Hüseynhacılı kəndində boya-başa çatmış Elçin Novruzov yeniyetmə yaşlarından mükəmməl Quran dərsləri almışdı. Ərbəin günlərində Kərbəlaya ziyarətə gedib. Anası Şərəbanı xanım deyir ki, həmişə namaz qılarkən səcdədə Elçin belə dua edərdi: “Ya Rəbbim, əgər müharibə olacaqsa onu mənim ömrümə yaz. Mən Vətən uğrunda cihada hazıram...”
Uzun illər mənfur düşmənin işğalı altında qalan Vətən torpaqlarının azadlığa susadığını yaxşı biliridi. Qarabağda düşmənin viranə qoyduğu kəndlər, şəhərlər Azərbaycan əsgərinin gəlişini, əsl sahiblərinin yolunu intizarla gözləyirdilər. Söz yox ki, ölkədə atılan hər addım Qarabağın azadlığına yönəlmişdi. Amma Tovuz istiqamətində erməni silahlı bölmələrinin törətdikləri təxribat nəticəsində general - mayor Polad Həşimovun həlak olması xəbəri itirilən torpaqların azad edilməsi üçün dolan səbir kasasının son damlası, özü də həlledici damlası oldu...
Bütün vətənpərvər gənclər kimi Elçini də həmin günlərdə könüllü ordu sıralarına qoşulmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə 3 dəfə ərizə ilə müraciət etmişdi.
QISA TANITIM: Novruzov Elçin Qismət oğlu 9 avqust 1989-cu ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Vətənə dönüb. 1996-2005-ci illərdə Hüseynhacılı kənd ümumi orta məktəbində, 2005-ci - 2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsil alıb.
Orta təhsilini başa vurduqdan sonra, çağırışçı kimi 2007-ci ilin oktyabr ayında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, “N” saylı Hava Hücumundan Müdafiə hissəsinə həqiqi hərbi xidmətə başlayıb.
Ordudan tərxis olunandan sonra bir müddət mebel ustasının şagirdi kimi çalışıb, sonra Bakı şəhərində işə düzəlib.
27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin növbəti təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsinə Elçin Novruzov oktyabrın 1-dən qatılıb. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə savaşıb.
Oktyabrın 31-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 16 noyabr 2020-ci ildə Hüseynhacılı kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi.
Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə Elçin Qismət oğlu Novruzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
“Mən ölməyə yox, öldürməyə gedirəm..”
Bu sözləri anasına Elçin müharibəyə yola düşən ərəfədə deyib. Anasının başı çox müsibətlər çəkmişdi. Həyat yoldaşı gənc yaşlarında onu iki uşaqla başsız qoyub, başqa qadınla ailə qurmuşdu. Oğlu Müsəddiq iş yerində qəza nətəcəsində həyatını itirəndən sonra Elçini həmişə təhlükələrdən qorumağa çalışmışdı. Yeniyetmə vaxtlarından əlinin zəhməti ilə hər kəsin hörmətini qazanan Elçin də anasına dayaq olub, bir sözünü iki eləməyib.
Təbiət qoynunda olmağı, balıq tutmağı çox sevən Elçin son günlər Bakıda çalışırdı. Qəndab adlı bir qızla ailə qurub kəbin kəsdirmişdi. Amma nigahları rəsmən qeydə alınmamışdı. Müharibəyə yola düşəndə
Elçin həyat yoldaşını kənddə anası ilə yaşadığı evə gətirib, onun xeyir-duasını alıb. “İllərlə həsrətində olduğumuz torpaqlarımız uğrunda döyüşmək bizə qismət oldu...”
Ana yeganə oğluna dua edə-edə onu Quran altından keçirib. Gəlini isə
arxasınca su atıb. Elçin həm anası, həm də həyat yoldaşı məyus olmasın deyə üzündən əskik olmayan təbəssümlə onlara baxıb: “Mən ölməyə yox, öldürməyə gedirəm, inşallah qayıdıb gələcəyəm...”
Şəhid anasının dediklərindən:
Əsgər yoldaşları Elçini ELÇİ deyə çağırardılar. Gülə-gülə deyərmişlər ki, Kərbalayi Elçi, biz səni istədiyimiz qızların evinə elçi göndərəcəyik...
Şəhid olmamışdan bir gün əvvəl gecənin bir aləmi döyüş yoldaşları ilə insan, zaman, həyat barədə qəribə söhbətlər edib. Sonra onlara təsəlli verib, axırda da deyib ki, amma qorxub eləməyin ha... Deyəsən bu, mənim sizinlə keçirdiyim son gecədir...
Söhbətinin bu yerində nəfəsini tıxayan acı qəhərini birtəhər boğan Şərabanı xanım sözünə davam edərək deyir: Elçin yaralanandan sonra çoxlu qan itirib, Vəli dayısı deyir ki, tabutundan qeyri-adi qoxu yayılırdı ətrafa, elə bil nəşini zəmzəm suyunda yuyub, bihuşdarı vurmuşdular.
...Elçin şəhid olandan sonra evə gətirilən ərzaq yardımlarını əlsiz-ayaqsızlara paylayıram. İndi bir qızı olub. Çalışıram ki, gəlinimlə nigahları rəsmiləşdirilsin. Qızı şəhid vərəsəsi sayılsın...
...İllər sonra atası da meydana çıxıb, Elçin şəhid olandan sonra deyir ki, o mənim də oğlumdur..
Sonra Şərabanı xanım susur. Qəlbinin dərinliyində oğlunu təkbaşına necə əzab-əziyyətlə böyütdüyünü yada salıb kövrəlir. Şəhid anası susduqca baxışlarından dərd-nisgil dil açıb danışır. Bu məqamda mən də susub düşündüm ki, həmyerlimiz, tanınmış şair Arif Fərzəli elə Şərəbanı xanım kimi şəhid analarını dərdini nəzmə çəkərək bu şeirini yazıb:
Dərd içini doğrasa da,
Mərd gəzən şəhid anası.
Yerin-göyün ağrısıdı,
Sən dözən,şəhid anası.
Yanağında qəm qonuşu,
Ala gözdə od donuşu...
Köksündə oğlun danışır,
Üzdə sən, şəhid anası.
Hicranın hicranlar başı,
Haqdan vurulub naxışı.
Bəd nəzərdən göz yaşını
Gözlə sən, şəhid anası.
Ölməzlik kücə,mən kücə,
Onun yolu mənim küçəm...
Şəhid olmam, lap yüz köçsəm,
Min ölsəm, şəhid anası.
Duruşun lal oxşamadı,
Dərdnən qurşaq qurşamadı.
Anam sənə oxşamadı,
Baisəm, şəhid anası.
23.06. 2021.