Hər millətin, hər torpağın,
Öz adı var, öz ünvanı.
Yağılara baş əyməyib,
Azərbaycan qəhrəmanı.
Vahid Vətən himnimizdir,
Şəhidlərin axan qanı.
Nəsillərə yadigardır,
Zaman yazdı bu dastanı...
(Xalq şairi Nəriman Həsənzadə )
...Ömrünün 13 ilini hərbi sənətə həsr edən Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Namiq Bağırov Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biridir. Şəhidin atası adaşımdır, onunla Çaxırlı kənd qəbiristanlığında qoşa şəhid məzarının önündə söhbət edirik. 36 yaşlı şəhid oğlu haqqında keçmiş zamanda danışmağa çətinlik çəkən ata deyir ki, Namiq hərbçi sənətini seçən gündən ürəyimdə nigaranlıq yaranmışdı: “Onun hərbçi olmaq istəyinə qarşı çıxa bilmədim. Açığı çox çalışdım ki, onu hərbidən uzaqlaşdırım. Dedi ki, ata, mən hərbidən heç vaxt ayrılmayacağam...”
Ürəyində dərin bir nisgil olan Nurəddin İsa oğlu bilməzdi ki, illər sonra şəhid məzarları sırasında onun da tək oğul övladının məzarı olacaq. Canını Vətənə qurban verən şəhid çavuşun atası gözlərini bir nöqtəyə zilləyib aram-aram danışır: “Namiq atıcı silahlardan sərrast atəş açırdı, Hərbi təlimlərdə, atıcılıq üzrə keçirilən yarışlarda dəfələrlə birincilik qazanmışdı. Çavuş rütbəsində kəşfiyyat taborunun komandiri idi...”
Müsahibim susur, sonra baxışlarını oğlunun məzarından ayırmadan söhbətinə davam edib deyir: “Bir dəfə ona bölük komandirinin vəzifəsi həvalə olunmuşdu. Çox narahat oldum. Hərbi hissəyə getdim, dedim ay oğul, bölüyə zabit heyəti rəhbərlik edər, sən axı çavuşsan. Bu çox məsuliyyətli işdir... Bir sözlə, Namiq hərbçi peşəsinin ağırlığını çiyinlərində daşımaqdan heç qorxub-çəkinməzdi... O, ümumiyyətlə, Vətənə bağlı bir uşaq idi... Kaş oğlumun çiynində son mənzilə mən gedəydim...”
QISA TANITIM: Bağırov Namiq Nurəddin oğlu 30 avqust 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Ailəsinin Rusiyaya köçməsi səbəbindən Namiq ibtidai təhsilini orada almağa başlayıb. Vətənə qayıdandan sonra təhsilini Çaxırlı kənd tam orta məktəbində davam etdirib. 2002-ci ildə Çaxırlı kənd tam orta məktəbini bitirmişdir.
2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı nümunəvi əsgər olduğu, nizam – intizam qaydalarına əməl etdiyinə görə hərbi hissə komandirliyi tərəfindən ailəsinə təşəkkür məktubu ünvanlanıb.
Ordudan tərxis olunandan sonra atasına təsərrüfat işlərində kömək edə-edə ali məktəbə daxil olmağa hazırlaşıb. Lakin ürəyindəki Vətən sevgisi ona hərbidən uzaqlaşmağa imkan verməyib.
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAHHXQ) olmaq üçün hazırlıq kursunu müvəffəqiyyətlə bitirəndən sonra bir müddət Sumqayıtda “N” saylı hərbi hissədə qulluq edib.
Vəzifə borcunu layiqincə yerinə yetirdiyinə, döyüş və ictimai – siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə dəfələrlə Fəxri fərmanlar, Azərbaycan Ordusunun yubiley medalları ilə təltif edilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Sentyabrın 29-da qanlı vuruşmalarda ön cəhbədə böyük şücaət göstərmiş, top atəşi ilə düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
Oktyabrın 6-da Füzuli rayonu istiqamətində aparılan hərbi əməliyyatlar zamanı igidlik və rəşadət göstərərək şəhid olub.
8 oktyabr 2020-ci ildə doğulub boya- başa çatdığı Çaxırlı kəndində böyük izdihamla son mənzilə yola salınıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" və"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhadətə gedən yol...
...Torpaqlarımızın uzun müddət düşmən tapdağı altında olması həmişə onun qəlbini göynədirdi. Hələ uşaq ikən televizordan izlədiyi Xocalı soyqırımı və erməni vandallarının törətdikləri digər faciələr haqqında baxdığı sənədli kadrlar Namiqin daxilində düşməndən qisas almaq hissini alovlandırırdı. Elə bu istəklə də ali məktəbə qəbul olmaq arzusunun üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.Seçdiyi peşənin məsuliyyətini ilk gündən gözəl dərk edirdi.
...Namiq kasıbçılıqla boya-başa çatmışdı. Anası Gülüzar xanım 4 ildən çox idi ki, ağır yataq xəstəsi idi. Ona görə Namiq atasının nə əziyyətlər çəkdiyini də çox yaxşı bilirdi. Çalışırdı ki, ona müalicə haqlarını ödəmək üçün kömək etsin. Anasına əlillik dərəcəsi verilməsindən ötrü atasının döymədiyi qapılar qalmamışdı... Ata və oğlunun bir insan kimi çəkdikləri iztirabları izhar etməyə heç bir sözün gücü yetməz... Bütün bu şəxsi qayğıların içində Namiqi ən çox narahat edən Vətən torpaqlarının mənfur düşmən tapdağı altında qalması idi. Həmişə deyərdi ki, Ali Baş Komandanın əmrini gözləyirik. “İnşalah, dığaların dərsini verib, başımızı dik tutarıq, Vətən uğrunda can qoyan şəhidlərimizin ruhunu şad edərik...”
