Səbuhi Məmmədlinin Astaradan, 200 ildən sonra işıq üzü görən kənddən 2-ci yazısını sizə təqdim edirik
Əvvəlcə transformatorun yanına yığıblar hamını. İzah ediblər, nəyə əl vurmaq olar, nəyə yox. Nəyə toxumaq olar, nəyi qurdalamaq olmaz. Transformatorun qapısını isə qəti açmaq olmaz. Və hamı da diqqətlə qulaq asıb deyilənlərə. Daha sonra…
Daha nə sonrası olacaq ki? 100 il, hə, az qala bir əsrdir gözləyirdilər. Və budur, zaman yetişdi... elə ilk işıq da Zaman kişinin evində yandı Şəvqoda, çox da uzaqda yox, Bakıdan vur-tut 360 km aralıda yerləşən kənddə. O kənddə ki, adının mənası da talış dilindən “qaranlıq yer” mənasını verir…
Əvvəli burada http://news.lent.az/news/283041
Şəvqoya qayıdacağıq. Amma etiraf edək ki, həmin gün Astarada olmasaydıq, bilməyəcəkdik ki, bu rayonda Şəvqodan başqa işığın olmadığı daha bir kənd var. Elə o da Pəlikeş inzibati ərazi vahidliyinə daxil bir kənd var: Diqo. Mənası “tikanlı kənd yeri” olan bu yaşayış məskəni də olduqca çətin relyefli ərazidə yerləşir. Ümumiyyətlə, Astaranın Burzubənd kəndindən sonra qərbə, dağlara doğru uzanan dolanbac yollar Pəlikəş inzibati ərazisinə aparıb çıxarır. Təxminən 40 kilometr yolu rahat getmək olur. Bundan sonra yol Pəlikəş, Sım, Şümrüd, Düriyə, Ağ körpü, Lomin, Vovada, Doli, Diqo, Şəvqo, Sibiyyət və Əyyüərüd kəndlərinə haçalanır. Bu kəndlərdən bir neçəsi İranla həmsərhəddir. Şəvqodan sonra isə növbə deyəsən Diqoya çatacaq. Amma bizə deyirlər ki, yolu Şəvqodan da pisdir: Bu kəndə ancaq DT-75 markalı traktor gedə bilər, o da getsə...
***
Yeri gəlmişkən, bu arada bir məqamı da deyim. Astaranın Səkəşam kəndi də təxminən eyni durumdadır. Astara rayon sakini Yunis Qulamov deyir ki, vaxtıyla bu kənddə 30-dan çox ailə yaşayıb. 1996-cı ildən sonra sakinlər dolanışıq ucbatından kəndi tərk etmək məcburiyyətində qalıblar. Bununla belə, kənddə bir neçə ailə qalıb. Səkəşamlıların əsas problemi isə kənddə elektrik transformatorunun partlamasından sonra başlayıb.
“Hazırda kənddə 4 ailə yaşayır, onlar da işıqsız. Bu kəndin yolları da bərbad gündədir. Və yaxın vaxtlarda düzələcəyinə ümid də yoxdur. Noyabr ayından sonra isə Şəkəşəmda həyat, ümumiyyətlə, dayanır. Məktəblər, xəstəxana ancaq qonşu kənddədir. O da bir neçə kilometr aralıda. Gedib çıxmaq zülmdür”.
Yunis Qulamovun sözlərinə görə, dəfələrlə Astara rayon icra hakimiyyətinə bu barədə müraciət ediblər. İcra Hakimiyyətindən isə onlara deyiblər ki, 4-5 ailəyə görə ora işıq çəkilməyəcək. Bu 4 ailə isə dədə-baba evlərini tərk etmək istəmir. Ümidləri yenə “Azərişıq”adır. Şəvqo sakinləri kimi nə vaxtsa sevinəcəklərinə inanırlar.
***
Şəvqolular Qurban bayramı günlərində ikiqat bayram yaşayıblar. Hə, elə ona görə də ilk elektrik lampası yanan kimi qurbanlar kəsiblər.
Hacımurad Həmmədovla söhbətləşirik. Deyir, 57 yaşım var, ilk dəfədir, əlimi elektrik düyməsinə basıb işıq yandırıram:
- Təbii ki qonşu Pəlikeşdə, Astarada, Bakıda qohumlarımızgildə işıq görmüşdük. Necə deyərlər, tok nədi, bilirdik. Amma öz kəndimizdə, hə, ilk dəfəydi. İlk dəfəydi ki, evimizdə işıq yanırdı. Düzü, buna inanmırdıq. Hər şey sanki ildırım sürətiylə baş verdi. Gəldilər kəndə, ölçüb-biçdilər, qəfil qərar verdilər. Vəssalam, çəkirik.
- Bəs indiyədək işıqsız necə yaşamısız? Dünyadan, Azərbaycandan baş verənlərdən necə xəbər tutmusuz?
Gülür bu sualıma. Deyir ancaq Pəlikeşə və Astaraya gedəndə. “O da işimiz olanda gedirdik” - deyir.
