Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Pulumu verin!”


Koronavirusdan evdə müalicə olunan xəstələrə diqqət, qayğı yetərlidirmi?

“Covidə yoluxmuşduq, 20 gündən çoxdur ki, ailəvi müalicə olunurduq. Şükür Allaha, sağala bildim. Çox axmaq və məkrli virusdur. Səni hardan “vuracağını” bilmirsən. Deyim ki, dövlətin dərman yardımı ilə bağlı TƏBİB-in bəh-bəhlə dediklərini görmədim. Yoluxmanın ilk 2 günü sahə həkiminin, TƏBİB-in bununla bağlı addımlarını gözlədim. Heç birindən səs çıxmadı. Nə dərman göndərdilər, nə halımı soruşan oldu. 2-cü günü qızdırmadan məni qara basanda başa düşdüm ki, bir az da belə getsə, vəziyyət fəna ola bilər. TƏBİB-dən dərdə dərman olmaz”. 

Bu sözləri jurnalist Xəqani Səfəroğlu sosial şəbəkədəki hesabında yazıb. O, üzləşdiyi problemi ictimailəşdirməklə səhiyyə qurumlarının evdə müalicə olunan koronavirus xəstələrinə diqqət və qayğısının səviyyəsinə aydınlıq gətirməyə çalışıb. Jurnalist bildirir ki, dostu sayəsində həkim tapıb, onun yazdığı resept üzrə müalicəyə başlayıb. “Xeyli pul xərcləməli, dost-qardaşdan borc almalı oldum. İndi mən sual edirəm: Dövlətin koronavirusla bağlı ayırdığı pulun içində mənim müalicə xərcim niyə tapılmadı? Dərmanlar niyə göndərilmədi? Nə üçün mən cibimdən 2 min manatdan çox pul xərcləməli və borca düşməli idim?”,-X.Səfəroğlu sual edir.

Jurnalist İxtiyar Əsgərov da ailə üzvləri ilə birlikdə koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə olunur. Onun hekayəsi də həmkarından az fərqlənir:

“Əlamətləri bilincə, test vermək üçün 814 Çağrı Mərkəzinə zəng vurdum. Ünvanı soruşub, konkret yola verdilər. Çünki kimsə bizimlə maraqlanmadı. Bu səbəbdən, hər gün 2-3 dəfə təkrar zəng edirdim. “Heç vicdanınız yoxdurmu? Yanımda adam can verir, nə vaxt gələcək” sualını verəndə isə çox rahatlıqla, heç nə olmamış kimi, “bizlik nəsə yoxdu. Narahat olmayın. Sifarişiniz qeydə alınıb, tezliklə gələcəklər” dedilər. O “tezliklə” nə az, nə çox – düz 3 gün çəkdi…” 

Jurnalist əlavə edir ki, sahə həkimini özüm axtarıb tapıb: “Poliklinikaya zəng vurmuşam, ad-soyad, təvəllüd, dəqiq ünvanı deyirəm və mənə verilən unikal sual!

– Qardaş, evinizin yanından hansı avtobus keçir?

– Qırmızı avtobus. Turdan tura isə klub avtobusları…

Verdikləri dərmanlar tam deyildi. Bəzilərinin üstündə 20 ədəd yazılsa da, içində 10 dənə idi…Ən çox balaca övladım əziyyət çəkdi. 3 gün qızdırma, daha 3 gün quru öskürək keçmədi. Gözləri az qalır ki, bəbəyindən çıxsın. Nə qədər dava-dərman, sistem qoşulsa da, faydası olmadı. İnqalyasiya aparatına hansı dərmanların lazım olduğunu soruşmaq üçün poliklinikaya zəng etmişəm. Deyirlər ki, uşağı gətirin burda baxaq. “Covidik, evdən çıxa bilmirik” desək də, həmin dərmanların adını demədilər…”

Jurnalistlərin sorğularına TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirib ki, evdə müalicə olunan koronavirus xəstələrinin dərmanla təminatı Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova isə mətbuata deyib ki, test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar.

“Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər”.

Prezident İlham Əliyev ötən il mayın 4-də modul tipli infeksion xəstəxananın açılışında demişdi ki, pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Pandemiya dövründə hökumət səhiyyə xərclərinə ayrılan büdcə vəsaitini 370 milyon manat (ÜDM-in yüzdə 0,5 faizi) artırıb. Ölkədə 10 modul tipli xəstəxananın istifadəyə verilməsinə, tibbi avadanlıqların alınmasına, tibb işçilərinə müavinətlərin ödənilməsinə, tibbi müəssisələrin genişləndirilməsinə birlikdə 250 milyon manat ayrılıb. 

Xatırladaq ki, Prezidentin sərəncamı ilə ötən il martın 20-də koronavirusa qarşı mübarizəyə ictimai dəstəyi təmin etmək məqsədi ilə Koronavirusa Qarşı mübarizə Fondu təsis edilib. Fonda hüquqi və fiziki şəxslər tərəfindən təxminən 115 milyon manat vəsait köçürülüb, habelə büdcədən 20 milyon manat verilib. Prezident və Birinci vitse-prezident də illik maaşlarını Fonda ianə etdiklərini bəyan ediblər. Toplanan vəsaitlərin xərclənməsinə ictimai nəzarəti təmin etmək məqsədi ilə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət Nəzarət Şurası yaradılıb. 

