Mehman Əliyev: “Onlar qeyd etdilər ki, Paşinyan əslində Azərbaycanla real sülhün yaranmasına meyllidir, əməkdaşlıq münasibətləri qurmağı istəyir”
Ötən həftə Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın siyasi ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəliblər. Əvvəlcədən hər hansı məlumat yaylmayan görüş Gürcüstanın Kaçreti bölgəsində baş tutub. “Commonspace.eu” saytında yayılan şəkildən məlum olur ki, görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Ermənistan tərəfdən isə siyasi ekspert Stepan Qriqoryan, akademik Aleksandr Manasyan və digərləri iştirak ediblər.
Bildirilir ki, müzakirədən əvvəl görüş iştirakçıları 44 günlük Qarabağ müharibəsində həlak olan ermənilərin və azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Seminar, Avropa Birliyinin dəstəyi ilə “LINKS Europe” tərəfindən Ermənistanın Siyasi, İqtisadi və Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Qafqaz Siyasi Təhlil Mərkəzi ilə birlikdə təşkil edilib.
Qeyd edək ki, “LINKS Europe” 1997-ci ildən bu yana Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir. Məlumata görə, sözügedən görüş konstruktiv şəraitdə keçib. İştirakçılar Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini, sülh məsələlərini, münaqişə problemlərini, 44 günlük müharibədən sonra sülh perspektivlərini dəyərləndiriblər. Hazırda müzakirə olunan müxtəlif sülh təşəbbüsləri müsbət qiymətləndirilib. Görüş zamanı prosesinin inkişaf etdirilməsi razılaşdırılıb. Bunun üçün işçi qrupu yaradılıb. Görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə ofisinin nümayəndələri də iştirak ediblər.
Gürcüstanda baş tutan təmaslarda iştirak edən “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev görüşlə bağlı AYNA-nın suallarını cavablandırıb. M.Əliyev bildirib ki, tədbirin ilk günü danışıqlar ikitərəfli formatda olub:
-Yəni ki, Azərbaycan və Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirələr oldu. İkinci günü isə danışıqlara gürcülər də qatıldılar və artıq format üçtərəfli oldu. Görüşə Gürcüstan rəsmilərindən xarici işlər nazirinin birinci müavini, Ermənistan rəsmilərindən isə bu ölkənin Nazirlər Kabinetinin İctimaiyyətlə Əlaqələr Şövəsinin əməkdaşı qatılmışdı. Biz tərəfdən isə rəsmi şəxs iştirak etmirdi. Bu görüşə müzakirə yox, daha çox fikir mübadiləsi adı vermək olar. Postmüharibə dövrünün prioritetləri ətrafında fikir alış-verişi aparıldı. Biz daha çox kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası mövzularına üstünlük verirdik. Bir də ki, dövlətlərin bir-birini tanıması, ərazi bütövlüyünə hörmət etməsi məsələsini qaldırdıq. Ermənistan tərəfindən olan ekspertlərin qaldırdığı mövzular isə daha çox keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin taleyi, oradakı erməni əhalisinin statusu, onların gələcəyi ilə bağlı məsələlər idi. Ermənilər əsas müzakirə mövzusu kimi bu məsələlərə üstünlük verirdilər. Bir nüansı da deyim: onlar qeyd edirdilər ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatda konkret göstərilməyib ki, filan dəhliz açılmalıdır və s. Bildirirdilər ki, ümumilikdə söhbət kommunikasiyaların açılmasından gedir. Biz isə bunun yalan olduğunu bildirdik və diqqətə çatdırdıq ki, sənəddə konkret olaraq Azərbaycanı Naxçıvana birləşdirən yolun açılması qeyd edilib. Yəni danışıqlar bu mövzular ətrafında oldu.
- Görüşü səmərəli sayırsınızmı?
