Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hişkədərəli zabitin anası da müharibəyə getmək istəyirdi


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.


"Əsgər atası" filmini bizim yaşlı nəslin çoxu xatırlayır. İkinci Dünya müharibəsindən bəhs edən bu filmi  1965 - ci ildən üzü bəri ekranlarda  nə qədər göstəriblərsə, bir o qədər də maraqla izlənilib. Oğlunun arxasınca ölümü gözə alaraq, uzaq yol qət eləyib cəbhəyə yollanan Georgi Maxaraşvilinin saflığı, məsumluğu ilə yanaşı, qəlbindəki övlad sevgisi tamaşaçını həm heyrətə, həm də riqqətə gətirir. Filmin sonunda döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxan “Əsgər atası”  qollarının üstündə can verən  oğluna   çarəsizcə deyir: "İndi anana nə cavab verəcəm?" Bu epizoda baxanlar yəqin elə mənim kimi kövrəliblər, hətta göz yaşlarını saxlaya bilməyiblər.


...Xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək 27 sentyabr 2020 - ci ildə faşist Ermənistanın növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində xalqımız, dövlətimiz, ordumuz bir andaca səfərbər və tək yumruq oldu.  İllərdir Qarabağa, işğal olunmuş torpaqları azad etmək  eşqi, həvəsi ilə 44 günlük Vətən müharibəsinə könüllü qatılan azərbaycanlı leytenant Vüsal Məhərrəmovun anası Elmira xanım da əlinə silah alıb cəbhəyə getmək istəyirdi. Niyə? Bu sualın cavabını sizə şəhid zabitimizin ömür yolu haqqında təqdim etdiyimiz  yazıda tapacaqsınız.


Qısa tanıtım: Məhərrəmov Vüsal Aslan oğlu 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə Hişkədərə kənd orta məktəbinin birinci sinfinə qəbul olub, 1997-ci ildə  Birinci Qarabağ müharibəsində  göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən şəhid Elşad Ağayevin adını daşıyan həmin məktəbi əla qiymətlərlə bitirib. 


1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Akademiyanın hərbi kafedrasından məzun olduğu üçün leytenant rütbəsi alıb. 2003-2004-cü  illərdə ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissədə bölük  komandiri   vəzifəsində xidmət edib.  Hərbçi sənətinə, tibbi peşəsinə böyük maraq göstərib.


2008-ci ildə Gəncə şəhərində iki ay hərbi təlimlərdə   iştirak edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə  könüllü qatılıb. Noyabrın 4-də Şuşa istiqamətində gedən şiddətli döyüşlər zamanı Daşaltıda yaralanan əsgərlərinin həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. 

7 noyabr 2020-ci ildə nəşi Masallıya gətirilb. Rayonun və Hişkədərə kənd ictimaiyyətinin  izdihamlı yürüşü ilə son mənzilə yola  salınıb. Ailəli idi. İki oğul övladı - 14 yaşlı Nicat və 12 yaşlı  Nihad Vətənə əmanət qalıb.     

                                                                                                                         

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə leytenant Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra “Vətən uğrunda” medalına  layiq görülüb.


                                                 “Ən böyük arzum Şuşanı azad görməkdir”


Azərbaycan Ordusunun leytenantı Vüsal Məhərrəmovun boya-başa çatdığı ailənin uşaqları (3 qardaş, 2 bacı) hamısı ali təhsil alıblar. Üstəlik  tibb sahəsinə aid olan ən vacib bilgiləri mənimsəyiblər. Şəhid zabitimizin heyrətamiz hadisələrlə dolu həyat kitabını vərəqləmək üçün baharın güllü-çiçəkli vədəsində Hişkədərə kəndinə yollandıq. Əvvəlcə kənd qəbiristanlığında şəhid məzarlarını ziyarət etdik. Sonra Vüsalın atası Aslan müəllimlə, anası Elmira xanımla görüşüb söhbətləşdik. İxtisasca   kimya müəllimləri olan, hazırda təqaüdə çıxmış bu insanlarla yaxından  tanış olduqca onlara təsəlli verməyə, səbir və dözüm arzulamağa söz “tapmadıq.” Əmin olduq ki, bu təcrübəli, ziyalı ata-ana canlarının bir parçasını itirsələr də, müqəddəs Vətən uğrunda övlad qurban verməyi özlərinə valideynlik borcu bilir və başlarını uca tutaraq Vüsalın yolunda çəkdikləri əziyyətin hədər getmədiyinə daxilən məğrurluq hissi keçirirlər. İndi  Vüsal təkcə Məhərrəmovlar ailəsinin deyil, Azərbaycan xalqının qəhrəman övladı idi. 

Ailənin hər bir üzvü vətənpərvərlik ruhunda böyüyüb, ürəyində  tükənməyən Vətən, torpaq sevgisi qərar tutub. Vüsalın ardınca qardaşları Rəşad və Mahir də Vətən müharibəsinə könüllü yollanmaq istəyiblər:  “Vüsal bizi müharibədə görsə, daha ürəklə döyüşər...” Elmira xanım  əvvəlcə dönüb boy-boya dayanmış 12 nəvəsinə baxıb, sonra üzünü  oğlanlarına tutub təmkinlə və ciddi tərzdə deyib: “Mən də əlimə silah götürüb sizinlə müharibəyə gedəcəyəm…” 


Şəhid zabitimizin ata-anasının söhbətlərindən aydın  olur ki, mərdlik, cəsurluq, kişilik, vətənpərvərlik hələ tələbəlik illərindən Vüsala xas xarakterik cəhətlərdən olub. Bacısı   Gülşad xanım kövrək notlar üzərində qələmə aldığı xatirəsində yazır ki, Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Vüsal Murovdağ istiqamətinə baxaraq tələbə yoldaşlarına zaman gələcək biz Kəlbəcərə qayıdacağıq deyirmiş...


