“Cənub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
Qısa tanıtım: Lətifov Rəşid Güləhməd oğlu 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2006- 2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb.
2018-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiq hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Oktyabrın 1-də Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Rəşid Lətifov şəhid olub. Bir müddət döyüş meydanında qalan nəşi tapılandan sonra 29 dekabr 2020-ci ildə doğulduğu Tatyanoba kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Hər ömrün bir tarixi var...
Deyirlər, insan bu dünyaya öz bəxti, taleyi ilə birgə göz açır. Həyatımızda ən çox işlətdiyimiz ifadələr arasında "taleyi belə gətirdi, qisməti belə imiş” inancıdır. Yəni nə qədər, çalışsaq da taleyi, qisməti dəyişmək mümkün deyil. İstər uzun olsun, istər qısa, insan həyatı varlıqla yoxluq arasında məsafədir. Bəzən deyirlər ki, ömür bir göz qırpımı qədər qısa, su içimi qədər gödəkdir. Xatirələrdə əbədi qalmağın isə uzun və ya qısa ömür sürməklə heç bir əlaqəsi yoxdur. Elə insanlar var ki, onlar “su içimi qədər” qısa ömründə böyük fədakarlıqlar edir, adları Vətənin qəhrəmanlıq salnaməsinə yazılır. Xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanan oğullardan biri də Tatyanobanın igid oğlu Rəşid Lətifovdur.
Ucaboylu bu sarışın oğlan təbiətcə çox sakit olub. Yeniyetmə yaşlarında çox yaxşı futbol oynamağı ilə tanınıb. Arzusu polis olmaq idi. Lakin ilyarımlıq hərbi xidməti ərzində Rəşid əsl vətənpərvərlik dərsi keçib. Vətənə, xalqa, dövlətə sevgi hissi onun həyatının mənasına çevrilib. Müvəqqəti hərbi xidmətdə olarkən silahla davranmağı da çox gözəl mənimsəmişdi. “N” saylı hərbi hissənin komandiri polkovnik Əflatun Nurəliyev Rəşidin valideynlərinə ünvanladığı təşəkkür məktubunda yazırdı:
“...Oğlunuz Rəşid hərbi xidmətini bizm hərbi hissədə keçirir. Rəşid özünü qısa müddətdə nizam-intizamlı, qorxmaz, cəsur və igid Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş silahı mükəmməl öyrənib, azgın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə etməyə hazırdır. Rəşid hərbi hissədə vətənpərvərliyi və qayğıkeşliyi ilə yoldaşlarının və hərbi hissə komandanlığının dərin hörmətini qazanıb. Əla xidmətinə və nümunəvi intizamına görə dəfələrlə komandanlıq tərəfindən təşəkkürlərlə təltif olunub.. Rəşid müstəqil Azərbaycanın mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu layiqincə yerinə yetirir. Vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olan Rəşid kimi oğul tərbiyə edib, böyütdüyünüzə görə sizə təşəkkür edirik... Rəşid kimi övladınız olduğu üçün fəxr edə bilərsiniz. Sizə uzun ömür və Qələbə sevinci arzulayıram.”
Ömrünün 32 ilini Vətənə həsr edən 17 yaşında 1-ci Qarabağ müharibəsində, 2016 -cı ildə Aprel döyüşlərində iştirak edən təcrübəli polkovnik Əflatun Nurəliyevin sıravi əsgərə diqqət və qayğısı Rəşidin qəlbində hərbi peşəyə böyük maraq oyatmışdı. Ona görə də Rəşid Lətifov həqiqi hərbi xidmətdən tərxis olunandan bir ay sonra Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusu ilə üç il müddətinə müqavilə imzalayaraq MAXE kimi qulluq etməyə başlayır...
Gözaltı elədiyi qızla nişanlanmaq istəyirdi
Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarınıln 3 -cü Ordu Korpusunda təlimlər keçən Rəşid həmlə taborunda müddətdən artıq hərbi xidmətini həvəslə davam etdirirdi. Onun xidmət etdiyi hərbi hissə Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi. Vətənə yaxşı xidmət müqabilində təşəkkürnamələr alması Rəşidin hərbi qulluqçu kimi özünə inamını da artırırdı, məsuliyyətini də...
