Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Canavar” ləqəbli qarğalıqlı gizir


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.


QISA TANITIM: Əzizov Elvin Əfrayil oğlu 26 fevral 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 1992-2003-cü illərdə şəhid Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində təhsil alıb. 2004-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb.

 Həqiqi hərbi xidmətinə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində başlayıb. Nümunəvi xidməti ilə komandirlərin və əsgər yoldaşlarının dərin hörmətini qazanıb. Hərbi təlimlərdə əldə etdiyi yüksək nailiyyətləri ilə fərqlənib. 2005-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini başa vurub.  Müxtəlif   işlərdə çalışıb. 2009-cu ildən MAXE kimi hərbi xidmətini davam etdirib. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu bitirib və "N" saylı hərbi hissədə tank komandiri vəzifəsini yerinə yetirməyə başlayıb. 

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə düşmənə qarşı əzmlə və böyük mərdliklə döyüşüb. Qanlı döyüşlərin birində əl və üz nahiyəsindən yaralanıb. Yaraları tam sağalmamış yenidən döyüş meydanına qayıdıb. Oktyabrın 15 -də  Füzulinin Musabəyli kəndi uğrunda  gedən qızğın döyüş zamanı  idarə etdiyi tank düşmən tərəfindən vurulub. Cəsur tank komandiri yanan tankın içərisindən yaralı yoldaşlarının həyatını xilas edərkən düşmən gülləsinə tuş gəlir və şəhid olur.

 Şəhid gizirin nəşi 16 oktyabr 2020-ci ildə doğulduğu Qarğalıq kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

 Ailəli idi. Üç övladı-iki qızı və bir oğlu Vətənə əmanət qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Silahlı Qüvvələrinin giziri Elvin Əfrayil oğlu Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.



                                           “Uşaqlıqdan qətiyyəti ilə seçilirdi” 


...Elvin yeniyetmə yaşlarından idmanın karate növü ilə məşğul olub. Yarışlarda qazandığı uğurlara görə karate üzrə “qara kəmər” dərəcəsinə layiq görülüb. Dostlarının dediyinə görə uşaq çağlarından qətiyyəti, ötkəmliyi, döyüşkənliyi ilə yaşıdlarından çox fərqlənirdi. Atası Əfrayil deyir ki,  oğlum  çox dostcanlı,  canlara dəyən, ürəyi açıq,  ailəyə bağlı idi.

 Ailəsinə bağlı olduğu kimi, vətənini də çox sevirdi Elvin...

Vətən Müharibəsinin ilk günlərindən isə torpaqlarımızın işğaldan azad olunması uğrunda cəbhəyə yollanıb. Elvinin idarə etdiyi tank döyüş meydanına girəndə düşmənlər “canavar” gəlir deyə silah-sursatlarını  atıb geri qaçırdılar. 

Düşmənin 4 tankını, bir neçə avtomobil və zirehli texnikasını, 5 bazasını partladaraq xeyli canlı qüvvəsini məhv edən Elvin  barədə   döyüş yoldaşları danışır ki, onun ürəyinin üstündə üçrəngli bayrağımız vardı.  “Elvin deyirdi ki, sinəmin üstündə gəzdirdiyim bu bayrağı  inşallah, Şuşaya çatan kimi özüm orda ən yüksək yerdə dalğalandıracağam...”

 Oktyabrın 3-də  onun komandiri olduğu tankın heyəti vurulur, özü üz və bədən nahiyələrindən yanıq xəsarəti alır. Buna baxmayaraq,  cəsur komandir özündə güc toplayaraq ağır yaralanan sürücü-mexaniki tankdan çıxarmağa müvəffəq olur. Düşmənlə döyüşə-döyüşə onu çiynində daşıyaraq təxliyə edib. Müalicə aldığı xəstəxanada Elvin çox qalmır. Deyir ki, mənim əsgər yoldaşlarım döyüşür, mən burada isti yataqda yatmağı  vicdanıma sığışdıra bilmərəm.

