Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı polisinin tarixindən nələri bilirik?


Bir az da “Kim yadda necə qalır?” sualı ətrafında gəzişmələr

Zahir Əmənovun cenub.az və masallida.az üçün araşdırması.

Tarixdən çox giley-güzar etsək də, bəzən onun ən elementar məqamlarından xəbərsiz oluruq. 
Məlum olduğu kimi, qədim zamanlarda çox az hökumət qurumu olub - ordu başqanı, əmniyyət, xəzinədar, qazı, darğa, cəllad və sair. Hazırda isə hər rayonda onlarla, eləcə hüquq mühafizə sistemində bir sıra dövlət qurumu var. 

Bəs bunlar necə yarandı, necə inkişaf etdi? 

Təəssüf ki, çoxlarımız, elə mən özüm də bu sualların cavabında bəzən aciz qalırıq

Bir neçə il öncə Polis Şöbəsinin rəisi ilə görüş keçirilən zamanı şagirdlərdən biri maraqlı sual verdi: - Masallı polisinin tarixi haqqında haradan normal məlumat ala bilərik? Necə deyərlər, məclis dəydi bir-birinə. Bəlli oldu ki, polis rəisindən tutmuş orada əyləşən vəkilə qədər heç kim bu sualın cavabına hazır deyilmiş. Nəinki hazır deyilmiş, heç buna maraqlı da deyilmiş ki, əvvəllər bu postda kimlər işləyib və hansı əməlləri ilə yadda qalıb.

Naəlac qalıb, bu sahə üzrə  Masallıda az da olsa araşdırma aparmağa başladıq.

Bəlli oldu ki, Masallı Sovet hakimiyyəti dövründə, 1930-cu ildən rayon kimi fəaliyyətə başlayanda burada 7 nəfərdən ibarət süvari (atlı) milis dəstəsi olub. 
Onların at tövləsi indiki Cümə Məscidinin arxasındakı ərazidə yerləşirmiş. Sonralar həmin vaxt milisdə işləyənlərin bəzisi bu ərazidə evlər tikiblər.
 İldə bir dəfə, mayın 1-də rayonun indiki İsgəndərli ərazisindəki meydanda həmin milisdəki atların cıdır yarışması təşkil olunurmuş. 
Bu milis şöbəsinin sərəncamında cəmi bir yük maşını olmuşdur.

Həmin vaxt XDİK-nin Masallı rayon şöbəsinin  binası (xalq dilində “milis idarəsi) isə hazırda Uşaq Aləmi mağazasının qərbində, köhnə hamamının yanında, indi bərbad vəziyyətdə olan ərazidəki “kulak” evində yerləşirmiş.
Sonralar milis idarəsi üçün 1980-ci illərin ortalarında indiki şəhər qəbiristanlığının cənub-qərbində xususi bina tikildi.
2018-ci ildə isə Masallı polis şöbəsi daha müasir binaya köçürüldü.

Bəs Masallı milisində kimlər işləyib? 

Rayonun yaşlı adamları- İbrahim kişi, Həsən Abdullayev,  rəhmətliklər -Cəmil Nemətov, Şirvan Əbilov və başqalarından aldığımız məlumata görə Masallı milisində ilk çalışanlar
 Fəyyaz Sultanov (Sabiq bank müdiri Rasim Sultanovun ata babası), 
onun qardaşı-İsrafil Sultanov 
(yerli sakinlərin “Rus Əli” (Sultanov) dediyi şəxsin və EMBAWOOD-un indiki sahibi  Bəşir Sultanovun atası), məmmədrzaküçəli Canəli Heydərov (Masallı VVAQ-şəbəsinin sabiq müdiri Sidiqqə Teymurovanın atası), Lenin ordenli, qodmanlı Tərlan Həşimov (rəssam  Tapdıq Həşimovun atası), 
əslən Qodmandan olan Miriş və Mənəf kişi olmuşdur. 
(Bəziləri isə iddia edir ki, bu şəxslər milis yox, “NKVD” işçisi olub.)

Onu da xatırladaq ki, Masallı milisinin ilk yaranışı illərində qodmanlılar çox fəal olmuşlar. Belə fəallardan biri də Rəzi Həşimov idi. (Qodmanlıların milisdə çox fəal olmaqlarının da qəribə tarixçəsi var ki, bu da ayrıca bi yazının mövzusudur)

Sonralar həmin Rəzi kişinin oğlu Qəyyum Həşimov əvvəl Masallıda, sonra Tərtərdə, Ağdamda əməliyyatçı, Dəvəçi (indi Şabran), Astara, Puşkin (indi Biləsuvar), Yardımlı və Ucar rayonlarında 27 il milis rəisi işləyib. 
Rəzi bəy Həşimovun digər oğlu Kamil Həşimov isə Lənkəran Milis İdarəsində müstəntiq vəzifəsində çalışıb.

Digər qodmanlı Azad Talışoğlu Bakı Şəhər Milis idarəsinin rəisi, Daxili İşlər Nazirliyinin kadrlar, daha sonra respublika pasport masa idarələrinin rəisi,
başqa bir qodmanlı Şəmsəddin Əliyev Abşeron Rayon Polis şöbəsinin rəis müavini və rəis əvəzi işləyiblər.