Vətən müharibəsinə könüllü yola düşəndə  isə həyat yoldaşı Mətanət xanıma təsəlli vermək üçün belə deyib:  “Əgər bu gün torpaqlarımızı azad edib müharibəyə son qoymasaq, gələcəkdə övladlarımız   müharibə etməli olacaqlar... Mənə heç nə olmaz. Atamın duaları məni düşmən gülləsindən qoruyacaq.” 

39 gün müharibədə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində onlarca yaşayış məntəqəsini düşməndən azad edən taqım  komandiri deyərmiş: “Ən böyük arzum Şuşanı azad görməkdir.” 


                                                  Əsgərləri Vüsala “Ağsaqqal” deyirdilər


Adətən, hərbi xidmətdə və ya müharibədə hər kəsi soyadı, ya da rütbəsinə görə çağırırlar. Vüsal Məhərrəmova tabeliyində olan əsgərlər “ağsaqqal” deyə müraciət edirdilər. O, əsgərləri ilə komandir kimi yox, dost-doğmaları kimi rəftar edirdi. Yaralıları döyüş meydanından çıxarıb, yaralarını özü sarıyırdı. Aqronom-torpaqşünas ixtisasına yiyələnsə də həkimliyi də qismən bacarırdı. Bir dəfə 3 yaralı əsgəri döyüş meydanından təkbaşına çıxardıb, onlardan birinə öz köynəyini geyindirdi. Hardan   biləydi  ki, özü  şəhid olandan sonra  həmin əsgər onun verdiyi  köynəyi gətirib atası  Aslan müəllimə  verəcək...   

Fədakar taqım komandiri kəşfiyyata özü gedər, döyüş koordinatlarını müəyyən edəndən sonra əsgərlərinə mühüm tapşırıqlar verərdi. Əhmədbəyli kəndini düşməndən azad edəndə Vüsal ayağından yaralanır. “Ağsaqqal, gəl səni döyüş meydanından çıxaraq” deyən əsgərlərinə Vüsal: “Siz mənim qardaşlarımsız, son nəfəsimə kimi sizinlə birlikdə döyüşəcəyəm” deyir və ayağındakı güllə yarasını özü sarıyıb yenidən öndə gedərək döyüş meydanına atılır. Ürəyində böyük Vətən sevgisi, Qarabağ eşqi, Şuşa sevdası yaşayan Vüsal Məhərrəmovu  Zəfər günündən  cəmi 3 gün ayırırdı. Fəqət, növbəti dəfə yaralı əsgərinin həyatını xilas edərkən qəhrəmancasına həlak olur. 

...Bir gün  sonra  cənazəsinə   bükülmüş  üçrəngli Azərbaycan  bayrağı  məzarının önündə keçirilən mərasimdə oğlu Nicata təqdim olunacaqdı,  nəşi doğma Hişkədərə torpağına tapşırılandan sonra ruhu işğaldan azad olunmuş Şuşa şəhərinin səmasında dolaşacaqdı...


                                                   “Elə bilirəm oğlum uzaq səfərə gedib”


...Məzarının ziyarətinə Azərbaycanın hər bir guşəsindən əsgərləri gəlirlər. 40 mərasimindən sonra Şamaxıdan  bir əsgəri  gəlib,   ixtisasca diş həkimi  olan həmin ziyarətçinin Aslan müəllim adını unutsa da, onun Vüsal haqqında dediklərini yaxşı xatırlayır: “Vüsal mənim yaralarımı sarıyandan sonra hardansa tapıb gətirdiyi ağrıkəsici 'Diklofenak' iynəsi də vurdu. Ağrım o qədər şiddətli idi ki, dedim, o iynədən birini də vursun. İzah etdi ki, ikinci iynəni yarım saatdan tez vurmaq olmaz. Soruşdum ki, sən bunları hardan bilirsən? Dedi ki, ilk arzum həkimlik olub, ancaq alınmadı... Yarım saat keçəndən sonra mənə ikinci ağrıkəsici  ampulanı da vurub arxaya göndərdi. Onun necə igid, cəsur, qorxmaz hərbçi olduğunu mən yaxşı bilirəm.” 

Aslan müəllim deyir ki, indi kiçik oğlum Mahir Vüsalın azad görmək istədiyi Şuşaya   çəkilən  “Zəfər yolu”nun  tikintisində iştirak edir... 

Bu yol şəhid zabit və əsgərlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir.  Müzəffər ordumuz bu yolla Şuşa şəhərinə daxil olduğundan  “Zəfər yolu” həm rəmzi  məna,   həm də mənəvi önəm kəsb edir. 

Aslan müəllim isə bizimlə xudahafisləşəndə son sözü bu oldu: “Mən Vüsalın ölümünə  inanmıram. Elə bilirəm  ki, o, uzaq  səfərə gedib.

Bir  gün  getdiyi   yolla  evimizə geri dönəcək..”


 Nurəddin ƏDİLOĞLU, “Cənub.az”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10