 Xəstəxandan çıxdığı gün  həyat   yoldaşı  Aynurə xanıma zəng edib: “Mənə zəhmətini halal elə. Dünyanın işini bilmək olmaz. Uşaqları sənə, səni də Allaha tapşırıram” -deyib.

Anası Şəhla  xanım deyir ki, Elvin xəstəxanada yatarkən ona yenidən döyüşlərə qatılmamasını istədim: “Dedim, Elvin, getmə, qal, müalicə elətdir. Dedi, ana, mən oradakı oğlanlardan artıq deyiləm...” 

Ürəyi  əsgərlərinin yanında  qalan Elvin Əzizov o gün səhər saatlarında  atasından da halallıq almağa vaxt tapıb...


                               Tabutuna bir tərəfdə oğlu, bir tərəfdə atası sarılıb ağladı


...Xususi təyinatlı qüvvələrin dəstəsi ilə ön sıralarda vuruşan Elvin  oktyabrın 11 - də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə öz tankı və döyüş yoldaşları ilə birgə son nəfəsinədək döyüşür. Hətta döyüş zamanı tank komandiri olsa da, əsgərinin həyəcandan düzgün nişan almadığını görüb özü tuşlayıcı kimi hücuma keçir. Elvinin son döyüşü oktyabrın 15-də Füzuli rayonunun Musabəyli kəndinin erməni işğalından azad olunması uğrunda olub. Düşmən üzərinə  gedən  tankın  son görüntüsündə  üstündə   34 yaşlı Elvinlə yanaşı dayanan gənc əsgər sevinc içində deyir: “İrəli, irəli, ancaq irəli! Canavarlar gəlir... Cəbrayıla, Laçına, Şuşaya gedirik...” Elvin də  gülümsəyərək baş barmağının işarəsi ilə hər şeyin qaydasında olduğunu bildirir. Fəqət, o gün saat 17.00 radələrində komandiri olduğu tank düşmən tərəfindən vurulur. Özünü itirməyən cəsur komandır tank heyətini od-alovun içindən qurtarmağa çalışır. Elə bu zaman başından düşmən gülləsinə tuş gəlir. Şəhidin qardaşı Tacəddin deyir ki, Elvin Cəbrayıl istiqamətində yaralanıb. ...O gün səhər çağı atasına hər şey yaxşıdır, torpaqlarımızı   düşməndən azad edirik deyən Vətənin qəhrəman oğlu  axşamüstü şəhid olur. 

   Oktyabrın 16-da Elvinin tabutu   doğulub  boya -başa çatdığı Qarğalıq kəndində böyük coşqu ilə qarşılandı. Üçrəngli bayrağımıza bükülmüş tabutuna bir tərəfdə oğlu 9 yaşlı Ayxanın, bir tərəfdə atası Əfrayılın sarılıb ağladığı səhnə  şəhid gizirimizi son mənzilə yola salmağa gələn insanları kövrəltmişdi. 


                                                    Şəhid  gizirimizin övladları 


       ...Kənd toylarının birində Elvin çıxış edəndə sözünə belə başlamışdı:  “Oğul ya qız, fərqi nədir, hər ikisi can meyvəsidir...”

       ... Elvinin bizlərə uğrunda şəhid olduğu doğma Vətənlə bərabər, üç  övladını da əmanət edib: Ayxan, Aybəniz, Şəhanə hələ də  atalarının yoxluğuna inana bilmirlər. Anaları Aynurə xanım deyir: “Elvin uşaqlara həmişə deyərdi ki, atanızın adı çəkiləndə fəxr edəcəksiniz...”  

        Şəhid gizirimizin oğlu Ayxan uşaq olmasına baxmayaraq çox zəhmətkeşdir. Ailəsinə təsərrüfat işlərində kömək edir. Atasının qəhrəmanlığından söz düşəndə deyir: “Atamın yaralı halda çiynində daşıdığı döyüş yoldaşının gözləri yanıbmış. Əsgər deyib ki, komandir, məni qoy burada get, mən ağrıyıram, vəziyyətim pisdir. Atam ona “öz gözlərimi sənə verəcəm” deyə onu sağaldacağına söz verib... Atam şəhid olandan sonra həmin əsgərin ailəsi də gəlib bizə baş çəkdi, atamın məzarını ziyarət etdi...”

