Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vərəsəlik||--||


Vərəsəlik||--||

Eləcə də ailədə mülkiyyət əsasən dədə-baba qaydasında müəyyənləşirdi; - Ev kiçik övlada çatır, Ala dana ortancıl oğlanındır, Bu qızın övladı olmur, ev ona çatır Dədəm yuxuda mənə dedi ki, maşın sənindir və sair/

Sovet dövründə sanki adamların heç nəyi yox idi. Həyətyanı torpaq sahəsi belə insanlara mülkiyyət kimi yox, istifadəyə verilirdi. Yəni, nə vaxtsa, evi söksən, həmin torpaq hökumətin sərəncamına keçməlidir.

Belə mənzərələrin çoxu keçmişdə qalıb. İndi hüquqi dövlət qururuq. Buna görə mülkiyyətini satan, onu kiməsə vəsiyyət edən öncə sübut etməlidir ki, mülk onunkudur.

Məhz bu sahədə məlumatsızlıq, alıb-aldatmalar ucbatından ən yaxın qohumlar -- ər-arvad, bacı-qardaş, ana-oğul... bir-birini məhkəməyə çəkir, bəzən iş vurub döyməyə, bıçaqlanmaya, hətta ölümə səbəb olur.

Bu gün vərəsəliklə bağlı mübahisələr mülki işlər içərisində önəmli yerlərdən birini tutur. Ailədə boşanmalar, düşmənçilik yaranır, dava-dalaş illərlə bitmir. Belə hallarda gəlin ev tələb edir və məlum olur ki, aylarla yaşadıqları evin mülkiyyətçisi onun həyat yoldaşı yox, əmisi, dayısı imiş. İndi həmin gəlin nə etməlidir? O gəlin gələndə qalacağı evin sənədlərini yoxlatdırmalı idimi?

Bu gün nikah müqaviləsi belə mübahisələrin obyektiv və ədalətlə həll olunmasında əhəmiyyətli rol oynasa da, əksəriyyət belə müqavilələrin bağlanmasına həvəs göstərmir. Mülki Məcəllənin 13 fəsli, 200-ə yaxın maddəsi bu mövzuda mübahisə doğuran məqamların əksəriyyətinə incəliyinə qədər aydınlıq gətirir.

Əyalətdə insanların çoxu vərəsəlik haqqında Azərbaycan qanunvericiliyindən məlumatsızdır. Buna görə istənilən işbaz bu sahədə asanlıqla daşdan keçən sənədlər hazırlayıb, onlarla insanı çətin duruma salır.

...Bağırovlar ailəsi çox mehriban dolanırdı. Bu ocaqdan 3 qız, 3 övlad pərvazlansa, hamısı ev-eşik sahibi olsa da birliyi, mehribançılığı qoruyub saxlamışdılar. Ocağın ağsaqqalı və ağbirçəyi vəfat edəndən sonra isə bu mehriban ailə az qala bir-birinə düşmən kəsildi. Bəyan edildi ki, evin ağbirçəyi ölümündən əvvəl onlara mənsub 2 otaqlı mənzili qız nəvəsinə vəsiyyət edib.

Ailənin digər üzvləri isə buna qəti etiraz etdilər. Əks tərəf deyirdi ki, ailənin mənzilə ehtiyacı olan üzvləri var. Həm də həmin ailədə şikəst övlad yaşayır. Mülkün vəsiyyət olunduğu nəvənin isə tək yaşayan valideynləri ilə birgə 3 otaqlı mənzili var. Beləliklə aylarla uzanan, qarşılıqlı ittihamlarla müşayiət olunan ailədaxili davalar və məhkəmə iclasları başladı. Qarşı tərəf vəfat etmiş nənənin evi nəvəsinə vəsiyyət etdiyinə inanmır, imzaların saxta olduğunu iddia edir. Əks tərəf ölümqabağı ağbirçək nənəyə nəvənin qulluq etdiyini iddia edir, lakin bunu sonda şahidlərlə təsdiqləyə bilmir. Sonda ev yarıya bölündü, hər iki tərəf maddi cəhətdən bir az irəli düşsə də, mənəvi cəhətdən bu qohum ailə elə zərbə aldı ki, ortaya düşən düşmənçiliyin yaxın illərdə aradan qaldırılacağı, əvvəlki mehribançılığın bərpa ediləcəyi sual altındadır.

Bu gün mülki işlər sırasında vərəsəlik məsələsi önəmli yer tutur. Əsasən torpaq, mənzil və digər əmlak məsələlərində olduqca ciddi problemlər yaşanır. Ən əsası odur ki, insanlar digər sahələrdəki kimi bu işdə də çox məlumatsızdır.

Mülki Məcəllədə vərəsəliklə bağlı bütün maddələrin hamısını hamının bilməsi məcburi olmasa da, elementar məsələlərdən insanların xəbərdar olması, ən azından onların özünə fayda gətirə bilərdi.

İlqar Qasımov (Hüquqi Yardım İctimai Birliyinin sədri): - Bu qəbil məsələlər vətəndaşlara hələ məktəb yaşlarından izah edilməlidir. Belə ki, məktəblərdə keçirilən İnsan və cəmiyyət dərslərində müəllimlər bu mövzunu yuxarı sinif şagirdlərinə daha ətraflı izah etməlidir. Yerli KİV-lər, QHT-lər də bu mövzunu daim diqqətdə saxlamalı, bu barədə broşur, bülletenlər çap etməli, Dəyirmi Masalar təşkil etməlidir

Bu gün əksəriyyət vərəsəliklə bağlı ən adi sualları cavablandıra bilmir. Məsələn, Ləyaqətsiz vərəsəlik nədir?, Kimlər vərəsə ola bilməz?, Kar, kor, lal adamlar digər şəxsləri hansı formada vərəsə edə bilər?, Şahidlər vərəsəlik sənədinin məzmunu ilə tanış olmalıdırmı?, Vərəsəlik yalnız notariat kontorunda təsdiq olunmalıdırmı?, Xəstəxanada, həbsdə, səfərdə olan adamlar öz əmlaklarını hansı formada digərlərinə vəsiyyət edə bilər?.

Göründüyü kimi maraq doğuran suallar olduqca çoxdur. Çoxlarının yekdil fikri budur ki, vərəsəliklə bağlı problemlərlə ən çox qadınlar üzləşir. Ailə həyatı quran kimi sanki sevincək olub ata yurdundakı paylarından kor-koranə imtina edir. Lakin sonrakı illərdə ər evində problem yaşananda-istər boşanma, istər həyat yoldaşının həlak olması və digər problemlər qadınlar üçün çıxılmaz vəziyyət yaradır. Belələrinin ata yurduna qayıtması üçün qanuni əsaslar olmur, çünki həmin qadınlar əksər hallarda ata mülkündəki paylarından könüllü şəkildə imtina edirlər.

Bu mövzuda onlarla misal deyə bilərik. Vərəsəliklə bağlı bu vaxtadək onlarla insan min cür əzablar çəkib və çəkməkdədir. Necə deyərlər, gözü çıxan qardaşından ibrət götürmək üçün, heç olmasa digərləri bütün mümkün variantlardan istifadə edib vərəsəliklə bağlı ən elementar məlumatlara yiyələnməlidir. Bu sahədə biz qəzetçilər də vətəndaşlara imkan daxilində yardımçı olmalıyıq.


Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Vərəsəlik hüququ - Azərbaycanda qanunvericilik və təcrübə mövzusunda keçirtdiyi müsabiqəyə təqdim olunur. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10