Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Taxtlar qurulan, taclar endirilən məmləkət - Türküstanın cənub qalası



Hazırda burada əhalinin 22 faizini türklər təşkil edir ki, onlar ölkənin üçüncü ən böyük toplumudur
 
Tarix boyu müxtəlif xalqların vətəninə çevrilən, böyük mədəniyyətlərə ev sahibliyi edən, ölkələrin gah qan tökdüyü, müstəmləkə etdiyi, gah pənah apardığı, gah da dövlət qurduğu bərəkətli torpaq - Əfqanıstan. Türklər üçün isə Əfqanıstanın xüsusi dəyəri var. Böyük Türküstan coğrafiyasının cənub hissəsi Əfqanıstan hesab olunur - Güney Türküstan.
 
Qərbin oyun və sərvət, Şərqin müxtəlif vasitələrinin tranzit mərkəzi olan bu strateji əhəmiyyətli dövlət ayaqda durmağı bacarmaqdadır. Bütün çətinliklərə rəğmən, öz köklərinə, qonşularına, dostlarına, din qardaşlarına sadiqlik nümayiş etdirir. Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən dövlətlərdən biri də Əfqanıstan idi. 5 oktyabr 2020-ci il tarixində Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının Yuxarı Palatası Xocalı soyqırımını tanıyan qətnamə qəbul etdi.

Bundan əlavə, Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan kimi qonşu dövlətlərlə iqtisadi və siyasi əməkdaşlığa başlamaqda addımlar atır. Bu barışcıl və əməkdaşlıq yolunda Türkiyənin Əfqanıstana da qanad gərməsi, müttəfiq olduğu dövlətlər ilə əməkdaşlığa cəlb etməsi təqdirəlayiqdir və İslam aləmində birliyin, bərabərliyin müjdəçisidir.
 
Əfqanıstanda türk varlığı
 
Ötən əsrin 60-cı illərində Əfqanıstanda aparılan arxeoloji qazıntılar zamanı katakomba qəbirləri aşkarlandı. Həmin qəbirlərdən tunc silahlar, məişət əşyaları və tunc güzgülər tapılaraq analiz edilmişdi. Bu zaman həmin qəbirlərin və tapılan alətlərin İranda, Azərbaycanda tapılan İskit- Sak mədəniyyətinə aid olduğu müəyyənləşdi. Türkoloqlar e.ə. VII əsrdə Qara dəniz və Şimali Qafqazdan gələn türk axınının təkcə İranın cənubuna deyil, cənub-şərqinə və oradan da Əfqanıstana yayıldığını təsdiqlədilər. Bu bölgə iskitlərin son dayanacağı kimi qiymətləndirildi.
 
Əfqanıstan ərazisində ilk dövlət izlərinə isə İranın Əhəmənilər dövlətinin tərkibinə qatılmasından sonra rast gəlinir. Daha sonra Makedoniyalı İsgəndərin işğalına məruz qaldı. İsgəndər imperiyası dağılan kimi bölgədə İsgəndərin sərkərdəsi tərəfindən Yunan-Baktriya dövləti quruldu.
 
Ölkə Böyük İpək Yolunun üzərində yerləşdiyindən buraya türk axınları daha çox olmuşdu. Ərazidə zamanla Kuşanlar, Ağ Hunlar, Göytürklər, Qəznəvilər, Səlcuqlar, Teymurilər, Gurlular, Şeybanilər, Səfəvilər,  Baburlar və s. dövlətlər hökmranlıq edib.

Hazırda puştun və taciklərdən sonra Əfqanıstanda yaşayan ən böyük topluluq türklərdir. Onlar Güney Türküstan adlanan Şimali Əfqanıstanda yaşayırlar. Bu bölgənin cənub-qərbində Herat şəhəri yerləşir. Şimala doğru Tirbəndi, Pamir bölgəsi, Vahan dəhlizi və “Uluq Türküstan” deyilən ərazinin cənub sərhədi ilə əhatələnib.
 
