Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çiçəyə çevrilən şəhid ömrü


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.

Gül ömrü yaşayıb qönçə ikən torpağa düşən igid oğullar ana təbiətin bütün fəsillərində azad Vətən torpağından çiçək kimi boy verəcəklər... 


QISA TANITIM: Salayev Amid Yadulla oğlu 10 fevral 2002 - ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olub. 2019- cu ildə Sığdaş kənd tam orta məktəbini bitirib. 2020 - ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə   çağırılıb. 

Hərbi xidmətə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində başlayıb. Fiziki hazırlığına, idman göstəricilərinə, istedadına, bilik və bacarıqlarına görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. 

27 sentyabr 2020 - ci ildə işğalçı Ermənistanın növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində Füzuli rayonunun azad olunması uğrunda  gedən döyüşlərdə  iştirak edib.   

Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirən Amid Salayev oktyabrın 4-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər döyüşərək qəhrəmancasına şəhid olub. 

 5 oktyabr 2020 -ci ildə Sığdaş kənd qəbiristanlığında izdihamla son mənzilə yola salınıb.  

 Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, cəsur kəşfiyyatçı Salayev Amid Yadulla oğlu ölümündən sonra Vətən uğrunda"  və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 


                                                Gül solar, ətri qalar...  


Bəzən  insan   ömrünü  gülə bənzədirlər. Gül solduğunda ömrü bitdiyi kimi, bizə verilən ömür   payı da  bir gün  gül kimi solub sonuna yetişir... Fəqət, ömürlər də insanlar kimi müxtəlif olur. İnsan var ki, 80-90 il yaşayır, lakin bu uzun ömrüboyu heç bir yaddaqalan iş görmür. Dünyasını dəyişən kimi unudulur. İnsan da var  ki,  ömrü çox qısa olur. Amma Vətən naminə yaşadığı qısa İNSAN ömründə əməlləri ilə qəlblərdə taxt qurur, yaddaşlarda yaşayır.  

Sığdaşlı 19 yaşlı  şəhid Amid Salayev də belə şərəfli ömür yaşamış unudulmaz insanlardan biridır. Bir vaxtlar anası körpə Amidə  astadan şirin-şirin layla çalardı:  


Laylay, balam, yatasan, 

 Qızılgülə batasan. 

 Qızılgülün içində 

 Şirin yuxu tapasan. 


Amma  Çimnaz xanım nəvazişlə boya-başa çatdırdığı ailənin yeganə  oğul övladına heç vaxt gül ömrü arzulamazdı. Çünki bağçada bəslədiyi ən sevdiyi qızılgüllər saralıb solan zaman çox məyus olardı. Ona görə Amidə   “Mən sənə gül demərəm, gülün ömrü az olur, oğul balam” deyərdi. Bəzən də kimdən eşitdiyini, hardan öyrəndiyini xatırlamadığı  bir mahnını özü bildiyi kimi belə zümzümə edərdi: 


Mən sənə can demədim, 

Can ölər torpaq olar. 

Mən sənə gül demədim, 

Gülün ömrü az   olar.

 Mən sənə ruhum dedim 

Çün Ruh ölümsüz olar... 


  Yeniyetmə   çağlarında Amid həmişə kənddə   özündən yaşca böyük gənclərlə   dostluq edərdi. Ucaboylu, pəhləvan cüssəli  Amid yeddi ay boksla məşğul olandan sonra idmanın qaydasız döyüş növü üzrə məşqlərə gedirdi. Kənddə heç kimin yanından salamsız-kəlamsız ötüb keçməzdi. Əmisi   İdris Musayev deyir ki, qonşu-qohumların hamısı onun xətrini istəyirdi. Amidin əlindən hər iş gəlirdi, heç vaxt   bekar gəzib-dolaşmazdı. Xalası nəvəsi Mirzabitin dediyinə görə, çox  işgüzar olub, evdə həmişə ata-anasına  canla-başla kömək edər, evlərinə qonaq-qara gələndə hörmətlə qulluqlarında durardı. Bütün bunlarla yanaşı, Amid Qurani-Kərimi  mükəmməl şəkildə qiraət edərdi. 

 Amid ordu sıralarına çağırılanda bütün analar kimi Çimnaz xanım  pəhləvan cüssəli oğlunun boy-buxunu  ilə qürur duymuşdu.  Arxasınca su atanda: “Allah səni hifz eləsin, bala!” demişdi. 


                                      Ana üçün baladan şirin nə var?


Həqiqi hərbi  xidmətin   ilk günündən  əsgər yoldaşlarının hörmətini qazanan Amid komandirlərinin də sevimlisi oldu. 6 ay  müddətində   hərbi təlimlərdə snayper tüfənginin sirlərinə də dərindən yiyələndi.

