Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

O taylı – bu taylı Azərbaycan mediası: Xatirə Sadiqin CİDDİ ARAŞDIRMASINDA


Sosial media şəbəkələrinin və “Youtube” kimi videohostinqlərin meydana çıxması jurnalistikanı və jurnalistləri müxtəlif məmurların və oliqarxların “buyruq qulu”na çevirməkdən xilas edib. Buna şübhə yoxdur.
Artıq peşəkar jurnalistlər üçün rəhbərin (patronun, bossun) qəbuledilməz şərtləri altında çalışmasına lüzum qalmayıb. Məsələn, Türkiyə və Rusiyanın tanınmış jurnalistləri “Youtube”da populyar kanallar yaratmağı bacarıblar. Hazırda həmin kanal abunəçilərinin və yayınlarının izlənmə sayı milyonları keçir. Bu, blogerlərə də aiddir. Tanınmış rus bloger Aleksey Navalnının məşhur sarayla bağlı videoaraşdırmasının cəmi bir ay ərzində 106 milyon izləyici baxışı toplaması Rusiyada rekord göstərici hesab oluna bilər.
Belə kanallarda yerləşdirilən reklamlar da müəlliflərinə çoxlu pul qazandırır. Hətta bir sıra tv-lər bu jurnalistlərin çəkdikləri sənədli filmləri yüksək məbləğə almağa və öz efirlərində yayımlamağa məcbur olurlar.
İndi müxtəlif ölkələrdə, o cümlədən bölgələrdə cərəyan edən proseslər barədə dəqiq və dürüst informasiya almaq əlçatandır. Siyasi prosesləri təhlil etmək, müxtəlif fikirləri dinləmək çox asanlaşıb və doğru nəticə çıxarmaq artıq izləyicidən asılıdır.
Bəs azərbaycanlı jurnalistlərin və blogerlərin yaratdıqları internet tv-lər haqqında nə demək olar? Təəssüf ki, bizdəki teleməkan kimi, internet tv-lərin keyfiyyəti o qədər də ürəkaçan deyil. Əvvəla, bu seqmentə xaricə mühacirətə yollanan, işini daha çox avantürizm və uydurmalar üzərində quran, siyasi prosesləri bayağı şəkildə və nifrət zəminində təhlil etməyə çalışan, leksikonu qeyri-normativ sözlərdən ibarət olan mühacirlər başladıqlarından həmin proses uğurlu olmadı. Doğrudur, sonradan xaricdə yaşayan bəzi jurnalistlərin, tanınmış ekspertlərin və ölkəmizdəki bəzi qəzetlərin də öz fəaliyyətini internet tv sahəsinə keçirməsi bu sahədə bir qədər canlanma yaratdı. Amma bu kanalların da kifayət qədər populyarlıq qazana bilmədiyi ortalıqdadır. Halbuki, internet tv-lərinə hər kəsin çıxışının olması, protest elektoratının maraqlarının nəzərə alınması, istənilən fikrin sərbəst şəkildə səsləndirilməsi və sair kimi amillər onları daha cazibədar edə, meydanı ələ almaqda böyük köməklik göstərə bilərdi. Bunu kimsə Azərbaycan əhalisinin azlığı ilə izah edə bilər. Amma kontentlərindən asılı olmayaraq indiyədək 10 milyonluq əhalisi olan ölkənin internet tv abunəçilərinin sayının milyona çatmaması və ya milyonu keçməməsi çox düşündürücüdür.
İkincisi, danışıq tərzləri və baxışları ilə fərqlənən Aleksey Navalnını, Yuri Dudu və ya Ruhi Çeneti, tutaq ki, məmurların var-dövlətini araşdıran Mehman Hüseynov kimi blogerlə müqayisə etmək mümkündürmü? Əlbəttə ki, yox. Mehman Hüseynovun guya satirik üslubda təqdim etmək istədiyi araşdırmalar rus və türk blogerlərin araşdırmalarının yanında çox yoxsul görünür. Və yaxud “Radio Svoboda”da aparıcı Marina Mizinovanın “Youtube”da yayımlanan sarkazm dolu reportajlarını hansı jurnalistimizin reportajı ilə müqayisə edə bilərik?
