17 milyonluq yol 7 gün keçməmiş dağıldı
Son bir həftə ərzində Lerik-Xanagah yolu haqqında 2 yazı çap etmişdik. Birində Lerik--- yolunda 4 min manatlıq “şirinlik”dən söhbət gedirdi. Giley etdilər ki, bu istiqamətdə çəkilən yolda möhtəşəm işlər gedir. Biz də sevindik və 3 rayonu birləşdirəcək yol haqqında yazı təqdim etdik. Heç yazını sayta yerləşdirdiyimizdən bir neçə gün keçməmiş “ToplumTV” məlumat yaydı ki, 17 milyonluq yol heç “7-si” çıxmamış dağılır. İndi gəl dağlara çəkilən bu “dağ”dan baş çıxar? Bütün hallarda bu sahədə olanlara aydınlıq gətirmək üçün ToplumTv-nin də təqdim etdiyi yazını sizə təqdim edirik.
Prezidentin hələ açılışını etmədiyi yol dağıldı…
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi başa çatmadan dağılıb.
Bu barədə Toplum.Tv-yə Lerik sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə dağılıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) “şebel”in tökülməməsi ilə əlaqələndiriblər.
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
Yolun Ağçaydan Xanagaha qədər olan hissəsi isə hazırda çəkilir: “Yolun bir hissəsi, Ağçaya qədər olan hissə çəkilmişdi. Amma bir il deyil ki, yol sıradan çıxıb. Hazırda Ağçaydan Xahagaha qədər olan hissə də çəkilir. Yolun keyfiyyətsiz çəkildiyi göz qabağındadır. Cənab prezident bu yola 17 milyona yaxın pul ayırıb, amma ortada belə bərbad nəticə var. Hələ cənab prezident bu yolun açılışına da gəlməyib. Sabah qəfildən durub Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”. “Rayonun Şingədulan və Zenoni kəndləri ərazisində yol tamamilə dağılıb. Sanki burada yol çəkilməyib. Bilmirəm, icra başçısı və yolu çəkən şirkət, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sabah cənab prezidentə nə cavab verəcəklər?”, – sakinlər bildirib.
“Çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib”
Sakinlər deyirlər ki, yolu çəkən şirkət “Yoltikintinəqliyyatservis” MMC ekologiyaya da ağır zərbə vurub. Ərazidəki çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib.
Problemlə bağlı Ekologiya Nazirliyinə şikayət edildiyini, nazirliyin əraziyə komissiya göndərdiyini deyən sakinlərin sözlərinə görə, “Yoltikintinəqliyyatservis” MMC ilə bağlı heç bir ciddi ölçü götürülməyib. Rayonun Osyodərə kəndi ərazisindən axan dağ çayının vadisi dağıdılıb. Dövlətin vəsaitinin şəxsi maraqlara sərf edildiyini iddia edən Şivlə-Biləvər kənd sakinləri isə artıq ölkə başçısına müraciət ediblər. Zenonu və Şingədulan sakinlərinin isə yaxın günlərdə ölkə başçısına müracət edəcəkləri gözlənilir.
Əvvəl 3 milyon, sonra 7 milyon, sonra da 6.6 milyon…
Sakinlər deyirlər ki, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yoluna 3 dəfə vəsait ayrılıb. Nəticə isə ortadadır…
Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırılıb. 19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb. Halbuki layihəyə əsasən yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikilməliydi…
1 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılıb. Ümumilikdə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb.
Sakinlər deyirlər ki, yolun budəfəki hissəsini “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edən “Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib.
“İndi də həmin MMC-nin texnikası həmin yolun çəkilişində iştirak edir. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə onun atası İbrahim Kazımov rəhbərlik edir. İbrahim Kazımovun isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, prezidentin ayırdığı pulları kimlər və necə xərcləyirlər?”, – sakinlər bildiriblər.
“Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir. Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.
“Prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz”
Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Toplum.Tv-nin əməkdaşına açıqlamasında bildirib ki, hazırda yolun çəkilişi davam edir:
“Yol bu gün də istifadədir. Cənab prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz. 36 km avtomobil yolu 19 milyon 800 min manat dəyərindədir. Layihə sənədləri bu dəyərdədir, amma təbii ki, dövlət tərəfindən 16 milyona yaxın vəsait ayrılıb. Gələcəkdə ayrılacaq, ayrılmayacaq o zamanın işidir. Orada hazırda yol tikintisi davam edir. Yol hələ təhvil verilmədiyinə görə, sürüşmələr də yaranır. Hələ istismara qəbul etməmişik və o şəkildə də qəbul etmərik. Yolun dediyiniz hissəsi 2014-2015-ci ildə çəkilib. Sonra maliyyə vəsaiti ayrılmadı, ona görə də qaldı. Amma 2016-cı ilin noyabr ayında prezident tərəfindən yenidən 6 milyon 600 min manat vəsait ayrılıb və hazırda o tikinti davam edir. Dağılıb, sıradan çıxmış yerlər də yenidən bərpa olunacaq və istismara qəbul ediləcək”.
Tikintini həyata keçirənlərin ekologiyaya vurduğu ziyana gəlincə, Məlikov buna belə aydınlıq gətirib: “Çayların məcrasını dağıtmırlar. Hansısa materialları çaylardan götürməlidirlər. “Qrabel”, çınqıl dediyimiz tikinti materialı var. Onu məcburən çaylardan götürürlər. Bizm öz yerli ənənəyə uyğun tikinti materiallarımız da mövcuddur ki, onu da çaylardan götürürlər. Həm də bunu bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya hansı qruma aiddirsə, onlarla razılığa gəlib götürürlər. O məcraları da yenidən düzəldirlər ki, oradan heyvan, insan keçə bilsin. Bu da təbii ki, gələcəkdə problem yaranmasın deyə bizim nəzarətimiz altında onlar bərpa olunur. Dağıntıya imkan vermirik”.
Vətəndaşlar isə ölkə başçısına müraciət etməkdə israrlı olduqlarını bildirirlər.