Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ-ın “genosid” dilemması


Bayden administrasiyası erməni tarixçilərinə təşəkkür edib. Təşəkkürə səbəb bir qrup erməni tarixçisinin ABŞ prezidentinə çağırışıdır – bu çağırışda prezidentə Osmanlı imperiyasının sərhədləri daxilində yaşayan ermənilərə qarşı 1915-ci ildə guya genosid törədildiyini tanımaq təklif olunur.
Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan administrasiyanın cavabının 24 aprel  günündə Baydenin “soyqırım” sözünü işlədəcəyinə ümid yaratdığını deyir.
ABŞ prezidenti həmin gün çıxışında “soyqırım” ifadəsini işlədə bilərmi? Bu hal ABŞ-Türkiyə münasibətlərinə necə təsir edər? Rusiya kimi bir rəqiblə gərgin münasibətlərdə olan NATO-nun daxilində hansı çatlar əmələ gələ bilər? Belə suallara cavab axtararkən biz tarixi təcrübəni, erməni diasporunun bu istiqamətdə keçdiyi yolu və günümüzün reallıqlarını nəzərə almağa çalışacağıq.
Bayden “genosid” deyib
Bayden prezidentliyinə qədər bir neçə dəfə bu olay haqqında danışarkən “genosid” ifadəsi işlədib. Şübhə yoxdur ki, o, həmin fikirləri demokratlar fraksiyasının üzvü kimi deyib. Erməni diasporu, elmi və dini dairələri prezidentə əvvəl işlətdiyi ifadəni xatırladır və onun “sözündən dönməyəcəyinə” ümid etdiklərini yazırlar. Bayden üçün çətin vəziyyət yaranıb. Əgər ABŞ prezidenti belə addım atsa, təbii ki, Türkiyə ilə münasibətlər kəskin pisləşəcək. Türkiyə ilə münasibətlərin korlanması isə ABŞ üçün hazırda Aralıq dənizi hövzəsində, Ukrayna və Gürcüstan istiqamətində, Azərbaycanda  ciddi müttəfiqi itirməklə nəticələnə bilər.
Bayden “riyazi” düşünəcək
Əlbəttə, Bayden yaxşı başa düşür ki, “erməni məsələsi” ABŞ üçün daxili siyasətin predmetidir və onu ölkənin xarici siyasətinə təsir edən amilə çevirmək zərərli ola bilər. Bu məsələ daha çox rəqabətdə olan respublikaçılar və demokratlar arasında daxili səsvermələrdə təsirli faktor rolu oynayır. Yəni, açıq ifadə etsək, ermənilər ABŞ daxilində respublikaçılara qarşı demokratrların müttəfiqi ola bilərlər, amma Türkiyə dünyanın mühüm bölgələrində, hətta bütünlüklə Avrasiyada Rusiyaya qarşı ABŞ-ın müttəfiqidir. Prezident Bayden hələ tarixçilər tərəfindən təsdiq edilməmiş “faktları” əsas tutaraq, ermənilərin gözlədiyi addımı atarsa, o zaman ABŞ-ın maraqlarını Demokratlar Partiyasının maraqlarına qurban vermiş olar. Nəzərə alaq ki, ABŞ-ın düşmənləri demokratların rəqibindən daha qorxuludurlar və “böyük savaş”da qələbə qazanmaq üçün Türkiyə Amerika üçün çox qiymətli müttəfiqdir. Söz yox ki, bunu Birləşmiş Ştatlarda hesaba alırlar.
NATO – yeganə monolit blok
“Riyazi” yox, emosional qərar qəbul edilərsə, bu, artıq NATO üçün də ciddi təhdid yaradacaq. Britaniyanın ayrılmasından sonra AB ciddi şəkildə zəiflədiyi halda, NATO hələ ki yeganə monolit Avro-Atlantik  blok olaraq qalır. Türkiyəni narazı salan, düzgün hesablanmamış hər hansı addım NATO-nun ikinci ən qüdrətli ordusunun təşkilatdan qopmasına səbəb ola bilər. Bu isə bütün cəbhə boyu Qərb bloku üçün əvəzsiz itki demək olar. Qərb yaranmış boşluqları doldurmaq üçün təkcə yeni müttəfiqlərə deyil, həm də qlobal müharibələrə və yeni beynəlxalq müqavilələrə (təbii ki, qalib çıxacağı təqdirdə) ehtiyac duya bilər. Çünki “narazı Türkiyə” demək, eyni zamanda Qərbin üzünə bağlanmış dəniz boğazları və limanları, hərbi bazalar deməkdir. Belədə ABŞ-ın və onun hazırkI rəhbəri Baydenin üzərində düşünməli olduğu çox məsələlər var.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10