Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xatirə guşəsində nişan üzüyü saxlanılan şəhid


Xalq artisti Canəli Əkbərova qohumluğu çatan mahmudavarlı baş çavuş Nayib Qasımov ulu babasının adını şərəflə daşıdı. Ədəb-ərkanı, mərifəti ilə el içində hörmət qazanan Nayib 24 il ömür sürsə də nəsillərə örnək ola biləcək mənalı ömür yaşadı. Onun hərbi qulluqçu kimi ən böyük arzusu Vətən torpaqlarını işğaldan azad etmək idi. Nayib buna nail oldu və könüllərdə, yaddaşlarda əbədi yaşamaq haqqı qazandı.


QİSA TANITIM: Qasımov Nayib Akif oğlu 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ilin iyul ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.


2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi xidmət edib. Xidməti boyunca bir neçə dəfə nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.


 Hərbi xidməti bitirəndən sonra könüllü olaraq ordu sıralarında qalıb. 3 aylıq hazırlıq kursu keçəndən sonra çavuş rütbəsində hərbi qulluqçu kimi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hissəsində xidmət etməyə başlayıb.  


2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda və 2020-ci ilin Tovuz döyüşlərində iştirak edib. Aprel döyüşlərində göstərdiyi rəşadətə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.  


2020-ci il sentyabrın 27- də Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi həmişə öndə olub. Göstərdiyi şucaətə  görə döyüş səngərində baş çavuş rütbəsinə layiq görülüb.


 Oktyabrın 5-də Cəbrayıl rayonunun bir neçə kəndinin mənfur düşmənlərdən təmizlənməsində igidlik göstərib. Şəhid yoldaşlarının nəşini döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarasından şəhid olub. Oktyabrın 6-da  nəşi doğulub boya-başa çatdığı Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb.


 Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.


                                                   Hərbi sirri atasına da bildirməzdi


...O, hərbi xidməti barədə evdə heç vaxt söz açmazdı. Hətta Aprel döyüşlərində iştirakını belə ailəsindən gizlətmişdi. Atası Akif deyir ki, həmin döyüşlərdə iştirak edən qonşumuzun əsgər övladına görə çox narahatçılıq keçirərdik. “Sən demə, bizim oğlumuz da həmin döyüşlərdə imiş...”


  Sonralar atası Lələtəpə fatehinə “Biz də vaxtilə hərbi xidmətdə olmuşuq,  döyüşlərdə iştirak etmişik. Hərbi sirrin nə olduğunu yaxşı bilirik” -deyəndə Nayib bildirib ki, ata, sizin dövrünüz başqaydı,  bizimki  başqa... 


Özündən 5 yaş kiçik qardaşı Rəşad, ya da başqa biri onu ordu ilə bağlı sorğu-suala tutanda təmkinlə: “Hərbi işlərin sizə aidiyyatı yoxdur, yaxşı olar ki, mənə özünüzdən danışasınız!”- deyirdi.


   Nayib Müdafiə Nazirliyinin “Gizir hazırlığı kursu”na qəbul olmağı, hərbi sahədə təhsilini davam etdirməyi arzu edirdi. Bir il idi ki, qonşu Lənkərandan sevib-seçdiyi qızla nişanlanmışdı. Yaxın günlərdə ailəsi onun toyunu etməyi düşünürdü.

   2020-ci ilin iyulunda Nayib məzuniyyətə gəlmişdi. 3 gün keçməmiş hərbi hissəyə dönməyə hazırlaşdığını görəndə atası ondan soruşub: “Axı sənin mənzuniyyətin yeni başlayıb?” 


   Ata-anası narahat olmasın deyə erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başladığı döyüşlərə  xususi  təyinatlı  kimi qatılacağını  bildirmədən yola düşür. 

Əmisi, ehtiyatda olan zabit Tofiq Qasımov deyir ki, Nayib məktəbli vaxtlarından vətənpərvər uşaq olub. Sadə və mehriban rəftarı ilə hamının rəğbətini qazanmışdı, həm də  öz işində çox məsuliyyətli idi.  


                                  “Rəbbimiz bizi gedəcəyimiz yola yönləndirir”


Adını daşıdığı ulu babası kimi Quran oxuyan, namaz qılan olub. Atasının dediyinə görə, Nayib hətta hərbi xidmətdə ibadətindən qalmayıb, hər il ramazan ayında oruc tutub. Dinə bağlı olduğu üçün həmişə deyirdi ki, Allah insana nə məsləhətdirsə, onu da qismət edir:  “Rəbbimiz bizi gedəcəyimiz yola yönləndirir.” Gözü, könlü tox olub.

Sentyabrın 19-da son dəfə evə gəlib şənbə-bazar gününü ailəsi ilə keçirsə də öz aləmində gəzib-dolaşıb. Babası Adıgözəl kişi həmin günü xatırlayıb deyir: “Elə bil bizimlə vidalaşmağa  gəlmişdi.”