Tamaşaçı auditoriyasının, xüsusilə də etirazçı elektoratın yerli tv-ləri izləmədiklərini iddia edən internet tv-lərinin durumu heç də ürəkaçan deyilmiş. Bunun üçün xarici ölkələrdən yayımlanan “Azad söz” tv (489 min abunəçi), “Azərbaycan Saatı” (261 min abunəçi), “Osmanqızı” tv (256 min abunəçi), “Düz danışaq” tv (42,2 min abunəçi), “Biz” tv (21.7 min abunəçi) və ölkəmizdən yayımlanan “Kanal13” (957 min abunəçi), “Reaksiya” tv (245 min abunəçi), “Musavat” tv (209 min abunəçi), “LAF” tv (117 min abunəçi), “Xural” tv (96,5 min abunəçi), Bumeranq tv (69,7 min abunəçi), “Pressklub TV” (44,3 min abunəçi), “Prime TV Azerbaijan” (11,9 min abunəçi) və “Red Line Channel”in (2,1 min abunəçi) göstəricilərinə nəzər salmaq kifayətdir.
“Osmanqızı” tv-nin ən çox baxışı olan buraxılışı “Ramiz Mehdiyevin getməsi hakimiyyətdə qüvvələr balansını necə dəyişir?” mövzusu ilə əlaqədar olub. 26 aprel 2017-ci il tarixində Youtube-da  yerləşdirilmiş videoya 4 il ərzində 948 041 baxış olub. Deyəcəksiniz ki, yəqin azərbaycanca yayımlanması auditoriyanın miqyasına təsir edir. Lakin ABŞ kimi ölkədən yayımlanan kanalın ingilis dilində olan videomüsahibələrinə baxışın ən yüksək göstəricisinin 7 minə yaxın olduğunu görəndən sonra bu fikirdən vaz keçəcəksiniz.

“Azərbaycan Saatı”nın “Nazir oglunun 41 milyonluq keyfi” başlıqlı sorğusu 7 il ərzində 1 milyon 809 min 290 baxışı keçib. “Düz danışaq” tv-nin 17 dekabr 2020-ci il tarixində “Youtube”da yerləşdirilmiş “Бениамин Погосян: взгляд на регион из Армении” videomüsahibəsinə baxış sayı 182 mini keçib.
Milyonluq baxış sayı baxımından “Musavat” tv-nin bəxti daha çox gətirib. Hərçənd, bunun  üçün kanal uzun müddət gözləməli olub. Bu kanalın ən populyar videosu 7 il öncə (13 oktyabr 2013-cü il) paylaşdığı “Mitinqdən sonrakı küçə davası” xəbəridir. Bu xəbərə indiyədək 1,7 milyon izləyici baxıb. 5 il öncə (7 may 2006-cı il) paylaşılan “İcra başçısının qəbulunda dəhşətli hadisə: Əlil gənc ölümdən döndü” xəbərinə 1,5 milyon baxış olub. 11 ay öncə (20 avqust 2020-ci il) paylaşılan “Lotu Quli”nin ölümündən dəqiqələr əvvəl görüntüsü-Qatili çəkib” süjeti 1 milyon 267 min 309, 9 ay öncə (8 oktyabr 2020-ci il) paylaşılmış “Azərbaycan ordusu düşmənin daha bir hərbçisini əsir götürdü” 1 milyon 125 min 107, 7 il öncə (16 fevral 2014-cü il) yerləşdirilmiş “Sovetski” ayağa qalxdı” xəbəri 1 milyon 33 min 789, “Möhtəşəmsən, Azərbaycan Əsgəri! Döyüşməyin də, əylənməyin də, rəqs etməyin də möhtəşəmdi!” xəbəri (5 fevral 2021-ci il) 1 milyon 24 min 782 baxış toplayıb. Fikir verirsinizsə, bunların hamısı xəbərdir. Milyonluq baxışı keçən videolar arasında siyasətçilər, ictimai və mədəniyyət xadimləri ilə müsahibələr və debatlar yoxdur.
“Reaksiya” və “Bumeranq” tv-lərin ən çox izlənən buraxılışları qalmaqallı açıqlamaları ilə tanınan Rəşid Mahmudovla əlaqədardır. Məsələn, “Reaksiya” tv-nin 2 il öncə “Youtube”da yerləşdirdiyi “Rəşid Mahmudov indi də Ərdoğandan danışdı” buraxılışına 1 milyon 541 min 489, “Rəşid Mahmudov indi də Putindən danışdı: “Lotusanmı?..” buraxılışına 1 milyon 228 min 741, “Bumerang” tv-nin 10 ay öncə “Youtube”da yerləşdirdiyi “Əli Həsənov, sən vicdansızsan” Rəşid Mahmudov” buraxılışına 505 min 513 baxış olub.