- Hesab edirəm ki, biz kifayət qədər konstruktiv mövqe nümayiş etdirdik. Özümüzü qalib tərəf kimi nümayiş etdirmirdik, üstdən aşağı baxmadıq. Sadəcə olaraq, erməni tərəfindən olanları konstruktiv dialoqa dəvət etdik, başa saldıq ki, niyə kommunikasiyalar açılmalıdır, Zəngəzir dəhlizi niyə vacibdir və s. Məsələn, mən bildirdim ki, kommunikasiyaların açılması təkcə Azərbaycan üçün vacib və prioritet deyil, bu, beynəlxalq qüvvələr, transmilli şirkətlər üçün vacibdir. Əslində Zəngəzur dəhlizindən, digər kommunikasiyalardan dünyadakı maraqlı qüvvələr istifadə etmək istəyirlər. Çünki bu dəhlizlər Avropadan Asiyaya, Şimaldan Cənuba hərəkətə imkanlar yaradır. Ona görə də, bu, çox ciddi məsələdir. TRASECA layihəsi var, Çinin “Bir kəmər, bir yol” layihəsi var ki, bunlar gəlib məhz Zəngəzur dəhlizi məsələsində düyünlənir. Mən ermənilərə dedim ki, bu məsələlərə daha ciddi baxmalıdırlar. Bu təkcə Ermənistan-Azərbaycan məsələsi, problemi deyil. Açıq şəkildə bildirdim ki, Ermənistan o yolu açmasa, Azərbaycana həyati əngəl olmayacaq. Çünki Naxçıvan faktiki olaraq qazla da, yanacaqla da təmin olunur. Naxçıvanın Türkiyə və İranla ticarət əlaqələri var. Amma kommunikasiya olaraq Azərbaycan və əsasən də dünya üçün ciddi problemdir.
- Erməni vətəndaş cəmiyyəti nümayəndələri ilə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında “Xalq diplomatiyası” çərçivəsində əvvəllər də təmasları olmuşdu. Hansı ki, o zaman Qarabağ işğalda idi. Erməni nümayəndələrin əvvəlki ilə indiki davranışları, ritorikaları arasında fərq müşahidə etdinizmi?
- Əlbəttə, onların yanaşmalarında dəyişiklik çoxdur. Əvvəlcə ölkələrinin işğal etdikləri və işğalda saxlaya bildikləri Azərbaycan əraziləri var idi. Və içlərində “qalib sindromu” mövcud idi. İndi bu hal gündəmdən çıxıb. İndi müharibədə məğlub olmuş, işğalda saxladığı ərazilər əllərindən çıxmış, zəif, ideyaları deformasiyaya uğramış bir dövlətin nümayəndələridirlər. Bu baxımdan, əlbəttə, indiki yanaşmaları fərqlidir. Amma biz qalib ədası ilə danışmadıq. Sadəcə onlara göstərmək istədik ki, reallıqlar var və bu reallıqlarla barışmaq lazımdır. Bildirdik ki, mövcud vəziyyətə, beynəlxalq maraqlara daha geniş şəkildə yanaşmaq vacibdir. Orada fikirlər səsləndirildi ki, bu cür dialoqlar, birlik Qafqaz regionuna böyük faydalar verə bilər. Məsələn, qeyd edildi ki, Avropa Birliyi 2050-ci ilə qədər regionda kommunikasiya xətlərinin inkişafına 40 trilyon dollar vəsait ayırmaq istəyir. Bu çox ciddi məsələdir və onu göstərir ki, kommunikasiyalar məsələsi dünya gündəliyinin ən mühüm məsələlərindən biridir. Bir sözlə, maraqlı fikir mübadiləsi aparıldı.
- Erməni vətəndaş cəmiyyəti nümayəndələri reallığı dərk edirlərmi?
- Mən belə başa düşürəm ki, onlar yol axtarışındadırlar. Fikirləşirlər ki, münasibətləri necə qursunlar, vəziyyətdən necə çıxsınlar. Məsələn mənim söhbətlərim oldu, onlar qeyd etdilər ki, Ermənistan Baş naziri Nikol Paşinyan əslində Azərbaycanla real sülhün yaranmasına meyllidir, əməkdaşlıq münasibətləri qurmağı istəyir. Ermənilər bunu sonra öz aramızda danışanda qeyd edirdilər. Amma məndə olan məlumata görə, ora başqa erməni QHT nümayəndələri də dəvət olunub. Sadəcə çoxusu çəkinib, imtina edib. Qorxublar ki, Ermənistanda qınaq obyektinə çevriləcəklər. Bizimlə görüşdə iştirak edənlər belə deyək ki, cəsarət nümayiş etdiriblər.
- Necə fikirləşirsiniz, erməni cəmiyyəti sülhdə, əməkdaşlıqda maraqlı görünürlərmi?