Müqavilə vaxtı başa çatanda Rəşidin məqsədi gözaltı elədiyi qızla nişanlanmaq idi. Lakin Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar, Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından soraq verən bəyanatları müharibəni qaçılmaz etmişdi. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.
Rəşidgilin həmlə taboru da döyüş tapşırığını şərəflə yerinə yetirərək Murov dağ silsiləsi istiqamətində "Canavar qulağı" adlı yüksəklikdə ermənilərin bir neçə postunu ələ keçirdi. Düşmən xeyli sayda canlı itki verib geri çəkildi. Müharibənin ilk günü gədəbəyli dostu Seymur Allahverdiyevin Rəşidin qolları üstə şəhid olması onu çox bərk sarsıtdı.
Oktyabrın birində ayağından ağır yaralansa da Rəşid təxliyədən imtina edərək döyüş meydanını tərk etmir. Murov dağı silsiləsindəki strateji əhəmiyyətli yüksəkliyi əldən vermək istəməyən düşmən əks-həmlə taborunu güclü artilleriya atəşinə tutur. Rəşidin yaxınlığına düşən mərminin qəlpəsi onu başından ölümcül yaralayır və bu, onun Murov dağ silsiləsində yerləşən"Canavar qulağı" adlı yüksəklikdə son döyüşü olur...
Tarix ən böyük müəllimdir
3 aydan sonra şəhidliyi təsdiqlənən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. Nəşi dekabrın 29-da Masallı rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Tatyanoba kəndində son mənzilə yola salındı. Güllütəpə kənd tam orta məktəbinin direktor müavini Rövşən Muxtarov canını Vətən uğrunda fəda edən Rəşidin boya-başa çatdığı evi ziyarət etməkdə bizə yardımçı oldu. Bildirdi ki, məktəbin müəllimi İlham Əsədov u ərazidən olan Vətən müharibəsinin şəhidləri Rəşid Lətifovun, Şəmsəddin Təhməzovun, Ülvi Nüsrətbəylinin və Raqib Əzizovun xatirələrinə şeirlər ithaf edib. Rövşən müəllim bədii qiraətçi məharəti ilə o şerlərdən bir neçəsini bizə oxudu və şəhid Rəşid Lətifovun atası Güləhməd kişi, anası Sevinc xanımla , məktəbli qardaşı Əhmədlə həmsöhbət olmağımıza körpü saldı.
20 yaşlı Murov qəhrəmanı barədə xatirələr, İlham müəllimin şəhid şagirdinə həsr etdiyi şeirindəki bir-birindən gözəl obrazlı ifadələr mənə 44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkədə Vüsal Hicran adlı bir müəllifin paylaşdığı şeirin məzmunu xatırlatdı:
“Keçmiş şagirdinin şəhid xəbərini eşidən tarix müəllimi hamı kimi bərk sarsılır. Və xəyalən bir anlıq geriyə qayıdır, yadına düşür ki, tarix dəsinə hazaırlıqsız gələn həmin şagirdini çox danlayıb, tənbeh edib və ona iki yazıb. İndi müharibə zamanı igidlik göstərən həmin şagirdinin Azərbaycan bayrağına bükülmüş cənazəsinə baxa-baxa düşünür ki, müəllim də çətin sullar qarşısında səhv edə bilər və sonda ETİRAF edərək belə deyir:
“Bilməzdim tarixdən iki alanlar,
Özləri nə vaxtsa tarix yazacaq...”
Öz şagirdinin xatirəsinə İlham Əsədovun həsr etdiyi şeirdə ifadə etdiyi kimi, “Rəşid al qanı ilə tarix yazan” tatyanobalı cəsur döyüşçü olub. Rəşidlər, şəmsəddinlər, ülvilər, raqiblər bir göz qırpımı qədər ömür yaşasalar da həmişə xatırlanacaqlar. Allaha şükürlər olsun ki, doğma Azərbaycanımızın bütün şəhidləri kimi, onların da qanı yerdə qalmadı. Bu gün şəhidlərimizin ruhları şaddır. Bilirlər ki, bu Vətən, xalq onlara əbədi minnətdardı! Nur içində yatsınlar, nur üzlü Şəhidlərimiz! Allah ailələrinə, əzizlərinə səbr versin!
Nurəddin ƏDİLOĞLU, “Cənub.az”