxalifət fəalları adi dolanışıq imkanlarından da məhrum ediliblər. Bunu partiyaların hədsiz imkansızlığından da görmək olar. Ölkədə pul, iş-güc sahibləri hakimiyyətin çevrəsindədir və onların müxalifətə pul vermək ağıllarından belə keçməz. Əlbəttə, hakimiyyət ölkədə hər şeyə nəzarət edir və vəziyyəti daha detallı bilir.
Şübhəsiz ki, Saleh Rüstəmli böhranı onsuz da sosial-iqtisadi problemlər içində çırpınan, müharibədən sonrakı gözləntiləri puça çıxmaqda olan cəmiyyəti daha da yıpradır. Hakimiyyətə inamsızlıq güclənir, qəzəb, kin nifrət ön plana çıxır. Bu neqativ amillər də ölkəni heç kimin arzulamadığı qarşıdurmalara sürükləyə bilər. Ona görə, nə qədər gec deyil, daşı ətəkdən töküb problemi həll etmək lazımdır.
Faciənin astanasından dönmək geri çəkilmək deyil, ağıl əlamətidir…
Turqut