Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şagird məktəbə hicabda gələ bilərmi?


Ekspert: “Bununla bağlı qanunvericilikdə ciddi bir boşluq var”
 
Sosial şəbəkələrdə yayılan məlumata görə, Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb. Qeyd olunur ki, məktəb direktoru bir neçə şagirdin hicabını zorla başından açaraq yerə atıb.
 
O, bununla kifayətlənməyərək, hicablı şagirdlərə qarşı yol verilən bu hərəkətə etirazlarını bildirən valideynlərə təzyiq göstərərək, onları təhqir edib: “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır”.
 
Məktəb direktorunun sözlərinə görə isə, məktəbdə hicablı şagirdə qarşı təzyiq olmayıb və bu barədə irəli sürülən iddia əsassızdır: “Məktəbimizdə 1300 nəfər şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başıbağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi”.
 
“Bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcək ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girib soyundu, çıxdı. Heç bir şiddət ola bilməz”, - Mirzəyeva bildirib.
 
Mövzu ətrafında gedən söz-söhbətlərdə kimi məktəb direktorunu qınayarkən, kimi də məktəblilərin hicab geyinməyinə qarşı olduğunu ifadə edən fikirlər səsləndirir. Övladı hicablı olan valideynlər arasında isə bundan narahat olan, uşağının hicabla məktəbə getmək haqqının olduğunu düşünənlər var. Gedən müzakirələr fonunda “Şagird məktəbdə hicab geyinə bilərmi? Qanun bu haqda nə deyir?” sualları yenidən aktuallaşıb.
 
Mövzunu şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəblərdə hicabdan istifadə ilə bağlı qanunvericilikdə hansısa qadağa nəzərdə tutulmayıb: “Azərbaycanda qanunvericilik aktlarına görə, məktəblərdə hicabdan, eyni zamanda papaqdan, şaldan və yaxud da hansısa baş örtüyündən istifadədə qadağa yoxdur. Təbii ki, şagirdlər bunlardan istifadə edə bilərlər, amma bu geyim forması məktəbin pedaqoji şurasında müzakirə edilməli və formaya əlavə olaraq təsdiq edilməlidir. Bunu kimsə öz istəyi əsasında edə bilməz, çünki məktəb dövlət müəssisəsidir. Buradakı geyim normaları öncədən müəyyənləşdirilir”. 
Картинки по запросу "Kamran Əsədov"
“Mahiyyət ondan ibarətdir ki, bütün şagirdlər, müəllimlər geyimləri ilə dərslərin normal gedişinə mane olmamalı, diqqət yayındırmamlıdırlar. Şagirdlər üzük, qolbağı, boyunbağı kimi aksessuarlardan istifadə edə bilməzlər. Şagird məktəbli papağından istifadə edə bilər, burada hansısa qadağa yoxdur. Yəni, əgər qanunvericilikdə nəzərdə tutulmursa, bu, “qadağan olunur” demək deyil. Ona görə də şagirdlərimiz geyimlə bağlı təkliflərini öncədən məktəbin pedaqoji şurasına təqdim etməlidirlər və müvafiq qurumlar da müzakirələr aparmalıdır”, - müsahibimiz bildirib.
 
Əsədov vurğulayıb ki, orta ümumtəhsil məktəblərinin geyim normaları yeni qanunvericilik aktlarına görə, Təhsil Nazirliyi və ya yerli təhsil orqanları tərəfindən müəyyənləşdirilir: “Burada vacib olan məqamlar onlardır ki, orta ümumtəhsil məktəblərinin şagirdləri istədikləri geyimdə təhsil müəssisəsinə daxil ola bilməzlər. Qanunvericilik aktlarına görə geyimlər və baş örtükləri mütləq şəkildə məktəbli formasına uyğunlaşdırılmalıdır. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda da, 2011-ci ildə qəbul edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə də, 2019-cu ildə qəbul edilmiş “Ümumtəhsil haqqında” qanunda da birbaşa qeyd edilir ki, təhsil müəssisələrində məktəbli formaları ilə iştirak birbaşa təmin edilməlidir”.
 
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 12.13-cü (Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir) maddəsini diqqətə çatdıran ekspert söyləyib ki, formanı əvvəllər məktəblər müəyyənləşdirirdisə, indi müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir: “Müvafiq icra hakimiyyəti dedikdə təhsilin tabe olduğu yuxarı qurum nəzərdə tutulur. Bu, məktəbin Pedaqoji Şurası, rayon təhsil şöbəsi və ya Təhsil Nazirliyi də ola bilər ki, regional xüsusiyyətlər nəzərə alınmaqla geyim normaları müəyyənləşdirilsin”.
 
“Birmənalı şəkildə məktəbin Pedaqoji Şurası hansısa geyim formasını qəbul etməlidir və həmin geyim bütün məktəb üçün məcburi xarakter daşımalıdır. Şagird məktəbin qəbul olunmuş formasından imtina edib, başqa formadan istifadə edə bilməz. Məktəbli formasına əlavələr, yəni hicab, papaq, şal məktəbin Pedaqoji Şurası tərəfindən məktəbli formasına uyğunlaşdırıla biləcəksə və həmin əlavə dərsin normal gedişinə mane olmayacaqsa, onlardan istifadə edilə bilər. Bu, şəxsi istəyə görə yox, mütləq şəkildə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” və “Ümumtəhsil haqında” qanuna istinadən olmalıdır”, - deyə həmsöhbətimiz söyləyib.
 
Əsədov fikrinə onu da əlavə edib ki, burada ciddi bir boşluq var: “Hesab edirəm ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, eyni zamanda “Ümumtəhsil haqında” qanunda konkret olaraq nələr qadağandır və nələr olar kimi ifadə və bölmələr əlavə edilməlidir ki, məktəbli geyimləri ilə bağlı bu cür problemlər yaşanmasın”.
ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10