Xəzər türkləri
 
Bu xalq Əfqanıstan əhalisinin 9%-ni təşkil edir. Şimali Əfqanıstanın Hazaracat və ya Hazaristan kimi dağlıq bölgəsində yaşayırlar. Bundan əlavə, Qəznə, Herat, Qəndəhar və Kabildə də toplu halında yerləşiblər. Araşdırmaçılar Əfqanıstandakı Xəzərlərlə Pakistanda yaşayan Xəzər türklərinin eyni xalq olduqlarını üzə çıxarıblar.
 
Lakin bu xalqın monqol, yaxud da monqol-türk qarışığı olduğu hələ də mübahisəlidir. Ən çox üzərində dayanılan variant isə Əmir Teymurun Xəzər sahillərindən topladığı, Hindistanla sərhədə yığdığı bir türk tuqayının törəmələri olduqları haqqındadır. Əfqanıstan Xəzərləri dillərini qismən saxlamaqdadırlar. Üstəlik, türk adət-ənənələri hələ də yaşadılır. Heratda yaşayan Xəzərlər sünni məzhəbindən, digər ərazilərdəkilər isə şiə-cəfəri məzhəbinə qulluq edirlər.
 
Aymak türkləri
 
Tacikləşmiş türk kökənli etnik qrupdur. Sayları 350 minə yaxındır. Dörd boy mənasına gələn “Çəhər Aymaklar” adlanan bu topluluq daha çox taciklər yaşayan ərazidə məskunlaşıb. Bir hissəsi sünni, bir hissəsi isə şiə-cəfəridir.
 
Əfşar türkləri
 
Əfqanıstanda yaşayan iki Azərbaycan türkü qruplarından biridir. Nadir Şah hakimiyyətə gələrkən Cənubi Azərbaycandan və Qarabağ bölgəsindən xeyli əfşar və qızılbaş ailəsini Əfqanıstanın Herat, Qəndahar və Kabil ətrafına köçürmüşdü. Onlar indi də dillərini, mədəniyyətlərini qoruyurlar. Danışdıqları türkcəyə əfşari deyirlər.
 
Hətta, bəzi alimlər məşhur mütəfəkkir Şeyx Cəmaləddin Əfqaninin də Əfqanıstan əfşarlarlarından olduğunu bildirirlər. Dini mənsubiyyətləri İslam dini və ələvi məzhəbidir. Hazırda saylarının 60 min nəfər olduğu bildirilir. Əfqanıstanda əfşarların da yaşadığı Qarabağ rayonu var ki, burada yaşayan qarabağlılar özlərini türk və azərbaycanlı hesab edirlər.
 
Qızılbaş türkləri
 
Əfqanıstana Nadir Şahın köçürdüyü ikinci azərbaycanlı etnik qrupdur. Hazırda sayları 400 min nəfər hesab edilir. Nadir Şahın önəmli sərkərdəsi olan Əhməd Xan Dürrani 1747-ci ildə şahın ölmümün ardınca qızılbaşları ətrafına yığıb xanədan qurmuşdu. Onların da dini inancı ələviliyə bağlıdır.

Bəzi adət-ənənələrini saxlasalar da, dillərini demək olar, unudublar. Tacik və fars dilində danışırlar. Hazırda Əfqanıstanın elit və savadlı təbəqəsi Qızılbaşlar hesab olunur. Dövlət işlərində, universitetlərdə qızılbaş xadimlər önəmli yer tuturlar. Lakin təəssüf ki, Azərbaycanla heç bir əlaqələri yoxdur. Tamamən azərbaycançılıqdan uzaq düşüblər.
 
Bayatlar türk boyu
 
Azərbaycan oğuz türklərinin Bayat boyundandırlar. Dillərini unutsalar da, mədəniyyətlərində bəzi elementləri qoruyub saxlamaqdadırlar. Şiə-cəfəri məzhəbinə qulluq edirlər.
 
