Almaniyanın Herford şəhərində yaşayan Nazilə Bəşirova ilə ilk tanışlığımız 4 il əvvəl Masallıdan başlayıb. O vaxt Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ötən əsrin tanınmış maarif fədaisi, 1942-ci ildə Azərbaycan SSR əməkdar müəllimi fəxri adına layiq görülmüş, yetirmələri arasında 50 -dən çox elmlər doktoru və namizədi, yüzlərlə həkim, pedaqoq, mühəndis, İkinci Dünya müharibəsi iştirakçısı, onlarla partiya və sovet işçisi, Sosialist Əməyi Qəhrəmanları, deputatlar, Dövlət mükafatı laureatları olan Nəzirməmməd Məmmədəliyevin 120 illik yubileyi keçirilirdi.
Nazilə xatun atasının xatirəsinə və mənalı ömür yoluna həsr edilmiş “Masallının ilk əməkdar müəllimi” kitabını mənə təqdim etdi. Kitaba Mirzə Nəzir müəllim (ona müasirləri belə müraciət edirdilər-N.Ə.) haqqında yazdığım “Yaddaşımın nur heykəli” adlı essem də daxil edilmişdi. Yazıçı-jurnalist Sevinc Əliyevanın qələmə aldığı maraqlı və unudulmaz xatirələrlə zəngin kitabın araya-ərsəyə gəlməsində böyük zəhmətə qatlaşan Nazilə xatunun öz həyatı və qürbət diyarda göstərdiyi fədakarlıqlar da yazılmamış bir romandı...
Almaniyada fəaliyyət göstərən Şimali Reyn -Vestfaliya əyaləti Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Atatürk Kültür Dərnəyinin fəal üzvü olan Nazilə Bəşirova təkcə yaşadığı ölkədə deyil, eyni zamanda Fransada, Belçikada və Avropanın iri şəhərlərində Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı mitinq və tədbirlərin fəal təşkilatçılarından biridir. Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə xanım Tağıyeva, Nazilə xatun və Almaniyada yaşayan digər soydaşlarımız Xocalı soyqırımı haqqında Avropa ictimaiyyətinin geniş məlumatlandırılması istiqamətində ictimai- siyasi tədbirlər keçirir, həmçinin xalqımızın dövlət və dini bayramlarının, əlamətdar günlərinin ildönümlərini yüksək səviyyədə qeyd olunması üçün birgə səy göstərirlər.
Cəmiyyəyin xətti ilə keçirilən mədəni-kütləvi tədbirlərdə Vətəndən uzaqda dünyaya göz açan yeniyetmə və gənclərə milli adət-ənələrimiz, mənəvi dəyərlərimiz aşılanır. Novruz bayramlarında Almaniyanın müxtəlif şəhərlərində keçirilən el şənlikləri və toy məclislərində Azərbaycan-türk xanımlarının müxtəlif rəngli al-əlvan kəlağayıdan, milli paltarlardan sevə-sevə istifadə etməsində və milli xörəklərin hazırlanmasında Nazilə xatunun əvəzsiz xidmətləri böyük rəğbətlə qarşılanır. Genzel Kierche səhərində yaşayan ərkivanlı Nazim Qənbərovun qızı Aytən xanımın toyu isə orijinallığı ilə seçilən “Masallı toyu” kimi yaddaşlarda qalıb.
Kəlağayı- gözəllik, incəlik və zəriflik rəmzidir
Nazilə xatunun kolleksiyasında təbii ipəkdən hazırlanmış rəng çaları müxtəlif olan 40 - dan çox kəlağayı var. Deyir ki, kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, Odlar Yurdu Azərbaycanımızın qədim tarixini, mədəniyyətini, mənəvi irsini, adət-ənənələrini yaşadır. “ Əxlaq mücəssiməsi və zəriflik rəmzi olan kəlayağını qoruyaraq nəsildən-nəsilə ötürməyi mən də özümüzə mənəvi borc bilirəm!..” Nazilə xatun kəlağayını tərənnüm edən çoxlu deyimlər, şeir və nəğmələr bilir. Almaniyada xınayaxdı və toy mərasimlərində adətən, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bəstələdiyi musiqinin sədaları altında azərbaycanlı şairə Aynur Qafarlının qələmə aldığı “Kəlağayım” şeirini söyləyir:
Səni örtüb cavan, qarı,
Ay elimin milli varı.
Nənələrdən qalan payım,
Kəlağayım.
Daim sənlə öyünmüşəm,
Mən bəxti çox yeyinmişəm.
Vallah səni geyinmişəm,
Gözəllikdə yoxdu tayım,
Kəlağayım.
Qürurusan ataların
Yellənirsən narın-narın.
Üstündəki butaların
Tarix kimi qədim, qayım,
Kəlağayım.
Eşqə mayak, gur işıqsan,
Sən bir sülhsən, barışıqsan,
Qadınlara yaraşıqsan.
Qoy vəsfini elə yayım,
Kəlağayım.
Nur səndədi, ziya səndə,
Abır səndə, həya səndə,
Bəzək səndə, saya səndə.
Hansın deyim, hansın sayım,
Kəlağayım.