Təsisçiləri əsasən jurnalistlər olan “Pressklub TV”nin yaydığı tok-şouların, debatların, müsahibələrin izlənmə baxışı heç 200 minə çatmayıb. “Pressklub TV”də şoumen kimi məşhur olan Kamran Həsənlinin apardığı verilişlər və debatlar daha populyardır. “Babat debat”, “Üçbucaq” kimi verilişlərin izlənilmə baxışının ən yüksək göstəricisi 199 minə çatır.
“Xural” tv-nin izlənmə rekordu 100 mini keçib. “LAF” tv-nin ən populyar buraxılışı “Tural Abbaslı Hikmət Hacıyevə hansı sualı verdi?” mövzusunda olub. İzlənmə sayı 431 min 903-dür. “Biz” tv-nin “Hər kəsi heyran edəcək cəsarətli çıxış eşitmək istəyirsinizsə izləyin. Agentlər ifşa olunur” başlıqlı buraxılışına 78 685 izləyici baxışı olub.
“Red Line Channel”in “Media haqqında yeni qanun layihəsi ictimai müzakirəyə nə üçün çıxarılmır?” kimi vacib mövzusunu izləyənlərin baxış sayı cəmi …107-dir. “Naxçıvan koridorunu aça biləcəyikmi?” mövzusunda 19 may 2021-ci il tarixində yerləşdirilmiş videoya baxış sayı 360-a çatıb. Bu kanalda yalnız əndrəbadi açıqlamaları ilə yadda qalan Kəramət Böyükçölün “Azərbaycanlılarla ermənilər yenidən birgə yaşaya bilərmi?” və “Yazıçının müxalifliyi maddi məhrumiyyətlə bağlı deyil ki?” mövzularında videomüsahibələri 5 ay və 9 ay ərzində 28 min və 22 min baxış sayı toplayıb.
Maraqlıdır ki, hakimiyyətdəki başabəla ideoloqların siyasət meydanından uzaqlaşdırılmasından, ən əsası, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasından sonra internet tv-lərin fəaliyyətinə marağın azaldığı müşahidə olunmaqdadır. Hətta bəzi məmurların cinayətkar əməlləri nəticəsində ortaya çıxmış sosial problemlər, mitinqlərə çağırışlar, nədənsə Qələbədən bir neçə ay sonra gündəmə gətirilən Tərtər hadisələri belə auditoriyaların sayında artıma gətirib çıxarmayıb.
Bundan başqa, xaricdən yayımlanan internet tv-lərin Azərbaycan reallığından uzaq düşdüyü daha çox nəzərə çatır. Məsələn, hakimiyyət Qarabağın abadlaşdırılması prosesini qabaqçıl texnologiya tətbiq edən xarici şirkətlərlə (müharibə zamanı bizə dəstək olan dost ölkələrdən söhbət gedir) birgə həyata keçirir, Xəzər dənizini hasara alan, hər yeri zəbt etməyə çalışan acgöz məmurları bu prosesdən kənarda saxlayır. Gözləmək olardı ki, bir vaxtlar regionların dövlət məmurlarının kurasiyasına verilməsini tənqid edənlər, hər zaman onların korrupsiyasından danışan qüvvələr bu addımı alqışlayacaqlar.
Amma “Osmanqızı” tv-də çıxış edən yazıçı Çingiz Hüseynov işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin xarabaya qoyduqları rayon və kəndlərin yenidən qurulması işinin həmin məmurlara həvalə edilməsini təklif edir. Və aparıcı da soruşmur ki, hörmətli yazıçı, həmin məmurun maaşı məlumdur, Qarabağı yenidən qurmaq üçün vəsaiti haradan götürməlidir?! Guya həmin məmur indiyədək mənimsədiklərini Qarabağa sərf edəcək?! Əlbəttə, yox. Deməli, həmin məmur üçün mənimsəmənin yeni yollarının açılması şəraiti yaradılmalıdır. Bəs bunun məsuliyyətini kim çəkəcək? Yoxsa adımızın beynəlxalq hesabatlarda hallandırılması sizin xoşunuza gəlir?
Digər tərəfdən, məhz internet tv-ləri müxalif qüvvələrin demokratik dəyərlərə sadiq olmadığını üzə çıxardı. Əslində hər bir siyasi və ictimai xadimin, jurnalistin, eləcə də sıravi vətəndaşın demokrat olması fundamental azadlıqlara hörmətdən başlayır. Belə siyasətçi jurnalistə göstəriş vermir və yaxud jurnalist efirdən prokuror sayağı danışmır. Hər ikisi isə hakimiyyət və müxalifətdəki rəqiblərinin hansısa kütləvi informasiya vasitəsinə müsahibə verməsindən əsla narahatlıq keçirmir.
