Facebook dostluğumda Məhsəti Musa adlı bir xanım var. (Yeri gəlmişkən qeyd edim ki, bu xanımın dostluğunda masallılar çoxdur). Məhsəti xanımın statusları, esseləri bir-birindən maraqlı, bir-birindən şirin və koloritli olduğundan diqqətimi çəkdi. Bir neçəsini izlədikdən, incələdikdən sonra yaxından tanış olmağı qərara aldım. Məlum oldu ki, xanım Aran Qarabağdan, Ağcabədindəir. 2 övlad anasıdır. Yazıçıdır, bir neçə kitabın müəllifidir. Hazırda “Aran” qəzetinin baş redaktorudur. Hansı ki, bu qəzet çox rayonda qəzetlərin bağlandığı məqamda həftədə 2 dəfə, 2600 çıxır
Hekayələri, essələri, statusları, xobbiləri ilə maraqlananda, məni bu yaşda təəccübləndirəcək qədər əl işlərinin şahidi olanda onun fəaliyyətinə marağım daha da artdı. Yəqinlik hiss etdim ki, bu xanım onun diqqətin çəkən nə varsa onu sözə, yazıya, şüşələrlə “naxışa” da çevirə bilir.
Öncə yazıları barədə. Məhsəti xanımın yazılarında incə yumor, yerli ləhcə, ürəkdən gələn səmimilik o qədər boldur ki. Burada haradasa nimdaş, pöluşgəmiş, boyat ifadələrə çətin rast gələsən. Məzəli statuslardan tutmuş, çox ciddi, ürək ağrıdan hekayələrinə qədər hər yazıya özgə bir dad qatır. Söz “ədvaları” ilə zəngin olan bu yazıların “darçını” da, “zəncəfili” də, “Hil”i də, “mixəyi” də... o qədər yerindədir ki... gününmüzün çox vacib dərdlərinə bu yazılardan sanki “qaymaq” kimi dadmaq istəyirsən. Hətta “İntihar” adlı hekayəsini oxuyanda bir anlıq düşündüm ki, intihar edən hər hansı gənc bu yazını oxusaydı, intihar etməkdən dərhal əl çəkər.
Necə deyərlər, Allaha bu qıza nə veribsə, ən azından qoşa-qoşa verib. Zahiri və Daxili gözəllik, Sözə və Şüşəyə vurulan naxışlar, İncə yumor-Şirin ciddilik... qalan paralelləri də siz axtarıb tapın.
Söhbət çox uzatmayıb Məhsəti xanımın əl işlərindən, hekayələrindən, esselərindən, statuslarından tutmuş yaradıcılıq töhfələrindən bəzi nümunələri sizə təqdim edim.
(Bəzi hekayələrin uzunluğu sizi qorxutmasın. Hərəsini ayrı-ayrılıqda oxuyun)
Fatimədən Fatoşadək
Saallah Banu nə addır? Uşaxlara müqəddəsdərin adın qoymax lazımdı. 3 qızım var, üçünün də adın dini ad qoymuşam: Zeynəb, Zəhra, Fatimə. Gör, nə gözəl addardı... On uşağım olsa, onuna da belə ad qoyajam.
Bir az keçir...Getməyə hazırlaşırlar. Əlini qulağının dibinə qoyub çığırır:
-Zenkaaa, Zaraaa, Fatoooooş, gəlin,eveeediriiiik!
*
Uşaqların atasıyla elektronika mağazasına getmişdim. Seçimimizi edib kassaya yaxınlaşdıq. Bizdən əvvəldə 8 nəfər var idi. "Pahoo" dedim. Bunun hərəsi bir şey alıbsa, sənədləşmə işi görülüncə burdayıq ki...
Lap öndə dayanan cavan xanım kreditlə telefon götürmək istəyirdi. Onu başa salmağa çalışırdılar ki, mümkün deyil. Nə vaxtsa kreditdə gecikmələriniz olub.
O da and içib aman edir ki, "kompüter səhv deyir". Nəysə ki, xeyli çənə-boğazdan sonra ona konkret yox deyildi. Xanım əsəbi halda mağazaya səpələnmiş uşaqları toplayıb yığaraq qapıya tərəf getdi. Qalan 6 nəfər də onun ardıyca. Sonra kişilərdən biri tələsik geri qayıtdı ki, ciyim(anam) yaddan çıxıf qalıf burda. Stulda əyləşib mürgüləyən, 7 taxta tuman geyinmiş iri xalanı birtəhər yerindən dartıb durquzdu və kürəyindən basa-basa qapıya tərəf apardı.
Rəhmətliyin uşağı...Bir telefon üçün bu qədər adam gedirsə, maşın almağa getsələr əbəjdadlarında adam qalmaz ki..
*
Az, o donumu gətir görüm. Ihhh...hııııh... İtin qızı, kömeylə dana. Orasın yox, kürəyin dart aşağı... Həə, geyindim, di istolun üstün çək.
-Çəkdim
- Süfrədəkilər hamısı düşdümü?
-Hə
-Bəs mən nətər düşdüm?
-Ay maa, səni çəksəm istolun üstü pütöy düşmür.
-Az hamısın topala mən tərəfə, hə, bax belə... İndi çək.
-Çəkdim.
-Hə, di qoy vaççapda istatusa, Züyeyxaan ürəyi partdasın. Görməmişin qızı oorəli Kürün qırağında balıx kavavıynan şəkil çəkdirif qoyuf istatusa maaa qıjıx verirdi... Qoy indi baxsın, ölsün elə... Maa da Ürbabə deyəllər..
*
Yas məclisidir. Xala nəsihət verir:
Ağzıpütöy olmaz lazımdı. Nə gördün, gedif orda-burda danışmazdar. Gördün, görməməzdiyə vur, eşitdin, eşitməmiş ol. Dey ha,səhər elə aralığın başına çatmışdım ki, gördüm Gülnisəən gədəsiynən Ziveydəəən qızı cuqquldaşır. İndi mən bunu gedif camaata danışmalıyam?
*
İşdəyəm. Bayırda komendant təmizliyə baxan xalayla tutaşıb. Deyir təmizləmirsən dəhlizi.
-Təmizləyirəm ey. Gəlif - gedillər, bulaşır.
-Bulaşır, yenə sil
-Həəə?
-Hə
-İndi yenə keçəjəhlər axı
-A keçəjəhlər, yenə sil
- Boooy
-Nə boooy? Silməlisən dana. Səhərdən axşama qədər silməlisən.
-Bəs "pirrifddə" nağayrım?