Amma ötən il yarında Fonda toplanan vəsaitlərin necə xərclənməsi ilə bağlı ictimaiyyətə informasiya verilməyib. Qurumun rəsmi internet səhifəsi uzun müddət açılmayıb, bunun səbəbləri barədə Nazirlər Kabinetinə ünvanlanan sorğular cavablandırılmayıb. Saytda vəsaitlərin xərc istiqamətləri haqqında bölmələr yerləşdirilsə də yönəldilən vəsaitin məbləği informasiya yoxdur. 

Qeyd olunur ki, ianələr tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinə, mütəxəssislərin hazırlanmasına, təbliğat və maarifləndirmə işləri və digər tədbirlərə xərclənib. 

Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabata görə, Azərbaycan pandemiya zamanı vətəndaşlara ən az pul xərcləyən və ya ən xəsis ölkələr arasındadır. 

Hesabatda ölkələr beş qrupa bölünüb. “Ən səxavətli” ölkələr qrupu ÜDM-in 10 faizindən çoxunu dəstək tədbirlərinə xərcləyənlərdir. Digər üç qrupa ÜDM-in 7.5-10, 5-7.5 və 2.5-5 faizini xərcləyən, sonuncu qrupa isə vətəndaşlarına ÜDM-ə nisbətdə ən az vəsait sərf edən ölkələr daxil edilib. Həmin ölkələrdə dəstək tədbirlərinə sərf edilən vəsait ÜDM-in 2.5 faizindən də aşağıdır. 

Fondun araşdırmasına görə, Azərbaycan da sonuncu qrupa daxildir, ölkədə dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir. 

Jurnalistlərin dediyindən belə məlum olur ki, virusa yoluxan və evdə müalicə alan xəstələrə səhiyyə qurumlarının diqqət və qayğısı simvolikdir. Bəs dövlət qurumları necə, xəstələnən işçilərinə yardım edirmi?

 Parlamentin bu həftə keçirilən iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, Milli Məclisin (MM) koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat pul verilib. O, bu dəstəyi yüzlərlə MM əməkdaşının əldə etdiyini vurğulayıb.

Ölkədə kütləvi yoluxmalar daha çox təhsil müəssisələrində yayılıb. Təhsil Nazirliyinin vaxtaşırı açıqladığı məlumatlara görə, peyvənd olunmasına baxmayaraq, minlərlə müəllim virusdan xəstələnib. Hazırda onların3 doza ilə peyvəndlənməsi həyata keçirilir. Bəs yoluxan təhsil işçilərinə maddi yardım edilirmi?



Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Pressklub.az-a bildirib ki, onlara hər hansı vəsait verilmir, dərsləri isə digər həmkarları tərəfindən əvəzlənir.

İcra hakimiyyətlərinin nəzdində olan uşaq bağçalarında da eyni durumdur, müvafiq qurumdan Pressklub.az-ın sorğusuna cavab olaraq bildirilib ki, virusa yoluxmuş müəllimlərə heç bir maddi dəstək verilmir.  



Həkim markoloq Müşfiq Hüseynov mövzu ilə bağlı Pressklub.az bildirib ki, postsovet ölkələrinin heç birində əhaliyə Azərbaycandan fərqli dəstək göstərilməyib. Onun sözlərinə görə, xəstəxanalarda bütün müalicə prosedurları dövlət tərəfindən həyata keçirilir: “Evdə müalicə alanlara isə müəyyən dərman və vitaminlər verilir. Əlbəttə, bu xəstələrlə bağlı problemlər var. Lazımlı dərman, tibbi yardım göstərilmədi və s. Xarici ölkələrdə bu məsələ tamamilə tibbi sığortaya bağlıdır. Sığortan varsa, bütün xərcləri dövlət öz üzərinə götürür, yoxdursa, özün ödəməlisən”. 

Həkim bildirir ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda koronavirus xəstələrinə diqqət, qayğı başqa ölkələrdən yüksəkdir: “Azərbaycanda 10 milyon əhali yaşayır, hər kəsə evdə tibbi xidmət göstərmək mümkün deyil axı. Bizdə nə tibbi personalın, nə də təcili yardım xidmətinin imkanları xəstələrin sayına yetərli deyil. Buna baxmayaraq, biz yaranmış vəziyyətdən uğurla çıxa bildik. Həm xəstəlikdən sağalan və ölüm, həm də vaksin sayına görə, bu, belədir. 

Çox adam heç COVİD analizi vermədi, simptomlarını görüb, müalicəsinə başladı. Kimsə gözləyir ki, onu gəlib evində müalicə edəcəklər, belə şey dünyanın heç yerində yoxdur”.

M. Hüseynov koronavirusa Türkiyədə yoluxub. O, qardaş ölkədə dövlətin evdə müalicə alanlara dəstəyindən danışıb:

“Türkiyədə də diqqət, demək olar, Azərbaycanla eyni səviyyədədir. Analizi pozitiv çıxan şəxslərə “Favripiravir” preparatı verilir. Bu dərman Türkiyədə istehsal olunur. Amma onu deyə bilmərəm ki, adı portala düşməyən vətəndaşlara da belə yardımlar edilirdi, ya yox…”

Turqut





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10