Lakin internet meydanının genişliyi müxalifətin söz və ifadə azadlığına, fikir müxtəlifliyinə dözümsüzlüyünü ortaya çıxardı. Məsələn, ABŞ-da yaşayan Sevinc Osmanqızı bir müddət öncə hansısa müxalif qüvvələrin “filankəsi efirə çıxarma, yoxsa səni çökdürəcəyik!” təhdidinə cavab verməli oldu. Əslində təhdidin meydana gəlməsi təəccüblü deyildi. Çünki həmin qalmaqaldan öncə ABŞ-da yaşayan Ramiz Yunusun yolverilməz şəkildə “Efirinizə Əli Əliyevi, Arif Hacılını dəvət etməyin!” göstərişinə Sevinc Osmanqızı lazımi reaksiya göstərməmişdi. Nəticədə, guya ictimai qınaq bəhanəsilə söylənilmiş bu səfeh göstərişə səssiz qalmaq bənzər tələbin yenidən təkrarlanmasına gətirib çıxardı. ABŞ kimi ölkədə media nümayəndəsinə kimlərdən müsahibə almaq göstərişi  olduqca gülünc və absurddur.
Və yaxud özünü hələ də diplomat hesab edən Arif Məmmədovun son illərdə fəaliyyətə başlayan “Reaksiya” tv, “Bumeranq” tv, “Xural” tv kimi internet tv-lərinin fəaliyyətindən narahat olması anlaşılmazlıq doğururdu. Bu yaxınlarda isə özünü “Azad söz”ün qoruyucusu hesab edən Tural Sadıqlının “Reaksiya” Media Qrupunun rəhbəri Zaur Qəriboğlunun cəmiyyəti AMEA-nın prezidenti Ramiz Mehdiyevə və dəstəsinə qarşı mübarizədə dövlət başçısı İlham Əliyevi dəstəkləməyə çağırışına göstərdiyi təpki maraq doğurdu. T.Sadıqlı buna görə hətta tamaşaçıları bu kanalın abunəçiliyindən çıxarmağa səslədi. Yəqin hesab edir ki, yeni Nemət Pənahlıdır, meydandakı insanlara nəyi necə etməyi öyrətməlidir. Adama deyərlər, sən kimsən? “Xalqın gözü tərəzidir” sözünü əzbər bilən cəmiyyətə gah Almaniyadan, gah da Britaniyadan yayıma çıxmaqla sənmi ağıl öyrədəcəksən?!
Demokratik cəmiyyətdə və ya demokratik dəyərlərə hörmət edən jurnalist rüşvətxor məmurun ünvanına “500 minin heç olmasa 420 min manatını sərf edəydin, 80 min manatı cibinə qoyaydın” kimi tövsiyələr vermir. Burada lap “tank qarşısında dayanan, amma rüşvət qarşısında davam gətirə bilməyən” cəbhəçilərə Əbülfəz Elçibəyin gömrüklə bağlı məsləhəti yada düşür: “…Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al”. Belə fikrin təlqin edilməsinin özü qorxuncdur və korrupsiyanın mövcudluğu ilə barışmağa çağırışdır!
Yeri gəlmişkən, avantüristliyi və kimə çalışdığı cəmiyyətimizə çoxdan və çox yaxşı məlum olan Qurban Məmmədovun “LAF” tv-yə müsahibəsinin özlərini “dost” adlandıran iki media rəhbəri arasında qalmaqalın yaşanmasına səbəb olması acınacaqlı hal idi.

