Dilimizdə “xidmət” mənasında işlədilən “qulluq” sözünün haradan yarandığını bilmirəm. Amma ehtimal edirəm ki, “qulluq” sözü “qul” sözündən yaranıb. Sonradan yenə də bilmədiyim səbəblərə görə bu ifadə dövlət idarəetməsində termin kimi işlədilib: “dövlət qulluqçusu”. Burada güman ki, alt mənalar olmamış deyil.
Ötən gün vəzifədən azad edilən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Prezidentin müvafiq sərəncamından sonra mediaya açıqlamasında deyib: “Mən ömrümün sonunadək Prezidentimizin quluyam”.
Azərbaycan 30 ildir müstəqil və demokratik respublikadır. Bu 30 ilin 15 ilində İsmayıl İsmayılov yüksək vəzifə tutub və Allah qoymasa, yeni təfəkkürlü, gələcəyə, azad həyata böyük arzularla addımlayan gənclərlə işləyib. Təsəvvür edirsiniz, azad ruhlu insanlara quldarlıq dövrünün təfəkkürünü həyatına prinsip edən şəxs rəhbərlik edir. Özü də deyir ki, ölənə kimi qul olacam.
Həm də bildirir ki, pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülüb: “Bundan sonra elimi işlərlə məşğul olacağam”. Məncə İsmayıl İsmayılov quldarlıq dövrü ilə bağlı araşdırmalar aparsın. Qul psixologiyası haqda elmi kitablar yazsın. Əminəm ki, böyük uğurlar qazanacaq. Əsrlər əvvəl qulların hansı psixologiyada olması, hansı düşüncə və ya düşüncəsizliklə yaşadıqlarını dəqiqliklə, arqumentlərlə elmə sübut edib tarixdə öz izini qoya bilər.
Qulun heç nəyi olmur: nə malı, nə pulu, nə evi, nə qohumu, dostu və ya düşməni. Qulun heç canı da özünə məxsus deyil. Və nəhayət qulun düşüncəsi belə özünə aid deyil. Qul sadəcə maşındır.
Bəs, bizim məmurların bu saydıqlarımızdan nəyi var?
Bu gün Azərbaycan məmurları kasıb deyil. Onların bəzilərinin var-dövlətinə Amerikanın ən məşhur milyonçuları da həsəd apara bilər. Evləri, villaları, avtomobil kolleksiyaları, hətta bəzilərinin şəxsi vertolyotları, yaxtaları, şirkətləri, Avropada, Amerikada, Dubayda evləri, otelləri...
Bunları sadə adamalar bilirsə, ətrafları, dövlət qurumları da bilir. Gördüyümüz də odur ki, zamanı gələndə bu əmlaklarının hesabatını verməli olurlar.
Onlar bu var-dövləti alın təri ilə qazanmayıblar. Heç beyin təri də yoxdur bu pulların üzərində. Oğurlayıblar. Dövlətdən, xalqdan çırpışdırıplar. Həbsdə olan icra başçılarının cinayət işləri ilə azdan-çoxdan tanış olanlar bilir. 150-200 manat məvacib alan süpürgəçinin maaş kartı belə onların cibindən çıxmışdı. Heydər Əliyev Fondunun imkansız ailələr üçün göndərdiyi sovqatları satışa çıxarmaq qədər aşağılıq iş tutmuşdular.
Deməyim odur ki, onların ən ağıllıları həqiqətən də quldan fərqli olmadıqlarını anlayırlar. Başa düşürlər ki, sahib olduqları pullar xalqın və dövlətindir. Bir gün ədalət tərəzisinə çıxacaqlarını, bu tərəzinin onların ziyanına əyiləcəyini adları kimi bilirlər. Və həmin zaman həqiqətən də “lüt ana bülbül” kimi olacaqlar. Tarix kitablarından öyrəndiyimiz kimi qullar da lüt olublar...
İsmayıl İsmayılov çox ağıllı qulluqçudur.
Elnur Məmmədli