Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-də əsirlikdə ölən yeganə general-feldmarşal – Kleyst sovet həbsxanalarının şəraitinə dözməyib


Bütövlükdə sovet-alman müharibəsi illərində Almaniya ordusunun üç general-feldmarşalı SSRİ-də əsir düşüb: Fridrix Pauls, Ferdinand Şerner və Evald Kleyst. Pauls 1953-cü ilin oktyabr ayında SSRİ-dən buraxılıb və o, Almaniyaya qayıdanda öz müraciətində aşağıdakı fikirləri də yazıb:

“Mən SSRİ-yə kor-koranə şəkildə düşmən kimi gəlmişdim, indi isə bu ölkədən dost kimi ayrılıram...”
Şerner 1955-ci ildə digər alman əsirləri ilə bərabər Almaniyaya təhvil verilib.

Evald Kleystin taleyi isə həmkarlarından tam fərqlənib, o, SSRİ-də əsirlikdə vəfat edən yeganə general-feldmarşal olub.

Evald Kleyst 1881-ci ildə Almaniyanın Braunfels şəhərində olduqca zəngin bir ailədə anadan olub. Orta təhsilini aldığı illərdən hərb elminə böyük maraq göstərib. Valideynləri onu başqa sahəyə yönəltmək istəsələr də, Kleysti öz fikrindən döndərmək mümkün olmayıb.

Hərbi akademiyanı bitirdikdən sonra zabit rütbəsi alan Kleyst Birinci Dünya müharibəsində iştirak edib. Daha sonra o, 7-ci ordu korpusunda diviziyanın əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmətini davam etdirib. 1932-ci ildə diviziya komandiri vəzifəsinə təyinat alan Kleyst general-mayor rütbəsi, 1933-cü ildə isə general-leytenant rütbəsi daşıyıb.
Nasistlərin hakimiyyətə gəlişindən sonra Kleystlə partiya rəhbərləri arasında hərbi məsələlərdə fikir ayrılığı yaranıb. Gərgin münasibətlərin sonu Kleystin istefaya göndərilməsi ilə nəticələnib. 1938-ci ildə Hitler onu ordudan uzaqlaşdırıb.
Almaniya İkinci Dünya müharibəsinə başlayanda, orduda peşəkar hərbçilərə ehtiyac duyulanda Kleyst yenidən xidmətə dəvət olunub. Onun komandiri olduğu korpus Polşada hərbi əməliyyatlara cəlb edilib və böyük uğur qazanıb. Kleyst bu əməliyyatlara görə fürer tərəfindən mükafatlandırılıb.
Daha sonra 1-ci tank qrupuna komandanlıq edən Kleyst şərq cəbhəsinə göndərilib. Ukrayna cəbhəsində o, Hitleri heyrətləndirəcək qədər uğurlu hərbi əməliyyatlara imza atıb. 1943-cü ildə ona general-feldmarşal rütbəsi verilib.

20 iyul 1944-cü ildə Hitlerə sui-qəsdə cəhd ediləndə Kleystin də adı qara siyahıya düşüb və o, gestapo tərəfindən həbs edilib. Onun haqqında qaldırılmış ittihamda heç bir fakt öz təsdiqini tapmayıb. General-feldmarşal yalnız bir məsələdə günahkar sayılıb, sui-qəsdə cəhddən əvvəlcədən xəbərdar olub, məlumat verməməkdə. Bu “günah”a görə isə Kleyst həbsxanada çox saxlanılmayıb, onu azadlığa buraxıblar.
Bu hadisədən sonra general-feldmarşalın hərbi karyerasına son qoyulub. O, bütün hərbi məsələlərdən özünü təcrid edərək Bavariyadakı atasından qalmış mülkdə kiçik fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb.
25 aprel 1945-ci ildə Bavariya yaxınlığındakı Mitelfelz kəndində yaşayan kiçik oğlunu ziyarət edərkən Kleyst ABŞ hərbçiləri tərəfindən əsir götürülüb. Müharibə tam sona çatdıqdan sonra amerikalılar onu Londona təhvil veriblər. Britaniya hökuməti general-feldmarşalı hərbi cinayətkar kimi Nürnberq məhkəməsinə çıxarıb. 1948-ci ildə məhkəmə Kleysti 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu cəza SSRİ tərəfini qane etməyib. 1949-cu ildə SSRİ Kleysti Britaniyadan tələb edib. Beləliklə, general-feldmarşal SSRİ-yə təhvil verilib və istintaq yenidən başlanıb.
“Lefertovo”, “Butırka” və “Vladimir” həbsxanalarında saxlanılan Kleystin məhkəməsi 1952-ci ilə qədər davam edib. Məhkəmə proseslərində o, cinayət əməllərini etiraf etməyib və məhkəmənin qərarlarını rədd edib.
21 fevral 1952-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Kleystlə bağlı hökm çıxarıb. O, 25 il müddətinə azadlıqdan məhrum edilib.
Digər əsirlikdə olmuş Paulsdan və Şernerdən fərqli olaraq həbsxanaları “gəzən” Kleyst üçün cəza müəssisələrində heç bir xüsusi şərait yaradılmayıb. Cəza çəkdiyi zaman Paulsa ayrıca həkim və aşpaz ayrıldığı halda, Kleysti heç normal qida rasionu ilə də təmin etməyiblər.

Kleyst SSRİ-nin həbsxana şəraitinə çox dözə bilməyib. Onun fərqli beynəlxalq qurumlara göndərdiyi məktublar və müraciətlər həbsxana hasarlarından bir addım da olsun kənara çıxmayıb.
13 noyabr 1954-cü ildə, 73 yaşında Kleyst həbsxanada vəfat edib. Rəsmi məlumatda onun ürək çatışmazlığından vəfat etdiyi göstərilib. Digər versiyalara görə isə general-feldmarşal məhbusların ona verdiyi işgəncələrdən ölüb.
General-feldmarşal öz titul və rütbəsinə uyğun olmayan bir şəraitdə dəfn edilib. Hətta onun üçün tabut da hazırlanmayıb. Kleystin meyiti döşəkağına bükülərək Vladimir qəbiristanlığında torpağa basdırılıb.
1960-cı illərin əvvələrində Almaniya hökuməti SSRİ rəsmilərindən Kleystin nəşinin qalıqlarını çıxarmağa rəsmi icazə istəyib. Nikita Xruşşov etiraz etməyib. Kleystin qəbri qazılaraq nəşinin qalıqları çıxarılıb, həmin qalıqlar general-feldmarşal mundirinə bükülərək Almaniyaya aparılıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10