- Onlar dərk edirlər ki, mövcud vəziyyət var və bunu qəbul etməlidirlər. Düzdür, deyirdilər ki, “toparlana bilərik”, “Allah bilir sabah nə olacaq, vəziyyət dəyişə bilər” və s. Lakin reallığı dərk edirlər və başa düşürlər ki, bir yolları qalıb – sülh və əməkdaşlıq. Bunu başa düşürlər, başqa variantlarının olmadığını anlayırlar. Hesab edirəm ki, proses bu istiqamətdə də gedəcək. Əlbəttə, bütün hallarda çox şey rəsmi danışıqlardan asılıdır. Məsələn, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşü gözlənilir. Ermənilərin yanaşmasına görə, liderlərin görüşünün nəticələri müsbət olarsa, o zaman sülhə doğru proses daha aktiv gedə bilər. Yenə deyirəm, erməni vətəndaş cəmiyyətində qorxu var ki, sülhlə, əməkdaşlıqla bağlı təmaslarda, görüşlərdə iştirak etsələr, onlara xalq düşməni deyəcəklər.
Sonuncu gün, şam yeməyi zamanı bildirdilər ki, onlar üçün bizimlə görüş xoş olub. Bildirdilər ki, əslində başqa şey gözləyirmişlər. Onlar elə bilirmişlər ki, biz görüşdə qalib ölkənin vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq başlayacağıq yuraxıdan aşağı baxmağa, bir nöz lağ edəcəyik və s. Gördülər ki, yox, biz hörmətsizlik etmədik. Bizim məqsədimiz sülh prosesinin tezliklə əldə olunmasına töhfə verməkdir.
- Dediyimiz kimi, əvvəl də bu tipli görüşlər keçirilib, amma nəticəsini görməmişik. Yeni reallıqlar şəraitində vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün nəticələri nə olacaq?
- Əvvəl işğal olunmuş torpaqlarımız var idi və ermənilər hesab edirdilər ki, Azərbaycan ərazilərini hərbi yolla azad edə bilməz. Düşünürdülər ki, ancaq danışıqlar yolu ilə, o da ki, keçmiş Dağlıq Qarabağın ətrafındakı 5 rayon qayıda bilər. Ona görə də, ikinci müharibədən əvvəlki görüşlərin hansısa müsbət nəticəsi ola bilməzdi. Həttə bəzən deyirdilər ki, “bacarırsınız gəlin, alın”. Məsələn, bu tipli ritorikadan istifadə edirdilər. İndi isə vəziyyət fərqlidir, əllərində olanlar yoxdur. Əslində vəziyyət onlar üçün daha da pisdir. Nəinki ətrafı rayonlar, keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsini də Azərbaycan azad edib. Yəni ki, ermənilər hərtərəfli məğlub durumdadırlar. Bu səbəbdən də onlar daha çox meyillidirlər ki, danışıqlar aparsınlar, nəsə əldə edilməsində iştirakçı olsunlar. Yenə deyirəm, hər şey rəsmi səviyyədə aparılan danışıqlardan asılı olacaq. Çünki ola bilsin, nə sabah Azərbaycan hakimiyyəti, nə də Ermənistan hakimiyyəti vətəndaş dialoqunda maraqlı olsun.
- Növbəti belə görüşlər planlaşdırılıbmı?
- Bəli, belə razılıq var ki, gələn ilin əvvəlində növbəti dialoq baş tutsun. Lakin yenə qeyd edirəm, bu təmasların nəticəsi, keyfiyyətli olması rəsmi səviyyəli danışıqlardan, razılıqlardan asılı olacaq. Hamı başa düşür ki, rəsmi razılıqlardan çox şey asılıdır.
- Sizcə, görüşdə iştirak edən erməni nümayəndələr öz cəmiyyətlərində sülhün vacibliyi barədə təbliğat aparacaqlarmı?
- Əslində onlar da, cəmiyyət də sülhün bərpa olunmasına hazırdırlar. Hamı bu vəziyyətdən bezib. İstəyirlər ki, məsələ bitsin. Amma rəsmilərin qərarı əsasdır. Dövlət səviyyəsində verilən qərara hər kəs dəstək verəcək. Əgər yuxarı səviyyədə müsbət qərarlar qəbul ediləcəksə, bizim cəmiyyət buna etiraz etməyəcək. Çünki istədiyimizi əldə etmişik. Qaldı ki, Ermənistan cəmiyyətinin fikrinə, onlar son parlament seçkilərində öz mövqeyini ifadə etdi. Paşinyan məğlub rəhbər olsa da, ermənilərin etimadını qazandı. Görünür cəmiyyət Paşinyana inanır. Ona görə də onun verdiyi qərarı dəstəkləyəcək.
Müəllif: Anar Bayramoğlu