- Komendantın papağı başından qalxıb göydə 3 dövrə vurur və yenidən yerinə qayıdır:
-A nağayrassan, get yeməyııı ye, gəl yenə sil.
-Heyləəə? Bəs silənnən sora yenə batırajaxlar axı...
Yaradıcı insan və ailə
Ailə hər kəsin ehtiyac duyduğu, insanı tamamlayan, özünü bütöv hiss etməsinə imkan verən, doğru yaşam tərzi seçməyi öyrədən, kənar təzyiqlərdən qoruyan, tək özünü düşünməyib başqaları üçün də yaşamağı, paylaşmağı, bölüşməyi aşılayan kiçik birlikdir, etibarlı sığınacaqdır.
Nə qədər sərbəst yaşamağı sevsən, nə qədər bu birlikdən uzaq olmağa çalışsan da, bir gün ona ehtiyac hiss edəcəksən. Bir ailənin, yuvanın olmağına can atacaqsan. Ailə üçün düzgün seçim-filan - bunlar bir başqa mövzudur. Bu gün məhz "yaradıcı insan və ailə" mövzusuna toxunmaq istərdim.
Diqqət etsək, bir çox sənət adamları, xüsusən söz adamlarının ailəsində əksər hallarda söz-söhbət, giley-güzar, ən pis halda isə ayrılmalar-boşanmalar, deyərdim ki, adi hala çevrilib. Və həmişə bu fikirdəyəm ki, yaradıcı insanın ailədə xoşbəxt olması şans məsələsidir. Ailə haqqında insan subay olduğu zaman fərqli düşünür. Mən belə olacam, belə edəcəm...
Tanışlıq dövründə də hər kəs yaxşı tərəfini göstərdiyi üçün özləri haqqında "biz ideal cütlüyük" deyə düşünürlər. Amma nikahdan sonra bəzən çoxlu problemlər üzə çıxır ki, bu problemlər də yaradıcı insanlara daha böyük zərbə vurur.
Gənc xanımlar romantikaya meylli olduğu üçün adətən şair oğlanlara qarşı həssas olurlar. Onların misralarını gözlərindən ürəklərinə çəkirlər, sehrlənirlər, xəyallar qanadında uçurlar. Bu misraların müəllifi üçün canlarından keçə biləcəklərini düşünürlər. Onu hind filmlərində qəfildən daşın, ağacın arxasından, güllərin arasından çıxıb sevgi nəğmələri oxuyan, yaşıl çəmənlikdə rəngbərəng çiçəkləri sevdiyi qızın başına yağdıran obraz kimi təsəvvür edir, elə həmin filmlərdəkinə bənzər, rəngarəng bir həyat yaşayacaqlarına inanırlar...
Ailənin ilk vaxtlarında onlar çox xoşbəxtdirlər. Poeziya, sözün sehri, duyğusallıq... Və hər iki tərəf bir-birinə qarşı anlayışlıdır. Ta ki ailədə bir övlad dünyaya gəlir, ta ki maddi çətinliklər üzə çıxmağa başlayır, həmin romantik, sevdiyi üçün canından keçə biləcəyini düşünən qızların üzündəki təbəssüm çəkilir, qaşlarının arası düyünlənir, sifətindən zəhrimar yağmağa başlayır. "Kişinin ürəyinə yol mədəsindən keçir" düşüncəsi ilə hər gün həvəslə hazırladığı ləziz xörəklər ərşə çəkilir, əvəzində soyuducuda iki gündən qalmış xörək kişinin başına çırpılacaqmış kimi qəzəblə masaya çırpılır.
Qadının söz-söhbəti dəyişir. Əvvəllər onu göylərə qaldıran şeirlərə indi ironiya ilə yanaşır. Onun üçün qış tədarükü - pomidor, xiyar turşusu, gilas mürəbbəsi, şaftalı kompotu ərinin çap olunmuş yeni kitabından, yazılarının xarici ölkə mətbuatında yayımlanmasından, yaradıcılıq uğurlarından, ictimai nüfuzundan daha maraqlıdır.
Ər işdən gəldiyində əvvəlki kimi onun üzünə, gözlərinə yox, əllərinə baxmağa başlayır. O əl boşdursa, "tufan" qopur. Deyinir, "dilini dinc qoysaydın, filan yerdən qovulmazdın", "Filankəsin haqqında filan fikri yazmasaydın, gül kimi qazancı olan yerdə işləyərdin", "Dünya dağılır, sənə nə? Uşağın istədiyini ala bilmirsən, dünyanın dərdini çəkirsən" kimi yırtıcı sözlərlə daha da yaralayır onun qəlbini.
Subay vaxtı şeirlərinin hər misrasını əzbər bildiyi ərinin içindəki ağrını, gözlərindəki kədəri indi oxuya bilmir. Onu öz dünyasından qoparıb zorla gündəlik məişət mövzularının içinə salmağa çalışır. Hiss etmir ki, köksünə dünya boyda ağırlıq sığdıran bu insan çatmış olduğu yüksəklikdən geri dönməyi bacarmaz, o ucalıqdan bir azacıq aşağı əyilsə, məhv olar. Qadın bunları anlamır, anlamaq istəmir. Onun üçün ucalıq puldur.
Kişi yalnız evə pul gətirən bir vasitədir və bunu yetərincə etmirsə, edə bilmirsə, o ailədə yeri yoxdur, gərəksizdir, lazımsızdır. Beləliklə, misra-misra qazanılmış sevgi roman-roman ağrıya çevrilir. Sonra söz-söhbətlər, təhqirlər, dava-dalaşlar başlayır. Nəhayət, qəzəbli qadın çırpır qapını, uşaqlarını "kökündən" qoparıb tərk edir ocağını, yuvasını.
İstər qadın olsun (deyim ki, bizim yaradıcı qadınlar daha şanssızdırlar. Onlar bəzən böyük fədakarlıq edərək getməyi yox, bütün varlığını, düşüncələrini, baxışlarını ailəyə qurban verməyi üstün tuturlar ki, bu da neçə-neçə istedadın mətbəxdə çürüməsinə səbəb olur), istərsə də kişi, yaradıcı insanla ailə qurarkən onun müxtəlif vaxtlarda, müxtəlif ruh halında olmasından irəli gələn ərköyünlüyünü, çılğınlığını və bunlara güzəştə getməyi gözə almalısan.
