Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən gərginliyin tənzimlənməsi ilə bağlı İrəvanın planını açıqlayıb. Onun Azərbaycana və ATƏT-in Minsk Qrupu ölkələrinə təklif etdiyi plan 3 bənddən ibarətdir. Paşinyana görə, hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli, sərhədə Rusiya və ya Minsk Qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli, beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.
Yerli analitiklərin fikrincə, Paşinyanın planla bağlı təklifi ya Vaşinqtonda, ya da Parisdə hazırlanıb. Bu vasitə ilə proseslərdən kənarda qalan ABŞ və Fransa yenidən bölgəyə gəlmək istəyir. Eyni zamanda, müharibə dövründə və sonradan proseslərin içərisində olan Türkiyənin məsələlərdən uzaqlaşdırılması nəzərdə tutulur. Ermənistanın hazırda faktiki rəhbəri olan şəxsin sözügedən təklifinə Azərbaycan tərəfindən hansısa cavab verilməyib. İrəvandan gələn hər hansı təklifin bizim üçün xeyirli olmadığı aydındır. Amma nəzəri baxımdan planın reallaşması mümkündürmü?
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, politoloq Araz Aslanlı mövzu ilə bağlı AYNA-ya deyib ki, biz sərhədimizdə xarici müşahidəçilərin olmasının yox, normal münasibətlərin qurulmasının tərəfdarıyıq: “Yox, əgər Ermənistan-Azərbaycan sərhəd zolağında, yəni SSRİ xəritələrinə əsaslanan, beynəlxalq hüquqda təsbit edilmiş sərhədə ehtiyac yaranarsa, xarici müşahidəçilərin olması mümkündür. Təbii ki, söhbət sərhəddən gedir. Amma Azərbaycanın daxilində, hazırda “kim haradadır” prinsipləri əsasında, təmas xətti dedikləri yerlərdə xarici müşahidəçilərin yerləşdirilməsinə razılıq yolverilməzdir. Hansısa beynəlxalq güc Ermənistanın ərazi bütövlüyünə təhlükə hiss edirsə, o zaman Ermənistanın beynəlxalq hüquqla təsbit edilmiş sərhədlərində müşahidəçi yerləşdirə bilər. Bunun üçün Azərbaycanla xüsusi razılaşmaya da ehtiyac yoxdur. Öz sərhəd zolağı boyunca kimi istəyir, düzsün, bunun bizə dəxli yoxdur”.
Politoloq qeyd edib ki, sözügedən planda məqsəd bugünkü vəziyyəti status-kvo kimi düşünüb, bu “status-kvonu” saxlamaqdırsa, təklif qəbuledilməzdir: “Ermənistan daha əvvəllər də bu hiyləgərliyi etməyə çalışmışdı. O vaxt Azərbaycan-Ermənistan cəbhə xətti boyunca xüsusi müşahidəçilər gəlməsini istəyirdi İrəvan. Rəsmi Bakı haqlı olaraq bunu qəbul etmədi. Çünki o, məntiqli bir şey deyildi. Təsəvvür edin ki, güc yolu ilə əraziləri işğal edib, sərhədləri dəyişməyə çalışır, sonra da Minsk Qrupu üzvlərinə deyir, “gəlin, müşahidə aparın”. Təəssüf ki, vasitəçilər də İrəvanın bu məntiqsizliyini qəbul edirdilər və bunun reallaşmasına çalışırdılar. Amma haqlı olaraq Azərbaycan buna imkan vermədi”.
“Ola bilər ki, bu, Ermənistanın yox, proseslərdən kənarda qaldıqları görünən ABŞ və Fransanın planıdır. Bununla yenidən bölgəyə qayıdışlarını təmin etmək istəyirlər. Amma mən bunu problemli məsələ kimi görmürəm. Bölgədə niyə sadəcə Rusiya olmalıdır? ABŞ da olsun, Fransa da olsun, digərləri də olsun. Amma Rusiya da daxil olmaqla, hər bir dövlətin bölgədə olması bir məqsədə xidmət etməlidir – dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tam təmini və regionun sülh, əməkdaşlıq, rifah regionuna çevrilməsi”, - deyə analitik vurğulayıb.Aslanlının sözlərinə görə, Rusiya da, Fransa da, ABŞ da bölgəyə başqa məqsədlə gəlibsə və ya gələcəksə, onun burada sonu yoxdur: “Gec-tez proseslər elə bir nöqtəyə gələcək ki, regionda kənar güclərin pozuculuq fəaliyyəti iflasa uğrayacaq. Bu, birmənalıdır. Görünür, Paşinyan bu təklifi ilə Rusiyanın regionda təkbaşına olmasını istəmir. Yaxud da, Rusiyanın təkbaşına olmasını təhlükə kimi görür. Amma dediyim kimi, “status-kvo”nu bir neçə gücün vasitəsilə qorumaq istəyirsə, bu, mümkün deyil. Bu gün Azərbaycan sərhədlərini tam müəyyənləşdirməyib. Qazağın 7 kəndi, Naxçıvanın 1 kəndi işğaldadır. Bütün ərazilərimiz üzərində suverenliyimiz tam bərpa olunmayıb. Belə olan halda beynəlxalq müşahidəçilərin gəlişi məntiqsizdir. Sərhədlərin dəqiqləşdirilməsinin yolu bəllidir – SSRİ dövrünün müvafiq hərbi xəritələri əsasında bu, həyata keçirilməlidir”.
Politoloq Ceyhun Əhmədli də AYNA-ya şərhində sözləyib ki, Paşinyanın bu təklifi çox gülünc və mənasızdır: “Ermənistanın KTMT-nin üzvü ola-ola öz sərhədlərinə başqa dövlətlərin mənsublarını yerləşdirməsi problematik məsələdir. Belə hal baş versə, Rusiyanın Ermənistan hakimiyyətini ən ağır formada cəzalandıracağı istisna deyil. İkincisi, Azərbaycan öz sərhədlərinə nəzarəti heç bir kənar qüvvələrə həvalə etməz”.
“Xarici ölkələr və beynəlxalq qurumlar yalnız sərhəd mübahisəsinin həll yollarını təklif edə bilər. Vasitəçilik missiyasının mahiyyəti budur. Yaxud da, onlar yaradılacaq birgə komissiyanın tərkibində hansısa məsləhətçi funksiyanı yerinə yetirə bilərlər. Təbii ki, delimitasiya və demarkasiya prosesindən sonra sərhədin Ermənistan tərəfində dayanacaq şəxslərin kimliyi və ya hansı ölkəni təmsil edəcəyi bizi maraqlandırmır”, - deyə analitik fikrini tamamlayıb.