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə qatılan Nayibin toy gününü gözləyən bacısı Rufanə deyir ki, onun müharibədə  iştirak etdiyini bilirdim. ”Oktyabrın 3-də telefonla danışanda ağlaya-ağlaya dedim ki, bacı qurban özünü qoru! Nayib dedi ki, hər şey yaxşıdır, ağlama. Mənimlə elə danışırdı ki, sanki müharibədən deyil, rahatca  kabinetdə  oturub söhbət edirdi...”


      Nayib kəşfiyyat qrupu ilə Suqovuşan, Füzuli istiqamətlərində hərbi əməliyyatlardan sonra Cəbrayıla göndərilmişdi. Oktyabrın 4-də döyüş tapşırığını layiqincə yerinə yetirmişdi. O  gün Cəbrayıl rayonunun doqquz kəndi silahlı qüvvələrimiz tərəfəindən işğaldan azad edilmişdi. Baş çavuş Nayib Qasımov son döyüş əməliyyatında  oktyabrın 5-də  olub. 


Mərmi dalınca mərmi, itki dalınca itki, ölüm dalınca ölüm, torpaq dalınca torpaq... Müharibədə qəhrəmanlıq göstərməyə bircə an da bəs edir. Nayib son anda şəhid olmuş döyüş yoldaşlarını ərazidən çıxaran zaman düşmənin ağır artilleriya  atəşi  nəticəsində başından ölümcül qəlpə yarası alır və şəhid olur.


                                           Bu üzükdə bir dünya sevgi xatirəsi var...


Azərbaycanın hər guşəsində olduğu kimi Masallıda da bütün şəhid evlərinin darvazasında üçrəngli bayrağımız dalğalanır. Mahmudavarda Nayibin nənəsi Xanım Qafarova  gözlərini hələ də qapıdan yığmayıb. Deyir ki,  Nayib  çox qısa ömür sürdü, amma heç vaxt ata-anasını, bizi incitmədi, məktəbdə müəllimləri, əsgərlikdə komandirləri həmişə ondan razılıq elədilər. 


Dünyada ən ağır görüş isə  Nayib kimi igid övladları müharibədə şəhid olmuş  atalarla, analarla olan görüşdür.  Nayibin anası Raifə xanım deyir ki,  kəndimizdə hər kəs onun toyunu gözləyirdi... Şəhid ata-anasını da,   doğmalarını da ən çox göynədən nişanlı Nayibin nakam qalan sevgisi, yarımçıq qalan arzu və xəyallarıdır.

Bəli, neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoydu müharibə... Fəqət, qələbə sevinci bütün yaralarımıza məlhəm oldu.


Baş çavuş Nayib Qasımov bir evdən deyil, bir eldən gedən oğuldur! Şəhidin adına yaradılmış xatirə guşəsində saxlanılan nişan üzüyünü görəndə atası Akifə, qardaşı  Rəşada  təsəlli verməyə, söz  adamı olsam da, aciz qaldım.  “İlahi, bu üzükdə yarmçıq qalmış bir sevgi hekayəti vardı...” İçimdə qovrula-qovrula   xalq şairi Ramiz Rövşənin  bu şeirini xatırladım:


Dilin yansın, dil yiyəsi,

Söz deməyə dilim gəlməz.

Bu nə sirdi, sirr yiyəsi,

Gedən gedər, gələn gəlməz.


Dünya, yolların yorulsun,

Suların axsın, durulsun,

Ev yıxan, qapın vurulsun,

Bu qapıya gəlin gəlməz.


Göydə bulud dolar gedər,

Quşlar qanad salar gedər,

Oğulları alar gedər,

         Analara ölüm gəlməz...


Sinəsində dağ boyda oğul yarası  gəzdirən şəhid analar da qəhramandılar.

...İndi bu dünyanın harasındasa müharibədə yenə gildir-gildir qanlar axıdılır. Yenə hardasa bir nişanlı qız bənövşə çiçəyi kimi boynunubükük dayanıb həmin  müharibədə düşmənlə döyüşən Vətən oğlunun  yolunu intizarla gözləyir. Hardasa  bür cüt əsgər çəkməsi yenə boş qalıb. Yenə şəhid  oğlunun tabutunu beşik  kimi yırğalayan  bir ana ciyərparəsinin həyət-bacada ayağı dəydiyi yerlərə boylanıb  oxşama deyir: 


  Mən aşiq göyəm yerlər,

  Göyərmiş göyəm yerlər.

 Mənə nişanə qaldı,

 Ayağın dəyən yerlər...



Nurəddin ƏDİLOĞLU, “Cenub. Az”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10