Əslində, media quruluşları ilə sərt davranışa çağırış yolverilməzdir. Bu, ölkəmizin adının boş yerə hansısa beynəlxalq hesabatlarda hallandırılması ilə nəticələnə bilər. Hələ demirəm ki, mediaya təzyiq, demokratiyaya təpkidir. Dövlətimizi sevən hər bir siyasətçi və jurnalist bunun əleyhinə çıxmalıdır. Çünki təhqirdən kənar istənilən mövqeni tənqid etmək, istənilən müsahibə, ətraflı və ağıllı şəkildə cavab vermək mümkündür. Çoxfikirlilik məhz demokratik cəmiyyətlərə xasdır. Amma hüquq-mühafizə orqanlarını bu məsələyə qarışdırmaq yanlışlıqdır. Qurban Məmmədov kimi ziddiyyətli birinin avantürist iddialar səsləndirməsi artıq onun özünü rüsvay etməsi deməkdir. Yadınızdadırsa, Heydər Əliyevin müdrikliyi nəticəsində Surət Hüseynov ağzını açıb “maa elə gəlir ki” ifadəsini işlədən kimi hər kəs Elçibəyin və komandasının kimin qarşısında aciz qaldığına yanıb töküldü. İndi Əli Həsənovun dostu Qurban Məmmədov da İngiltərədə yaşaya-yaşaya istənilən iddiaya düşə bilər, amma onun danışığına bir neçə dəqiqə ərzində dözüb qulaq asan adam bir daha onu dinləməz. Çünki Azərbaycanın indiki Prezidentinin malik olduğu siyasi qətiyyət və iradə, diplomatik bilik və bacarıq ölkə daxilində və xaricində fəaliyyət göstərən siyasi qüvvələrdə yoxdur. Belə olmasaydı, vaxtilə Heydər Əliyev hakimiyyətinə qarşı qiyam qaldırmaq üçün qardaşı Rövşən Cavadovu güdaza verən Mahir Cavadov uzaq Avstriyadan vətənə qayıtmasına icazə verilməsi xahişi ilə İlham Əliyevə müraciət etməzdi. Vaxtilə ölkəmizə zərər vermək üçün hətta İranın xüsusi xidmətləri ilə əməkdaşlıq edən bu zat indi “Qarabağı erməni işğalından azad edən dövlət başçısının əsgəri olmağa hazıram” bəyanatı ilə çıxış edir…
Baş verənlər bir daha onu göstərir ki, özünə güvənən siyasətçi və jurnalist kimlərinsə fəaliyyətindən və ya bəyanatlarından qıcıqlanmamalıdır. Çünki hər kəskin sualın layiqli cavabı var. Bunu 44 günlük müharibə zamanı onlarla jurnalistə müsahibəsi zamanı Prezident İlham Əliyev soyuqqanlılıqla və müdrikcəsinə nümayiş etdirdi. Onsuz da həyat və zaman macəra axtaranları ifşa edir. Qoy, elə özlərini biabır etsinlər!
Lap Türkiyədəki kimi. Artıq neçə müddətdir doğma vətən bildiyimiz Türkiyədə üzücü hadisələr baş verir. Məlum olub ki, özünü jurnalist adlandıran 12 şəxs adları Türkiyədə və ABŞ-ın Yuta ştatında aparılan “çirkli pil yuyulması” kimi ağır cinayət işində hallandırılan, Kinqston qardaşları ilə birgə cinayət əməli həyata keçirən erməni və kürd əsilli türkiyəli iş adamlarından para alıblar. Söhbət ayaqqabı boyamaqdan böyük biznes meydanına atılan Sezgin Baran Korkmaz adlı kürdəsilli sahibkardan və onun qollarının ABŞ-a uzadılmasına dəstək olan erməniəsilli Lev Aslan Dermendən (Levon Termenciyan) gedir. Bu şəxslər hüququn aliliyinin qorunduğu ABŞ-a fırıldaq gəlməkdə ittiham olunurlar. Fırıldaqçıların qazandıqları “qara” paralardan faydalananlardan biri 2018-ci ildə “Habertürk” tv baş direktorluğu vəzifəsindən uzaqlaşdırılan Veyis Atəşdir. Onun bir nazirlə vasitəçilik etmək üçün iş adamından 10 milyon avro pul rüşvət istədiyi və bu zaman səsinin yazıldığı məlum olub. Bu məsələ jurnalistin çalışdığı qurumun patronunun kim olmasına diqqət etməsinin vacibliyini bir daha ortaya çıxarıb. Ən böyük qəribəlik, əlbəttə, Türkiyə kimi böyük dövlətin Milli Kəşfiyyat İdarəsinin erməni fırıldaqçı Levon Termenciyanın Türkiyə vətəndaşı olmasına və türk adı ilə pasport almasına göz yumması olub. Bizim üçün üzücü olan isə “nəslində ermənilərin olduğu şəxslərin onun şirkətində işə götürülmədiyini” iddia edən azərbaycanlı iş adamı Mübariz Mənsimovun adının Levon Termenciyanla yanaşı çəkilməsidir…
O ki qaldı yerli internet tv-lərimizə, biz jurnalistlərimizin və blogerlərimizin peşəkar media qurumları yaratmalarında və inkişaf etdirmələrində çox maraqlıyıq. Çünki söz, media və ifadə azadlığının ölkəmizdə mövcud olmasının tərəfdarıyıq. Sadəcə, bu sahədə çalışanların ustad səviyyəsində olmalarını və yüksək peşəkarlıq ənənələrini nümayiş etdirmələrini ürəkdən arzulayırıq





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10