Atasına döyüş yoldaşlarından biri deyib ki, Namiq həmişə irəli can atırdı. “Bir dəfə onu bərk tənbeh etdim, dedim ki, bu gedişlə sən düşmən gülləsinə tuş gələcəksən. Amma dediklərimin bir xeyri olmadı. Yenə döyüş başlayan kimi irəli atıldı... Sanki Namiq şəhid olmağa tələsirdi... “
Müharibədən bir neçə gün əvvəl
Çaxırlı kəndinin ziyalı oğlu Cavanşir Nəbiyev özünün “Facebook” hesabında şəhid Namiq Bağırovla bağlı maraqlı məlumat paylaşıb. “MAVİ XƏZƏRİN SAHİLİNDƏ SON SEVİNC” adlandırdığı xatirə-yazısında müəllif Namiqin illərlə həsrətində olduğu qız övladına Ayla adı qoymasını belə izah edir: “Bu gözəl qızın dünyaya gəlişinin sevincini yaşayan ata onun gözəlliyini ayla bərabər tutaraq adını Ayla qoydu... Qısa müddətli məzuniyyətə gələndə Namiq vaxtını ancaq qızı ilə keçirir, onunla doyunca oynamaqdam ləzzət alırdı...”
Namiqin həyat yoldaşı Firuzə xanımın dediyinə görə Namiq son gəlişində gününü ancaq Ayla ilə birlikdə keçirtdi. “Evə sığmırdı. Elə bil ürəyinə nəsə dammışdı. AyIanı özündən bircə addım da kənara buraxmırdı...” Ayla da elə bil uşaq fəhmiylə nəsə baş verdiyini duyurdu. Atasının boynuna bərk-bərk sarılıb ondan əl çəkmiridi... “Dənizə getmişdik, Ayla atasının qarşısında o qədər oynayıb, dəcəllik elədi ki, mat qalmışdım. İnanılmaz bir şey idi, elə bil uşaq nəsə hiss edib, atasından ayrılmaq istəmirdi...”
Namiq mənzuniyyəti bitən gün ailəsi ilə xudahafizləşib hərbi hissəyə getmək istəyəndə Ayla ona elə sarılıb ki, anası onu atasından güclə aralaya bilib. Amma iki gün gecə-gündüz ağlayıb. Anası onu həkimə aparıb. Müayinə edib bildiriblər ki, uşaq sağlamdır. “Müharibə başlayanda Ayla hey pəncərənin qabağında dayanıb nigaran gözlərini atasının gələcəyi yollara dikirdi.”
Həyat yoldaşı Füruzə xanımla son dəfə danışanda ona qızına yaxşı baxmağı tapşırıb və tezliklə görüşəcəklərini bildirib. Fəqət, qızı Ayla Bağırzadənin 2 yaşını görmək ona qismət olmadı.
“Canavarlar” Namiqin qisasını düşməndən aldılar
...Namiq saf, təmiz qəlbli mərd idi. Sinəsi erməni faşistlərinə qarşı nifrət hissi ilə dolu olan peşəkar topçunun hər dəfə “Atəş” əmrindən sonra düşmən neçə-neçə döyüş texnikasını, canlı qüvvəsini itirib geri çəkilirdi. Amma növbəti əks-hücum əməliyyatında düşmənlər igid çavuşu hədəfə aldılar. Aldığı mərmi qəlpəsindən ölümcül yaralanan Namiq şəhid oldu. “Canavarlar” dediyi döyüş yoldaşları elə o gün Namiqin qisasını düşməndən aldılar... Qələbədən sonra Çaxırlı kəndində məzarının ziyarətinə komandiri başda olmaqla neçə-neçə döyüş yoldaşı gəldi. İndi Çaxırlıda canı qədər sevdiyi Vətən, torpaq uğrunda şəhid olan Namiq Bağırovun adına küçə var. Atası Nurəddin və yataq xəstəsi olan anası Gülzar xanım qəhrəman Namiqlə fəxr edirlər. “İndi biz oğlumuzdan yadigar qalan qızı Ayla ilə təskinlik tapırıq”-deyirlər.
Şəhidin dayısı Hacı Yasər bildirir ki, Namiq və Ağamalı (şəhid Ağamalı Ağayev-N.Ə.) bacılarımın tək oğul övladları idi. “Hər iki bacım üçün bu itkilərin nə qədər ağır olduğunu yaxşı bilirəm. Bir bacım öz oğluna bəy otağı hazırlayırdı, o biri bacım dünyaya uzun illərdən sonra gələn nəvəsinin sevincini yaşayırdı. Amma bacılarımın arzu və sevinci uzun sürmədi... Oğul itkisi nə qədər üzücü olsa da, bacılarımla fəxr edirəm ki, bu cür vətənsevər övlad böyüdüblər... Vətən sağ olsun!”
Nurəddin ƏDİLOĞLU, “Cenub. AZ”