Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

54 il ayrılıqdan sonra görüşən qardaşların hekayəti||--||



İsi kəndinin ilk sakinləri kim olub?

Həmin sakinlərdən kimlər Qazaxıstana sürgün edilib?

Toyunda Nuru Paşanın iştirak etdiyi və Məmməd Əmin Rəsulzadənin sağdışlıq etdiyi İsili kimdir?


Bütün bu və digər sualların cavabını həmin nəslin hazırda İsi kəndində yaşayan nümayəndəsi, sürücülük etməklə çörək qazanan 64 yaşlı Xanəhməd Aslanovun dilindən eşitmək daha maraqlı olardı.


Xanəhməd Aslanov:

- Masallı rayonunda həm əhalisinə, həm də adındakı hərflərin azlığına görə çox kiçik bir kənd var � İsi kəndi. İsti-suya gedən yolun üstündə, Qəriblər Ərazi vahidinin tərkibində yerləşən bu kəndin isə maraqlı tarixçəsi var.

Hələ uşaq vaxtından eşitdiyim və yadımda qalan odur ki, babamın babası Cavad bəy təxminən 100 il öncə Astaranın Nəmin kəndindən ailəsi ilə köç edərək indi İsi adlanan bu əraziyə gəlib. O vaxta qədər İsi kəndində yaşayış olmayıb. Ulu babam ona görə buranı seçib ki, Viləşin sahilində yerləşən, çox axar-baxarlı, füsunkar təbiətli bu ərazinin cəmi bir çıxışı olub � bu da indiki Yardımlı ərazisinə. Yəni indiki Masallı � Ərkivan - Yardımlı yolu olmayıb. Bu tərəflərdə hər yer kol-kos, qaratikanlıq olub. İndiki İran Astarasının Nəmin kəndinin bəylərindən olan ulu babam Aslanbəyli Cavadbəy bura köç edəndə İsi kəndinə çoxlu qoyun sürüsü ilə gəlib. Mənim babam, yəni Cavadbəyin oğlu Mirmusa bəy isə çox ehtimal ki, elə İsidə dünyaya gəlib. Cavad bəyin 5 oğlu və 2 qızı olub. Oğlanları Mirmusa, Mirməmməd, Mirqiyas, İsa və Mirmahmud bəy, qızları isə Səltənət və Dilşad. Babam Mirmusa ilk dəfə Yeddioymaq Ərazi vahidinin Qasımlı kəndindən olan qadınla evlənib. (O, tanınmış güləş ustası Nadir Ağayevin bacanağı və xalası oğlu idi). Həmin qadından onun 1 qızı və oğlu olub. Həmin qadın vəfat edəndən sonra babam Mahmudavar kəndindən, Daməd bəyin qızı ilə ailə həyatı qurub. 2-ci həyat yoldaşından onun 2 oğlu və 2 qızı dünyaya gəlib ki, onlardan da biri mənim atam Mirmustafa olub.

Babamın bizə danışdığına görə Cavad bəy indi İsi adlanan yerə gələndə qoyun-quzudan başqa heç nəyi olmayıb. O, qısa müddətdə burada ev, ləm və 3 dəyirman tikib. Ətrafdakı torpaqlar babamın sərəncamında olub. Qoyun sürülərini isə indiki Yardımlı rayonunda saxlayarmış.

Babamın, eləcə də bizim nəslin qara günləri sovet hakimiyyəti qurulandan sonra başlayıb. Bəy nəslindən olduqları üçün onları daim təqib edib, təzyiqlərə məruz qoyublar. Sonda isə babam Mirmusabəy də daxil olmaqla nəslimizin əksər üzvlərini Qazaxıstan çöllərinə sürgün ediblər.

Babam sürgün ediləndə Yardımlıdan onun sürülərinə baxan şəxs qoyunları İsiyə gətirirmiş. Babamın sürgün edildiyini görüb qoyunları geri qaytarır və həmin sürünün sonrakı taleyi kimsəyə bəlli olmur. Həm də yaşlılar danışır ki, babamın evində 27 ədəd çox bahalı və nadir xalçalar, eləcə də xeyli qızıl olub ki, bunlar da naməlum şəkildə yoxa çıxıb. Bizə onun sərvətindən qalan bir mis qazan olub ki, onu da sovet dövründə Qodman kəndində fəaliyyət göstərən Dimitrov adına sovxozdan tapdıq. Babamın evi isə sonralar barıt anbarına çevrildi.


