Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səhiyyə sistemini bataqlıqdan çıxarmaq üçün bir ümid: O da xəstə doğulmazsa



İlkin İbrahimov: “... Əks halda, heç nə dəyişməyəcək – yenə də xəstəxanalar pis xidmət göstərəcək, vətəndaşlardan “şirinlik” tələb ediləcək”
 
Aprel ayının 1-dən bütün ölkə üzrə icbari tibbi sığorta (İTS) həyata keçirilməyə başlanıldı. Hələ bu ilin yanvar ayından vətəndaşların əməkhaqqından icbari tibbi sığortaya görə müəyyən məbləğdə tutulmalar oldu. Dövlət xəstəxanalarından çoxdan əlini üzmüş insanlar buna görə narazılıqlarını da bildirdilər. Onlar hesab edirlər ki, istifadə etməyəcəkləri xidmətə görə məcburi pul ödəmələri düzgün deyil. Narazılıqlardan belə məlum olur ki, vətəndaşlar bu sistemin uğurla həyata keçiriləcəyindən ümidsizdirlər.
 
Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimovla bu barədə həmsöhbət olub, narazılıqların nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirməyə çalışılıb. Beləliklə: 
İlkin İbrahimov: Həmin sığorta şirkətlərinin adını bir-bir qeyd edəcəyəm
- Dünya təcrübəsində İcbari Tibbi Sığorta hansı şərtlər daxilində həyata keçirilir?
 
- Əvvəla, qeyd etmək istəyirəm ki, bu layihə ölkəmiz üçün ən böyük sosial layihədir. Yaxşısı ilə, pisi ilə axır ki, 1 apreldən ölkə boyu tətbiq olunmağa başlanıldı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və onun fondu dünya təcrübəsini əsas götürüb və əsasən də burada Türkiyə təcrübəsi mühüm rol oynayıb. Türkiyədə tətbiq olunan İTS ilə bizdəkinin fərqi ondadır ki, bizdə dövlət xəstəxanaları TƏBİB-in tabeliyindədir, TƏBİB də İTSDA-nın tabeliyindədir. Dünyada belə nümunələr çox azdır, çünki xidmət göstərənlə xidmət verənin eyni bir qurum altında birləşməsi fərqlər və şübhələr yaradır. Məsələn, özəl xəstəxanaların buraya daxil olmasını çox az görürük. 5-6 özəl xəstəxana buraya daxildir, digərləri isə TƏBİB-in tabeliyində, bildiyimiz əvvəlki dövlət xəstəxanalarıdır.
 
- Yəqin ki, bu xidmət tibb işçilərinə, xüsusilə də həkimlərə təsirsiz ötüşmür. Bu təsir onların fəaliyyətində özünü necə büruzə verir?
 
- Tibbi sığortada işləyən həkimlər, xüsusilə də ixtisaslı həkimlərin məvacibində artım hələlik müşahidə edilmir. Ona görə ki, hələ sistem tam oturuşmayıb. Burada proqramlar var və bunlar vasitəsilə həmin məbləğ hesablanıb əmək haqqına əlavə edilir. Həkimlərin belə bir şikayəti var ki, göstərilən xidmətlər qarşısında ödənilən məbləğlər daha aşağıdır. Bəli, özəl xəstəxanalarla müqayisə edəndə görürük ki, həkimlər daha aşağı maaş alırlar, amma əvvəlki dövlət xəstəxanaları ilə müqayisə edəndə görürük ki, həkimlər daha çox əməkhaqqı alırlar. Ona görə də hər iki tərəf üçün zamana ehtiyac olduğunu düşünürəm, çünki zaman-zaman proqramlar düzəldikdən sonra bu da öz həllini tapacaq.
 
Yəni xəstələr gəldikcə pullar hesablanacaq və əməkhaqlarına əlavə ediləcək. Bu sistem işlədikdən sonra həkimlərin əvvəlkindən daha çox məvacib aldığını görə biləcəyik. Bugünkü reallığa isə baxdığımızda həm həkimlərdən, həm də xəstələrdən şikayətlərin olduğunu görürük. Konkret olaraq deyəsi olsam, Zaqatala, Balakən və Şəmkirdən bu problemlərlə bağlı həkimlərin daha çox şikayətləri var. Daha çox ixtisaslaşmış həkimlər – cərrahlar bildirirlər ki, əməkhaqları azdır. Hətta qeyd edirlər ki, sanitarlardan belə, daha az əməkhaqqı alanları var. Hesab edirəm ki, sistem tam formalaşdıqdan sonra bu problemlər öz həllini tapacaq.
 