Bir şeirin doğulmasına, bir romanın yazılmasına, bir musiqinin bəstələnməsinə, bir rəsm əsərinin çəkilməsinə qədərki zamanda o insanın içindəki təlatümlər, götür-qoylar, həyəcan, stress, özünəqapanma, vəcd məqamı, sıradan birinə izah edə bilmədiyi və bunun üçün də daha çox yaşamalı olduğu gərginlik sənin üçün bir heç olacaqsa, onun durumunu anlamadan, yaradıcılığa ayırdığı vaxta qısqanclıqla yanaşacaq, onu məişət problemləri ilə yükləyəcəksinizsə, bu ailənin təməli qoyulmasa, daha yaxşıdır.
Xanımlara xitabən, Xəlil Rza Uluturkün, Məmməd Arazın, Vaqif Bayatlı Odərin və onlarla digər yaradıcı insanların xanımlarını misal göstərə bilərik ki, bu qadınlar sözün həqiqi mənasında ömür-gün yoldaşı olmağı, o şairlərin ərköyünlüyünü anlayışla qarşılamağı, öz həyatlarından nəyi isə qurban verməyi bacarıblar. Çünki bir evdə yaşadıqları şəxsin dəyərini, böyüklüyünü, çəkisini biliblər və o şəxsin təkcə öz ailəsinə, qohumlarına yox, ədəbiyyata, insanlığa aid olduğunu qəbul ediblər. Və bu gün həmin şairlərin adı çəkiləndə xanımları da onların parası, yarısı kimi göz önünə gəlir.
Yaradıcı insanla bir yerdə yaşamaq, onunla həyatını paylaşmaq çox çətindir və ailə qurmağı planlaşdırarkən, bunlar mütləq nəzərə alınmalıdır.
Sonadək yanında olmağı bacarmayacaqsınızsa, gözünüzü yumub, hisslərə qapılıb o insanların həyatına girməyin. Paralamayın, bölməyin onları.
İmkan verin tam olmağı, bütöv olmağı bacarsınlar. Bəlkə də fikirlərim bir az qarışıq görünə bilər. Amma sözsüz ki, ailə kimi böyük məsuliyyəti çiyninə götürən yaradıcı insan da digərləri kimi öhdəsinə düşəni bacardığı qədər etməyə, ailənin maddi və mənəvi ehtiyaclarını birgə ödəməyə, övladları birgə böyütməyə, tərbiyə verməyə, istiqamətləndirməyə də hazır olmalıdır. Mən yaradıcı adamam deyib bu məsuliyyətdən tamamilə qaçaraq bütün yükü qarşı tərəfin üstünə atmamalıdır.
Günlərlə xəyallara qapılıb göylərdə uçmamalıdır. Amma bundan məhrum da olmamalıdır ki, bunun üçün də anlayışlı, ən zor durumda belə onu tərk etməyən, dəstək olan, güc verən, özü ilə baş-başa qalmasına imkan yaradan bir parasının olması lazımdır. Bu olmayacaqsa, onda çox sevdiyim şair - yazar Cavi Danın misraları ilə desək, hər yer ona qürbət olacaq:
Sevdiklərin arasında
sevilə bilmədinsə,
Və sevə bilmədinsə səni yalnız
Özlərinə bənzədərək sevənləri,
Demək doğulduğun yer də
Sənə qürbətdir elə.
Belədən elə,
Elədən belə..
Haqqında danışmağa "qorxduğumuz" rənglər
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə...
Uşaqdan böyüyə hər birimizin əzbər bildiyi və bəlkə də, hər gün pıçıldadığı misralardır bunlar. "Getmək"lə bağlı çox şeirlər yazılıb, çox fikirlər söylənib, amma heç biri Ramiz Rövşənin nümunə gətirdiyimiz şeiri qədər hisslərimizi, istəklərimizi ifadə edə bilməyib.
Getməyə hər zaman ehtiyac duyur insan. Bəzən evindən, doğmalarından, bəzən şəhərdən, ölkədən, bəzən dünyadan, bəzən də özündən qaçmaq, getmək istəyir. Heç kimin olmadığı, heç kimin onu axtarmayacağı, heç özünün də tanımadığı məchulluğa qovuşmağa can atır.
Amma hara getməli? Necə getməli? Kimə izah edəcəksən ki, sən bu dünyanın insanı deyilsən. Burada boğulursan, əzilirsən, havan çatmır. Kimi inandıra biləcəksən ki, həyat sizin gördüyünüz rənglərdən ibarət deyil. Tanımadığınız, görə bilmədiyiniz sirli-sehrli rənglər var, təsvirəgəlməz, sayı-hesabı bilinməz. İzah etməyə çalışsan, boz baxışlı, boz gülüşlü adamlar sənə "dəli" deyəcəklər. "Yazığın başı oynayıb" söyləyəcəklər. "Hallusinasiya görür" deyə başlarını bulayacaqlar. Təklənəcəksən. Özünü təqdim edə bilmədikcə daha da çarəsiz görünəcəksən. Yorulacaq, tükənəcəksən...
Bax bunu bildiyin üçün də, susursan. Özünlə, öz dünyanla, öz rənglərinlə baş-başa qalmaq üçün uzaqlara, həmin məchul nöqtəyə doğru getməli, ora çatmalı olduğunu hiss edirsən...
Və bir gün... O rənglərin sehrindən, gözəlliyindən vəcdə gəlir, bədən adlı qəfəsdən sıyrılıb çıxaraq yüksəklərə qalxır, səndən çooox aşağılarda qalan dünyanın süni parıltısından tamamilə fərqli olan işıq selinə düşür, bu selin bir zərrəsi olmağın həzzini yaşayırsan. Bütün varlığınla bir daha geri dönməyəcəyinə, Onun, yalnız Onun olacağına, Ona qarışacağına inandığın vaxt bir uşaq səsi eşidilir:
- Ana, acmışam...
Bir telefon zəngi gəlir:
- Sabah saat 9-da iclas var...
Bir qarı gileylənir:
- Sümüklərim qırılır, Allah kəssin belə ömrü...
Bir televiziya aparıcısı "həvəslə" çığırır:
- Filankəs qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirdi...