Sürgün həyatı


Babamın və digər qohumlarımın sürgün edilməsi haqqında isə eşitdiklərim ondan ibarətdir ki, bunlar müsavatçı və varlı olduqlarına görə 1937-ci ildə Masallıdan sürgün ediliblər. Sürgünə göndərilənlər babam, Sadıq bəy, Qara bəy, Miriş bəy, Əjdər bəy (ailə üzvləri ilə birgə) və digər ondan artıq şəxs olub. Onları əvvəl Lənkərana gətirib gəmiyə mindiriblər. Demək olar ki, özləri ilə heç nə götürməyə imkan verməyiblər. Daha sonra Bakı şəhərində digər yerlərdən sürgün olunanlar da onlarla birgə gəmiyə mindirilib. Gəmi daha sonra Qazaxıstana üz tutub. Onları bir ay gəmidə saxlayıblar. Eşitdiklərinə görə, gah bunları dənizə atıb öldürmək, gah da Qazaxıstan çöllərinə tökmək barədə müzakirələr, mübahisələr olub. Sonda qərara alınıb ki, sürgün edilmiş yüzlərlə insanı Qazaxıstan çöllərinə töksünlər. Həmin yerlərdə yaşayış olmayıb. Qohumlarım orada çox çətinliklə özlərinə kərpicdən baraklar tikib, yaxındakı sovxozda işləməyə başlayıblar. Babam Mirmusa bəy elə orada da rəhmətə gedib.

Atam Qazaxıstanda olarkən öz xahişi ilə müharibəyə yollanıb. İki il döyüşdükdən sonra ayağından yaralanıb və Qazaxıstana qayıdıb. Sonra isə müharibə dövrünün qarma-qarışığından istifadə edib digər qardaşı və 2 bacısı ilə Azərbaycana gəlib. Qara bəyin, Sadıq bəyin ailələri isə Qazaxıstanda qalıb.

Atam burada traktorçu işləyib. Qazaxıstanda qalan yaxın qohumlarımız isə elə oradakı azərbaycanlı qızlarla ailə həyatı qurub. Əksəriyyəti də çoxuşaqlıdır. Bir çoxunun 5-6 uşağı var. Ailəmiz bəraət aldıqdan sonra onların övladlarının çoxu ali təhsil alıb, Qazaxıstanda polis şöbəsində, vergi müfəttişliyində və digər sahələrdə yüksək vəzifələrdə çalışıblar.

Biz dəfələrlə Qazaxıstana, oradakı doğmaların yanına gedib toy məclislərində iştirak etmişik. Həmin toylarda demək olar ki, bizim əksər ənənələrimizi saxlayıblar. Amma onların toylarında bəzi qəribəliklər də var idi. Bəzən toyu saxlayıb (xınayaxdı, halay tutmaq və sair) kim toya nə qədər pul yazdırıbsa, siyahını oxumağa başlayırdılar. Toylar bəzən bir neçə gün, səhərə qədər davam edirdi, həm də bir gün ağsaqqallar üçün, bir gün gənclər üçün. Oğlan-qız bir yerdə oynayırdılar. Biz də toya gedəndə buradan özümüzlə müğənni aparmışdıq. Onların orada öz qəbiristanlığı, öz məscidi var. Arabir gəzməyə gəlsələr də, burada daimi yaşamaq istəmirlər.


