Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnhisarçılıq sahibkarlığı çökdürüb


On milyonluq ölkədə sahibkarlıq subyektlərinin sayı 150 minə çatmır, onların mütləq əksəriyyəti isə Bakıda fəaliyyət göstərir

Dövlət Statistika Komitəsinin (DSK) 2021-ci ilin ilk yarısını əhatə edən məlumatlarına əsasən ölkədə 143 min 928 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onların əksəriyyəti sayı 133 min 844-ə bərabər olan mikro sahibkarlıq subyektləridir. Yəni ölkədəki hər 100 sahibkarlıq subyektindən 93-ü mikro sahibkardır. 
Bu ilin 6 ayının nəticələrinə görə, kiçik sahibkarlıq subyektlərinin sayı 6284, orta sahibkarlıq subyektlərinin sayı 2659, iri sahibkarlıq subyektlərinin sayı isə 601-dir. Bu sahibkarların, eləcə də fiziki şəxslərin ödədikləri vergilər büdcənin təxminən 40 fazini təşkil edir. İldən-ilə verginin büdcə qarşısında öhdəliyi artır, sahibkarların vəziyyəti nə qədər pis olsa da, Dövlət Vergi Xidməti qoyulan tapşırığı yerinə yetirir. Məsələn, bu ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3,11 milyard manatdan çox vəsait daxil olub ki, bunun da 2,85 milyard manatı vergilər, 925,6 milyon manatı isə icbari dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır. Proqnoza 121,1% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72,4%-i qeyri-neft sektorunun, 27,6%-i neft-qaz sektorunun payına düşüb. 

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard  377 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. Proqnozlara görə, vergi sektorundan fiziki şəxslərin gəlir vergisi 1.150 milyard manat, hüquqi şəxslərin gəlir vergisi 2.144 milyard manat, əlavə dəyər vergisi 4.710 milyard manat, sadələşdirilmiş vergi 295 milyon manat, aksiz vergiləri 1.059 milyard manat, mədən vergisi 138 milyon manat, yol vergisi 114 milyon manat, hüququ şəxslərin əmlak vergisi 211 milyon manat, torpaq vergisi 45 milyon manat vergi əldə olunacağı proqnozlaşdırılır.  

Yuxarıda təqdim olunan rəqəmlərdən görünür ki, ölkədəki sahibkarlıq subyektlərinin əsas hissəsini mikro sahibkarlar təşkil edir. Hazırda fəaliyyət göstərən bütün sahibkarların 93 faizi məhz bu kateqoriyaya aiddir. Ölkədəki mikro sahibkarların 66 faizi paytaxt Bakının payına düşür.
Sahibkarlıq subyektlərinin beş faizini təşkil edən kiçik sahibkarların fəaliyyət istiqaməti, əsasən, ticarətdir. Kiçik sahibkarlıq subyektlərinin də 64 faizi paytaxtda fəaliyyət göstərir.

Digərlərinənəzərən xüsusi çəkisi nisbətən aşağı olsa da, illik 3-30 milyon manat gəlirləri olan orta sahibkarlıq subyektləri də ən çox ticarət sektorundadır – 19.6 faiz. Orta sahibkarlar arasında Bakıda olanların payı 59 faizə bərabərdir.

2021-ci il iyulun 1-dək ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0.4 faizini işçilərinin sayı 250-dən, gəlirlərinin isə 30 milyon manatdan çox olduğu iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi ticarət (17.6 faiz), emal sənayesi (16.6 faiz), tikinti (12.2 faiz) və nəqliyyat, anbar təsərrüfatı (8.7 faiz) sahələrində yaradılıb.

İri sahibkarların fəaliyyət yeri baxımından Bakı və regionlar arasında fərq digər kateqoriyalardan böyükdür. Hazırda ölkədəki iri sahibkarların təxminən hər dördündən üçü (73 faiz) məhz paytaxtdadır. 

