Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nə yeyirsən, balası? – Doğum evindən başlayan BÖYÜK TƏHLÜKƏ


“Bu problemlər özünü 40 yaşdan sonra göstərəcək”

Budəfəki araşdırma mövzumuz körpələrin, eləcə də uşaqların qidalanmasında istifadəsinə üstünlük verilən süni qidalardır.

Bir neçə ildir ki, istər özəl, istər dövlət müəssisələrinin doğum şöbələrinin əksəriyyətində yenidoğulmuşların qidalanmasında süni qida qarışımlarından geniş istifadə edilir və sonra da istifadə edilməsi üçün analara tövsiyə edilir. 

***

Maraqlıdır, hazırda Azərbaycanda satışda olan süni uşaq qidaları haradan ixrac edilir? Onların keyfiyyəti qənaətbəxşdirmi? Ümumiyyətlə, süni qidaların verilmə qaydaları necə olmalıdır?

PressKlub.az-ın suallarını cavablayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov bildirib ki, uşaq üçün ən yaxşı qida ana südüdür:

“Bütün uşaqlara 6 aya qədər, su daxil olmaqla, əlavə heç nə verilməməlidir. Uşaq doğulduğu an ilk olaraq ananın döşünə tutulmalı və əmizdirilməlidir. Dünyada ana südünü əvəz edə biləcək uşaq qidası yoxdur. Bütün dünyada birinci yerdə ana südüdür. Hansı həkim desə ki, bu süni qida ana südünü əvəz edə bilər, tamamilə yalandır. Həkim məcbur qaldıqda – yalnız ana südünü əvəz etmək süni qida tövsiyə edə bilər”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti valideynlərə tövsiyələrini verib:

“Ana südü uşaq ölümlərini azaldan amillər içərisində ən əsas komponentlərdən biridir. Valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünüb, sonra bu addımı atmalıdır. Əgər ananın südü azalıb və ya kəsilibsə, süni qidaya qaçmaq yox, səbəbləri araşdırmaq lazımdır. Həmçinin hazırda bir çox valideynlər uşaqlarına meyvə şirələri verirlər. Bunu da məsləhət bilmirik. Onlara meyvənin şirəsi yox, özü xeyirlidir. Ona görə də meyvə ləti və şirəsi ilə birlikdə istifadə edilməlidir.

Ana südündən uşaqlara qoruyucu hüceyrələr keçir ki, süni qarışımlarda bu yoxdur. Ona görə də süni qarışımlarla qidalanan uşaqlar daha tez-tez xəstələnir, allergik xəstəlikləri daha çox olur, kökəlməyə daha meylli olurlar və s. Ana südü ilə bağlı dəfələrlə elmi araşdırmalar aparılıb. Onların birinin nəticəsində bəlli olub ki, ana südü ilə qidalanan uşaqların İQ (İntelligence Quotie – intellekt əmsalı) səviyyəsi daha çoxdur.

Qeyd edim ki, hazırda Azərbaycanda, digər ölkələrdə olduğu kimi, ana südünün istifadəsi qənaətbəxş deyil. Bunun üçün maarifləndirmə daha çox olmalı, təbliğat işləri aparılmalıdır”.

E.Rəhimov əlavə edib ki, Azərbaycanda satılan süni qarışımların bir çoxu keyfiyyət baxımından dünya standartlarına uyğundur:

“Avropadan, Rusiyadan, Amerikadan və digər ölkələrdən ölkəmizə süni qidalar gətirilir. Onların ölkəyə gətirilməsinə, saxlanılma qaydalarına isə ciddi riayət edilir. Buna nəzarət edən xüsusi qurumlar var ki, onlar tərəfindən məhsulların keyfiyyətlərinə baxılır, rəy verilir və satışa icazə verilir”.

***

Hazırda süni qida qarışımları ilə birlikdə müxtəlif markalı hazır meyvə, tərəvəz püreləri, sıyıqlar da satılır. Onları alıb istifadə edən valideynlərin də sayı çoxdur. Sözügedən qidaların uşaqlara nə kimi təsirləri ola bilər? Ümumiyyətlə, uşaqların qidalanması ilə bağlı hansı işlər görülür və görülməlidir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli PressKlub.az-a açıqlamasında bildirib ki, süni şəkildə hazırlanan istənilən qida əlavələri təbii ana südünü əvəz edə bilməz:

“Həmçinin südəmər dövrdən sonra da evdə hazırlanan təbii qidalardan uşaqlara verilməlidir. Çünki süni qidaların uzun müddət ərzində xarab olmaması üçün onlara müəyyən konservantlar əlavə edilir. Sözügedən əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir. Süni qidaların tərkibində olan dadlandırıcılar piylənməyə, eləcə də şəkərli diabetin yaranmasına səbəb ola bilər. Bütün bunlar uzun müddət ərzində olduğu üçün insanlar bunu müşahidə etməyə bilər. Sözügedən problemlərin aşkara çıxması xüsusən 40 yaşdan başlayaraq və ya daha erkən dövrdə də baş verə bilər”.

