Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(3-cü-sonuncu hissə). Masallılı xanəndə Mir İslamın həyat yolundan nağıl kimi, film kimi olaylar


Yaxın Şərqin zil-tenor səsli xanəndəsi - Mir İslam Mir Ələm oğlu Rəfiyev (Xanəndə Mir İslam) - 1859 – 1947


1-ci  2-ci yazının linki burada 

https://cenub.az/9414-masalll-xannd-mir-slamn-hyat-yolundan-nal-kimi-film-kimi-olaylar.html

https://cenub.az/9430-2-ci-hiss-masalll-xannd-mir-slamn-hyat-yolundan-nal-kimi-film-kimi-olaylar.html

Cənub.az  və masallılar.

Xudaşirin Cəbiyevin araşdırmasını təqdim edir




Xudaşirin Cəbiyevin araşdırmasını təqdim edir. 1-ci hissə
- “Qızılbaşlar” sülaləsinin qızıl başlı xanəndəsi
- Qarabağ xanəndələri Masallıda
- Masallıya 140 il xidmət edən, bu gün isə dağılmaqda olan  hamamın qısa tarixçəsi
- Uğursuzluqla bitən başabəla adağlıbazlıq
- Doşab aldı,  bal çıxmadı... Və ya 2-ci evliliyin acı şərbəti
- Tehran hamamından İran şahının qulağına çatan səs
- Heç zaman əlinə qaval almayan görkəmli xanəndə
- Moskvada Stalinin bağında eyş-işrət gecələrində
- Var-dövlətini kasıb-küsuba xərcləyən xanəndənin dərvişliyə məhkumluğu
- İran şahının hədəyyə etdiyi 50 min tümənlik üzük namərd qohumun badına necə getdi?
- Siyasi səhvinin ucbatından öz soy-kökündən niyə imtina etməli oldu?
-Mir İslamın vəsiyyətləri.



Mir İslam haqqında Miri Ələmovun xatirələri

   Mir İslam əminin səsi və iti yaddaşı Allah vergisi idi. O, ifa zamanı oxuduğu qəzəl-lərin əksətiyyətini bədahətən söyləyirdi. Özünün yazdığı şeirləri də sinədəftər deyirdi, yazıya köçürmürdü. Xasiyyəti etibarı ilə onun bir sıra qəribəlikləri vardı. Həddən artıq avam, sadəlövh, səxavətli adam idi. Xasiyyətində olan bu cur əlamətlərinə görə başı daim qovğada olardı.

     O, heç bir zaman əlinə qaval alıb oxumamışdı. Kiçik, nazik, naxışlı bir məcməyidə çalıb oxuyardı. Məclisdə oxuyanda özünü unudardı, sanki göylər aləminə qovuşardı. Arxasız, kiçik oturacaqda musiqiçilərin yanında əyləşərdi. Dəstgahı oxuduqca otura cağı ilə birlikdə irəliyə doğru sürüşərdi. Məclis qurtaranda tamaşaçılar onu alqışlar altında oturacağqarışıq qucaqlarına alaraq musiqiçilərin yanında aparıb qoyardılar. Mənə özü danışıb deyərdi ki, bir məclisdə eyni qəzəli ikinci dəfə oxuduğum yadıma gəlmir. Uzun müddət Tiflisə gedib-gəlirdi. Orada toy aparırdı, böyük məclislərdə xa-nəndəlik edirdi. Mənə danışardi:

- “Tiflisə şüəralar məclisində iştirak etməyə gedirəm, oradakı tədbirlər mənsiz keçmir”.

      1924-cü ildə Peterburqda musiqiçilərin toplantısında iştirak etmişdi. O, səsinin qram 

mafona yazılmasının tərəfdarı deyildi. Hərdən deyərdi:

- “Səsim qrammafona yazılsa, hər evdə bir Mir İslam oxuyar, məni saymazlar. Mir   İslamı istəyən qoy yanına gəlsin, onu görüb, dinləsinlər”.