Herat türkləri
 
Səlcuq və Teymuri yadigarıdırlar. Dillərini və mədəniyyətlərini az da olsa, yaşadırlar. Dilləri oğuz-cağatay türkcəsinin qarışığıdır. Hazırda ən çox cəmləşdikləri yerlər Herat şəhəri və Şeyban kəndidir.
 
Qalcay türkləri
 
Ağ Hunların və Qəznəvilərin yadigarılardır. Çox kiçik etnik qrup hesab edilirlər. Dilləri farslaşmış, mədəniyyətləri yox olmaqdadır. Yaşadıqları kəndlər “Taliban”-ın hücumlarından əziyyət çəkdiyi üçün insanlar dağınıq halda yaşamaqdadırlar.
 
Özbəklər
 
Əfqanıstanda yaşayan ən böyük türk etnik qrupudur. Ölkə əhalisinin 12%-ni təşkil edirlər. Onlar Fəryabda Meymənə, Şirintegab, Dövlətabad, Feyzabad, Antxoy kəndlərində, Cevzcanda, Bəlxdə, Səmanqanda, Badahşan, Kabil və Herat şəhərlərində yaşamaqdadırlar.
 
XVIII əsrdən həmin bölgədə özbəklər yerləşmişdilər. Lakin Şeybani xanlığı dövründə indiki Əfqanıstan ərazisində özbəklərin sayı daha da çoxalmışdı. Orta Asiyada 1914-1924-cü illər arasında ruslara qarşı baş verən üsyanlar və bölgədə çıxan bir sıra döyüşlərin nəticəsində xeyli özbək ailəsi yurdunu tərk edərək, Əfqanıstanın şimalına üz tutmuşdu. Burada birlikdə yaşayaraq, Özbəkistana dönmədilər. Bu gün isə  Əfqanıstan vətəndaşı olaraq yaşamlarına davam etməkdədirlər.
 
Öz dillərində danışır, özbək milli adətlərini yaşadırlar. Toy və yas kimi adətləri heç dəyişilməyib. Beləliklə, onların Özbəkistanda yaşayan özbəklərdən heç bir fərqi olmadığı görülməkdədir.
 
Lakin son illər bəzi terrorçu qrupların bölgəyə yayılması özbəklərə bəzi sıxıntılar yaşatdı. Əfqanıstan hökuməti 2003-cü ildə özbəklərin çoxluq təşkil etdiyini nəzərə alaraq, özbək türkcəsini puştu və fars dilindən sonra ölkənin üçüncü rəsmi dili kimi qəbul edib. 2014-2020-ci illərdə Əfqanıstanın vitse-prezidenti olmuş general Əbdürrəşid Dostum da özbək türklərindəndir. Özbəklər Əfqanıstan ordusundə mühüm yer tuturlar. Bir çox yüksək rütbəli hərbçilər, ordu komandanları özbəklərdir.
 
Digər etniklər
 
Əfqanıstanın şimal və şimal-qərbində türkmən, qırğız və qazax türkləri də dağınıq və kiçik qruplar şəklində yaşamaqdadırlar. Onlar XX əsrin əvvələrində ruslarla Orta Asiya xalqları arasında çıxan çaxnaşmalardan, təqiblərdən qaçaraq bu bölgəyə sığınıblar. Öz dillərini qoruyub saxlmaqdadırlar. Ümumiyyətlə, Əfqanıstanda dilini, milli adət-ənənələrini unudan və unutmayan türk toplumu ölkə əhalisinin təxminən 22%-ni təşkil edir.
 
Əfqanıstan xalqı tarix boyu işğallardan əziyyət çəkib, daim müstəmləkələr əl dəyişdirib bu ölkədə. Bu da insanların sosial-iqtisadi həyatına, təhsilinə təsir edib, təhsil, mədəniyyət xeyli geriləyib.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10