Əsrin dördə birini xarici ölkədə yaşamasına baxmayaraq Nazilə xatun qədim zamanlardan dilimizdə qız-gəlinə xüsusi müraciət formalarını da ənənə kimi yaşadır. Beləki o, yeniyetmə qızlara Banu, nişanlı və gənc ailə quranlara Bəyim, analara Xanım, nənələrə Xatun, ulu nənələrə Xanım-Xatun deyə xitab edir.
44 günün əks-sədası
Nazilə xatun Vətən müharibəsindən bəhs edən, Qarabağın dünənini və bu gününü əks etdirən kitabların, "İRS" jurnalınının alman dilində dərc olunan saylarının və başqa nəşrlərin Almaniyanın müxtəlif şəhərlərində təşkil olunan sərgilərində ölkəmizi layiqincə təmsil edir. Belə sərgilərə gələn yerli əhali, eyni zamanda, qonşu ölkələrdən gəlmiş qonaqlar və Avropada yaşayan soydaşlarımızdan ibarət olan kitabsevərlər Azərbaycan kitabına böyük maraq göstərirlər. Universitat Bielefelddə isə Azərbaycan mətbəxi ləziz nemətlərinə görə 12 ölkə arasında birinci yerə layiq görülüb. Sərgidə nümayiş etdirilən milli yemək nümunələrinin çoxunu Nazilə xatun hazırlamışdı. Onu da qeyd edim ki, qədim Bonn şəhəri daxil olmaqla Zəfər Günü Almaniyanın müxtəlif şəhərlərində qeyd olunub.
Nazilə xatun Herford şəhərindəki malikənəsini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib və geniş salonda 44 gün davam edən müharibədə canını Vətənə fəda edən qəhrəman şəhidlərimizin ruhuna ehsan süfərəsi açıb, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın əmin-amanlığı üçün diləklər və dualar edilib... Nazilə xatun deyir: “Tarixi qələbəmiz xarici ölkələrdə yaşayan soydaşlarımıza böyük ruh yüksəkliyi bəxş etdi. Biz bu sevinci bizə bəxş edən Azərbaycan əsgərlərinə borcluyuq. Cəmiyyətimizin və Atatürk Kültür Dərnəyinin üzvləri ağır yaralanan qazilərimizdən bir neçəsinin müalicəsinə maddi yardım göstərmişdir...”
Nazilə Bəşirovanı tanıyanlar onu gülləri, çiçəkləri necə sevdiyini yaxşı bilirlər. Geniş bağında nəvazişlə əkib-bəslədiyi rəngbərəng güllər-çiçəklərlə yanaşı meyvə ağacları, bostan- tərəvəz bitkiləri və 27 növ göyərti ləkləri göz oxşayır... Nazilə xatunun İki nəvəsi İstanbul Yedditəpə universitetini bitirib. Digər nəvələri Almaniyada bakalavr və magistr təhsili alıblar.
Ulu nənə olmağa hazırlaşan Nazilə xanım gənclik həvəsi ilə nəinki Almaniyada, Azərbaycana gələndə də milli adət-ənələrimizi yorulmadan təbliğ edir. Bu günlərdə Bakıda “Gənclik” şadlıq sarayında keçirilən toy mərasimində özü ilə gətirdiyi kəlağayıları tanıdığı xanımlara verib və onlarla birgə rəqs edərək məclisə xususi rəng qatıb. Nazilə xanımın həm çıxışı, həm də hazırladığı mükəmməl rəqs kompozisiyası şadlıq sarayının işçilərini, musiqi kollektivini heyrətə gətirib: “Biz hələ ömrümüzdə belə maraqlı, adət-ənələrimizə önəm verilən möhtəşəm toy görməmişdik” deyiblər...
Nazilə xatunla Bakını gəzə - gəzə söhbət edirik. Gerçəkdən o mənə dastanlarımızdakı qəhrəman qadınları xatırladır. Deyir ki, mən elə uşaq çağlarımdan bütün tədbirlərdə fəal olmuşam. “Hələ məktəbli ikən oğlanlarla bərabər 1 may nümayişində, velisoped yarşlarında iştirak etmişəm...”
Almaniyada Azərbaycan naminə fəaliyyəti isə bir kitaba sığmaz! Bəli, jurnalist həmkarım Sevinc xanım demişkən, Nazilə xatunun əməllərindən onun hansı ailəyə aid olduğu bir daha özünü büruzə verir. Vətənpərvərlik, xalqa, torpağa, milli adətlərimizə sevgi onun soy kökündən, nəsil şəcərəsindən gəlir. Mirzə Nəzir müəllimin ailəsində tərbiyə alan, onun əxlaq dərsindən bəhrələnən bir İNSANDAN ancaq yaxşı işlər gözləmək olar...
Vidalaşma zamanı dedim:- Yaxşı YOL Nazilə xatun, xalqımızın dəyərli qızı, qürbət diyarda qeyri-rəsmi səfir kimi fəaliyyətinizdə sizə uğurlar olsun!..
Cenub.az üçün hazırladı: Nurəddin Ədiloğlu.