      Onun 24 dəst məclis libası vardı. Hər vilayətin və məclisin xüsusiyyətlərinə uyğun 

olaraq libas geyinərdi. İstifadə etdiyi ətriyyat ləvazimatları Paris və Londondan gələrdi. Oz səliqəsinə, şəxsi gigiyenasına çox fikir verən adam idi.



Mərdi qova-qova namərd edənlər


     Vətəndə onun həyat yolu heç də hamar olmadı - paxıl, yaramaz, riyakar adamlar ona sataşırdılar, işlərinə əngəl və maneələr törədirdilər. “Komitet Petka” zamanında əminin 1-ci arvadının bacısı oğlu Nəhməti Masallıda tutub “KPZ”-yə salırlar. Əmiyə xəbər verirlər ki, Nəhmət tutulub. Səliqəli geyinir, durub gedir komitetə. Oranın böyüyü əmi ni tanıyır və onu yaxşı qarşılayır. Söhbətləri əsnasında əmiyə deyir ki, bizim üçün bir ağız oxu. Əmi tar-kamansız, qavalsız oxuyur, arada da eşitdirir  ki, mənim adamımı  tutubsuz. Evə   qayıdanda Nəhməti də buraxdırıb gətirir.

     SSRİ ilə İran arasında vəziyyətin pisləşdiyi illərdə o, Masallıda bir dükana girir. İşlətdiyi ətriyyatın iyi mağa-zanı bürüyür. Təsadüfən sərhədçi dəstəsi mağazaya girir. Sərhədçilərin böyüyü birdən qışqırır:

- “ Çto za zapax? Kto polzuyetsya duxim? ”( Bu nə iydir?  Kim duxi işlədir?).

     Vəziyyətin gərgin olduğunu, özünün yamanca ilişdiyini duyan əmi yavaşca, cəld aradan çıxa bilir. Küçədə əsgərlər iyin səmti ilə adamları iyləyə-iyləyə o tərəf - bu tərəfə qaçırlar. Əmi isə hasarları, çəpərləri aşaraq qaçıb gözdən itir. 

     O, ərəb əlifbası ilə yazardı. Bir dəfə, yazdığı şeirdə guya siyasi mənanın olması ilə əlaqədar olaraq onu 1935/36-cı illərdə ilişdirmək istəyirdilər. Şeir xatirimdə qalmayıb, lakin məzmunundan xəbərdar idim. Yazmışdı: “İtimə bir küt atdım, itim kütümlə getdi...”. Bədxahlar ərəb əlifbasının “kaf” hərfinin üstünə bir “tire” qoyaraq “K” hərfini “G” hərfi ilə əvəz edərək şeiri ədəb və əxlaqdan uzaq səmtə yozmuşdular. Məsələ böyümüşdü, əmini istəyirdilər ki, tutsunlar. Axırda o, məcbur olub Stalinə bir məktub yazdı və onunla bir vaxtlar gö-rüşdüyü gecəni də xatırlatmışdı. 

     Həmin əhvalat XX əsrin əvvəllərində baş vermişdi. Beləki, Cəlilabadın Bəciravan kəndində bir kimsənin Bakıdakı quldur, bandit dəstələri ilə əlaqələri varmış. Lənkəran da bank qarət olunduğu ərəfədə Mir İslam əmi Bəciravanda dostu Guşadın toyunu aparırmış. Toyun gedişində əminin ifa etdiyi dəstgahlar məclisdə iştirak edən rüs dilli “qonaqlar”ın çox xoşuna gəlir. Toyun axırında azərbaycan və rus dillərini bilən qonaqlardan biri əmi ilə tanış olur, onun ifalarına yüksək qiymət verdiyini bildirir. Bu əhvalatdan illər keçəndən sonra əmi öyrənir ki, o, həmin gecə Bakının quldur dəstələ rindən birinin başçısı olan “Koba” ilə görüşüb, tanış olub. 30-cu illərdə  əmi artıq bilirdi  ki, həmin   adam SSRİ-nin böyüyüdür...

