Təsəvvür edin ki, İrəvan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanı və NATO-nun ikinci ən güclü ordusuna sahib Türkiyəni nə ilə təhdid edir...
“Əgər Robert Köçəryan Qarabağı nizamlama prosesindən kənarda qoymuşdusa, son müharibədəki məğlubiyyətdən sonra Ermənistan münaqişə tərəfi kimi kənarda qaldı. Heç kim Ermənistanın fikrini soruşmur. Ermənistan Qarabağla bağlı müstəqil qərarlar qəbul edə bilməz. Bəlkə də bu münaqişədə tərəf olmaqdan çıxmışıq”.
Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın bu ifadələri ölkədə əsl isteriyaya səbəb oldu. “Lragir” saytı bir “analitik” möcüzə yazaraq, xüsusilə qəzəbini gizlətmədi. Bu sayt inadla Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçilərinin qoruduğu Ermənistanın müstəqil qərarlar verə biləcəyini iddia edir.
Bu yazı bir lətifəni xatırladır: İş tapmaq istəyən şəxsdən əlindən nə gəldiyini soruşurlar. “Mən qaza bilərəm” deyə cavab verir. “Başqa nə bacarırsan?” sualına isə “Mən qazmaya da bilərəm” cavabını verir.
İndi Ermənistan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədən sonra bölgənin gələcəyi ilə bağlı qəbul edilmiş qərarlarla razılaşa da bilər, razılaşmaya da, lakin bu qərarlara təsir etmək iqtidarında deyil. Ermənistana sadəcə fakt qarşısında qoyulur. Üstəlik, 44 günlük müharibənin nəticələrindən sonra, Ermənistanı və dünya ermənilərini dəhşətə gətirən daha bir məqam Türkiyənin bu mövzulardakı fikrinin dünya ictimaiyyəti üçün ermənilərdən daha çox maraq doğurmasıdır.
Buna görə Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 14 iyunda Brüsseldə keçiriləcək NATO zirvəsi öncəsi bir görüşdə Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə etmək istədiyini söylədi. Beləliklə, indi elə hadisələr baş verir ki, 44 günlük müharibədən əvvəl rəsmi İrəvan və dünya erməniləri bunu bir kabus yuxusunda belə, xəyal edə bilməzdilər.
Əslində, Ter-Petrosyan bu barədə danışır. Yalnız müəyyən bir siyasi qüvvənin müəyyən bir siyasi sifarişini yerinə yetirənlər onun gəldiyi nəticələri inkar edə bilərlər. Bunların reallıqla heç bir əlaqəsi yoxdur. Bütün bunların fonunda “Lragir”in yazdıqlarını oxumaq daha da əyləncəlidir. Orada qürur üçün bir səbəb də tapıblar.
Sən demə, Ermənistan “Artsax”ı Ermənistanın və ya Azərbaycanın bir hissəsi kimi, yaxud da “müstəqil bir ölkə” kimi tanımaq hüququnu özündə saxlayır. Bu möcüzəli cəfəngiyatın müəlliflərinə dörddə bir əsrdən çoxdur ki, belə çıxışlar və fərziyyələr eşitdiyimizi, lakin Ermənistanın “Artsax”ı tanımağa cəsarət etmədiyini xatırlatmaq bir az qəribə gələ bilər. Amma onlar da gözəl bilirlər ki, heç vaxt belə bir "dövlət" olmayıb və olmayacaq da.
Xüsusilə indi Azərbaycanın 8 bölgəsi azad edildikdə, ölkəmizin bayrağı Şuşada dalğalandıqda və xeyli aşağıda ovuc içi kimi görünən Xankəndi azadlığının o qədər də çətin bir məsələ olmadığı bir vaxtda, “Artsax” sevdalılarının hədə-qorxuları ancaq istehza doğurur. Müharibə ilə 44 gün ərzində bu qədər geniş əraziləri geri qaytaran ordumuz bu vəzifənin də öhdəsindən gələcək.