- Qış düşdü, 3 ay buradasan. Bəzən ayın tarixini belə itirirsən. Hansı gündü, həftənin hansı günüdür? Bizdən 7-8 kilometr aralıda nə baş verir? Bəlkə dünya dağılıb, xəbərimiz yoxdur? Uşaqlar da heç məktəbə getmirlər, otururlar evdə.
Məsələn, kəndə xəbər yayılırdı ki, kimsə arana düşəcək. Aran deyəndə, Kürdəmirə yox e, Astaraya, Pəlikeşə. (Gülür) Hamı gətirib mobil telefonlarını yükləyirdi həmin adama ki, apar “zaraydka”ya qoy, gətir. Kənddə bircə maşın var, o da məndədi. Yaya baxma e, bir aydan sonra bu maşın, bu UAZ da kənddən çıxa bilməyəcək. Bir az əvvəl kənd sakinləri pul yığdı, haradasa 5 min manata yaxın. Min litr yanacaq aldıq. İcra hakimiyyəti də sağ olsun, bir traktor ayırdı bizə. Başladıq, kəndin yolun düzəltməyə. Yol deyəndə ki, cığır açdıq, uşaqlar 7-8 km yolu Pəlikeşə məktəbə gedə bilsinlər. Burada məktəb 4 illikdir. Qalan sinifləri Pəlikeşdə oxuyurlar. Oxuyurlar deyəndə, bir gün gedirlər, 10 gün getmirlər. Bizim kənddə sonucu dəfə ali məktəbə sovet vaxtı giriblər. İşığı həll elədilər, sağ olsunlar, bu yolu kim düzəldəcək?
Hacımurad deyir ki, hamilə qadınların doğmasına 2-3 həftə qalmış nəyin bahasına olursa-olsun, onu rayon xəstəxanasına çatdırılar ki, övladını dünyaya gətirsin. Xəstə düşdüsə, mütləq DT-75 traktor lazımdır.
- Bax, indi işığımız yanır. Ev işıqlıdır. Siz təsəvvür edirsinizmi, mən, 57 yaşlı adam, bir neçə gündür ki, hisli lampadan canımı qurtarmışam. Əlbəttə, qurban da kəsdik, dua da elədik işıq çəkənlərə. Sağ olsunlar, evin biri burada, biri 500 metr orada. Zülm çəkirlər, hələ də işləyirlər. Onların zəhmətini unutmarıq heç vaxt.
Kənddə ilk lampanı isə Zaman kişi yandırıb. Onun evinə çəkilib ilk işıq. Deyir, sanki kor kimiydik, gözlərimiz açılıb:
- Hər şeyi özümüz daşıdıq. Dedik, təki işıq olsun, ölməyək, işıq yanan evimiz olsun. Gəldilər çəkdilər. Başa da saldılar ki, işığı necə idarə edək. Sayğac da qoydular. Hələ çox yazmayıb. Pulunu da vaxtında verəcəyik. Necə yaşamışıq? Vallah, hələ də möcüzə kimi gəlir. Hər axşam az qalır yenə lampa yandıraq. Amma yadımıza düşür ki, düyməni bas, işıq olacaq hər yer. Bundan böyük xoşbəxtlik ola bilər?
Kənd sakini Gülnisə Əliyeva deyir ki, inanmazdı nə vaxtsa işıqlı evdə yaşayacaq:
- Bizim ömrümüzün yarıdan çoxu gedib, nəvələrimiz təki işıqda yaşasın. Aşağı düşəndə qohum-əqrəba bir də görürsən ki, deyirdi – baxdınız, televizorda filan şeyi göstərdilər? Deyirdik haradan baxaq, televizorumuz yoxdur. İndi televizor da alacayıq.
zərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyir ki, ölkə başçısının tapşırığına əsasən “İşıqlı Azərbaycan” layihəsi çərçivəsində heç bir ucqar kənd elektrik enerjisiz qalmayacaq.
***
Bu kəndə işıq çəkilməsi isə ümumiyyətlə möcüzə olub: “Bu işlər 20 gün ərzində həyata keçirildi. 700-ə yaxın dəmir beton dayaq basdırdıq. 2 km uzunluğunda elektrik verilişi xətti çəkildi. 5 km özünü daşıyan izolyasiya kabel xətti çəkilib. Çünki buranın sərt qışı var. Sərt qışda belə 24 saat elektrik enerjisi təmin olunacaq.”
“Azərişıq”ın Astara rayon şöbəsinin rəisi Alim Qəmbərli deyir ki, kəndin relyefi çox mürəkkəbdir, bu səbəbdən də hələ ki 20-yə qədər evdə işıq yanır.
- Hazırda əməkdaşlarımız kənddə işləyirlər. Sizə asan gəlməsin, bir evlə o biri ev arasında bir də görürsən 1000 metr məsafə var. Bizim uşaqlar da gecə-gündüz oradadırlar. Soyuqlar düşənədək bütün işlər başa çatacaq. Sonra da, yəqin, Diqoya keçərik.
***
Hə, Diqo bir başqa aləm. Bu kəndə bir səfər necə, sizcə maraqlı olarmı? Şəvqodan fərqli, hələ də işıq üzü görməyən bu kəndə. Bildim “hə” deyəcəksiz. Odur k, Diqoya gedirik, bu, lap maraqlı olacaq.
Səbuhi Məmmədli,
Astara