Çırpılırsan yerə... Bir dəqiqə öncə yaşadığın həqiqi xoşbəxtliyin olmadığı yerə... Könülsüz-könülsüz boylanırsan sınıq-salxaq bədəndən... Amma həm də qəribə bir yüksəliş hiss edirsən özündə. O işığın "rəngi", o işığın "qoxusu", o işığın "səsi" tərk etməyibmiş səni... Sən artıq içindəki işığın təsiri ilə yaşamağa başlayırsan, fəqət yenə susursan. Kimsəyə danışmırsan bu haqda. Amma pay verirsən həmin işıqdan. Pay verirsən həmin gileyli adamlara, yalqız adamlara, qatil adamlara... Özlərinə söyləmədən, hiss etdirmədən işıq olursan yollarında. İşıq olursan ki, haqqında danışmadığın rəngləri özləri görsünlər, hiss etsinlər, yaşasınlar. Bu işıq yayıldıqca yeni rənglər çıxır meydana. Yeni rənglərin hərəsi də bir işığa dönür. İşıq-işıq artırsan, çoxalırsan. Çoxaldıqca böyüyürsən. Böyüdükcə həzz alırsan öz mövcudluğundan. Anlayırsan ki, sən elə bu dünyaya aidsən. Niyə gəldiyini bildiyin üçün getmək haqqında düşünmürsən. Çünki qanadlarının var olduğundan xəbərdarsan artıq. Və o qanadlarla uçub getməyə yox, bu dünyanı "qucaqlamağa" can atırsan.
Qızlarımız xoşbəxt görünməsin...
Günortayadək paytaxtda işlərimi bitirib rayona qayıtmağı planlaşdırsam da, alınmadı. Sabahkı işlərimlə bağlı onlarda qalası oldum.
Əslində, evin erkən ailə quran və üzündəki uşaqlıq cizgiləri hələ də çəkilməyən xanımına bir az qəribə baxsam da, o qədər qayğıma qaldı ki, əməllicə utandım. Sonra bir az dincəlmək üçün məni o biri otağa dəvət etdi. Mən əyləşən kimi bir çanta gətirib çarpayının üstündə bardaş qurdu. Maraqla çantaya baxdım. O, çantadan bir-bir kosmetik vasitələr, ətirlər çıxarıb həvəslə məlumat verməyə başladı: bax, bu, filan firmanındır. Çox gözəldir. Həmişə bundan istifadə edirəm. Bu ətiri də yoldaşım ad günümdə almışdı. Hələ buna bax ey, bədən spreyidir. Gör nə gözəl qoxusu var. Buradan, qonşudan almışam. Endirim var idi...
O, çantadan çıxardığı kosmetikalar haqqında həvəslə danışdıqca mənim fikrim başqa yerə qaçırdı. Nə dediyini eşitmədən təəssüf hissi ilə düşünürdüm: bunun tayları gələcək üçün planlar qurur, oxumaq, təhsil almaq, karyera qurmaq istəyir, bu da şəhərin göbəyində gözünü açan kimi ərə gedib. İndi də qucağına verilmiş 3-5 dodaq, dırnaq boyası, sürmə, kirşan ilə xoşbəxtlik tapdığını düşünür. Ya bəlkə xoşbəxtlik elə budur? Bir insan bir dodaq boyası, bir ətirlə xoşbəxt olursa, qoy olsun. Bizim kimi Allah axtarışına çıxıb nəhayətsizlikdə itib-batmaqdansa, bəlkə elə bu, daha yaxşıdır? - deyə sərsəm şeylər düşünərkən birdən onun möhkəmdən gülərək mənə səsləndiyini eşitdim:
- Eeey, səninləyəm eee, deyəsən, çox yorulmusan.
Fikrimi cəmləyərək dedim:
- Yox, hərdən fikir dağınıqlığı olur məndə. Əhəmiyyət vermə. Nəsə deyirdin?
- Deyirəm ki, istəyirsən bu spreydən sənə də gətirdim. Sonra bu qiymətə tapmayacaqsan.
- Yox! - dedim fikirli-fikirli - Narahat olma. İstəmirəm.
O, "özün bilərsən" tərzində alt dodağını çevirdi. Bir az əvvəl çantadan çıxardıqlarını yenidən bir-bir əlinə götürüb xoşbəxtlik yağan baxışlarla, fəxrlə süzərək yerinə yığdı. Ağlamağa başlayan körpəsini yedirib yatırtdıqdan sonra otaqdan çıxarkən qapını yarıyadək örtərək:
- Sən də bir az dincəl - dedi.
Yatmaq istəmədiyim üçün kresloya dirsəklənib telefonla başımı qatmağa başladım.
Bir azdan əri işdən gəldi. O, yaraşıqlı, boylu-buxunlu biri idi. İlk baxışdan mədəni, dünyagörüşlü insan təsiri bağışlayırdı. Ta ki ağzını açıb bir kəlmə deyənədək. Xasiyyətini sevmədiyim üçün istirahət etmək bəhanəsi ilə çıxıb görüşməməyə qərar verdim. Ömür boyu bədii kitab üzü açmayan, bir şeir kitabı vərəqləməyən qohumum məni görən kimi yenə başlayacaqdı tanınmış bir şairimizi (çünki ondan başqasının adını bilmir) tərifləməyə, ordan-burdan eşitdiyi şablon fikirləri bəlkə yüzüncü dəfə hüdüləyib tökməyə... Sonra da: "Niyə sən də dördbucaq şeirlər yazmırsan?" - deyib mənə "məsləhət" verməyə (bəndləri dördbucağa bənzədir).
Evin xanımı tez bir zamanda masanın üstünü hazırladı. Otağı tam görməsəm də, yarıyadək örtülü olan qapı arasından qızın cəldliyini rahatca izləmək olurdu. Yaşına uyuşmayan səliqə-səhmanla, bacarıqla, elə cani-dildən işləyirdi ki, məəttəl qalırdım. Sinidə daşıdığı yeməyi, şirniyyatı, şirəni masaya düzdü. Bir az da ayaqda durub gözlədi (şahın hüzurunda əmrə müntəzir dayanmış kənizə bənzəyirdi). Daha heç nə lazım olmadığnı anlayınca gözünü ərindən çəkmədən bir-iki addım geri çəkilib yaxındakı stula əyləşdi. Hiss olunurdu ki, ondan çox çəkinir. Bu vaxt ağzı yeməklə dolu olan əri bağırdı:
- Ay qanmaz! Ay qan-maaaz! Korsan? Papağımın üstündə niyə oturursan?
Qız yerindən dik atıldı. Hiss etdim ki, mən olduğum otağa tərəf boylanmaq istəsə də, özünü toplayıb bunu etmədi. Həyəcanını izlədikcə ürəyim ağrıyırdı. Bir qız sadəcə "ərdə olmaq" xətrinə bütün bunlara niyə dözür? Bu yaşda nə vacib idi özünü oda atmaq?
Ər deyilən varlıq sonda qazlı şirədən içib bir dəfə gəyirəndən sonra papağı başına keçirib iş yerinə qayıtdı.