M.Məmmədli qeyd edib ki, hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri körpələrin daha çox ana südü ilə qidalanması məsələsidir:

“Buna misal olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə icrasına başladığı “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində atılan addımları göstərmək olar. Sözügedən təşəbbüs çərçivəsində müxtəlif xəstəxanalarda ana südü ilə qidalanma təşviq edilir.

Körpələrin ana südü ilə daha çox qidalanmasına nail olmaq üçün mərhələli şəkildə iş aparılmalı, süni qidalardan istifadə minimuma endirilməlidir”.

Deputat əlavə edib ki, ilkin növbədə valideynlər daha çox maarifləndirilməlidir:

“Xüsusən də qadınlarla daha çox işləmək lazımdır. Onların uşağın düzgün qidalanması ilə bağlı məlumatlanmasına evlərdən, məktəblərdən başlanılmalıdır. Daha sonra isə sahə həkimləri, ginekoloqlar onlara tövsiyələrini verməlidirlər. Bundan başqa, özəl və dövlət xəstəxanalarında süni qidaların reklamlarının qarşısını almaq üçün çox çalışmalıyıq. Ancaq bunlar olduğu təqdirdə uşaqların qidalanması ilə bağlı yeniliklər əldə etmək olar”.

***

Pediatr Aytən İsmayılzadə ilə söhbətimizdə uşaqların düzgün qidalanması ilə yanaşı, doğum şöbələrinə süni qidaların girişindən, valideynlər arasında təbliğatından və bu istiqamətdə hansı işlərin görülə biləcəyindən bəhs etdik.

A.İsmayılzadə PressKlub.az-a açıqlamasında bildirdi ki, süni qidaların təbliği ilə mübarizə daimi olmalıdır:

“Çünki hər gün neçə-neçə uşaqlar dünyaya gəlir və süni qida ilə qidalanırlar. Analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmır. Yeni doğulmuş körpənin ilk olaraq ana südü alması, ilk saatlarda əmizdirilməsi onun sağlamlığı üçün çox vacibdir. Bu, danılmaz faktdır. İstər özəl, istər dövlət xəstəxanalarının doğum şöbələrində isə bunun tam əksi baş verir. Ana südü olduğu halda, körpəyə ən azı 3 gün süni qida verilir. Bunun sonrakı fəsadlarını isə biz pediatrlar görürük. Uşaqlar ana südündən imtina edir, həzm problemləri yaşayır, allergik vəziyyətlərlə tez-tez rastlaşırlar.

Analara deyirlər ki, uşağın sarılığı var və ana südü olmaz. Amma fizioloji sarılıq zamanı uşaq tez-tez döşə qoyulmalıdır ki, sarılığı tez getsin. Valideynlərdən eşidirəm ki, bəzən onlara deyirlər ki, qeysəriyyə əməlliyyatı olmusan və süd verə bilməzsən. Bəzən isə anaları südün keyfiyyətsiz olması barədə qorxudurlar. Keyfiyyətsiz süd olmur. Hər ananın südü övladı üçün ən gözəl, sağlıqlı qidadır. Bu söhbətlərin hamısı əsassızdır. Reanimasiyada olanda da uşağa süd vermək olar. Bunun üçün çətinlik çəkə bilərsiniz, ancaq sizə yardımçı ola bilərlər. Uşaq bətndən çıxanda süd də çıxmağa hazır olur. Süd yoxdur deməyin. Bir damcı ilk süd belə yetərlidir. Doğulanda uşağın mədəsi ilk gün fındıq boyda olur, ona görə də onun doyması çox asandır”.

Pediatr süd bankının yaradılması təklifi ilə çıxış edib:

“Hazırda qan bankı, orqan bankı, sperma bankı və s. var. Düşünürəm ki, ana südü bankı da mümkün ola bilər. Heç olmasa, ilk doğum üçün hər doğum evini tərk edən ana ondan sonra doğum edəcək ana üçün hədiyyə kimi bir konteyner süd qoya bilər. Bununla da doğum evindəki süni qida bazarı iflasa uğraya bilər.

Doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılması, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsi daha məqsədəuyğun olar”.

***

Süni qidaların qiymətləri də “əl yandırır” desək, yanılmarıq. Bəs nə üçün qiymətlər belə bahadır? Sözügedən qidaların saxlanma şəraitlərinə düzgün əməl olunurmu?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov PressKlub.az-a açıqlamasında bildirib ki, qurum ana südü ilə əmizdirməyə dair International Baby Food Action Network (IBFAN) beynəlxalq təşkilatının üzvlərindən biridir:

“AİB Azərbaycanda ana südü ilə qidalanmanın lobbiçiliyini aparan təşkilatlardan biridir. Təəssüf ki, ölkəmizdə ana südü ilə qidalandırma faizi (40-45 %) hətta Mərkəzi Avropa ölkələrindən də geridə qalır. 

Azərbaycanda erkən yaşlı körpələrin qidalandırılmasına dair 10 il əvvəl qanun qəbul olunub. Həmin qanunun tələblərində süni uşaq qidalarının gətirilməsi, satılması, distributor məsələlərində çoxsaylı məhdudiyyətlər var. Eləcə də Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmizdirməyə dair konvensiyasının maddələrində var ki, qida distributorları ilə pediatrların əlaqəsi qadağan olunmalıdır. Həmçinin, sözügedən konvensiyada süni qidaların reklamları ilə bağlı şərtlər də mövcuddur. Bütün bunlara baxmayaraq, vəziyyət olduqca gərgindir”.

AİB sədri qeyd edib ki, ana südü ilə qidalandırma nə qədər az olarsa, süni qidaların satışı da o qədər çox irəliləyəcək:

“Təsadüfi deyil ki, ölkədə körpə qidalarının qiymətləri əhalinin cibinə uyğun deyil. Qiymətin baha olmasına səbəb isə qida distributorları ilə pediatrların əlaqəli işləməsidir. 

Bizə gələn şikayətlərin təhlili göstərir ki, Azərbaycanda doğum evlərində körpə dünyaya gələn ilk vaxtlardan onlara süni qida verilir. Bu da süni qidaların artıq doğum evlərinə girişini göstərir. Uşaqlara süni qida veriləndən sonra isə onlar əmziklə daha rahat içməyə öyrənirlər və ana südünə maraq göstərmirlər. Həmçinin, körpə qidaları 20 dərəcədən aşağı temperaturda saxlanmalı olsa da, bu tələbə əksər hallarda əməl olunmur. Xüsusən də yay aylarında süni qidaların saxlanması qaydalarına riayət edilmir. 

Hazırda ölkədə süni qidalarla bağlı problemlər hədsiz çoxdur. Ümid edirəm ki, qısa müddət ərzində məsələyə baxılacaq. Bizim gələcəyimiz uşaqlardır, onların sağlamlığı üçün bu problemləri aradan qaldırmalıyıq”.

***

Son olaraq uşaq qidalarının qiymətləri ilə maraqlandıq. Qeyd edək ki, uşaq mağazalarında, apteklərdə, marketlərdə qidaların qiymətləri arasında fərqlər mövcuddur.

350 qramlıq “Nutrilac” 9 manatdan, “Nutriac Premium” 11 manatdan, 300 qramlıq “Similac Classic” 11 manatdan, 400 qramlıq “NAN” 13 manatdan, 350 qram “Hipp” 17 manatdan, 300 qram “Humana” 12 manatdan, 350 qram “Aptamil” 17 manatdan, 400 qram “Kabrita” 45 manatdan başlayaraq təklif edilir.

Bir ailənin ay ərzində 10-15 qutu süni qida aldığını nəzərə alsaq, bu, aya 100-150 manatdan çox edir. Əlavə olaraq, uşaqlar üçün satılan sıyıq növlərinin qiymətləri 3-4 manatdan başlayır. Meyvə, tərəvəz pürelərinin də qiyməti 1.70 manatdan başlayaraq dəyişir.

Bütün bu xərclərdən əlavə, uşaq bezlərini, uşağın geyimlərini, gigiyenik vasitələri, həkim xərclərini də əlavə etsək, aylıq bir uşaq üçün 300 manatdan artıq vəsait tələb olunur.

Unutmayın ki, övladlarınıza ana südü verməklə, təbii qidalardan yeməklər, pürelər hazırlamaqla cibinizə qənaət etməklə yanaşı, həm də onların sağlamlığının keşiyində durmuş olursunuz.

Şəfəq





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10