İri sahibkarlarla bağlı diqqətçəkən daha bir məqam illik gəliri 30 milyon manatdan çox olan şirkətlərin sayının son bir il ərzində 11 faiz azalmasıdır. Belə ki, ötən ilin iyulunda bu rəqəm 673-ə bərabər idi. İqtisadi fəaliyyət növləri üzrə bir il ərzində ən çox azalma tikinti sektorunda qeydə alınıb. Əgər ötən il bu sahədə 101 iri şirkət fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 73-ə enib. 

Rəqəmlərən çıxan nəticə ondan ibarətdir ki, 5.2 milyon nəfər əmək qabiliyyətli əhalinin yaşadığı ölkədə sahibkarların sayı olduqca azdır. Eyni zamanda, paytaxt Bakı ölkənin əlavə dəyər yaradan yeganə şəhəridir. İri və orta vergi ödəyicilərinin 65 faizindən çoxunun paytaxta yerləşməsi regionların ÜDM-in formalaşmasında cüzi rol oynadığını göstərir.  

İqtisadçı alim Qubad İbadoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, bu göstəricilər Azərbaycanda iqtisadi azadlıqların olmadığını təsdiqləyir. Onun sözlərinə görə, iqtisadi azadlıq indeksləri yüksək olan ölkələrdə bu göstəricilər dəfələrlə çoxdur: 

“Çünki onlarda dövlət vətəndaşların azad təşəbbüskarlıq hüququnu tanıyır, şərait yaradır, kredit verir və s. Eyni zamanda, müstəqil məhkəmə hakimiyyəti azad biznesin, sahibkarlığın qarantıdır. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda sahibkarlıq ciddi şəkildə böhran keçirir. Həqiqətən də ölkədə sahibkarlarımızın vəziyyəti çox ağırdır”. 

Ekspert deyir ki, pandemiya dövründə onlayn ticarətlə, xidmətlə məşğul olanlar qazanc əldə edə bildilər, amma hazırda qazandıqlarını cərimələrin ödənilməsinə sərf edirlər: 

“Xüsusən, iaşə və xidmət sektorunda çalışanlar. Sahibkarlığın qarşısının bu şəkildə alınması ümumiyyətlə, orta təbəqənin formalaşmasına imkan vermir. Hakimiyyətin Azərbaycana vurduğu zərbələrin ən böyüyü ölkədə yeni mülkiyyətçilər və səhmdarlar sinfinin formalaşmasının qarşısını almaq, onu maksimum dərəcədə məhdudlaşdırmaqdır. Baxın, o zaman “Kapital Bank” “Paşa Holdinq” tərəfindən özəlləşdirilən zaman kollektivə 2 faizi qalmışdı, sonradan onu da aldılar. Yaxud Qaradağ Sement Zavodunu misal gətirmək olar. Elə bir vəziyyət yaradıblar ki, səhmdarlar da əllərindəki səhmləri satır. İmkan vermədilər ki, ölkədə yeni səhmdarlar, mülkiyyətçilər formalaşsın”.

Q. İbadaoğlu hesab edir ki, sahibkarlığın boğulması əslində siyasi məsələdir: 

“Çünki imkan versəydilər, Azərbaycanda orta təbəqə formalaşacaqdı. Bu zaman cəmiyyət həqiqətən bu tip məsələlərdə verilən qərarlara təsir etmək gücünə malik olacaqdı. Eyni zamanda, orta təbəqə dayanıqlı, təhlükəsiz iqtisadi sistem üçün çox önəmlidir”. 

Hazırkı şəraitə nəzər salan ekspert təəssüflə qeyd edir ki, Azərbaycanda iki təbəqə var: 

“Biri ifrat dərəcədə varlılardır, onların səsi bahalı gecə klublarından, barlardan, restoranlardan gəlir. İkinci qrup isə yoxsullardır, nə zaman klinikalara gedirsən, həkim kabinetlərinin qarşısında növbə tutublar, hər kəs dərdinə çarə axtarır. Bir qrup da var, gedir ASAN Xidmətə, notariusa, orada rüsum ödəyir, burada haqq verir, nə iləsə məşğul olmağa çalışır…” 

Turqut





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10