     Moskvaya - Stalinə məktub yollamaq məcburiyyətində qalan əmini bir neçə həftədən sonra “speskomvoy”la Moskvaya aparırlar. Mir İslam əmi mənə danışardı:

- “Bala, ölümə getmişdim, amma ölüm getdi, dirim gəl-di. Möcüzəyə rast gəldim. Məni Stalin öz bağında 6 ay saxladı, tarçalan Xəlili, kamançaçalan erməni Vaqonu da Bakıdan gətizdirdi. Gündüzlər Moskvanı gəzdirirdilər, gecələr Stalinin rəhbər dostları, ailə üzvləri üçün oxuyurdum. O, azərbaycan musiqisini sevirdi, hərdən xalq mahnılarımız dan da zümzümə edirdi: “Ay bəri bax, bəri bax...”, “Arşın mal alan...”, Küçələrə su səpmişəm” və s. Bizə axırda dönə-dönə tapşırdılar ki, bu barədə heç yerdə, heç nə danışmayaq. Moskvadan qayıdandan sonra Masallıda mənimlə bir kimsənin daha işi olmadı. Nə möcüzə baş verdiyini heç özüm də bilmədim...”.

     Şeir aləmində əminin özünə seçdiyi təxəllüs “Əbdüllah” (ərəbcədə: allahın bəndəsi - X. C.) idi. 

     Mir İslam əmi təssübkeş adam idi. O, daim kənd camaatının qayğısına qalar, onlarln hüquqlarının müdafiəsinə qalxardı. Çünki çox savadlı idi - rus, fars, ərəb dillərinə yaxşı bələd idi. 1907-ci ildə Seybətindəki ata-baba torpaqlarımızın bir hissəsini çar ordusunda rəşadət göstərən bir generala hədiyyə verirlər. Mir İslam əmi Tiflisdən öz xərci hesabına vəkil gətirir, sübut edir ki, torpaq bizim ata-babamıza məxsusdur. Bəzi adamlar ona eyham vururlarmış ki, sən burada yaşamırsan, nəyinə gərəkdir, niyə özünü əziyyətə salırsan. Mir İslam əmi cavabında deyib:

- “Torpaq kişinin namusudur. Bu gün torpağı gedirsə, sabah hər şeyi gedəcək! Nə olsun ki, mən burada yaşamıram, ata-qardaşım ki, yaşayır”.

     O, nahaq tutulan, incidilən adamları daim müdafiə edirdi. Əzilənin dostu, zülmkarın düşməni idi. 




      Həyatın nə yaman günləri varmış


     1941-ci ildə müharibə başlanandan sonra əmi daha İrana gedə bilmədi, sərhəd rejimi gücləndirildi. Xalqın vəziyyəti getdikcə pisləşdi, daha əvvəlki kimi toy şənlikləri keçirilmədi. Hər gün müharibədən “qara xəbər”, “qara kağız”lar axıb gəlirdi. Bütün bunlar Mir İslam əminin də yaşayışına, dolanışığına öz mənfi təsirini göstərmişdi. Bir vaxtlar, İran toylarında oxuduğu muğam dəstgahları başa çatan kimi əlindəki məc-məiyə onluq qızıllar, daş-qaşlı üzüklər atılan, Seybətinə gələndə torba dolu qızılları kasıb-kusuba, imkansızlara pay verən Mir İslam əmi, 80-85 yaşında bazarlarda dərvişlik etməyə başladı. Bazarların tinlərində əminin utana-utana, saatlarla ayaq üstə dayanıb “Əli şəni”ndən oxuduğu günlər yadıma düşəndə çox narahat hisslər keçirirəm. Onun əlinə gələn var-dövlətin, qızıl-gümüşün, sərvətin hesabını heç özü də bilmirdi. Hamı sını fəqir-füqəraya, zavallı insanlara pay verirdi. Özünün isə ömrünün sonuna qədər nə evi, nə eşiyi oldu. Onun balaları orda-burda kirayənişin qalırdılar. Qızı Sərvər daim ondan narazılıq edərək deyərdi:

- “Atamız sərvətini, var-dövlətini əlsiz-ayaqsızlara payladı, amma bizə - balalarına bir gün ağlamadı. Harada bir gözü yaşlı gördü, son qəpiyini də ona verdi, bizi isə ömürlük gözü yaşlı qoygu...” .