- İTS-in bizdə uğurla həyata keçirilməsi üçün hansı addımlar atılmalıdır?
 
- İlk növbədə, özəl klinikaların inteqrasiyası olmalıdır. Bu, mütləq baş verməlidir. Əvvəl dövlət xəstəxanaları var idi, TƏBİB-ə keçdi. Vətəndaşlarımız dövlət xəstəxanalarına getməkdən çəkinirdilər. Bunun nəticəsində də özəl xəstəxanalar yarandı və bahalı olmasına baxmayaraq, vətəndaşlar oraya üz tutmağa başladılar. İndi belə çıxır ki, biz əvvəl getmədiyimiz yerə indi dövlət məcbur edir və pul da alır ki, “sizinlə sığorta müqaviləsi bağlayıram və gedin, həmin yerdə müayinə, müalicə olunun”. Qeyd etmək istərdim ki, burada rəqabətin olması üçün ilk növbədə özəl xəstənaların inteqrasiyası olmalıdır. Bu, TƏBİB-ə tabe olan xəstəxanaların inkişafına da gətirib çıxaracaq. Bundan başqa vətəndaşların maarifləndirilməsi işi çox geniş olmalıdır.
 
Əlavə olaraq da onu deyim ki, hazırda bölgələrdən şikayətlər daxil olur. Hesab edirəm ki, bu şikayətlər ictimailəşdirilməlidir. Məsələn, Balakən Rayon Mərkəzi Xəstəxanasına vətəndaş mürcaiət edir, oraya gedəndə hətta baş həkim özü deyir ki, burada İcbari Tibbi Sığorta işləmir və s. Bu məsələlər həssas məqamlardır. Belə olacağı təqdirdə bunun dövlət xəstəxanalarının göstərdiyi əvvəlki xidmətlə fərqi olmayacaq. Yenə də xəstəxanalar pis xidmət göstərəcək, vətəndaşlardan kimlərsə “şirinlik” tələb edəcəklər. Bu iki məqam üçün ciddi addımlar atılmalıdır ki, İTS uğurla həyata keçirilsin.
 
- Necə düşünürsünüz, bu sistem bizdə nə zamana formalaşıb tam oturuşmuş olacaq?
 
- Ümumiyyətlə, dünyada ideal bir sistem yoxdur. Sistemin həmişə çatışmazlıqları olur, zaman keçdikcə köhnəlir, ona əlavələr edilir. Bu baxımdan bizdə də hansısa problemlər olacaq. Məsələn, Türkiyənin özündə növbəlilik prinsipi ciddi problemlərə gətirib çıxarır. Vətəndaş təcili və təxirəsalınmaz hallardan başqa hallarda müraciət etdiyində növbə götürməli olur. Bu zaman, hətta ən yaxın müddət olaraq bir ay sonraya növbəyə yazıla bilirlər. Bizdə bu sistem təkmilləşdirilir.
 
Lakin qeyd etmək istəyirəm ki, əsas olan o idi ki, bu sistem bütün ölkəni əhatə etsin. Bu, yayılıb tətbiq edildikdən sonra zaman-zaman yaranan problemlərin həlli üçün vətəndaş cəmiyyəti nə qədər fəal olacaq, şikayətini bildirəcəksə, bu zaman İTS sistemi də daha yaxşı işləyəcək, formalaşacaq. Lakin əvvəlki kimi şikayət etməyib gileylənəcək, həmin xəstəxanalara getməyəcəyiksə, bu da əvvəlki sistem kimi olacaq. Yəni hər kəs bir vətəndaş olaraq ictimai nəzarəti həyata keçirməlidir. Vətəndaşlar şikayət etməli, gördüyü neqativ halları QHT-lərə, Vətəndaş Cəmiyyəti institutlarına bildirməlidirlər ki, hüquqları qorunsun. Bu zaman keyfiyyət də avtomatik olaraq yüksələcək.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10