Masallı milisində ilk çalışanlar sırasında Manaf,  Miriş, Rüstəm, Qulamhüseyn, dadvalı Elbəyi, xıllı Əkbər Nüsrətov, dağlı Xalıq və başqaları da olmuşdur.

40-cı illərdə Masallı milisində çalışanların sırasında Hətəm və İdris qardaşlarının da adı vardır. Hətəm rəis, İdris isə sıravi işçi olub. 

Masallı milisinin keçmiş işçiləri sırasında Masallı Mədəniyyət Şöbəsinin sabiq müdiri Lətifə Mövsümovanın atası Əjdər Mövsümov da olub. Onu tanıyanlar şöbədə müavin işləyən Əjdər kişinin çox insaflı, rəhmli, həm də zarafatcıl adam olduğunu, dəfələrlə yerlilərini sovet rejiminin qəfil repressiyalarından qoruduğunu bildirirlər.
Bədəlan kəndin İnzibati Ərazi Dairəsinin  Aşurlu kəndində anadan olan Nuriyev Mürsəl Yadulla oğlu (1906-1957) 1933-cü ildə Tiflisdəki Milis Məktəbini bitirib. Masallı Rayon Milis Şöbəsində Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
Çox təəssüf ki, o vaxtki və sonrakı milis işçiləri sırasında olduqca qəddar, rəhmsiz insanlar da olub ki, biz bu barədə sonrakı yazılarımızda ətraflı məlumat verəcəyik.

Bəs Masallı milisinə və polisinə kimlər rəhbərlik edib?
 
Əldə etdiyimiz məlumatlar aşağıdakılardır.

Milis rəisləri sırasında Niyaz Yusifov, salyanlı Zəfər Nuriyev-(1954-56), gədəbəyli Nuriyev, Qasımov (Alışan Sultanovun qayınatası), lənkəranlı Babaş Dadaşov, bərdəli Kərəm Quliyev, Mətləb Kərimov (1968-1974 Saatlıdan), Zaur Zamanov, İnşallah Əsədov və başqalarının adları hələ də unudulmayıb.

Müstəqillik dövründə isə Tahir Kazımov(Cəbrayıl), Elbrus İsmayılov (Cəbrayıl), Vaqif Kərimov ( 2 dəfə), Ağaisa Şahkərəmov (Hacıqabul), Adil Həsənov (Əslən Yardımlı), Nizami Sadıqov (Ağdam), Qambay Muradov (İmişli), Dövlət Səfərov(Naxçıvan), Əkbər Yusifov, Nəriman İmanov Masallı polisinin rəhbərləri sırasında olub. 
Son illərdə  bu posta əslən Şəmkirdən olan, son vaxtlara qədər Şamaxı rayon polis şöbəsində rəis işləmiş, hazırda Tovuz Polis Şöbəsində rəis işləyən Habil Əmiraslanov rəhbərlik edib.

Rəislər içərisində Mətləb Kərimov çox xeyir-şər adamı kimi tanınıb. Ev tikənlərə, kasıba-kimsəsizə çox yardım edərmiş. Əvvəlki rəis Hətəmlə də yaxın dost olub.
Masallı milisində üzün müddət çalışanlardan biri də mahmudavarlı Şirvan Əbilov olub . O, 10 il şöbədə müavin işləyib. 

Keçmiş milis rəislərindən “partizan Babaş” adlanan, Babaş Dadaşov maraqlı jestləri ilə yadda daha çox qalıb. 

Zaur Zamanovdan yadda qalan odur ki, yarırusca, yarı azərbaycanca danışan adam olub. 

Tahir Kazımovun Masallı fəaliyyəti “Qismət belə imiş” romanı ilə bitib.

Vaqif Kərimov icra başçısı Teymur Yəhyayevin 1-ci və 2-ci gəlişində Masallıda rəis olub, 2-ci gəlişində şərlənərək həbs edilib.

Dövlət Səfərov çox rəhmli, yeyib içən rəis kimi yadda qalıb.
Müstəqillik dövründə tanıdığım polis rəisləri sırasında Qambay Muradov dəyərli mənəvi keyfiyyətləri, güclü mütaliəsi, yüksək intellektual səfiyyəsi, insanları dərindən duyması, ziyalılara böyük dəyər verməsi və digər gözəl insani cəhətləri ilə burada çalışan polis rəisləri sırasında sevilənlərdən olub. Bəziləri zarafatla onu 50 il bundan sonranın rəisi adlandırırdı. Yəni indiki zaman üçün deyildi. 
Məlum tayfa tərəfindən şərlənib vəzifəsindən uzaqlaşdırıldı.

Masallıda 2 il rəis olmuş Əkbər Yusifov olduqca quruluğu, neqativ adamlarla yaxın dostluğu, korrupsiyaya hədsiz meyilliyi ilə yadda qalıb. (Qəzetimizdə getmiş “Polisdən intihara gedən yol”, “Mənim polisim oğru imiş” yazıları onun fəaliyyəti barədə aydın təsəvvür yaradır. Bu yazılarla cenub.az saytının arxivindən tanış ola bilərsiniz.