     Mir İslam əminin bir arzusu da var idi. Həmişə deyərdi:

- “Allah mənim ölumümu Bakıya qismət eləsin”. 

     Bir dəfə soruşdum: Ay əmi, camaat arzu edir ki, elində-obasında dəfn olunsun, sən isə deyirsən Bakıda ölmək istəyirəm. Cavabında üzünü mənə tutaraq dedi:

- “Əcəb qəribə axmaqsan! Bakıda qəbristanlığa gündə yüz nəfər girir, yüzü  də çıxır. Hərə  bir  fatihə  oxusa gör hara  vurur.  Ölünün  də qazançı o fatihədədir. Sənin  bu

Seybətin kolluqlarında nə var? Vallahi, ildə bir nəfər öləcək ya ölməyəcək, camaat gəlib bir fatihə verib, salavat çevirəcək. Mən Bakıda ölməyimi istəyirəm”.

     Allah-Təala əminin arzusunu gerçəkləşdirdi. Onun burnunda qəflətən qarayara çıxmışdı.   O, 1947-ci ildə (bəzi mənbələrə görə 1948-ci ildə) 88 yaşında sağ-salamat bircə günlük Bakıya getdi. Əslən Masallının Ağaşbəyli kəndindən olan və Bakıda yaşayan dostu Məşədi Cəfərqulunun evində vəfat etdi. Onun nə ev-eşiyi, nə də ki, mal-qarası var idi, daim səfərlərdə olardı. Lakin bütün bunlara baxmayaraq o, heyvanlardan keçən bir xəstəliyə yoluxmuşdu.

     Ölkə ağır müharibədən çıxmışdı. İnsanlar bir-birindən pərən-pərən düşmüşdü. Aclıq, səfalət, yoxsulluq  hər yanı bürümüşdü. İndiki kimi nəqliyyat da yox idi. Əminin ölüm xəbərini eşidəndən sonra, vəfatının 7-ci günü özümü  Bakıya yetirdim. 

     Məşədi Cəfərqulu, Mir İslam əmini Bibiheybət qəbristanlığında müsəlman qaydaları ilə dəfn etmişdi. Ona dərin minnətdarlığımı bildirəndən sonra halallıq istədim. Bildirdi ki, mən dostumun qarşısında borcumu yerinə yetirmişəm. Mən də çəkdiyi zəhmətin haqqı müqabilındə halallıq xatirinə ona dəfn pulunu verdim. Beləliklə, əmi öz arzusuna uyğun olaraq axirət dünyasına qovuşdu...

     O, yetişdirdiyi tələbələrə muğamatın sirrlərini oyrətmək  üçün  canını   qoyurdu, onların  uğurlarını görəndə pərvazlanıb uçmaq istəyirdi. Paxıllığın nə olduğunu bilən adam deyildi. Tələbələrini də bu cür tərbiyə edirdi, onlara xeyirxah, ürəyi geniş, səxa-vətli olmağı tövsiyə edirdi. Təlim verdiyi xanəndələrə onun bir neçə vəsiyyəti də var idi.


Mir İslamın vəsiyyətləri


Miri  Ələmov:

     Mir İslam əmi mənə bir vəsiyyət əmanət qoyub getdi. Dedi:

- Qardaşoğlu, ölkələr gəzib, məclislər dolandım. Özümlə 24 dəst məclis libası gəzdirib, geyindim. Ətirlərim Parisdən, Londondan gələrdi. Hər dəfə toy-busat qutarandan sonra musiqiçi yoldaşlarım əylənməyə, kefə gedər, yeyib-içər, cürbəcür işlər görərdilər. Mən isə gedib bir güşəyə çəkilərək ibadətlə məşğul olardım. Sənə vəsiyyət edirəm: məbada, namazını qəzaya verəsən, özgə namusuna əl uzadasan!.