Balaca qadın tez masanın üstünü yığışdırıb mətbəxə keçdi. Bir azdan işini bitirib mən olan otağa daxil olanda gözlərinin qızarmış olduğunu gördüm. Heç nə olmamış kimi davranmaq istədim:
- Söz deyirəm e, bayaq dediyin spreyi indi gətirdə bilərsən? Əslində, düz deyirsən, sonra tapmayacam.
O, cavab vermədən yaxına gəlib çarpayıda - mənimlə üz-üzə əyləşdi. Yerə baxaraq titrək səslə dedi:
- Əslində, mən də sənin kimi olmaq istəyirdim.
- Yəni?
- Sənin kimi ali təhsil almaq, iş qadını olmaq, kimsədən asılı olmadan yaşamaq istəyirdim. Öz ehtiyaclarımı ödəyə bilmək istəyirdim...
- Bəs...
- Anamgil imkan vermədilər. Bunlar bizə elçi gələndə anam dedi ki, bir də belə şans ələ düşməyəcək. Bu imkansızlıqla, kirayələrdə yaşamaqla səni oxuda bilməyəcəm. Bundan əlini üz. Atam da onun dediyini dedi. Bu şansı qaçırmağı axmaqlıq bildilər. Əslində, mən orta məktəbdə çox yaxşı oxuyurdum. Arzularım var idi. Həmişə fəal olmuşam.Tədbirlərdə aparıcılıq edirdim, təşkilatçılığım yaxşıydı. Kiçik hekayələr də yazırdım... Mən bu yaşda ailə qurmaq istəmirdim...
O, hələ də üzümə baxmadan danışırdı. Artıq olan olmuşdu. Bacardığım ancaq təsəlli vermək idi:
- Eh, şükür, nə olub ki? Ailən, gül kimi balan var, heç nəyin qayğısını çəkmirsən.
Dolmuş gözlərini üzümə dikib kədərlə gülümsədi:
- Nolar, mənə təsəlli verməyə çalışma. Sadəcə dinlə.
Susub dinlədim. Onun yumruq boyda ürəyində nə boyda ağrı, dərd yuva salıbmış. O, sevgiyə nə qədər möhtac idi. O, xoşbəxtliyin maskasını geyinməyə çalışırdı, bu yaşda bu məsuliyyəti çiyinlərində daşımağa məhkum idi... O, uşaq deyildi. Bayaq dodaq boyası ilə oynayan avam qızcığac indi yox olmuş, yerində ata-anasının, övladının, keçmişinin, gələcəyinin dərdini çəkən yetkin qadın əyləşmişdi...
Mən ümumiyyətlə, valideynlərin qızlarını erkən nikaha cəlb edərkən gətirdikləri bir bəhanəni heç vaxt anlamıram: "Saxlamağa imkan yox idi, məcbur qaldım". Bəzən rayon yerində mal-qara saxlayanlar bu sözləri işlədirlər və kimsə də onları qınamır. Otunu, yemini almağa imkan yoxdur, xeyrindən çox ziyanını görür, satır bir başqasına. O inək üçün fərqi yoxdur otu bu həyətdə yedi, ya başqa həyətdə. Müqayisəmə görə üzr istəyirəm. Bəs övlad? Uşaqlığını doya-doya yaşamadan, gəncliyin dadını bilmədən ailə boyda məsuliyyəti necə qoya bilirsiniz onların bərkiməmiş çiyinlərinə? Bütün qızlarımız mənim yuxarıdakı həmsöhbətim kimi dözə bilirmi? Ayaqda durmağa çalışırmı? Əlbəttə ki, yox. Bir-iki il sonra qucağında iki körpəsi ilə geri qayıdan qızı bəs necə saxlaya bilirsiniz, ay "imkansız" valideynlər? Ya dözməyib ömrünün baharında canına qəsd edən balanızın taleyi rahat yaşamağınıza imkan verirmi? Yaxud bu qız kimi susub ömrünü sizin arzularınıza qurban edən balaların baxışındakı kədər, çiynindəki dözülməz ağırlıq, heysiyyətinin tapdanması ağrıtmırmı sizi? Bütün bunlar pullu bir oğlanla qohum olmaq üçündür. Bütün bunlar sadəcə "mənim də qızım ərə gedib" deyə bilməyiniz üçündür. "Yox" deməyin. Çünki bu halı tez-tez müşahidə edirik. Toy məclisləri ilə aram yoxdur. Həmişə qaçıram bu məclislərdən. Amma bəzən elə olur ki, qatılmağa məcbur oluram. 12-13 yaşlı qızlarınızı gözəllik salonunda 30-40 yaşlı qadın kimi bəzətdirib, uzun ətəkli, zərli-zibalı, sinəsi qabarıq ziyafət geyimləri, üstündə sərbəst gəzməyi belə bacarmadıqları hündürdaban ayaqqabılar geyindirib fəxrlə toya gətirdiyinizi, çalınan hər musiqiyə oynamağa məcbur etdiyinizi, arxasıyca necə arsız-arsız irişdiyinizi, görüm qızıma kim baxdı fikri ilə ətrafa boylandığınızı çox görmüşəm. O qədər iyrənc səhnədir ki, bu. O qədər əcaib görünür ki, həmin bəzəkli qızcığazlar... İmkansızlıq bir bəhanədir. Hamı yağ içində böyrək kimi bəslənmir. Rəfiqəsinin köynəyini, dostunun pencəyini geyinib dərsə gedən, bir kilo un alıb çörək bişirərək bir neçə günü onunla yola verən, bütün gününü bufetdən aldığı tək bir paxlava ilə ötürən universitet tələbələri görmüşəm. Amma dözüblər, oxuyublar və bu gün hərəsi bir iş sahibidir. Çünki valideynləri arxalarında dayanıb, heç nəyi olmayanda da mənəvi dəstək olub, sabaha inam aşılayıb. Gülçöhrənin qızı ərə getdi, mənim qızım qaldı düşüncəsi ilə yaşamayıblar. Məni ağrıdan bilirsiniz nədir? Bu yazının yazıldığı zaman, vaxt. İllərdən bəri məlum mövzunun təkrar-təkrar qabardılması. Yəni hər dəfə buna ehtiyacın olması. Burada hamımız günahkarıq. Hamımız! Biri qızını 13 yaşında nişanlayanda susub keçən qohumlar, adı məktəb jurnalında olan şagirdin dəvətnaməsini götürüb onun toyuna gedən, bu qanunsuzluğa qarşı heç bir tədbir görməyən müəllimlər, məktəb direktorları, o toylarda bəh-bəhlə sağlıq deyib "7 oğul, 1 qız" istəyən əmilər, dayılar, erkən nigaha qarşı təşkil olunan tədbirləri görüntü xətrinə icra edib tələm-tələsik protokollaşdıran təşkilatlar... Hamımız günahkarıq. Bu kimi halların çox olduğu kəndlərdə olmaq, söhbətlər aparmaq, valideynlərlə görüşmək, həyati misallar çəkmək, qanunları izah etmək, yeniyetmə qızlarla görüşlər keçirmək, hüquqlarını anlatmaq, təhsilə meylləndirmək lazımdır. Tədbirin qalmaqalsız, səliqəli alınması xətrinə 5-10 fəal qadını, idarə müdirini bir otağa yığıb bildikləri problemi təzədən onlara danışmaqla və bir-iki fotoşəkil çəkib paylaşmaqla bu problem həllini tapmayacaq. İşi ürəkdən görmək, təbliğat zamanı dinləyicini düzgün seçmək, onların etirazından qorxmamaq lazımdır.
