Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcbari tibbi sığortadan kimlər, necə yararlanacaq?


Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərdən istifadə edə bilər. Lakin bu məsələ ilə bağlı əhali arasında maarifləndirmə çox zəif aparılıb, insanlar icbari tibbi sığortanın şərtlərini, kimlərə şamil olunduğunu, nələri əhatə etdiyini bilmirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova deyir ki, ümumilikdə xidmətlər zərfinə 2550-dən çox tibbi xidmət, 3500 tibbi diaqnoz, 950 cərrahiyyə əməliyyatı daxildir:
“Fizioterapiya xidməti istisna olmaqla, heç bir xidmətdə limit nəzərdə tutulmur. Rayonda qeydiyyatda olub, Bakıda yaşayan vətəndaşların da xidmətdən yararlanmaq üçün bölgələrə üz tutmasına ehtiyac yoxdur. Vətəndaşlar səhhətlərində yaranan narahatlıqlarla bağlı təcili tibbi yardım istisna olmaqla, ailə həkimlərinə müraciət etməlidir. Ailə həkimi sizi müayinə, müalicə edə və göndəriş vərəqəsi verib, daha ixtisaslı həkimə göndərə bilər”.
Beyin insultu, ürək çatışmazlığı, ürək-damar xəstəlikləri, travmalar, zəhərlənmələr zamanı sığorta olunanların müalicəsi İcbari Tibbi Sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə İcrabri Tibbi Sığorta təminatına daxildir.
Bəs, kimlər, hansı şərtlərlə bu sığortaya cəlb olunur? İnsanlar hansı güzəştləri əldə edəcək?
İcbari tibbi sığorta üzrə mütəxəssis İlkin İbrahimov “Press Klub”a açıqlamasında bildirdi ki, 18 yaşına kimi bütün ölkə vətəndaşları, pensiyaçılar, Dövlət Sosial Müdafiə Fondunda aztəminatlı kimi qeydiyyata alınanlar, eləcə də bütün işsizlər 2024-cü ilə qədər dövlət büdcəsi hesabına İcbari Tibbi Sığortadan yararlanacaqlar:
“Vegi ödəyicisi kimi qeydiyyata alınan şəxslər minimum əməkhaqqının 4 faizini sığorta haqqına ödəyəcəklər. Məsələn, minimum əməkhaqqı 250 manat olduğuna görə, bunun 4 faizi də olacaq 10 manat. Eyni zamanda, vəkillər, özəl notariuslar İcbati Tibbi Sığorta Agentliyinə ayda 10 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər”.
Ekspert əlavə etdi ki, alkoqollu , aksizli içkilər, tütün məmulatları və sair bu kimi məhsullardan da vergi tutulmaları olacaq. Bundan başqa, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq:
“Vətəndaşın təcili yardıma müraciəti  – təcili və təxirəsalınmaz hallarla bağlı  məsələlər pulsuz həyata keçirilir. Bu xidmət TƏBİB tərəfindən göstərilir, maliyyələşməsi isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Bütün təcili və təxirəsalınmaz xəstəlik və müayinələrlə bağlı xidmətlər mövcuddur. Eyni zamanda, İcbari Tibbi Sığorta Agentliyinin saytında da göstərildiyi kimi, vətəndaşlara 2550 adda tibbi xidmət göstərəcək. Onu da qeyd edim ki, burada limit məhdudiyyəti də nəzərdə tutulur. Məsələn, bu xidmətdən 10-11 dəfə istifadə etdikdən sonra bu limitlər nəzərdə tutulub. Bu da vətəndaşlar üçün əlverişli və cəlbedicidir”.
Ekspert hesab edir ki, hazırda sistem oturuşmadığına görə vətəndaşlar arasında müəyyən narazılıqlar olacaq:
“Narazılıqların olması təbbi haldır. Çünki 22 ildir gözlədiyimiz İcbari Tibbi Sığorta nəhayət ki, 2021-ci il aprel ayının 1-dən bütün ölkə üzrə tətbiq edildi. Bu, Azərbaycan tarixində ən böyük sosial layihədir”.
İ.İbrahimovun fikrincə, xüsusən bölgələrdə olan vətəndaşlar üçün bu, çox yaxşıdır:
“Bildiyimiz kimi, bölgələrdə dövlət xəstəxanaları çox bərbad vəziyyətdə idi. Amma TƏBİB-in tabeliyinə keçdikdən sonra maliyyəşləmə mənbələri artıq İcbari Tibbi Sığorta Agentliyinə gəlib çıxır. Və bu zaman əvvəlkilərdən daha yaxşı formada xidmətlər görürük. Lakin problemləri aprelin 1-dən sonra özəl tibb məntəqələrinin daha çox olduğu Bakı, Sumqayıt və Abşeron rayonlarında görəcəyik, bu məsələlərdə rəqabət olacaq. Biz o zaman görəcəyik ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi nə dərəcədə yaxşı və ya pis işləyir?..”
İ.İbrahimovun sözlərinə görə, hazırda görünən problem ixtisaslı həkim və işçilərin əvvəlki kimi vəd olunan məbləğdə əməkhaqqı almamalarıdır:
“Digər tərəfdən, vətəndaşların problemləri və gileyləri ondan ibarətdir ki, əvvəlki kimi TƏBİB-in nəzdindəki xəstəxanalara yaxınlaşırlar, amma onlara “bizdə belə bir xidmət fəaliyyət göstərmir” tipli sözlər deyilir. Bununla bağlı vətəndaşların çoxlu gileyləri var. Əgər həmin tibb məntəqələrinin girəcəyinə bununla bağlı məlumat lövhəsi yerləşdirsələr, daha yaxşı olar. Həmin lövhədə İcbari Tibbi Sığorta Agentliyinin 2550 adda xidmət göstərdiyi və digər məlumatlar qeyd edilsə, vətəndaşlar da bunu görə bilər”.

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10