    Mən də əmimin vəsiyyətinə daim can-başla əməl etdim. 1942-ci ildə müharibəyə getmişəm, iki il ön cəbhədə vuruşmuşam. Namazımı səngərdə ayaq üstə qılmışam, qəzaya verməmişəm. 1944-cü ildə yaralanıb ordu sıralarından tərxis olunmuşam. Bir kimsənin namusuna əyri gözlə heç baxmamışam, ibadətimdən də qalmamışam.

İsrafil Səfərov (xanəndə):

- Mir İslam əmi bizə vəsiyyət etdi: Xanəndə olmaq üçün 3 şərtə əməl edin - kar, kor, lal olun. Əgər xanəndə hər eşitdiyinə qulaq  assa, hər  gördüyünə   baxıb-boylansa, hər sözə cavab versə, ondan xanəndə olmaz.

Əsədulla kişi ( Yeddioymaq ə. d., Qasımlı kəndi ):

- Mir İslam məclislərin birində üzünü camaata tutaraq dedi: “Ay camaat, sizə İran və iranlı ilə bağlı 2 şeyi vəsiyyət  edirəm. Mən İran torpağını qarış-qarış  gəzib, el-el, oymaq-oymaq dolanmışam. Aranızda iranlıya mənim qədər bələd olan ikinci adam ola bilməz. Nəhayətdən sonra gəldiyim qənaət ondan ibarət oldu ki, iranlı əgər sənə bir kisə qızıl verib, əvəzində səndən bir talaşa aparıbsa, bil ki, uduzmusan. Bir də ki, iranlının evində əgər qonaq qalsan, sənə ziyan vurmaq üçün əlindən heç nə gəlməsə, heç olmasa sənin ayaqqabının qulaqlarını tapdalayar ki, qoy ömrü gödək olsun”.



Mir İslamın başına gələn bəzi qəzavü-qədərlər


  Şahın hədiyyəsinə dikilən gözlər


İranda Məhəmmədəli şahın oğlunun toyunda göstərdiyi ifaçılıq məharətinə görə şah ona 50 000 tümən dəyərində qızıl üzük bağışlamışdı. O, həmin üzüyü barmağında gəzdirməkdən qürur duyardı. Onun bir bacısı Ərkivanda Hacı Axundun arvadı idi. Hər dəfə bacısına baş çəkməyə gedəndə üzük məsələsi gündəlikdə olarmış. Bacısı oğlu Əmiraslan ona deyərmiş:

- Ay  dayı, yeddi öküzün qiymətinə üzük gəzdirirsən.  Nə çox istəyirsən bu üzüyü. Ver bizə, onu sataq, özümüzə öküz, mal-heyvan alaq.                           

     Növbəti dəfə bacısıgilə qonaq gedəndə Əmiraslan yenə dayısına üzüyü satmağı məsləhət görəndə Mir İslam dilə gəlib deyir:

-   “Bacıoğlu, hərənin bir şeyə məhəbbəti var. Sənin  məhəbbətin öküzədir, mənimki isə 

bu üzüyə. Görəsən, sənin öküz istəyinə görə, mənim üzüyüm niyə satılmalıdır?!”.

    Həmin üzüyün də aqibəti macəralı olur - Mir İslamın ən yaxın qohumu ( adını çək mək istəmirik) günlərin birində üzüyü oğurlayır. Salyandan tutmuş Lənkərana kimi üzüyü aparıb hansı zərgərə göstərirsə, zərgərlər qorxularından qəbul etmirlər. Cavablar isə təqribən biri - digərinin eyni olur: ”bu üzük elə-belə adamın deyil, çox güman ki, şahın Mir İslama bağışladığı üzük ola bilər. Allahın, insafın olsun, apar üzüyü qaytar sahibinə!”.

     Həmin bədnam qohum axırda, üzüyü aparıb Cəlilabadın dağətəyi kəndlərinin birində dul  bir qadına, adi üzük yerinə, dəyər-dəyməzinə satır.