Ancaq “Lragir” öz reallığında yaşayır. Bu nəşr inadla bildirir ki, Üçtərəfli bir bəyanat imzalamasına baxmayaraq, Ermənistan münaqişədən kənarda qalmayıb. Və iddia edirlər ki, “İrəvan olmadan kommunikasiyalar açılmayacaq, Türkiyə ilə Azərbaycanın ərazi bütövlüyü tanınmayacaq”. Burada həkim çağırmaq daha düzgündür, çünki “Lragir”lilər halüsinasiyalar görməyə başlayıblar.
İntellektual tənəzzülün dərinliyini nümayiş etdirməkdən çəkinməyərək, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın tez-tez müxtəlif dünya güclərinin iradəsinə zidd olaraq, bir çox dünya miqyaslı layihələrin təşəbbüskarı və icarçısı olmasına baxmayaraq, ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasına ehtiyac duyduğunu yazır “Lragir”!...
Baxmayaraq ki, ölkəmiz bütün dünya tərəfindən tanınıb. Özü də Sovet İttifaqı dövründəki sərhədləri daxilində, yəni ölkəmiz əvvəllər işğal olunmuş bütün əraziləri ilə birlikdə BMT-yə daxil oldu. Ancaq NATO-da ikinci ən güclü orduya sahib olan və dünya arenasında yeni, böyük bir oyunçu rolunu oynayan Türkiyənin ərazi bütövlüyünün, Boris Qrızlovun sözləri ilə desək, “Rusiyanın Qafqazdakı forpostu” tərəfindən tanınmasının vacibliyini ciddi olaraq elan edənlərlə nə danışa bilərik?
Amma cəfəngiyyat birincliyində “Lragir” tək deyil. Demək olar ki, eyni cəfəngiyat “Armeninreport” nəşri tərəfindən də səsləndirilir. Bu nəşr Ter-Petrosyanı bariz həqiqəti dilə gətirdiyinə görə tənqid edir. Ermənistanın ilk Prezidentini Ermənistanda həqiqi çəkisi olmayan bir siyasətçi adlandırır.
“Ter-Petrosyanın motivlərini başa düşmək olar. Axı, seçkilərin nəticələrindən sonra hər kəsin onun nəticəsini yenidən ələ salacağı açıq-aşkar görünəcək. Birinci Prezidentin ətrafının ona həqiqəti söyləmək istəməməsi ilə birlikdə, liderin reallığı lazımi dərəcədə qiymətləndirə bilməməsi də göz önündədir”, - deyə bu nəşr qəzəb püskürür.
Bundan sonra Robert Köçəryanın ünvanına təriflər səslənir. Ermənistan Respublikasının ikinci Prezidentinin “tək adının Azərbaycanda qorxu yaratmaqda davam etdiyini” söyləyirlər. Çox gülməli bir açıqlamadır. Ermənistanı milyardlarla dollar qarət edərək, Afrikada yüzminlər xərcləyərək, vəhşi safari həvəskarı olan Köçəryan ancaq güzgüdəki əksini qorxuda bilər. Azərbaycanı isə Köçəryan yalnız mağara millətçiliyi nümunəsi kimi bütün dünyaya göstərmək üçün maraqlandıra bilər. Unutmayaq ki, “Ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğu” barədə faşist fikrinin müəllifi də elə bu Robikdir.
Və nə qədər absurd səslənsə də, bu faşistin qələbəsi müəyyən dərəcədə ölkəmizə faydalıdır. O zaman bütün dünya demokratiyanın olduğu “yeni Ermənistan” ilə bağlı açıqlamaların mənasız cəfəngiyat olduğunu görəcək. Bu tipli çıxışlar “kabab inqilabı”ndan sonra Ermənistanda əsl spekulyasiya mövzusu idi. İndi isə Köçəryanın qalib gələcəyi təqdirdə hamı Ermənistanın mağara millətçiliyi ilə sağalmaz xəstə olduğunu görəcək. Bu xəstəlik Xankəndinin azad edilməsi ilə nəticələnəcək daha bir blitz-kriqlə müalicə olunur.
44 günlük Vətən müharibəsi göstərdi ki, heç kim buna mane ola bilməz. Və onda da “Lragir”, “Armenianreport” və halüsinasiyalar ölkəsinin digər kütləvi informasiya vasitələri yalnız baş verənlərdə günahlandırmaq mümkün olacaq yeni bir “günah keçisi” axtarmalı olacaqlar