O ki qaldı valideynlərə, övladlarınızın dəyərini bilin. Onların arzularını boğmayın. Gələcəklərini məhv etməyin. Sizin qucağınızın istisindən hələ doymayan, sizin sığalınıza ehtiyac duyan, sizin qayğınıza möhtac olan balalarınızı pula, vara, şöhrətə qurban verməyin. Vaxtsız soldurmayın onların gül üzünü. Qızlarınızın xoşbəxt görünməyinə yox, xoşbəxt olmağına çalışın, analar! Xoşbəxt olmağına!
Yazıq görünmək həvəsi
Mən uşaq olanda bizə tez-tez bir qadın gəlirdi. Həmişə qəribə görünüşü ilə diqqət çəkirdi.
Ayağının birində uzunboğaz, digərində qısa boğazlı, yaxud birində qırmızı, birində mavi və yırtıq-deşik corablar olardı. Baş barmaqları corabın cırığından tısbağa başı kimi çıxardı. Belinə yun şal, başına hər hansı bir köynək, jaket bağlayardı. Bəzən təzə aldığı paltarı da elə urvatsız geyinərdi ki, elə bilirdin zibillikdən tapıb. Bu qadın maddi cəhətdən imkanlı idi. Bacı-qardaşları da həmçinin. Müharibə və bundan sonrakı ağır dövrlərdə - camaatın bir qarnı ac, bir qarnı tox yaşadığı vaxtlarda onlar məhz maddi imkanlarına görə seçilirdilər. Yəni qadının əyin-başının pis olması imkansızlıqdan deyildi. Yaxınları qızıl dişin dəbdə olan vaxtı bir neçə dəfə onun dişlərini düzəltdirsələr də, qadın tezliklə dişlərini sökdürür, ağzını boş mağaraya oxşatmaqdan ləzzət alırdı. Hərəkətləri, davranışı, söhbətləri ilə həmişə bədbəxt obraz yaratmağa çalışırdı. Fikir vermişdim, həmin qadına kimsə "yazıq", "can ay bajı" deyəndə o bundan zövq aldığını açıq şəkildə hiss etdirir və dərhal çiyinlərini boğazına tərəf çəkir, qollarını sinəsində çarpazlayır, belini qabağa, boynunu yana əyib məzlum görünüş alır, bu anın bir az da uzanmasına çalışırdı. Bəlkə nə isə gizli dərdi vardı deyə düşünə bilərsiniz. Ola bilər. Amma mənim müşahidə etdiyim bu idi ki, o qadının bu cür görünməkdən çox xoşu gəlirdi. Lakin bunun kimə isə ziyanı yox idi. O, heç kimi mazoxist təbiətinə şərik etmirdi...
Bir də var xalqın ruhunu yazıqlaşdırmağa çalışanlar...
Azərbaycan xalqı zamanla qalibiyyət və məğlubiyyətin hər ikisini dadıb. Lakin məhz birinci Qarabağ savaşından sonra məğlubiyyətin, itirməyin bütün acısını hiss etdi. Onurğası əyildi. Elə əyildi ki, bir daha düzələcəyinə çox az inamı qaldı. Biz xalq olaraq ağlamağa meyllənib özümüz haqda yalnız əskik fikirlərlə yaşayırdıq. Tədbirlərdə pafoslu çıxışlar edib qısa zamanda torpaqlarımıza qayıdacağımızdan danışsaq da, reallıq budur ki, içimizdə özümüz öz fikrimizə kinayə ilə yanaşırdıq. Zaman-zaman yarıtarixi, yarıəfsanəvi qəhrəman obrazları ilə özümüzü çox "şişirtdiyimizi " düşünürdük. Tanıdığımız, bildiyimiz ürəkli oğullar da birinci Qarabağ savaşında həlak olub getdi deyə düşünərək gələcəyə ümidsiz-ümidsiz boylanırdıq. Lakin təkcə Mübariz İbrahimov bu xalqın ümidsizliyinin üstünə bir sillə çəkərək onu oyatdı, "Özünə gəl, özünü tanı" dedi sanki. Bu sillənin təsiri keçib getmədi. Bəli, Mübariz İbrahimov film, nağıl qəhrəmanı yox, bugünümüzün real qəhrəmanı idi. Daha sonra Aprel döyüşləri gözü açılmış ümidlərimizi bir az da silkələdi, böyük qalibiyyətə elə inam yaratdı ki, artıq Tovuz döyüşlərində xalq özü ayağa qalxaraq haqq səsini ucaltmağa, səbrinin tükəndiyini, sadəcə bir əmrə bənd olduğunu bildirməyə başladı. Bəli, bu özünəinam idi. 30 il susub özünü qınamaqdan, özünü aşağılamaqdan, miskin görünməkdən bezmiş xalqın özünə inamı, özünə qayıdışı idi. Rəhbərinə, Ordusuna güvənən, dövlətinin ətrafında yumruq olmağı bacaran xalq vardı meydanda. Ölümün gözünə dik baxaraq yalnız irəli atılmağa hazır olan xalq. Və qısa zamanda bu birlik elə bir gücə çevrildi ki, illərin fəryadına, göz yaşına, ah-naləsinə, məzlumluğuna, qınağına son qoyuldu. Məhz bu ruh yüksəkliyi, bu inam sayəsində ordumuz zəfər çalmağı bacardı. Hərbçilərimiz özləri də dəfələrlə istər müsahibələri zamanı, istər özərinin çəkdikləri videogörüntülərdə xalqın dəstəyindən çox böyük güc aldıqlarını vurğulayıblar. Müasir silahlar, qardaş ölkənin dəstəyi... Təbii ki bunlar önəmliydi. Amma ruh yüksəkliyi, özünəinam birinci şərt idi. İzləyirik, oxuyuruq, nə oğullar, nə igidliklər, nə tükürpədən hadisələr olub bu döyüşlərdə. Sən demə, saysız-hesabsız Mübarizlər yetişirmiş bu torpaqda. Hər biri tarix yazan mübarizlər. Düşmənin etirafları belə bizi özümüzə sevdirir. Heyrət, təəccüb bürüyür danışılanları eşitdikcə, yazılanları oxuduqca...
