Kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar dəyişdirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.
Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Maddə 196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qanun layihəsi oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Qanuna edilmiş dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmadı. Xüsusən də banka borclu olan əhali qanunvericilik aktlarında edilən dəyişikliyi sərtləşmə kimi qəbul edib. Ekspertlər isə cəza tədbirlərinin sərtləşdirilməsi haqqında yayılan məlumatların əsassız olduğunu deyir.
Belə ki, Cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan və bu məqsədlə 301-ci maddəyə yeni yanaşmanın tətbiq olunduğu sənəddə kredit borcları ilə bağlı iki maddəyə edilən dəyişiklik, əksinə, cəzaların yüngülləşdirilməsini nəzərdə tutur.
Bakupost.az xəbər verir ki, Bank üzrə hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında təqdim olunan layihədə heç bir sərtləşdirmənin olmadığını deyib: "Köhnə qanunda vətəndaşın kreditor borclarını ödəməkdən qəsdən yayınma halına görə 3 ilədək, yeni qanun layihəsində isə 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Bu, əslində sərtləşdirmə yox, yumşalmadır. Həmin qanun bu gün də var və qəsdən yayınma dedikdə o başa düşülür ki, şəxsin əmlakı da, vəsaiti də var, amma onu kredit borcunun ödənilməsinə yönəltmir. Bu, qəsdlə yayınmadır. Əslində kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə qanunun sərtləşdirməsinin tərəfdarıyam.
Əgər qəsdlə yayınmadırsa, niyə də sərtləşməsin?!
Bağlanmış bankların nümunəsi var. Təkcə "Bank Standart”da 43 min vətəndaşın cəmi 157 milyon manat pulu qalıb. Çünki həmin bankdan kimlərsə kredit götürüb və bir hissəsi qaytarılmayıb. Əlbəttə, onları məsuliyyətə cəlb etmək lazımdır. Bu halda məhkəmədə istintaq orqanları sübut etməlidir ki, vətəndaşın əmlakı, gəliri var. Əgər bunların heç biri yoxdursa, buna görə vətəndaşı məsuliyyətə cəlb etmək olmaz.
Məlumdur ki, bu, qanunvericiliyə ziddir və Avropa Konveksiyasının dördüncü protokolunun I maddəsində deyilir ki, borc ödəmək iqtidarında olmadığına görə heç kəs həbs edilə bilməz. Hətta qanunda sərtləşdirmə olsa belə, vicdanlı insanlar bu dəyişiklikdən narahat olmalı deyil. Əgər onların həqiqətən də borcu ödəməyə pulları yoxdursa, heç kəs məsuliyyətə cəlb edə bilməz”.
Problemli kreditlərin həcminin böyük olduğu bir vaxtda qanunların yumşalması nəyə xidmət edəcək?
Ekspert bunun güman ki, vicdansız borcluların məsuliyyətdən yayınmasına xidmət edəcəyini bildirib: "Lisenziyası ləğv olunan "Bank Standart” 700 milyon manat kredit verib. Burada kimi 50 milyon, kimi də 100 milyon kredit götürüb, indiyə qədər də qaytarmırlar.
Yəqin həmin şəxslər belə qanunların qəbul olunmasında maraqlıdır. Çünki onlar 2 və yaxud 5 il müddətinə həbs olunur, sonra da pulları cibində azadlığa çıxır. Məlumdur ki, pulu olan şəxslər həbsxanada bütün şəraitini qurur. Yəqin ki, bu qanun həmin şəxslərə xidmət edir. Hesab edirəm ki, buna etiraz etmək lazımdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələ də elə bilirlər iqtisadi qanunları "zopa" ilə, qorxu-ürkü, həbslə idarə etmək olar: "Bir rəsmi şəxs çıxıb demir ki, camaat niyə borcunu qaytara bilmir, nədən kreditini ödəyə bilmir? Millət nə etsin ki, hökumət manatı 2 dəfədən çox ucuzlaşdırdı, götürdükləri borc həm yüksək faizlədir, həm də 1 ildə iki dəfədən çox artdı.
İqtisadi tənəzzül davam edir, ümumdaxili məhsul azalır, əhalinin nominal gəlir artımını inflyasiya yeyir, real gəlirlər azalır, qiymətlər artır, dolanışıq ağırlaşır. Ölkədə 2 milyona yaxın vətəndaşın kredit borcu var.
İndi nə edəcəklər, yüz minlərlə insanı həbs edəcəklər? Onlarla yeni zindan tikəcəklər? Hər məhbusun 1 gün zindanda qalması dövlətə 19 manata başa gəlir. Həbs edib günə 19 manat xərcləmək dövlətə daha baha başa gələcək. Faciədir”.