Sentyabrın 27 – də erməni silahlı qüvvələrinin növbəti təxribatı  nəticəsində başlayan müharibə bütün  qeyrətli gənc əsgərlər kimi Amidin də  mənfur düşmənə nifrət hissini daha da alovlandırdı. Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərə  kəşfiyyatçı - snayper kimi qoşuldu. 

Ağır döyüşlərdən öncə Amid  babası Nüsrət kişi  ilə danışıb. Babası  söyləyir ki, nəvəm telefonla danışanda mənə dedi: “Baba, bir də sizinlə əlaqə saxlaya bilməyəcəm.  Biz Cəbrayıl istiqamətində hücuma keçirik. Haqqınızı halal edin!” Odun- alovun içindən imkan tapıb zəng vuranda qürbətdə yaşayan bacısını soruşmağı unutmazdı. Ən böyük arzusu dayı olmaq idi. Son dəfə anası ilə danışanda isə deyib: “Anacan,   mən şəhid olsam, ağlama!”   

Amid  Vətən torpaqlarının azad olması uğrunda gedən  bir çox döyüş əməliyyatlarında  böyük şücaət göstərdi. Kəşfiyyatçı-snayper döyüş yoldaşlarının  hərəkətinə mane olan və  onları  iri çaplı silahlarla atəş altında saxlayan düşmən əsgərlərini bir-bir zərərsizləşdirirdi. Növbəti düşmən mövqeyinin ələ keçirilməsi döyüşçülərimiz arasında böyük ruh yüksəkliyi yaratmışdı. O gün Amidin elə bil şəhid olacağı ürəyinə dammışdı. Boynundan çıxartdığı  gümüş boyunbağısını  silah yoldaşına verib: “Səndən çox xahiş edirəm ki, bunu  mənim  ailəmə çatdırarsan. Qoy bu boyunbağıdan anam mənim qoxumu duysun!” dedi.

                                                ***

…Sığdaş kəndində şəhid Amid Salayevin doğulduğu ata ocağını ziyarət edəndə anası Çimnaz xanım  mənə həmin boyunbağını göstərib kövrələ-kövrələ onun tarixçəsini danışdı. Nədənsə o an mən Amidin  son nəfəsdə   pıçıltılı səsini xalq şairi Ramiz Rövşənin bu misraları ilə birgə eşitdim:   

                                Ağlayanım tapılsa, 

                                Nə var ölməkdən gözəl?!. 

                                Nə var şəhid qanına 

                               Batan köynəkdən gözəl?!.


Oğlu haqqında danışarkən Çimnaz xanımın gözlərindəki qürur böyük kədərinin üstünə kölgə salırdı. Oğlunun çox qeyrətli, vətənpərvər, ailəcanlı gənc olduğunu söyləyən ana şəhid balasının bəzəkli bəy otağını xatırladan otağında ona məxsus əşyaları sevə - sevə saxlayır. Burda  Amidin  qiraət elədiyi  müqəddəs Qurani –Kərim,  boks  əlcəkləri,  gümüş boyunbağı,  uşaqlıq şəkilləri və  başqa şəxsi əşyaları var. 

… Bu qısa, lakin mənalı ömrünün son mənzilinə Amidi   özünün qiraət elədiyi müqəddəs   Quranın sədaları altında ürək ağrısı və göz yaşları ilə yola saldılar. Məzarının ziyarətinə gələn döyüş yoldaşları onun cəsarətindən, mərd və döyüşkən olmasından ağızdolusu danışırlar. 

    Onu  təhsil  aldığı   Sığdaş  tam orta məktəbində keçirilən tədbirlərdə də tez-tez yada salırlar.   Məktəbin müəllimi Məhəbbət Əkbərovun   Amidin igidliyinə həsr etdiyi   şeiri şagirdlər əzbərdən söyləyirlər. 


                        Yaşayacaq yaddaşlarda əsgər Salayev Amid,

                        Xalqı üçün cəsarətlə döyüşüb oldu şəhid…


...Bəli, GÜL ömrü yaşayıb qönçə ikən torpağa düşən igid oğullar ana təbiətin bütün fəsillərində azad Vətən torpağından çiçək kimi boy verəcəklər. Amidin hansı çiçəyə, gülə çevriləcəyini bilmirəm, bir onu bilirəm ki, o gül Vətən bağında həmişə ən ətirli çiçək açacaq və xoş rayihəsi yaddaşlardan yaddaşlara hopacaq...  


Nurəddin ƏDİLOĞLU, “Cənub az” 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10