Əmim Ənvərin qəribə taleyi


Atamın Qasımlı qızından, yəni babamın 1-ci həyat yoldaşından olan oğlu Ənvərin taleyi daha qəribə olub. O sürgün olunmayıb. Babam hələ sağlığında onun üçün Bakıda Qız qalasının yanında ev alıbmış. Əmim subay olub, Lənkəranda gimnaziyada oxuyub. Babam sürgün olunandan sonra isə əmim tək qalıb. Ənvər bəy əvvəl tibb institutunda oxumaq istəyib, lakin atası sürgün edildiyi və özü bəy oğlu olduğu üçün onu tibb institutuna qəbul etməyiblər, sonra iqtisadiyyat institutunda bəxtini sınamaq istəyib, yenə də mümkün olmayıb. Onu da deyim ki, babam sürgündən qabaq Masallıda Qızılağac qoruğunda məsul vəzifədə işləyib. İşdən çıxanda özü ilə möhürlənmiş ağ vərəqlər götürüb. Onun Qax rayonundan olan dostu həmin möhürlə kağızlardan əmim üçün necə sənəd düzəldirsə, o, iqtisadiyyat institutuna qəbul olunur. Ehtiyaca görə oxuya-oxuya işləyir. Mərkəzi Bankda müfəttiş vəzifəsinə yüksəlir. O, müfəttiş kimi Masallıya yoxlamaya da gəlib, burada yerli bankda çalışanlara çox güzəşt edib. Ona çoxlu sovqat və pul vermək istəsələr də, qəbul etməyib. Yerli bank işçiləri bilməyib ki, bu şəxs əslən Masallıdandır və Mirmusa bəyin oğludur.

Ənvər bəyi 1941-ci ildə zabit kimi hərbi xidmətə yollayırlar. Onları öncə İrəvanda yerləşdirib, sonra Leninqrad cəbhəsinə yola salırlar. Lakin Ənvər bəy vuruşmaq istəmir. Ənvər bəy sovet hökumətinin onun özünə və ailəsinə qarşı haqsızlıqları düşünüb, daim qaçmaq haqqında fikirləşir. Nəhayət, fürsət tapıb

370 nəfər hərbçi ilə birlikdə döyüş bölgəsindən İtaliyaya, oradan da Çexoslovakiyaya qaçır. Əmim orada əsir düşərgəsində rəis müavini olub. Oradakı əsir azərbaycanlılara çoxlu yardım göstərib. Daha sonra əmim Türkiyəyə gəlib. Hərbi zabit kimi yüksək vəzifələrdə çalışıb, böyük mənsəb sahibi olub. Buradakı Azərbaycanlılarla sıx əlaqə yaradıb. O, Türkiyədə yüksək vəzifələrdə çalışıb. Məmməd Əmin Rəsulzadə onun toyunda sağdış kimi əyləşib. Bu toyda Nuru paşa da iştirak edib. Türkiyədə əmimə qarşı bir neçə dəfə sui-qəsd cəhdi də olub. Orada yaşadığı təxminən 50 il müddətində əmimin bizimlə heç bir görüşü olmayıb.


Əmimin axtarışları, 54 il ayrılıqdan sonrakı görüş, sərhəddə qəfil ölümü


1958-ci ildə Türkiyə hökuməti qərar verir ki, digər ölkələrdən Türkiyəyə pənah gətirən mühacirlər əgər ölkə vətəndaşı deyilsə, buranı tərk etməlidirlər. Əmimin yaxın dostu, əslən lerikli olan, sonralar Biləsuvarda yaşayan İmaməli bu qərardan sonra geri qayıdır. Əmim Türkiyədən onu yola salarkən deyir ki, SSRİ-də mənim qardaşım var, onu taparsan. İmaməli əvvəl atamın sürgün olduğu yerə, Qazaxıstana məktub yollayır. Cavab alır ki, Mirmustafa artıq buranı tərk edib, Azərbaycandadır. Nəhayət, biz İmaməli ilə görüşdük və əmimlə məktublaşmağa başladıq. Bir müddət sonra məktubların arası kəsildi. Sonradan öyrəndik ki, Bakıdan gedən bir alim Türkiyədə əmimə yalandan deyir ki, sənin Azərbaycana yolladığın məktublar oradakı qohumların üçün problem yaradır, onları buna görə incidir, müflis edirlər. Əmim də evini satıb başqa ünvana köçür ki, bizimlə əlaqə itsin və bizim üçün problem olmasın.

Əmim Türkiyədən qayıdan başqa bir masallılıdan da atama soraq yollayır, lakin həmin şəxs qorxusundan bu xəbəri bizə çatdırmır.