Masallı polisinin tarixində ən qəribə məqamlardan biri də bu şöbədəki Posport Masa bölməsində erməni Qriqoryanın 25 il çalışmasıdır
Masallıdakı rəis postunu bir neçə il öncə tərk edərək Nərimanov rayon polis idarəsinə, oradan Sumqayıt şəhər polis idarəsinə rəis təyin edilən Nəriman İmanov isə Masallı polisində tarix yazanlardandır. Təbii ki, ölkə üzrə polis rəisləri üçün xarakterik olan bir sıra məcburi mənfi gedişlər etmək onun da fəaliyyətində var idi. Lakin onun olduqca fərqli, maraqlı, mərdanə, özünəməxsus dəyərli keyfiyyətləri daha çox idi. O Masallının bütün “çətin adamlarının” dostu idi. Qapısı da, telefonu da daim hamının üzünə açıq idi. Ziyalıları dəyərləndirməyi bacarır, bəzən balaca uşaqlarla da bir stola arxasında əyləşir, insanlara etibar etməyi üstün tuturdu.

Bəzən isə məhkəmə hakimlərinə, prokur ora  haqsız əməllərinə görə çox sərtlik göstərirdi.

Masallın polisinin tarixindən o da bəllidir ki, qodmanlı Qəyyum Həşimov və Şəmsədddin Əliyevdən başqa bədəlanlı Fazil Şükürov Bakı rayonlarının birində, Tərlan Nuriyev (Ərkivan) Beyləqanda, Ağcabədidə, Məmməd Mikayılov (Bədəlan) Nəsimidə və Xətaidə, Zəfər Abiyev Sİyəzən, Şəmkir və Biləsuvarda, Əlvan İsmayılov (Qızılavar) Lerikdə polis rəisi işləyib. Bir tərəfi ərkivanlı, bir tərəfi masallılı olan Təhmasib İbrahimov isə əvvəl Ağcabədi və Suraxanı rayonlarında , hazırda isə Salyan rayonunun polis rəisidir. Hazırda əslən Sığınacaq kəndindən olan Şəmşir Kazımov  İsmayıllı rayonun polis rəisidir. Bundan əvvəl Bakı şəhərində eyni vəzifədə çalışıb.

Bundan əlavə masallılı şəxslər Sumqayıt, Gəncə, Salyan  və Lerik rayonlarında Dövlət Yol polisinə rəhbərlik edirlər.

Ölkəmizdən kənarda çalışmış və çalışan masallılar isə ayrıca yazının mövzudur.

Bəs indiki polis rəisi haqqında nə demək olar? 

Hörmətli Azay Ağayev Masallıya polis rəisi gələndən sonra etdiyi kadr dəyişikliyi birmənalı qarşılanmasa da, yəqin ki, onun haqqında daha ətraflı fikir deməyə vaxtımız olacaq. 
İnanırıq ki, indiki rəis də, sonrakılar da səmimiyyətə, mehriban münasibətlərə daha çox meydan verəcəklər, nəinki zora. Uşaq da bilir ki, polis adam tuta bilər, dəyənəkliyə bilər. Amma belə deyim  də var ki, süngü ilə çox şey etmək olsa da,  onun üstündə oturmaq olmur. Bir də ağlın edə bildiyini qılınc da edə bilməz.

Sonda bir daha xatırladım ki, polis rəisliyi hər rayonda olduqca mühüm və yadda qalan vəzifəlidir. İnsanlar hər şeyi müşahidə edir – ziyalılara diqqət yetirən, xeyriyyəçilik edən, əsl insanlıq nümünəsi göstərib xalqın sevimlisinə çevriləni də,  müxtəlif dövrlərdə tabeliyindəki kadrların vəzifələrini özünə satan rəisləri də,  tində dollar satana "xox" gəlib, pulundan başqa heç nəyi olmayanı, bəzi xalqı soyan biznesmenlərlə cici-bacı olanları da. Tanıyır və dəyər verir.  Bəli, heç nə unudulmur, heç nə yadda çıxmır. 
Bütün polis işçilərinə arzumuz - bəd əməllərlə yadda qalmayın ki, övladlarınız sizinlə bağlı xatirələri eşidəndə xəcalət çəkməsin.

Bu da sirr deyil ki, hər rayona yeni rəis gələndə ən çox narahat olan elə həmin şöbənin işçiləri olub. Niyəsi isə, çox ağır söhbətdir.

(Çalışacağıq ki, yaxın vaxtlarda rayonun prokurorluq, məhkəmə,, təhsil, mədəniyyət və digər sahələrinin də tarixini sizə təqdim edək. Bu barədə məlumatlı olanları və bu yazıda yol verdiyimiz yanlışlıqları bildirənləri də dinləmək çox xoş olardı)

Zahir Əmənov. cenub.az

Yazı 2018-ci ildə hazırlanıb və bəzi düzəlişlərlə çap olunur) 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10