Bir çox şəhid valideynləri övladı haqqında danışarkən etiraf edir: Mən təəssüf edirəm ki, oğlumu tanımamışam... Biz xalq olaraq da etiraf etməli oluruq ki, özümüzü bugünkü qədər tanımamışıq. Bu gün möhtəşəmik. Bu gün özümüz haqda fəxrlə danışırıq. Bu gün elə ruha köklənmişik ki, dağları yerindən oynada biləcəyimizə inanırıq. Fəqət... Bir vaxt işğal altında olan torpaqlara qayıdacağımıza bütün ümidi üzülənlər bu gün bütöv rayonlarımızın işğalçılardan təmizlənməsini görmək istəmir, gələcək "təhlükə"lərdən danışır, insanların qələbə sevincini dəyərsizləşdirirlər. Məlum məsələdir, hər birimiz istəyərdik ki, ermənini öz yuvasınadək (hərçənd ki, o yuva da onların deyil) qovaq, əli əzizlərimizin qanına batmış bu məxluqları əbədi-əzəli torpaqlarımızdan biryolluq süpürüb ataq. Kim arzulamırdı ki bunu? Amma özümüz də yaxşı bilirik ki, müəyyən səbəblərdən bu mümkün deyil və burada təkcə güclü olmaq yox, həm də uzaqgörən olmaq, hisslərə qapılmamaq, səhv etməmək, xalqın taleyi ilə oynamamaq lazımdır. Bundan əlavə, gəlin etiraf edək ki, digər ərazilərimizi də qan tökmədən, qurban vermədən azad etmək asan iş deyildi. Bunun özü daha böyük qalibiyyətdir və indi biz illər sonra içimizdə yaranmış ruh yüksəkliyini, inamı, özünəgüvəni qoruyub saxlamalı, yaşatmalıyıq ki, sonramızdan da əmin ola bilək. Birinci Qarabağ müharibəsi zamanı yaşadığımız dəhşətli faciələrdən sonra bu ruhu yaratmaq bilirsiniz necə çətin idi? Şair Cabir Novruzun misraları ilə desək:
Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın...
... Qüvvət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir.
Qeyrət ruhun gücündədir
Kaş millətdə ruh yaşasın.
Bəli, qüvvət ruhun gücündədir. Amma qələbə sevincini yaşayanlara, bunun nə olduğunu bütün varlığı ilə hiss edənlərə yuxarıdan aşağı baxıb "heç bilirsən bizi nə gözləyir?" deyənlər anlayırlarmı ki, onların bu təbliğatları hələ gələcək üçün ehtimal etdiyi məsələlərdən daha təhlükəlidir bu millət üçün?
30 illik xəcalətimizə, diligödəkliyimizə, boynubüküklüyümüzə son qoyulub ey...
Bilirsiniz bu nə deməkdir?
Bizim nəsil uşaqlar əsir düşmüş Azərbaycan əsgərini lağa qoyaraq onlara məcburən əsgər marşımızı oxudan, insanlarımızı yandıran, baltalayan, süngüləyən, başını kəsən, gözünü çıxaran, minbir əziyyət verən, qızlarımızı, hətta körpələrimizi zorlayan, təhqir edən, torpaqlarımızı əlimizdən alan, bizi doğma ocağımızdan didərgin salan erməni xofu ilə böyüdük. Biz bu faciələrdən sonra böyüklərdən ağlamağı, yas saxlamağı, göz yaşı tökməyi öyrəndik. Ruhumuz matəmə, yasa, hüznə kökləndi. Bugünkü nəsil isə özünə güvənən, ölümün üstünə dik gedən, öz haqqını almaqda israrlı olan, düşmənini yaxşı tanıyan, mübarizə meydanından son nəfəsinədək çəkilməyən, sabahına inanan nəsildir. Son savaşımız bunu bütün dünyaya sübut etdi. Amma bəziləri 30 illik həsrətinə son qoyub doğma ocağına qayıdacaq insanların sevincini, həyəcanını hiss etmir, "Qeyrətli xalq müharibədə itirdiyi torpaqları sülh yolu ilə dilənməz. Azərbaycan torpaqları istəyir, buyursun savaşsın bizimlə. Amma inanmıram onların buna cəsarəti çata" deyərək heysiyyatımızı alçaltmağa çalışan erməni köpəyinin necə aciz duruma salınıb biabır edildiyini görmür, Azərbaycana yuxarıdan aşağı baxan dövlətlərin diqqət mərkəzinə çevrildiyimizi qəbul etmək istəmir, "tam qələbə" davası edirlər. Zarıyır, qəlbqıran fikirlərlə insanları ruhdan salır, canını, sağlamlığını qurban etmiş şəhidlərin, qazilərin qəhrəmanlığını dəyərsizləşdirir, hər vəchlə köhnə ruha, köhnə ab-havaya qayıtmaq istəyirlər. Qalib olmağı həzm edə bilmirlər. Xalqın əzabkeş, bədbəxt, talesiz, yazıq görkəm alması üçün cani-dildən əlləşir, məzlum kimi görünməkdən həzz alırlar. Napoleonun fikridir: Bütün müharibələrdə silah ruhla döyüşür və qalib gələn ruh olur". Nəyə inanıb, nəyə inanmadığınız öz işinizdir. Amma sizi and verirəm elə inanıb-inanmadığınıza öldürməyin bu xalqın ruhunu!
Gözünüzü yumun, qulaqlarınızı qapayın...
(İNTİHAR ETMƏYİN!..)
Birmən,
Bir ülgüc,
Bir də kimsəsiz otaq -
Parçalanır aorta;
Oxxay, nə gözəldir azad olmaq...
Bəli, mən yazmışdım bunu... Bu gün ətrafdakı insanlara həyatı sevməyi təbliğ edən mən.