Biz uzun axtarışdan sonra yenidən əmimlə əlaqə qura bildik. Artıq 1988-ci il idi. O, Biləsuvardakı dostu İmaməliyə zəng vurub ki, bizimlə telefonla danışsın. Lakin bu alınmadı. Sən demə, İmaməlinin keçmiş həyat yoldaşı telefonçu işləyirmiş, buna görə Türkiyə ilə onun əlaqəsinə əngəllər yaradıb. Nəhayət, biz telefon nömrəsini öyrənib Masallıdan ona zəng vurduq. Dəhşətli anlar idi. Atam telefonun bu başında, qardaşı Ənvər o başında ağlayırdı. 50 ildən sonra bir-birinin səsini eşidən qardaşları ovundurmaq olmurdu.

Axır ki, sovet hakimiyyəti dağıldı. 1991-ci ildə, 54 illik ayrılıqdan sonra əmim vətənə - Masallıya, İsi kəndinə gəldi. Biz onu Gürcüstanda qarşıladıq. Bura gələndən sonra az qala bütün qohumların evini bir-bir ziyarət etdi. Astaradan Yardımlıyadək hər yeri dolaşdı, keçmiş dostları ilə görüşdü. Bir aydan sonra isə yenidən onu Türkiyəyə yola saldıq. Türkiyəyə gedəndə dedi ki, 3 gündən sonra İstanbulda olacağam, zəngləşərik. Dedi ki, səni, yəni məni oğulluğa götürəcək, oradakı əmlakımı mənim adıma keçirəcək.


54 illik görüşdən sonra gələn qəfil ölüm


3 gün sonra İstanbula zəng vurduq. Onun köməkçisi olan qadın bildirdi ki, Ənvər bəy sizinlə sərhəddə ayrıldıqdan sonra, 82 yaşında infarkt keçirib və dünyasını dəyişib. İnana bilmirdik. Dəhşətə gəlmişdik. Atam onun 40 mərasimində iştirak etdi.

Ənvər bəyin 2 qızı var idi - biri həkim, biri jurnalist. Həkim qızın həyat yoldaşı millət vəkili, digərininki isə kino-rejissor idi. Təəssüf ki, onun övladları bizimlə sıx əlaqə qurmağa maraqlı olmadılar.

Beləcə, sovet hakimiyyətinin qardaşı qardaşdan illərlə ayrı saldığı hekayət beləcə başa çatır.

Mircavaad bəyin digər oğlu, Mirmahud bəyin nəvəsi

Miraslan Cavadov deyilənlərə əlavə olaraq bildirir ki, Mirmahud bəy Masallıda müsavatın əsas təşkilatçılarından olub. O, həm də Lənkəranda oğlu Ağalar və qardaşı oğlu olan Ənvər üçün alman dayəsi tutur. Beləliklə, onlar hələ uşaq yaşlarında alman dilini mükəmməl öyrənirlər. 1918-ci ildə Nuru paşa Azərbaycanda olanda İsidə Mirmahmud bəy, Mirmusa bəy və digərləri ilə görüşüb. Onu da xatırladaq ki, Mirmahmud bəyin doğma bacısı Səltənət Səmədbəy Mehmandarovun qardaşı Yusif bəyin həyat yoldaşı olub.

1929-cu ildə Mirmusa bəyin qardaşı Mirmahmud bəyi müsavatçı kimi həbs edir, 1930-cu uldə güllələyirlər. Mirmahmud bəyin həyat yoldaşını 1937-ci ildə, oğlu Ağaları isə 1938-də, 16 yaşında həbs edirlər. Hər ikisi həbsdə dünyasını dəyişir.

Belə bir əhvalat da danışırlar ki, Nuru paşa İsidə olanda balaca Ənvər ona çay gətirir. Nuru paşa onun adını soruşur. O isə: �Adım Ənvərdir�,- deyəndə Nuru Paşa təbəssümlə öz qardaşı, tanınmış türk generalı Ənvər paşanı xatırlayıb deyir: �Sən bir çocuq, Ənvər isə çox iyi bir paşa�.

İllər keçir. İstanbulda, isili Ənvərin toyunda M. Ə. Rəsulzadə artıq general olmuş Ənvəri Nuru Paşaya yenidən təqdim edərək bildirir: �O vaxt çocuq olan Ənvər indi əsil bir Paşa�.

Onu da xatırladım ki, ölkəmizin tanınmışlarından olan alim, həkim, bəstəkar, skripkaçı, tərcüməci, poliqlot... Mirkazım Aslanlı da bu nəslin və bu kəndin yetirməsidir. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10