     Elvin arzu edirdi ki, hər üç övladı  orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olsun. “Biz atamızın arzusunu layiqincə yerinə yetirəcəyik, fəxr edirik ki, elə bir şəxsiyyətin övladıyıq” deyən Aybəniz atasının arzu etdiyi kimi, gələcəkdə  həkim, Ayxan  hərbçi,   Şəhanə isə  müəllim olmaq istəyir.

     Şəhid gizirin qardaşı Mirzağa deyir ki, Elvin yanan tankın içərisindən döyüş yoldaşlarını xilas edərkən şəhid olub. “Mən qardaşımla, bütün şəhidlərimizlə fəxr eləyirəm. Onlar hamısı bizim qardaşımızdır. Elvinin ən böyük arzusu  Qarabağın mədəni və mənəvi paytaxtı Şuşaya Qələbə bayrağı sancmaq idi. Qardaşım öz  arzusuna çatmasa da, indi Şuşada şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır.”

         Şəhid gizirimizin ailəsi müsəlman adət-ənənələrinə böyük hörmətlə yanaşır. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin  (MDİD İB) nümayəndələri Qarğalıq kəndində şəhidin ailəsini ziyarət edərkən çox maraqlı, özlərinin təbirincə desək,  örnək bir təklifin şahidi olublar. Şəhid ailəsi qonaqlara israrla deyib: “Gəlin şəhid evində namaz qılın, bundan şərəfli nə ola bilər?! Şəhidimiz də namazda sizinlə bərabər olsun...”

        Şəhid atası Əfrayil Əsəd oğlu  bizimlə həmsöhbət olanda bildirdi  ki,  Elvin namaz qılıb, oruc turub, hətta müharibədə belə öz ibadətindən qalmayıb...

       Bu gün Masallının bütün kəndlərində olduğu kimi, Qarğalıq kəndində şəhidlərə və onların ailə üzvlərinə xüsusi qayğı və diqqət vardır. Müəllimləri şəhid gizir Elvin Əzizovun xatirəsinə şeirlər həsr edir, şagirdlərinə onun qəhrəmanlığından söz açırlar. “Qızıl Qələm” Media mükafatı laureatı Gövhər Rüstəmlinin şəhid gizirimizə həsr etdiyi şeiri kiçik ixtisarla “Şəhidlik manifesti” kitabının  oxucularına təqdim edirik: 

.

Vətən harayına səs verib həmən, 

 Qoşuldun yurdumun haqq savaşına. 

 Aslan tək atılıb ər meydanına 

 Od - alov ələdin düşmən başına.

 Hünərin dastandı dilində elin,

 Yurdumun cəngavər igidi, Elvin!


...Şanlı Vətənimin salnaməsinə, 

 Yazdın öz ismini qızıl hərflə. 

 Ötsə də on illər, yüz illər belə,

 Adın anılacaq yalnız zəfərlə.

       Hünərin dastandı dilində elin,

       Yurdumun cəngavər igidi, Elvin!


Övladların dözmür ayrılığına,

Qurumur göz yaşı körpə Ayxanın. 

Şəhanə,  Aybəniz baxıb yollara,

Hələ də gözləyir ata sorağın.

Hünərin dastandı dilində elin

Yurdumun cəngavər igidi, Elvin


      Uyu qucağında ana Vətənin, 

      Laylanı bu torpaq qoy özü çalsın.

      Cismən ayrılsan da eldən -obadan

      Ruhun bu yerlərdə əbədi qalsın.

      Hünərin dastandı dilində elin, 

      Yurdumun cəngavər igidi, Elvin


Nurəddin ƏDİLOĞLU, “Cənub AZ”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10