Gənc idim. Gördüyüm haqsızlıqlar, özümü köməksiz hiss etməyim, çarəsizliyim də nə vaxtsa intihara can atmağıma səbəb olub. Amma oxuyanda fikir verdinizsə, bu misralarda giley yox idi... Bu, şikayətdən uzaqlaşdığım, tamamilə sonrakı bir mərhələnin nəticəsi idi. Başıma yeridilmiş axmaq düşüncələr idi. Belə deyim, oxuduğum, söhbətlərdə rast gəldiyim ayrı bir təbliğatın da təsiri var idi... Bədəndən çıxınca ruhumun azad nəfəs alacağını düşünürdüm. Bu azadlığın intihar yolu ilə mümkün olacağını yəqin edirdim. Nə qədər qəribə, nə qədər sərsəm düşüncə idi bu... Ruhən azad olmağı tərsinə təbliğ etmişdilər baxdığımız filmlərdə, internetdən tapıb acgözlüklə oxuduğumuz materiallarda... Azadlığın əslində, hansı yoldan keçdiyini dərk etməmişdim. Bunun bir ülgüclə həll oluna biləcəyini düşünürdüm. Və o zaman mənim bu misralarım kimisə intihara həvəsləndirən, intiharı bir həzz kimi təbliğ edən vasitə ola bilərdi. Özüm bilmədən, anlamadan etmişdim bunu. Gənclərin bəh-bəhlə qarşılamasından daha da həvəslənmişdim...
Son günlər yenə də ard-arda intihar xəbərləri gəlməyə başlayıb. Əlbəttə, intihar etmiş insanın arxasınca çox sözlər söylənir. İnsanların fikrincə, ya çarəsizlikdən edir bunu, ya gördüyü haqsızlığa dözmədiyi üçün, ya maddi çətinliklər üzündən, ya psixoloji problemi var imiş, ya hansısa cinayət işləyibmiş, ya özü etməyib, kimsə öldürüb, sadəcə intihar görüntüsü yaradıb və sair və ilaxır...
Təbii ki, həqiqəti intihar edənin özündən yaxşı heç kim bilməz. Amma bunu bir kənara qoyuruq. Diqqət etmisinizsə, bir intihar xəbəri gələndən bir gün sonra daha biri, sonra daha biri... Hər dəfə intiharlar dalbadal baş verir. Niyə? Əslində, bunun digər bir tərəfi də var ki, o tərəfə toxunmuram. Yəni bu, daha geniş bir mövzudur. Amma ardıcıl intiharların bir günahı da mediadadır, sosial şəbəkə istifadəçilərindədir desək, yanılmarıq. Digər mövzularda olan xəbərlər bir dəfə verilir və sonra "köhnəlir". Amma eyni intihar mövzusunu dönə-dönə qabardırlar. Həmin intihar edənin kimliyini, qohumunu, əqrəbasını araşdırırlar, cəlbedici, həm də sövqedici başlıqlarla təkrar gündəm mövzusuna çevirirlər və bununla da, məhz "bıçaq sümüyünə dirənmiş" digər insanlara yol açırlar. "Bəlkə mən də?" deməsinə "həvəsləndirirlər".
Əlbəttə, intihar mövzusu üstündən sakitçiliklə keçiləcək mövzu deyil. Səbəbkar (varsa) tapılmalı, bir canı məhvə vadar etdiyi üçün qanuni şəkildə cəzasını almalıdır. Fəqət mediamız nədənsə bu xəbərlərin məhz şirnikləndirici tərəfindən istifadə edir. Olmazmı ki, əksinə, həmin ərəfədə intihardan çəkindirən yazılar hazırlansın, psixoloqlarla söhbətlər təşkil olunsun, bu söhbətlər mətbuatda yer alsın. İntiharın çarə olmadığının niyəsi ətraflı şəkildə izah olunsun? Yox, xəbəri digərlərindən birinci vermək var axı. Sonuc nə olur olsun, birinci olmalıyıq! Elə buna görə də, həmişə intihar xəbərləri başlayanda bir neçə gün davam etməli olur. Bir-birindən "güc" alaraq növbəti qurbanlar həyatları ilə vidalaşırlar.
İntihar edən şəxs tanınmış, yaxud yeni-yeni tanınan, istedadlı, gənc biridirsə, hökmən onun ardınca gedənlər olacaqdır. Və burada intihar edənin özünün məqsədi bu olmasa belə, sonrakı canınaqəsdlərdə "əli" var. Çünki dərhal sosial mediada onun ən yaraşıqlı, ən gözəl düşmüş olduğu fotoları yayılır, bayaqdan heç kimin diqqətində olmayan statusları, şeirləri, musiqiləri, sanki gələcəkdən xəbər verirmiş kimi çəkilən hansısa hüznlü videogörüntüləri paylaşılır, nakam gedişindən bəhs edən rəylər, statuslar yazılır. Bir günün içində hamı ondan danışmağa, yazmağa başlayır. Və dəfələrlə öz bacarığını, istedadını üzə çıxarmağa cəhd edib uğursuzluqla qarşılaşan, bunun qarşılığında ruhdan düşən, onsuz da gələcək haqqında artıq heç nə planlaşdırmayan biri dərhal düşünür ki, intihar etsəm, diqqət çəkərəm. İçindəki şöhrət həvəsi onu da bu yola sürükləyir. Bəzən son nəfəsdə hiss etdiyi peşmançılıq isə fayda vermir...
İntihar mövzusu o qədər geniş mövzudur ki, hansı tərəfdən istəsən, yanaşmaq olar. Hətta kimsə haqq qazandıra da bilər intihar edənə... Lakin səbəb nə olursa olsun, intihar acizlikdir, dözümsüzlükdür. İntihar öz məğlubiyyətini sözsüz etiraf etməkdir.
Məğlub olmayın! İnanın, inanın ki, hər qaranlığın bir sonu var və o, bitən kimi işıqlı yol başlayır. Sadəcə bir az dözümlü olmaq, bir az səbr etmək, o işığa çatacağına inanmaq lazımdır.
İntihar etmək istədikdə bir anlıq gözünüzü yumun, qulaqlarınızı qapayın, nəfəs almayın. Elə zənn edin ki, ölmüsünüz. Sonra yenidən gözünüzü açıb təbiətə boylanın, qulaqlarınızla ətrafı dinləyin, sinə dolusu havanı ciyərlərinizə çəkin. İnanın, bugünə qədər diqqət etmədiyiniz gözəllikləri, rəngləri görəcək, eşitmədiyiniz ən adi səsləri eşidəcək, bir udum havanın dəyərinin nə qədər böyük olduğunu dərk edəcəksiniz. Anlayın ki, intihar etdiyinizdə bir daha onları görmək, eşitmək, hiss etmək şansınız olmayacaq.
Doya-doya yaşayın həyatınızı!
Qıymayın canınıza!
İntihar etməyin!