“Heyratı” sevgililərə düşmədi


Lənkəranda izdihamlı bir toy məclisi gecə yarısı tamamlanır. Mir İslam musiqiçilər dəstəsi ilə arğın-yorğun halda xeyli gözləyir, amma toy sahibi onlara gecələməyə yer təklif etmir. Musiqiçilər hara gedəcəklərini bilmirlər, tərslikdən gurşad yağış da bir tərəfdən aman vermir. Axırda məcbur olub toy sahibinin iri tövləsinə girirlər, saman sərib uzanırlar axurda. Bir də baxıb görürlər ki, bir cavan oğlanla subay qız gəlib gir dilər tövləyə. Vəziyyətin gərgin olduğunu görən Mir İslam musiqiçilərə pıçıldayır ki, başlayın çalmağa. Bir əlini qula-ğına tərəf apararaq zil səslə “Heyratı” oxuyur. Hər iki gənc qışqıraraq tövlədən bayıra qaçırlar. Həyətdə aləm bir-birinə qarışır. Ev sahibi gör düyü mənzərəyə mat qalaraq səhvini anlayır, musiqiçilərdən üzrxahlıq edir. Mir İslam ona deyir:

- Əşi, biz cəhənnəmə, axı, o iki uşağın işi yarıda qaldı ...



Soy-kökünü siyasi səhvinə qurban verdi


İranda toy məclislərinin birində öz aləminə qapılaraq Mir İslam oxuyarkən siyasi xətaya yol verir - seçdiyi qəzəldə bədahətən “şura höküməti”ni tərifləyir. Məclisdə şahın dövlət məmurlarından da iştirak edənlər var imiş. Az bir müddət keçməmiş toy mağarı dövrəyə alınır, Mir İslamın qolunu qandallayıb aparmaq istəyirlər. Lakin bu baş tutmur, məclis iştirakçıları məmurlara xanəndəni həbs etməyə imkan vermirlər. Nəticə də dövlət adamları silah işlətməyə məcbur olurlar. Xoşbəxtlikdən güllə Mir İslama dəy mir, lakin məclis tez dağılır. Gecəyarısı Mir İslamın qaldığı mənzilə hücum edən xəfiy yə işçiləri onu tuta bilməsələr də, bir neçə ay ərzində topladığı qızıl-gümüş və digər zinət əşyalarını, şəxsi ləvazimatlarını götürüb aparırlar. Beləliklə, həmin vaxtdan etiba rən Mir İslam “arzuolunmaz qonaq” kimi İranın xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülərək təqib olunmağa başlayır. Vəziyyətdən xilas olmaq üçün yollar axtaran Mir İslam nəticədə özünə “Abdullayev” familiyası götürməklə Gürcüstan - Türkiyə tərəfdən İrana gedib-gəlir.

Xasiyyəti etibarı ilə həddindən artıq avam və sadə olduğundan bir çoxları Mir İslamdan öz tamah məqsədləri üçün isrifadə edərmişlər. Seybətinə gələndə, həyat yol daşı Seyidxanımın yaxınlıq etdiyi məhəllə arvadları Mir İslamı  dövrəyə  alaraq   ona  deyərmişlər ki, Seyidxanım yerigləyir. Sonra da onu uzun bir siyahı ilə yollayarmışlar bazara. Bu minvalla məhəllə arvadları iki dəfə yaxşıca yeyirlər, hətta Mir İslamı mas ğaraya qoyaraq arxasınca deyib-gülürlər də. 

     Üçüncü dəfə arvadların könlündən xaş bişirmək, çəki balığını qızartmaq keçir. Mir İslama deyirlər ki, Seyidxanım mal-heyvanın baş-ayağına və çəki balığına yerigləyir. Bu sözləri eşidən Mir İslam artıq dözmür, bərk əsəbiləşərək deyir:

- “Əşi, kəllə-paçadan, çəki başından nə yerig olar. Siz məni sarıyıbsınız? Seyidxanım düz-əməlli bir şeyə yerigləsin də!. Belə yerig mənə gərək deyil” - deyərək  bazara get məkdən imtina edir.


                                                                                                       Xodaşirin Cəbiyev ( Cabbarlı )


“Cənub  xəbərləri” qəzeti № 35 (331) 28.12.2012 -ci il, № 01 (333) 10.01.2013 -cü il, № 02 (334) 18.01.2013






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10